Azərbaycançılıq ideyası bütün dünya azərbaycanlılarını birləşdirən fenomen kimi

 

Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsinin onun iqtisadiyyatının   dirçəldilməsilə   yanaşı,   milli-mənəvi   dəyərlərinin      qorunub saxlanılması və inkişaf etdirilməsindən də asılı olduğunu qeyd edirlər. Azərbaycan xalqının tarixən yaranmış milli-mənəvi dəyərləri və ümumbəşəri ideyalar əsasında formalaşan azərbaycançılıq ideyasının aşağıdakı əlamətləri özündə birləşdirdiyi göstərilir:

Vətəni sevmək, doğma torpağa, doğma yurda bağlılığını əməli işlə, əməli keyfiyyətlə nümayiş etdirmək;

Azərbaycan xalqına məxsus mənəvi, əxlaqi, etik keyfiyyətlərə riayət etmək və onları inkişaf etdirmək;

Azərbaycan mədəniyyətinə hörmət və ehtiramla yanaşmaq, onun milli keyfiyyətlərini qorumaqla bəşər mədəniyyətinin ən yaxşı ənənələri ilə inteqrasiyasına nail olmaq;

Ana dilinə hörmət və ehtiramla yanaşmaqla müvafiq qaydalar əsasında tətbiq olunmuş normalar üzrə onun işlədilməsinə riayət etmək;

Milli birlik və mütəşəkkillik ənənələrini qoruyub saxlamaq. İnsanlar arasında səmimi, humanist prinsiplərin bərqərar olunmasının əməli fəaliyyətlə həyata keçirilməsinə nail olmaq;

Hüquqi dövlətdə demokratik prinsiplərin həyata keçirilməsi işinə yardım etmək;

Müstəqil dövlətçiliyimizdə yaranmış ənənələrin qorunub saxlanmasına, davam və inkişaf etdirilməsinə nail olmaq;

Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlərin ümumbəşəri ideyalarla inteqrasiyasına nail olmaq;

Dünyanın qabaqcıl ölkələrinin ən yaxşı ənənələrini ölkəmizin sosial, mədəni və iqtisadi həyatına tətbiq etmək;

Müstəqil dövlətçiliyimizin zəminində qazanılmış nailiyyətlərin qorunmasında, saxlanılmasında, davam və inkişaf etdirilməsində varislik prinsiplərinə riayət etmək;

M.Yusifov müstəqil dövlətçilik mərhələsində azərbaycançılığın atributları arasında milli-mənəvi dəyərləri də göstərir: 1.Azərbaycan Respublikasının dövlət rəmzləri. 2. Ana dili. 3. Milli-mənəvi keyfiyyətlər. 4.Milli-mənəvi keyfiyyətlərlə ümumbəşəri dəyərlərin inteqrasiyası. 5. Vətənin ərazi bütövlüyünün tanınması;

M.Yusifov azərbaycançılıq və milli-mənəvi dəyərlərin qarşılıqlı əlaqəsində əsas əlamətlər kimi milli-mənəvi dəyərlər sisteminə vətənpərvərlik ənənələrini, vətənpərvərlik tərbiyəsini, mənəvi-əxlaqi, etik keyfiyyətləri, milli və ümumbəşəri dəyərlərin vəhdətini, ana dilinə hörmət, milli birlik ideyasını, demokratik dəyərləri, dövlətçilik ənənələrini, dövlətçilik hissini, dünya ənənələri və milli ənənələrin birliyini və s. daxil edir.

S.Xəlilov milli-mənəvi dəyərlər sistemini daha geniş mənada anlayaraq, onun məzmununa milli özünüdərki, milli mentaliteti, milli şüuru, ədəbi-bədii, milli-fəlsəfi fikri, milli ruhu, vətəndaşlıq tərbiyəsini, milli dövlətçilik hissini, dili, dini daxil edir. Bir-birilə bağlı olan bu amillərin qarşılıqlı əlaqəsi haqqında müəllif yazır: “Milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin maddi sərvətlərinin deyil, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunmasına xidmət edir. Və bu zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik ideologiyası, milli ideologiya da eyni bir təməl üzərində, milli-fəlsəfi fikir zəminində formalaşır”.

Qloballaşma ayrı-ayrı mədəniyyətləri və milli ənənələri, ideyaları, milli-mənəvi dəyərləri ümumdünya sistemi daxilinə qataraq sivilizasiyaların dialoqu üçün də şərait yaradır. Belə dialoq zamanı qarşılıqlı anlaşma və ümumbəşəri əsaslar axtarışı konsensus, ayrı-ayrı mədəniyyətlərlə, ənənələrlə və dəyərlər sestemi ilə rastlaşarkən onları inkar etmədən öz ənənələri və mədəniyyətinə, sadiq qalaraq başqa dəyərlərə hörmət etmək və anlaşmaq bacarığı tələb olunur.

Azərbaycanda milli ideologiyanın, azərbaycançılığın, onun ayrılmaz tərkib hissəsi olan milli-mənəvi dəyərlərinin qorunub saxlanması, mənimsənilməsi və inkişaf etdirilməsinə Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. O, dağıdıcılıq mövqeyindən çıxış etmədi, dəyərlərin varisliyi prinsipinə üstünlük verdi. Heydər Əliyev nəinki milli köklərə və ənənələrə qayıtmağa üstünlük verdi, eyni zamanda, bunu tarixi kəsilməzliyə əməl etməklə, hətta sosializmdən qalan dəyərlərə də qayğı və   diqqətlə yanaşmaqla həyata  keçirdi. J.Jores keçmişdən külü deyil, odu götürdü. O, bütün sahələrdə ümumbəşəri və milli dəyərlərin vəhdətini əsas hesab edirdi.

Heydər Əliyev milli ideologiyanın komponentlərindən biri kimi dəyərləndirdiyi milli-mənəvi dəyərlərin üç tərkib hissəyə malik olduğunu göstərirdi: dil, din, adət-ənənə və bunların şüur müstəvisində proyeksiyası olan milli mentalitet.

Heydər Əliyev mənəvi tərbiyədə, yüksək mənəviyyat tərbiyəsində ümumbəşəri dəyərlərlə yanaşı, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin mənimsənilməsinə birinci dərəcəli yer verirdi. “Gənclərimiz milli ruhda tərbiyə olunmalı, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Vətənə sadiq olmaq, vətəni sevmək torpağa bağlı olmaq: budur vətənpərvərlik”. Heydər Əliyev milli-mənəvi dəyərlər və vətənpərvərlik hissinin qarşılıqlı əlaqəsinə böyük əhəmiyyət verirdi.

Heydər Əliyev bütün dünya azərbaycanlılarını birləşdirən əsas amilin azərbaycançılıqla vəhdətdə olan milli-mənəvi dəyərlər olduğunu dönə-dönə qeyd edirdi: “Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir, xalqımıza mənsub olan adət-ənənələrdir. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.

Heydər Əliyev milli-mənəvi dəyərlərin tərkibinə dili, milli adət-ənənələri, milli bayramları daxil etməklə, azərbaycançılığı yüksəkliyə qaldırmaq, milli-mənəvi dəyərləri daim yaşatmaq istəyirdi.

H.Əliyev qloballaşma şəraitində milli-mənəvi dəyərlərin, milliliyin, milli özünəməxsusluğun qorunub saxlanmasına xüsusi əhəmiyyət verirdi. Heydər Əliyev  qloballaşmanın,  ümumbəşəri  dəyərlərin  ön  plana  çəkilməsinə,  milli-mənəvi dəyərlərin isə arxa plana keçirilməsinə qarşı çıxaraq milliliklə ümumbəşəriliyin vəhdəti ideyasını irəli sürür, göstərirdi ki, biz başqalarıdan öyrəndiyimiz kimi, başqaları da bizdən öyrənməlidir. Hansı millətdə hansı milli-mənəvi keyfiyyət üstündürsə, onun bütün bəşəriyyət tərəfindən qəbul olunması ideal qloballaşma modelinə daha çox uyğun olmalıdır. Heydər Əliyev qloballaşmanın xalqların milli fərqliliklərini qəbul etməsini və müsbət nəticələr verməsini istəyirdi: “Qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı, milli fərqlərin də qəbul olunması bu prosesin müəyyənedici istiqamətləri olmalıdır.

Azərbaycan qloballaşmanın müsbət mənada inkişafına öz töhfəsini verir. Mənim ölkəm... Şərq ilə Qərb arasında zəngin tarixi-keçmişdən başlanan və gələcəyə istiqamətlənən körpü rolunu həyata keçirir”.

Beləliklə, milli-mənəvi dəyərlər azərbaycançılığın ayrılmaz tərkib hissəsi olub xalqımızın əsrlər boyu yaratdığı dili, dini, adət-ənənələri, yüksək mənəviyyatı, mərdliyi, əzmkarlığı, sözübütövlüyü, vətənpərvərliyi, qonaqpərvərliyi, səxavətliliyi, həya və isməti, hörmət və ehtiramı, xalqın milli psixologiyasını, milli xarakteri və milli-mədəni dəyərlərini özündə cəmləşdirmişdir.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 17 yanvar.- S. 14.