Azərbaycançılıq milli ideologiya kimi          

 

Azərbaycan ideologiyasının təşəkkülünü mifoloji şüurla qədim ailə kultu ilə  əlaqələndirmiş, ideologiyanın inkişafında zərdüştilik, məzdəkizm, islam, xürrəmizmi, hürufilik, XX əsrdə isə maarifçiliyin vəhdəti olan azərbaycançılığın mühüm rol oynadığını qeyd edirlər. Azərbaycan ideologiyasının təməli kimi səciyyələndirərək, onu milli istiqlal ideologiyası adlandırırdılar. Onu bütöv xalqın marağının,   onun birliyinin fikri ifadəsi hesab edirdilər. N.Şəmsizadə dövlət və ideologiyanın qarşılıqlı münasibətinə  toxunaraq yazır: “Yalnız konkret, özünəməxsus ideologiyası  olan xalqın milli dövləti ola bilər. Milli ideologiya dövlət siyasəti statusu qazananda idarəetmə ideologiyasına çevrilir”. Azərbaycançılığı Azərbaycan xalqının məfkurəsi, özünəqayıdışı, kökə qayıdış hesab edir. Azərbaycan ideologiyasının dayaqlarına toxunan N.Şəmsizadə yazır: “Vətənçilik, türkçülük və islamçılıq Azərbaycan xalqının ideologiyasının dayaqlarıdır. Vətənçilik bütün xalqlar və etnik qrupların demokratik birliyinin, türkçülük dövlət siyasətini islamçılıq, inam, iman və əxlaqımızın təməli, şərqçiliyə bağlanması rəmzidir.”

Hər bir dövlət siyasətini həyata keçirərkən milli ideologiyaya əsaslanan Azərbaycançılıq  xalqı  dövlətin  təkcə  obyekt  yox,   həm    subyekt idarəedicisi kimi nəzərdə tutur.

Azərbaycanda   milli ideologiyada   şərqçilik      qərbçiliyin   vəhdəti həlledici amildir. Azərbaycan ideologiyasını Azərbaycanda baş vermiş milli-azadlıq   hərəkatlarının   tarixi   təcrübələrinin   nəzəri   yekunu   hesab  edən dünyada və ölkəmizdə baş verən ictimai proseslərin tarixi mənasını Azərbaycan xalqının mənafeyi baxımından izah etdiyini göstərən N.Şəmsizadə Azərbaycan   ideologiyasının   müstəqil, suveren   Azərbaycanın   tam   tarix istiqlalı  uğrunda,  bu ölkədə dünyəvi  prinsiplərə malik  sivil demokratik cəmiyyət    hüquqi  dövlət  uğrunda  mübarizəni  məqsəd  seçən  türkəsilli Azərbaycan xalqının ideologiyası kimi səciyyələndirmiş, onun ümummilli maraqların ifadəsi kimi, əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların  milli, etnik,  dini  və sosial  hüquqlarının  bərabərliyi  ideyasının dayandığını qeyd etmişdir.

Azərbaycan ideologiyasını diktaturadan və avtoritarizmdən demokratiyaya keçid dövrünün nozəriyyəsi, milli müstəqillik haqqında təlim, imperiyaçılığa qarşı müqavimətdə formalaşan istiqlal ideologiyası adlandıran N.Şəmsizadə onun bu şərtlərinin olduğunu göstərir-maarifçilik yolu ilə inandırma, tarixi əsaslandırma, təşkilatlandırma, istiqamətləndirmə və yeni yaratma.

Azərbaycan ideologiyasının aşağıdakı mürəkkəb hissələri göstərilir: 1. Məfkurəçilik. 2.İstiqlalçılıq. 3.İttihafçılıq (birlikçilik). 4.Türkçülük. 5.İslamçılıq. 6.Xalqçılıq. 7.Ünsiyyətçilik, vahid dillə və mədəniyyətlə vəhdət.

Bütün bunlar ideologiyada boşluğu, onunla birlikdə cəmiyyətdəki şəxsiyyətsizləşməni aradan qaldırar, ümimmilli ifadəni möhkəmlədir. Bu isə dövlətçiliyin əsasıdır.

Ə.Tağıyev və M.Şükürov demokratik cəmiyyətlərdə vahid ideologiyanın mövcudluğuna şübhə ilə yanaşırlar. Onlar Qərb ölkələrində Türkiyə və ABŞ-da müxtəlif ideoloji cərəyanların müxtəlif dövrlərdə biri digərini əvəz etdiyini və üstünlük qazandığını misal gətirərək yazırlar: “Demokratik bir cəmiyyət qurduğumuz, ideoloji plüralizmə və fikir müxtəlifliyinə malik olduğumuz, kommunist ideologiyasının monopoliyasından uzaqlaşdığımız bir dövrdə vahid dövlət ideologiyasının qəbul olunması demokratik cəmiyyət quruculuğu ilə nə dərəcədə bir araya sığır.”

Onlar keçid dövründə Azərbaycanın vahid bir ideya-siyasi xətt (hətta doktrina) ətrafında birləşməsi zərurəti yarandığını iddia edərək qəbul olunacaq milli (dövlət) ideologiyasının dövlətin siyasi xəttini həyata keçirməli olan doktrinanı əvəz etməsini göstərir: “Bu ideologiya mövcud unitar dövlət quruluşunun möhkəmləndirilməsinə, siyasi stabilliyə, ərazi bütövlüyünün təmin olunmasına, sosial-iqtisadi, siyasi-mənəvi sahələrdə millətin tərəqqisinə xidmət etməlidir...

Deməli, milli ideologiya öz inkişafında iki mərhələdən - birincisi, etnik milli ideyadan, ikincisi isə milli-dövlət ideyasından keçir. Milli etnik ideyada hər bir etnosun öz milli marağı birinci yerdə durursa, milli dövlət ideyasında iqtidar, ərazi və əhali vəhdəti ön sıraya keçir. Dövlətin mənafeyi etnosüstü   xarakter   daşıyır.    Millətlər      etnoslar   özlərinin   seçdikləri ümumilli siyasi liderlərinin ətrafında birləşərək öz milli dövlətlərini, vahid vətənlərini (ayrı-ayrı vətənlərin bir Vətəndə, vahid vətənpərvərlik şüurunda birləşməsi) daha da möhkəmləndirmək işinə qoşulurlar (68, s.l 19).

SSRİ dağıldıqdan və kommunist ideologiyası süquta uğradıqdan sonra bir sıra Qərb ideoloqları belə bir fikirlər söyləyirdilər ki, ümumiyyətlə, ideologiyaların ömrü XX əsrdə sona çatmışdır. S.Xaninqton “Sivilizasiyaların toqquşması” məqaləsində yazır ki, XXI əsrdə ideologiyalara yer qalmayacaq, bu əsr dinlərin və sivilizasiyaların mübarizəsi əsri olacaqdır. Frensis Fokuyama özünün “Tarixin sonu. Sonuncu insan” kitabında yazır ki, liberalizm bütün ideologiyalar üzərində qələbə çalmışdır.

Bir sıra Qərb ideoloqları isə islamın timsalında, yeni ideoloji düşmən obrazı yaratmağa çalışırlar.

Şübhəsiz, bunlar cəfəngiyyatdır. Bütün xalqlar, o cümlədən, yenidən müstəqillik yolu seçmiş Azərbaycanda milli ideologiyaya ehtiyac vardır.

Müasir Azərbaycan şəraitində Azərbaycan ideologiyası Azərbaycan dövlətçiliyinin, ərazi bütövlüyünün, müstəqilliyinin, burada yaşayan xalqların qardaşlığı və həmrəyliyinin daşıyıcısı kimi çıxış edir.

Azərbaycanda milli maraqların təkamüli formalaşması prosesi milli ideologiya və milli təhlükəsizlik kimi mühüm dövlətçilik ünsürlərinin təşəkkülü ilə paralel baş verirdi. Müstəqilliyə qədər sovet Azərbaycanın SSRİ-nin kompleks dövlət maraqlarına daxil olan respublika maraqları var idi. Azərbaycanın milli maraqları kölgədə qalmış, dövlət təhlükəsizlik xidmətinin nəzarəti altında idi. Kommunist ideologiyası milli-mənəvi dəyərlərə söykənən milli maraqlara xidmət edən milli ideologiya ilə əvəz olundu.

Milli dövlət maraqları və milli ideologiyanın formalaşması müstəqillik yolunda ən mürəkkəb məsələlərdən biridir. Azərbaycanda ideoloji problemlər və milli ideologiyanın tədqiqi ilə ilk məşğul olanlardan biri İ.Məmmədzadə olmuşdur. O göstərir ki, milli-dövlət maraqlarını əks etdirən ümummilli ideologiyanın birləşdirici prinsiplərinin formalaşması prosesində və milli siyasətdə bəzi siyasi qüvvələr milli-dövlət maraqları naminə öz maraqlarından imtina edə bilirlər.

Akademik Ramiz Mehdiyevin fikrincə, azərbaycançılıq ideyasının bir neçə nisbətən müstəqil cəhəti var: əsasən antropologiya (etnologiya), etnoqrafiya, sosial psixologiya, linqvistika çərçivəsində nəzərdən keçirilən etnomədəni cəhət; sosiologiya, politologiya, cəmiyyətin sosial quruluşu haqqında digər elmlərin köməyi ilə açılan sosial-siyasi cəhət; beynəlxalq hüquq sahəsində kompleks elmi fənlər vasitəsilə işlənib hazırlanan coğrafi-siyasi cəhət və s. Başlıcası odur ki, nəzərdən keçirilən problemin təkcə bir cəhəti çərçivəsində qapanıb qalmaq olmaz, çünki bu zaman biz “azərbaycançılıq” ideyasını, tarixən sabit və özünəməxsus hadisə kimi, ölkədə yaşayan bütün əhali qruplarının həmrəyliyini, onların qarşılıqlı əlaqəsini, sadəcə, əhatə edə bilmərik.

Məruz qaldığı bütün sınaqlara baxmayaraq, milli-dövlət ideologiyası kimi “azərbaycançılıq” bu gün bizim qarşımızda dəqiq ifadə edilmiş ideya kimi durur. Bu ideyanın tarixlə və onlarca xalqın qədimdən bəri bir ərazidə yaşaması, onların ümumi mentalitetə və tələbat strukturuna söykənən ümumi psixologiya ilə şərtlənən öz bölgüsü var.

Azərbaycançılıq ideologiyası mühüm funksional elementlərlə zəngindir. Bunların mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdir. “Azərbaycançılıq” müstəqil və bənzərsiz Azərbaycanı sivil dövlətlər sırasına çıxaracaq bir yoldur.

“Azərbaycançılıq” xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün “azərbaycançılıq” milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir.

O, Azərbaycan xalqının dövlətyaradıcı mənafelərinin ümumiliyi və demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədidir. İdeologiya kimi “azərbaycançılıq” müstəqil Azərbaycanın fəlsəfi-sosioloji doktrinasının sosial-mədəni və etnocoğrafi-siyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərlik prinsipidir.

Azərbaycanda milli ideologiya ilə yanaşı cəmiyyəti fərddən öndə tutan dövlətçiliyi, millətçiliyi, azad sahibkarlığı, istiqlalçılığı qorumaq və inkişaf etdirmək məqsədi güdən, qismən fərdiyyətçilik mövqeyində və açıq anti-kommunist mövqeyində duran mühafizəkarlıq (milli-demokrat və radikal demokratların da daxil olduğu) ideologiyası, kimi özünü göstərir.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

 Səs.- 2012.- 20 yanvar.- S. 14.