20 Yanvar həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsidir

 

AMEA Folklor İnstitutunda 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbir başlamazdan öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə institutun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov açıb, 20 Yanvar şəhidlərinin xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağını bildirdi: “20 Yanvar tariximizin yaxın səhifələrindəndir. Burdakıların çoxu həmin hadisələrin buya digər dərəcədə iştirakçısıdır. Həmin vaxt xalqımıza edilən aqressiv hadisələrə qarşı hiddət, ən başlıcası isə birlik vardı. Xalqımız bu hadisələrdə özünü bütöv olaraq hiss edə bildi. 20 Yanvarı həm faciə, həm də xalqımızın qəhrəmanlıq səhifəsi olaraq yaşadıq. Zaman keçdikcə 20 Yanvara daha böyük ucalıqdan yanaşmağa başlamışıq. 20 Yanvar müstəqillik, azadlıq uğrunda gedən mübarizənin ucalığı olub. Millətin taleyində elə məqamlar olur ki, unudulmur, sonrakı hadisələrə təkan verir. Faciə xalqımızın taleyinə böyük kədər gətirsə də, müstəqillik uğrunda əzmimizi daha da artırdı, möhkəmləndirdi”.

Tarixçi-alim Xəliyəddin Xəlilli 20 Yanvardan başlayaraq 42 gün ərzində fəaliyyət göstərən İctimai Dəfn Komissiyasının xalqın gücünü ifadə etməsini, insanlarımızın mətinliyini, halallığını, fədakarlığını, sarsılmazlığını, daxildən qurulmasını, faciəvi məqamları mətanətlə aşmasını ayrıca vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru, şair Adil Cəmil həmin gecənin canlı iştirakçısı olaraq duyğularını bölüşdü. 20 Yanvar şəhidlərinə həsr etdiyiQan qoxusu” poemasından bir parça oxudu.

Sənətşünaslıq doktoru Rafiq İmrani 20 Yanvar hadisələri dönəmində Xəzər dənizindəki gəmilərdə dənizçilərimizin həyatlarını təhlükəyə ataraq, sahil xəttində günlərlə duraraq həyəcanlı fit səsləri verməklə xalqımıza mənəvi dəstək olmalarından faktlarla danışdı.

İnstitutun əməkdaşı Elçin Qaliboğlu 20 Yanvar kimi faciələrin bundan sonra baş verməməsi üçün hər bir fərdin daxilən faciəvilikdən üstün olmasının gərəkliyini vurğuladı.

 

20 yanvar - qanlı tarix  

 

Pirallahı qəsəbəsinin V.Mustafazadə adına Mədəniyyət Mərkəzində 20 yanvar şəhidlərinə həsr olunmuş “20 yanvar - qanlı tarix” başlığı altında anım günü keçirilib.

Tədbirdə mərkəzdə fəaliyyət göstərən poeziya dərnəyinin və həvəskar ansambl üzvlərinin çıxışları nümayiş olunub. Qonaq qismində tədbirdə mərkəzin 14 saylı musiqi məktəbinin müəllim və şagird heyəti, kitabxananın işçi heyəti və Pirallahı qəsəbəsində fəaliyyət göstərən məktəblərdən dəvət almış müəllim və şagird heyəti iştirak edib.

Anım gününə həsr olunmuş tədbirdə ansamblın ifasında “Sarı gəlin” kompozisiyası, poeziya dərnəyi üzvlərinin ifasında şeirlər və səhnəciklər nümayiş olunub.

Tədbirdə 20 yanvar şəhidlərinə bəstələnmiş musiqi parçalarından da istifadə olunub.

 

20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə “Əsrə bərabər bir gün” adlı tədbir keçirildi

 

Binəqədi rayon MKS Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi ilə birgə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə “Əsrə bərabər bir gün” başlığı altında tədbir keçirib. Tədbirdən əvvəl Binəqədi rayon MKS-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.

Qeyd edim ki, tədbirdə Binəqədi rayon MKS-nin direktoru R.Biləndərli, Uşaq şöbəsinin müdiri R.Məmmədli, Metodikabiblioqrafiya işləri şöbəsinin müdiri, Elektron-informasiya xidməti şöbəsinin müdiri Ş.Ağayeva, 1 saylı filialın müdiri A.Ələkbərova,            2 saylı filialın müdiri A.Orduxanova, 7 saylı filialın müdiri S.Qiyami, 4 saylı filialın şöbə müdiri T.Ağayeva, 3 saylı filialın böyük kitabxanaçısı, 20 Yanvar hadisələrinin şahidi, publisist Nağı Abbasov, şairə Mətanət Uluşirvanlı, bəstəkar Kəmalə Cəmilqızı, Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri S.Əsgərova və kitabxana oxucuları iştirak ediblər.

Tədbirdə ilk öncə 20 Yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Binəqədi rayon MKS-nin Uşaq şöbəsinin müdiri R.Məmmədli “Azadlıq yolunun 20 Yanvar zirvəsi” mövzusunda geniş məlumat verib.

MKS-nin 2, 3 və 4 saylı filiallarının fəal oxucuları 20 Yanvar hadisələrinə həsr edilmiş B.Vahabzadənin, Z.Yaqubun, N.Kəsəmənlinin, M.Xınıslının şeir və poemalarından parçalar söyləyiblər.

Tədbir boyu şəhidlərdən və qalibiyyət notları üzərində bəstələnmiş musiqi nömrələri dinlənilib.

20 Yanvar şahidi, 4 güllə yarası alan, öz qanı, canı bahasına yaralıları gülləbaran altında xəstəxanaya çatdıran, Ağdərə döyüşlərinin iştirakçısı Nağı Abbasov qanlı şənbə gecəsində baş verənləri bir daha ürək ağrısı ilə xatırladıb. Şahid çıxışında qeyd edib ki, nə qədər ağır olsa da, bu, bizim əbədi müstəqilliyimizin qəhrəmanlıq salnaməsidir.

Sonda qonaqlar “Qanlı Yanvar” başlığı altında tərtib edilmiş sərgi ilə və 1990-cı ilin faciəsini özündə əks etdirən foto-albomla tanış olublar.

 

20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “açıq qapı” günü

  

Yanvarın 19-da Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “açıq qapı” günü keçirildi. Həmin gün yazıçı-dramaturq Hüseynbala Mirələmovun  eyniadlı pyesi əsasında hazırlanmış “Xəcalət” tamaşası nümayiş olundu. Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir. Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu çıxış edirdilər.

 

20 Yanvar şəhidlik zirvəsi

  

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “20 Yanvar şəhidlik zirvəsi” mövzusunda kitab sərgisinin açılışı və Vahid Məhərrəmovun “Qanlı gecə - qanlı tarix” kitabının təqdimatı keçirildi. Sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kitabxananın direktoru Kərim Tahirov 20 Yanvar faciəsindən söhbət açaraq, bu ağrılı günün Azərbaycan xalqının yaddaşından silinməyəcəyini bildirdi. Bu gün həm də xalqımızın azadlığı uğrunda mübarizəsinin dönüş nöqtəsi olmuş, onun döyüşkən mərd oğullarının nəyə qadir olduğunu göstərib. Şəhid olanlar şərəfli yolun başlanğıcını qoymaqla gənclərimiz üçün bir qəhrəmanlıq nümunəsi göstəriblər. K.Tahirov 20 Yanvar faciəsinin gələcək nəsillərə çatdırılmasında kitabxanaçıların və digər mədəniyyət işçilərinin üzərinə düşən vəzifələrdən də danışaraq, bu tarixi yazanların əməyini xüsusi vurğuladı. Qeyd olundu ki, Milli Kitabxana “20 Yanvar şəhidlik zirvəsi” sərgisini təşkil etməklə yanaşı, ənənəsinə sadiq qalaraq bu mövzuda yazılmış növbəti kitabın da təqdimatını keçirir.

Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova 20 Yanvarın Azərbaycan tarixinə “Qanlı Yanvar faciəsi” kimi daxil olmasından, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün xalqımıza qarşı həyata keçirdiyi vəhşi terror aktından, bunun insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağından danışdı. O, kitabxanalarda bu mövzuda xüsusi guşələrin, veb-səhifələrdə məlumatların olduğunu söyləyrək, məlumatların toplanmasında kitabxanaçıların əməyini diqqətə çatdırdı.

Tanınmış şairpublisist, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli 20 Yanvar faciəsindən, hadisələrin siyasi əhəmiyyətindən danışdı.O bildirdi ki, “Qanlı gecə-qanlı tarix” kitabının ərsəyə gəlməsi qələm sahiblərimizin Azərbaycan tarixinin ən şərəfli anına biganə qalmadıqlarını bir daha göstərir. V.Bəhmənli belə əsərlərin zərurətdən yarandığını söylədi. 20 Yanvar faciəsi nə qədər ümumiləşdirilsə də, hər dəfə hadisələrə baxışda yeni məqamlar olacaq. Digər çıxışlarda da qanlı faciə və təqdimatı keçirilən kitabdan söhbət açılıb. “Qanlı gecə - qanlı tarix” nəşrinin müəllifi Vahid Məhərrəmov kitabı haqqında iştirakçılara məlumat verib.

Sonda tədbir iştirakçıları “20 Yanvar şəhidlik zirvəsi” mövzusunda geniş kitab sərgisi ilə tanış olublar.

 

20 Yanvar şəhidlərinin xatirəsi anıldı

 

Dünən Azərbaycan Memarlıq və İnşaat Universitetində  20 Yanvar şəhidlərini anma mərasimi keçirilib. Anım mərasimi universitetin yenilənmiş şəhidlər guşəsində qeyd edilib. Mərasim başlamazdan öncə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə universitetin rektoru, millət vəkili Gülçöhrə Məmmədova çıxış edərək bildirib ki, 20 Yanvar tariximizin faciəli və şərəfli günlərindən biridir: “Biz o qanlı gecədə azadlıq həvəsimizi bütün dünyayasovet hökumətinə göstərdik. Bu guşədə universitetdə təhsil alan, universitetlə əməkdaşlıq edən 10 milli qəhrəmanın adı və fotoları qeyd edilib. Onlardan 4-ü 20 Yanvar şəhidi, 6-sı isə Qarabağ müharibəsində şəhid olan milli qəhrəmanlardır”. Rektor çıxışında həmin qəhrəmanların adını və necə şəhid olduqlarını iştirakçıların nəzərinə çatdırıb.   Onların arasında Fuad Babayev, Ələsgər Qayıbov, Mehman Muradov, Bayram Əliyev, milli qəhrəmanlar Çingiz Mustafayev, Kamil Nəsibov, Məzahir Rüstəmov, Bəylər Ağayev, Kərəm Mirzəyev, Ramiz Qəmbərovun adları da var. Qeyd edək ki, guşədə universitetin şəhid olan daha 36 tələbə və məzununun adı da xatirə lövhəsində yer alıb.

Anım mərasimində iştirak edən şəhidlərin yaxınlarının hər birinə söz verilib. Onlar xalqımızın şəhid olmuş qəhrəman oğullarının mübarizliyindən söz açıblar.

 

 

Zümrüd

 

Səs .- 2012.- 20 yanvar.- S. 12