Azərbaycanda
milli ideyanın təşəkkülü
və inkişafı
İslam Şərqində,
o cümlədən, Azərbaycanda milli ideyanın olmadığını iddia edənlər də var.
Belələrinin fikrincə, millətin görkəmli
nümayəndələrinin irəli sürdükləri ideyalar bu xalqların ümumi sərvətinə çevrilib
milli ideya səviyyəsinə
yüksəlmişdir. Tədqiqatçılar milli
ideyanın ictimai şüurun
tərkib hissəsi olmaqla nisbi
müstəqilliyə malik olduğunu,
onun inkişafının bir
çox hallarda millətin
formalaşmasını qabaqlaya bildiyini və onun
formalaşmasında həlledici rola malik olduğunu qeyd edirlər: “Belə ki,
milli ideyalar millətlərin
yaranması və formalaşması prosesində öz iştirakı etibarı ilə ləngiyə
də bilərlər. Milli ideya
milli ideala çatmaq vasitəsi olduğundan
xalqın və millətin milli dövlət
quruculuğu praktikası ilə
qırılmaz surətdə bağlıdır. Milli, müstəqil, suveren
dövlət yaradılmadan milli idealın
gerçəkləşməsindən söhbət gedə
bilməz. Problemin bilavasitə Azərbaycanla
bağlılığından söhbət gedərkən, belə
bir cəhəti də mütləq nəzərə
almaq lazım gəlir ki,
burada məsələnin bir
sıra çətinlikləri vardır... Azərbaycan
xalqı çox mürəkkəb və
keşməkeşli bir tarixə malik olmuş, onun formalaşıb bir
millət halına gəlib çatmasında istər türk, istərsə də qeyri-türk
etnik elementlərin rolu
olmuşdur. Ona görə
də bu fakt milli ideya sahəsində xeyli polemikalara səbəb
olmuşdur”.
Milli ideya və milli-mənəvi dəyərlər
etnik idealların və sərvətlərin bərqərar
olmasında, onların ruhi-mənəvi simvollar səviyyəsinə
yüksəlməsində fəal rol oynamışdır. Milli
ideya yüksək mənəvi dəyərlər və ənənələrlə
birləşərək, ümumi əhəmiyyət kəsb
edən mənəvi sərvətlər əsasında
ideya-siyasi kontekstdə təzahür edir. Azərbaycan
ideyasının siyasi və mənəvi fenomen kimi Azərbaycan
etnikliyinin təbiətilə şərtləndiyini qeyd
etmişdi. Bu mənada, müəllif düzgün olaraq azərbaycanlıların
milli-mənəvi dəyərlərinin Qafqaz
xalqlarının, türk xalqlarının mənəvi sərvətləri,
islam mədəniyyəti ilə
bağlılığını açıb göstərir,
bu dəyərlərin Şərq və Qərb
sivilizasiyalarının, dünya dinləri və
ideologiyaların, qovşağında yarandığını
qeyd edir.
Azərbaycan ideyası XX əsrdə ölkəmizdə
milli və Avropa nümunəli dövlətlərin
yaranmasına səbəb oldu.
Hələ
XIX əsrdə maarifçilik
ideologiyasının irəli sürdüyü
“vətən, dil, millət”
şüarı, milli
istiqlalçıların irəli sürdükləri Şərq
və Qərb dəyərlərinin, ümumbəşəri və
milli-mənəvi dəyərlərinin sintezi
olan “türkləşmək, islamlaşmaq, müasirləşmək prinsipini rəhbər tutan
məfkurə təşəkkül tapdı.
Ulu Öndər
Heydər Əliyev Azərbaycan ideyasının qaynaqları
haqqında belə deyirdi: “XX əsrdə bizim qazandığımız uğurların,
o cümlədən, müstəqil
dövlət qurmaq əzmimizin köklərini
uzaq və yaxın tariximizdə,
xüsusilə, XIX əsrdə formalaşmış və təşəkkül
tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır. Bu qaynaqlar
həm ayrı-ayrı görkəmli şəxsiyyətlərin,
Abbasqulu Ağa Bakıxanovun
və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcılıq fəaliyyətində
öz əksini tapmış, həm də
birbaşa milli maarifçilik ideyalarının gerçəkləşməsilə
bağlı olmuşdur. Azərbaycanda
məhz bu dövrdə demokratik
mətbuat, anadilli məktəb, dünyəvi
teatr yaranaraq milli şüurun
formalaşmasına güclü təkan verdi”.
Bəzi tədqiqatçılar
Azərbaycan ideyasının daha dərin tarixi qatlara gedib çıxdığını, milli dövlətçilik ənənələrilə
yanaşı, eramızın əvvəllərindən XX əsrədək
inkişaf etdiyini
göstərirlər. Azərbaycan ideyasının təşəkkül
tapıb inkişaf etdiyi
dövrlərdə əsasən Şərq tipli
milli dövlətlər yaranıb, Azərbaycan
xalqı və milləti formalaşıb. Bu
prosesdə dindaşlığa, Vətənçilik əxlaqına,
ittihadçılığa və
istiqlalçılığa əsaslanan milli-mənəvi dəyərlər
formalaşıb inkişaf etmişdir.
Bu dövrdə Azərbaycan milli ideyasının
daşıyıcıları olan milli ziyalılar, xalqa milli mənlik şüuru
aşılayırdılar. ABŞ tədqiqatçısı
T.Svyatokovski “Rusiya və
Azərbaycan: sərhədyanı bölgə keçid
dövründə” əsərinin “Maarifçilik
hərəkatından siyasi proqramlara doğru” fəslində
XIX əsrdə Azərbaycan milli
ideyasını iərəli sürən milli
ziyalıları “ənənəvi islam mədəniyyəti
və Rusiyanın təmsil etdiyi
müasir Avropa mədəniyyətinin
qovuşmasında meydana gələn ictimai qüvvə və mədəni hadisə
kimi” dəyərləndirərək
onların “Avropa ideyalarının ötürücüsü və Azərbaycan
cəmiyyətindəki dəyişikliklərin başlıca
ünsürünə çevrildiklərini” göstərirdi.
Müəllif çox doğru
olaraq qeyd edirdi ki, “Azərbaycan tarixinin gedişinə önəmli bir təsir göstərmək taleyin
hökmülə milli ziyalılara həvalə
olunmuşdu”.
T.Svyatokovski
Azərbaycan cəmiyyətinin də məhz Avropa
üsullu təhsil sayəsində müəyyən
nailiyyət qazananların ənənəvi islam
məktəbi ideyaları daşıyıcılarından ancaq islahatçı baxışları qəbul
edənlərin ziyalı hesab olunduğunu, XIX əsrin əvvəllərində
Azərbaycan ziyalılarının ilk qrupunun Qafqaz
canişinliyində hərbi və mülki
xidmətdə olan və bunun
sayəsində Rusiya mühitilə
tanış olan azsaylı nümayəndələrindən
ibarət olduğunu göstərir. T.Svyatokovski milli ziyalıların artmasına səbəb olan amilləri azərbaycanlıların
canişinlikdəki hökumət idarələrində işləmək
imkanlarının genişləndirilməsi, Rusiya
və Tbilisidəki ali məktəblərdə,
Qori Müəllimlər Seminariyası, hərbi
məktəb və “rus-tatar” məktəblərində
təhsil almaları ilə izah edir. Nəticədə jurnalist, müəllim və ədəbi
yaradıcılığa meyili və
bağlılığı olanlardan ibarət
milli ziyalılar yarandığını
diqqətə çatdıran müəllif XIX əsrin II
yarısında rus ziyalı təbəqəsi
əsasında modernləşən milli
ziyalıların geniş vüsət
aldığını qeyd edir.
Qeyd etmək
lazımdır ki, milli
ideyanın əsasında milli-mənəvi dəyərlər
etnofəlsəfi, etnomədəni ənənələr
qarşılıqlı təsirdə və
qarşılıqlı əlaqədə bir-birilə
çulğalaşır.
Milli
ideyanın XIX əsrdə maarifçilər, maarifçi-demokratlar
tərəfindən, XX əsrin əvvəllərində isə
istiqlalçılar və millətçilər tərəfindən
irəli sürülüb inkişaf
etdirilməsi haqqında H.Hüseynov, Z.Göyüşov, M.Ağamirov,
F.Köçərli, İ.Rüstəmov, M.Məlikova, Ə.Mirəhmədov,
T.Əhmədov, Ə.Daşdəmirov, İ.Məmmədzadə,
Ə.Tağıyev, A.Mustafayev,
K.Talıbzadə, A.Balayev, N.Nəsibzadə,
D.Hüseynova və başqaları ətraflı
bəhs etmişlər.
Tədqiqatçılar düzgün olaraq milli ideyanın fəlsəfəsinin tarixdən
ayrılmaz olduğunu qeyd
edir: “Bu rakursda Azərbaycan milli
ideyasının fəlsəfi problemi, hər
şeydən əvvəl, etnomədəni problem
kimi təsəvvür olunur.
Etnomədəni axtarışlarında artıq
XIX əsrin ortalarında Azərbaycanın intellektual
elitası mənəvi mənbə kimi islam ideya-fəlsəfi ənənələrilə
yanaşı, Azərbaycan intibahının nəhənglərinin
fəlsəfi-mənəvi irsinə də müraciət edirdi”.
Müəllif düzgün
olaraq liberal demokratik istiqamətilə fərqlənən
Azərbaycan milli ideyasının maarifçilik ideologiyası zamanı meydana gəldiyini və onun
əsasında ümumbəşəri və milli-mənəvi
dəyərlərin durduğunu diqqətə
çatdırır: “Azərbaycan ideyası milli
ideya kimi yenidən yaranan liberal-demokratik hərəkat
olan Azərbaycan maarifçiliyinin
son mərhələsində meydana gəlmişdir. Müasir
Azərbaycan mədəniyyətinin yaradıcıları onun əsasına şəxsiyyət
azadlığı, humanizm, sosial ədalət ideallarının təməlini
qoyaraq dini fanatizmi, klerikalizmi tənqid
atəşinə tutdular. XIX-XX
əsrlərin Azərbaycan musiqisi,
dramaturgiyası, poeziyası və ədəbiyyatında öz aydın təcəssümünü tapan ənənələr, xalq
dünya duyumunun ifadəsi
olan heyrətamiz dəyərlər
yarandı. Bu ənənələrdə güclü antifeodal, antiçar, müstəmləkə əleyhinə
istiqamətilə ifadə edilən ədalətli dünya quruluşu vasitəsi
və yolu ilə özünəməxsus
xalq həyat tərzi, mənəvi
axtarışlar öz əksini tapıb.
Maarifçilik mədəniyyəti
və ideologiyası olan bu
ənənələrlə milli şüur, milli dirçəliş
və tərəqqi uğrunda mübarizə
qovuşur. Bunun əsasında
“millətin sıxlaşması”, “milli
hisslər” ideyaları irəli sürülür,
müasir Azərbaycan mədəniyyətinin
çoxəsrlik tarixinin yeni
mərhələsində onun ruhi-mənəvi,
sosial-fəlsəfi, ideya-estetik əsasının
quruculuğu gedirdi.
Milli ideyanın mənfi
nəticələrə səbəb olduğunu
iddia edən tədqiqatçılara da təsadüf olunur. Rus tədqiqatçısı V.A.Tişkov
belə iddia edir ki, milli ideyalar
əsri olan XX əsr sona
yetsə də millətlərin milli-mənəvi problemləri
həll edilmədi, əvəzində, liberalizm
cərəyanı hakim mövqeyə keçdi. Milli ideyadan miras qalan şey isə
ayrı-ayrı milli dövlətlərin
yaranması oldu.
Milli
ideologiyanın qaynaqları - milli ideya və milli-mənəvi dəyərlər,
türkçülük, azərbaycançılıq
ideyaları milli ideologiyanın formalaşmasında
zəmin rolu oynamışdır. Milli ideyalar xalqın
özünüdərkində, milli mənlik
şüurunda əsas amil
olub milli mənəviyyatın
formalaşmasına təsir edir, milli mənafe və maraqlara
xidmət göstərir. Milli, sağlam təfəkkürə və
ümumbəşəri dəyərlərə söykənən
milli ideyalar azərbaycanlıların
milli idealı olan milli dövlətçiliyin və milli birliyin əldə
olunmasında mühüm rol
oynamışdır. Milli ideyanın əsasında
duran milli-mənəvi dəyərlər,
etnofəlsəfi və etnomədəni ənənələr
qarşılıqlı əlaqədə və
qarşılıqlı təsirdə olub
bir-birilə qovuşur. Azərbaycan milli ideyasının mənbələrini maarifçilik, türkçülük,
azərbaycançılıq, Şərq və Qərb dəyərlərinin
sintezi “milli-mənəvi dəyərlər
və sərvətlər sisteminin məcmsunu
təşkil edir”. XX əsrin əvvəllərində
Azərbaycanda türkçülük, islamçılıq
və müasirliyə əsaslanan milli ideya gerçəkləşdi.
Sovet
dövründə də milli ideya və milli-mənəvi dəyərlər
məhv edilmədi. Azərbaycanlıların milli-etnik nüvəsi möhkəmləndi, etnik, milli
özünüdərk formalaşdı, vahid
Azərbaycan milləti haqqında təsəvvür
yarandı, Azərbaycan dövlətçiliyi, dili, təkrarolunmaz milli-mənəvi dəyərləri
və mədəniyyəti formalaşdı.
1. Müstəqillik
dövründə azərbaycançılıq milli ideyası milli-mənəvi dəyərlərlə
qarşılıqlı əlaqədə olub
millətin milli özünüdərki, milli şüuru, milli maraqları, milli
ideologiyası, mənəvi və siyasi ideyalar axtarışı ilə bağlı olmuşdur.
2. Azərbaycan milli
ideyası azərbaycançılıq milli
ideologiyasına çevrilmişdir.
3. Milli ideologiya müstəqil, azad,
hüquqi dövlət və vətəndaş
cəmiyyəti qurmaq, milli
birlik yaradan, müstəqilliyi
formalaşdıran ideoloji sistemdir.
4. Xalqların milli,
etnik, dini və sosial bərabərliyi ideyasından ibarət olan müstəqillik ideologiyası
özündə azərbaycançılıq ideyaları, fikir və düşüncələri, mənəvi-əxlaqi
keyfiyyətləri birləşdirib, azərbaycançılıq
ideologiyasına çevrilməkdədir.
5. Azərbaycanın suverenliyi milli prinsipə, varislik ənənələrinə, milli və özünəməxsus amilləri
özündə birləşdirən azərbaycançılıq
ideologiyasına əsaslanır.
6. Azərbaycançılıq
ideologiyası dövlət atributlarını, ana
dilini, milli-mənəvi dəyərləri,
milli və ümumbəşəri cəhətləri
özündə birləşdirərək maarifçilik
vasitəsilə etiqad və inam, tarixi əsaslandırma,
mütəşəkkillik və yeniliyə meyil
normalarının tətbiqi deməkdir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 17 yanvar.- S. 10.