20
YANVAR - AZƏRBAYCAN XALQININ QƏHRƏMANLIQ SALNAMƏSİ
“Səs” qəzetində
20 yanvar faciəsinə həsr olunmuş dəyirmi masa
keçirilib. Tədbirdə YAP Siyasi Şurasının
üzvü, millət vəkili Aydın Mirzəzadə, YAP
Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının
sədri Aydın Hüseynov, HATM-in direktoru İldırım Məmmədov,
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı,
siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin
direktor müavini, siyasi elmlər üzrə fəlsəfə
doktoru Elman Nəsirov, Vəhdət partiyasının sədri
Tahir Kərimli, Azadlıq Hərəkatçıları
Birliyinin sədri Təhmasib Novruzov, Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının ədəbi hissə
müdiri Rafiq Rəhimli, ADPU-nun Azərbaycan tarixi
kafedrasının dosenti Firudin Cümşüdlü
iştirak edirdilər.
(Əvvəli ötən sayımızda)
“Səs” qəzetinin əməkdaşı:
- Tahir müəllim, həmin dövrdə 20 Yanvar faciəsinin
qarşısını almaq olardımı?
Tahir Kərimli: “Sözsüz ki, istər o zamankı
Azərbaycan rəhbərliyi, istərsə də Moskva rəhbərliyi
20 Yanvar faciəsinin baş verməsinin
qarşısını almaq üçün müəyyən
addımlar ata bilərdidər”
- 20 Yanvar faciəsi ilə bağlı məsələyə
keçməzdən öncə, bəzi maraqdoğurucu
faktları qeyd etmək istərdim. Belə ki, 1732-ci ildə Səfəvi
və Rusiya dövləti arasında Bakı
xanlığının və Dağıstanın Rusiyanın
tərkibinə keçməsi ilə bağlı müqavilə
bağlandı. 1915-ci ildə rus qoşunları Təbrizi
tutdu və 1990-cı il 20 Yanvar hadisələrinə qədər
ardıcıl olaraq digər proseslər baş verdi və diqqətçəkici
məqam da ondan ibarətdir ki, bütün bu hadisələrin
hər biri məhz 20 yanvar tarixinə təsadüf edir.
Verilən suala, cavab olaraq demək istərdim ki, hələ
1990-cı il yanvarın 19-u saat 19.25-də televiziyanın enerji
bloku partladıldı. Televiziyanın enerji blokunu partlatmaqda məqsəd əhalini
ölkədə baş verən proseslərdən, yəni
informasiyadan məhrum etmək idi. Digər bir məsələ
isə 19 yanvarda Mixail Qorbaçovun Azərbaycanda fövqəladə
hadisə etməsi idi. Bu isə bir daha artıq 20 Yanvar faciəsinin baş verməsinə
hazırlıq kimi qiymətləndirilir. Diqqət yetirsək
görərik ki, fövqəladə hadisənin olması Azərbaycan
xalqına zamanında çatdırılmayıb. Əgər
elan olunsaydı, sözsüz ki, xalq əliyalın meydana
çıxmazdı. Doğrudur, xalqımız inana bilmirdi ki,
Moskva Azərbaycana qoşun yeridə bilər. Ancaq təəssüf
ki, bu hadisə baş verdi. Sözsüz ki, istər o
zamankı Azərbaycan, istərsə də Moskva rəhbərliyi
20 Yanvar faciəsinin baş verməsinin
qarşısını almaq üçün müəyyən
addımlar ata bilərdilər. Ancaq əvvəldə qeyd
etdiyim kimi məhz Qorbaçov hadisənin baş verməsini
artıq çoxdan müəyyən etmişdi. Mən o zaman
İsmayıllı rayonunda xalq hakimi vəzifəsində
çalışırdım. Həmin hadisələr ərəfəsi
Bakıdan kömək etmək müraciəti
ünvanlandı. Nəinki mən, eləcə də,
respublikamızın bütün rayonlarından Bakıya
axın başlandı. Hamı vətənini xilas etmək istəyi
ilə Bakıya gəlirdi. Mənə elə gəlir ki, bu
addım elə xalqımızın müstəqil olmaq istəyinin
ilk işartıları idi. Hər yerdə xalq müstəqilliyə
can atırdı. Cons Vikson hələ 30-cu ildə deyirdi ki, Azərbaycan
xalqı müstəqil olmağa layiq xalqdır. 20-ci əsrin
sonlarında müstəqillik
uğrunda mübarizə respublikamızın hər yerində
baş qaldırdı. O cümlədən, Naxçıvan
Muxtar Respublikasında, Lənkəranda və digər yerlərdə
xalqın müstəqillik əldə etmək
üçün ayağa qalxması artıq yüksək zirvəyə
qalxmışdı. Doğrudur, həmin hadisələrə qədər
müəyyən səhvlərimiz də olub. Belə ki, bu sahədə
təcrübəsizliyimiz, Azərbaycan xalqının hərbdən
yüz illər boyu kənar olması, boyundurqda yaşaması
və s. bu proseslərin də həmin hadisələrin
baş verməsində müəyyən təsiri olub. Ancaq
çox qəribədir ki, Moskvada 20 Yanvarı faciəsini
törədənlərə veteran statusu verirlər. Bu gün
belə bir qanunun qəbul edilməsinə qarşı etiraz səsi
qaldırılmalıdır.
Ümumiyyətlə, rus dövləti ilə rus
xalqını eyniləşdirmək lazım deyil.
Çünki rus xalqının müəyyən hissəsi
geniş ürəklidir. Ona görə də, həmin qərara
qarşı onların da etirazını etməsini bildirməsi
lazımdır. Sonda bir məsələyə də toxunmaq istərdim
ki, istər əvvəlki, istərsə də 20 Yanvar hadisələrinin
hamısında ermənilər iştirak edib. ABŞ Senatı
və erməni konqresmenləri hətta Mixail Qorbaçova
müraciət edərək, bildiriblər ki, erməniləri
müdafiə edin, azərbaycanlıları isə cəzalandırın.
Bütün bunların nəticəsi idi ki, Azərbaycanda 20
Yanvar faciəsi törədildi.
Akif Aşırlı: “Həmin ərəfədə
Türkiyənin nüfuzlu “Hürriyyət” qəzeti qara rəngdə
çıxdı”
- Mən bir mühüm məqama toxunmaq istərdim.
Hadisələr baş verdikdən sonra ilk dəfə Azərbaycanla
bir yerdə olduğunu elan edən qardaş Türkiyə
dövləti oldu və həmin ərəfədə Türkiyənin
nüfuzlu “Hürriyyət” qəzeti qara rəngdə
çıxdı. Həmçinin, Türkiyənin şəhərlərində
20 Yanvar faciəsini törədənlərə
qarşı kütləvi etiraz aksiyaları keçirildi. Bu
isə bir daha Türkiyə xalqının, həqiqətən
də, Azərbaycan xalqı ilə bir olmasının bariz
nümunəsi idi.
Aydın Mirzəzadə: “...Ancaq Heydər
Əliyev Qorbaçova bildirdi ki, o mitinqlərin səbəbi
var”
- 1990-cı ildə Ulu Öndər Heydər Əliyev
müsahibəsinin birində belə bir maraqlı faktı qeyd
edib. Belə ki, 20 Yanvara bir-iki gün qalmış
M.Qorbaçov Heydər Əliyevə zəng edib və Ona təklif
edib ki, Bakıya getsin, mitinqlərdə çıxış
etsin və xalqı sakitləşməyə
çağırsın. Ancaq
Heydər Əliyev bildirdi ki, o mitinqlərin səbəbi var.
Belə ki, Azərbaycanın ərazi bütövlüyü
pozulub, Dağlıq Qarabağ zorla Azərbaycandan qoparmağa
cəhdlər göstərilir. Ona görə də, xalqı
sakitləşdirmək yox, xalqı eşitmək
lazımdır. Heydər Əliyev təklif edib ki,
Qorbaçovla -SSRİ-nin rəhbəri ilə
görüşüb, problemin kökü, həlli ilə
bağlı öz fikirlərini ona çatdırsın.
Qorbaçov isə bu təklifi qəbul etməyib.
Göründüyü kimi, bunun özü bir daha göstərir
ki, şəxsən Qorbaçov problemin həllində
maraqlı olmayıb və onlar Heydər Əliyevi Bakıya
getməyi xahiş etməklə heç də Heydər Əliyevin
nüfuzunu qaldırmaqda maraqlı olmayıblar. Çünki
bilirdilər ki, Heydər Əliyev xalqla birlikdədir. Xalq Heydər
Əliyevin hər sözünü, hər kəlməsini
özü üçün çıxış yolu hesab
edirdi və bu təklifi etməklə onlar xalqla Heydər Əliyevi
üz-üzə qoymaq istəyirdilər. Ancaq bu, onların istədiyi
kimi olmadı. Əgər Qorbaçovun 6 illik hakimiyyəti dövründə
verdiyi müsahibələrinə diqqət yetirsək, bir dəfə
də olsun belə 20 Yanvar faciəsi ilə bağlı fikirlər
söyləmədiyini görmək olar. Həmişə də,
bu və ya digər suallarından birmənalı şəkildə
uzaqlaşıb. Bütün bunlar isə bir daha 20 Yanvar faciəsinin
törədilməsində SSRİ rəhbərliyi, o cümlədən,
M.Qorbaçovun birbaşa
marağı olduğunu göstərir.
“Səs” qəzetinin əməkdaşı:
-Cümşüd müəllim, Bakıya yeridilən
və “dikiy” adlandırılan alayda saqqallı ermənilər
çoxluq təşkil edirdi. Sizcə, bunların arxasında
daha hansı qaranlıq məqamlar dayanmışdır?
Cümşüd Nuriyev: “AXC-nin üzvləri bu gün
özlərini bu hadisədə günahsız kimi qələmə verirlər və
xalqın azadlığı uğrunda mübarizədə
özlərini xalqın “xilaskarı”
adlandırırlar. Bəs nə əcəb həmin
hadisələr zamanı onlardan bir nəfərin də olsun
burnu qanamadı? “Səs” qəzetinin də atdığı
böyük addım ondan ibarətdir ki, belə dəyirmi
masalar vasitəsi ilə bir çox açılmayan həqiqətlər
üzə çıxır “
- Əvvəlcə bir məsələyə
aydınlıq gətirmək istərdim ki, 20 Yanvar faciəsi
SSRİ-nin bir layihəsi idi. ABŞ başda olmaqla əsas
layihə- də SSRİ imperiyasını dağıtmaq məsələsi
dururdu və bu layihənin tərkib hissəsində Azərbaycanda
bu hadisəni həyata keçirmək dururdu. Çünki Azərbaycan
həm intellektual potensialına görə, həm əhalisinin daha qabiliyyətli
olmasına və eyni zamanda, islam faktorunun
qabardılmasının çox asan olmasına görə, bu
ölkədə bu layihəni həyata keçirmək məqsədəuyğun
sayılırdı. Həmçinin,
bu hadisənin baş verməsində Azərbaycan Xalq Cəbhəsinin
günahı çoxdur. Doğrudur, onlar bunu danırlar. Ancaq
bunu faktlar da təsdiqləyir. Necə olur ki, 11 yanvarda Lənkəranda
hakimiyyət devrildi və Əlikram Hümbətovun əlində
Bakıda olan ermənilərin siyahısı var idi? Sual oluna
bilər ki, bu siyahını Ə.Hümbətov necə əldə
edib? İkincisi, Milli Müdafiə Şurasının
yaranmasında məqsəd nə idi?
Üçüncüsü, nəyə görə,
1988-ci ildə həbs olunanlar 20 Yanvar faciəsindən sonra həbsdən
azad olundular? Həmçinin, bütün bunlarla
yanaşı, AXC-nin üzvləri bu gün özlərini bu
hadisədə günahsız
kimi qələmə verirlər və xalqın azadlığı
uğrunda mübarizədə özlərini xalqın
“xilaskarı”
adlandırırlarsa, bəs nə əcəb həmin
hadisələr zamanı onlardan bir nəfər də olsun
burnu qanamadı? O vaxta qədər Azərbaycanın
milli-azadlıq hərəkatı statusu aldı. Bu status o vaxt
olur ki, orada qan tökülsün,
milli qarşıdurma olsun. 20 Yanvarda tökülən
qanlar Azərbaycanın
milli-azadlıq hərəkatına həmin statusu verdi. Biz
onlara və onların ruhu qarşısında həmişə
borcluyuq. Burada azərbaycanlılara
qarşı soyqırımı həyata keçirildi.
Peyğəmbər (ə.s.) deyirdi ki, həqiqəti danmaq
imansızlıqdır, yarımhəqiqəti danmaq isə
vicdansızlıqdır. Ona görə də, bu gün
özlərini “xilaskar” adlandıranlar heç olmasa,
vicdansızlıq etməsinlər, həqiqəti
açıq desinlər. “Səs” qəzetinin də
atdığı böyük addım ondan ibarətdir ki, belə
dəyirmi masalar vasitəsi ilə bir çox
açılmayan həqiqətlər üzə
çıxır.
Burada qeyd olundu ki, İsa Qəmbərov
SSRİ DTK agenti olub. Ancaq bu, təzə xəbər deyil. Yaxşı olardı ki, AXC-nin digər üzvlərinin
də hansı “əqidədə” olduqları
açıq-aydın deyilsin. 20 Yanvar faciəsi
ilə çox pərdəarxası məqamlar var. Onlar xalqa
açıqlanmalıdır.
Mən də 20 Yanvar faciəsinin
qurbanları qarşısında baş əyirəm. Çünki bu tarix Azərbaycanın şərəfli
tarixidir. Bir
təklif də irəli sürərdim ki, bu gün 20 Yanvar
faciəsi tarixçilərimiz tərəfindən geniş
şəkildə araşdırmalı, bir çox həqiqətlər
üzə çıxmalıdır.
Aydın Mirzəzadə: “Sevindirici haldır ki, “Səs”
qəzeti hər dəfə keçirdiyi dəyirmi masada
günün nəbzini tutmağa çalışır”
- Burada çox fikirlər səsləndi, təkliflər
irəli sürüldü. Sevindirici haldır ki, “Səs” qəzeti
hər dəfə keçirdiyi dəyirmi masada
günün nəbzini tutmağa çalışır. Bugünkü mövzuda 20 Yanvar faciəsi ilə
bağlı olan mövzudur.
Qeyd edim ki, faciə ilə bağlı istər
yazıçılarımız əsərlər, poemalar
yazmış, tarixçilərimiz də geniş araşdırmalar
aparmışlar. Arzu edərdik ki, bu proses daha geniş
şəkildə davam etsin və hər bir Azərbaycan vətəndaşı
tövsiyə və təkliflərindən bəhrələnsinlər.
“Səs” qəzetinin əməkdaşı:
- Elman müəllim, imperiya hesab edirdi ki, 20 Yanvar faciəsini
törətməklə, Azərbaycan xalqının milli
mübarizə əzmini qıracaq. Amma bu faciə
xalqımızın daha sıx birləşməsinə,
müstəqillik uğrunda mübarizəsinin daha da genişlənməsinə
təkan oldu. Bu nöqteyi-nəzərdən
20 Yanvar faciəsini qəhrəmanlıq və mübarizə
günü kimi hesab etmək mümkündürmü?
Elman Nəsirov: “20 Yanvar hadisəsi
düşünülmüş, məqsədyönlü
şəkildə həyata keçirilmiş, Azərbaycana,
ümumiyyətlə, bütün bəşəriyyətə
qarşı yönəlmiş bir qanlı cinayət idi”
- Mənə elə gəlir ki, 20 Yanvarda baş
vermiş bütün
gizli detalların açılması ilə
bağlı hələ uzun illər işlər
aparılacaq. Ruslar
yazırlar ki, Almaniyanın birləşdirilməsi ilə
bağlı Helmut Kol tələsirdi. Amma
Qorbaçov ondan da çox tələsirdi. Yəni bu fikrin mahiyyəti hələ 50 ildən
sonra bilinəcək. O zaman bəlli olacaq ki, nə demək
istəyirlər. Hesab edirəm ki, 20 Yanvar hadisəsi
baş veribsə, demək bu kimlərəsə lazım
imiş. Ümumiyyətlə, tarixi hadisələrdə
təsadüfi hadisələr baş vermir. 20 Yanvar hadisəsi düşünülmüş, məqsədyönlü
şəkildə həyata keçirilmiş Azərbaycana,
ümumiyyətlə, bütün bəşəriyyətə
qarşı yönəlmiş bir qanlı cinayətdir. İstənilən hadisənin baş verməsindən
əvvəl həmin hadisənin simptomları üzə
çıxır. 1990-cı ildə
baş verən hadisələrin artıq 1987-ci ildə ən
böyük simptomu olub. Belə ki, Heydər
Əliyev Siyasi Bürodan uzaqlaşdırıldı. Bu həyata keçirmək istədikləri layihənin
ən böyük tərkib hissəsi idi. 1987-cı ilin noyabr
ayında Qorbaçovun iqtisadi məsələlər üzrə
müşaviri Aqanbekyanın Fransanın “Humanite” qəzetində
verdiyi müsahibədə bildirilirdi ki, “Dağlıq
Qarabağ ərazisi iqtisadi baxımdan daha çox Ermənistana
bağlıdır, nəinki Azərbaycana. Biz də (yəni Sovet İttifaqında yaşayan ermənilər.-R.K.R.N.)
yenidənqurma, demokratiya proseslərindən istifadə edərək,
yenilik istəyirik. Bu məsələyə
biz yenidən baxacağıq.”
Məlumdur ki, dövləti təmsil edən
yüksək vəzifəli şəxsin xarici ölkənin mətbuatına
müsahibə verəndə onun müsahibəsi şəxsən
onun fikri sayılmır. Bu, dövlətin, yəni müsahibə verdiyi
dövlətin fikri sayılır. Artıq
bu fikirlə bir daha bildirilirdi ki, Dağlıq Qarabağ
alınıb Ermənistana verilməlidir. Məlum
olduğu kimi, 1994-cü il yanvar
ayının 5-də Ulu Öndər Heydər Əliyev Azərbaycanda
ikinci dəfə siyasi hakimiyyətdə olarkən 20 Yanvar
hadisələri ilə bağlı Sərəncam verdi. 1988-ci
il fevral ayının 11-də Aqanbekyan Dağlıq Qarabağ
Muxtar Vilayətindən 9 nəfər ermənini qəbul edərkən,
həmin ermənilər Dağlıq Qarabağın Azərbaycandan
ayrılması mümkündürmü, bunu nə dərəcədə
etmək olarmı sualına Aqambekyan cavab verir ki, gedin fəaliyyət
göstərin. Beləliklə də, həmin hadisədən
9 gün sonra 1988-ci il fevralın 20-də
Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən
ayrılması ilə bağlı qərar qəbul olunub.
1990-cı ilin yanvar ayında Ermənistan Ali Soveti həmin il
üçün ölkənin iqtisadi inkişaf planı hazırlayıb və
Dağlıq Qarabağ bu planın əsas inkişaf istiqaməti
hesab olunub. 20 Yanvar faciəsinin
başlanmasında sadalanan bu hadisələr dayanır. Digər bir amil isə Azərbaycanın daxilində
olan, daha dəqiq desək, AXC-nin olması idi ki, onların
davranışı qoşunun yeridilməsi üçün
imkanlar yaratdı. Sonda onu qeyd etmək istəyirəm ki, baş verən
bu faciə planlı şəkildə həyata keçirildi.
Birbaşa bu ermənilərin Dağlıq
Qarabağ iddiası ilə bağlıdır. Həmçinin, daxili faktorların dəstək
olması prosesin baş verməsinə gətirib
çıxartdı.
“Səs” qəzetinin əməkdaşı:
- Rafiq müəllim, 20 Yanvar ərəfəsi televiziya
blokunun partladılması həyata keçirildi. Blokun partladılması ilə əlaqədar Moskva
ilə yanaşı, öz içimizdən olan azərbaycanlılarda
iştirak etmişdimi?
Rafiq Rəhimli: “Həmin axşam 4 nəfər
maskalı insanlar şirkətə daxil olaraq enerji blokunun əsas
xətlərini taparaq əlaqələri kəsdilər və
bokun sıradan
çıxmasına nail oldular”
- Bu hadisənin başlanmasında əsas məqsəd
Azərbaycanı blokadaya almaq və informasiyanın Azərbaycandan
kənara çıxmasının qarşısını
almaq idi. Elə həmin gecə ilk
hücumları televiziya şirkəti oldu. Həmin
axşam 4 nəfər maskalı insanlar şirkətə daxil
olaraq enerji blokunun əsas xətlərini taparaq əlaqələri
kəsdilər və bokun sıradan
çıxmasına nail oldular. Həmin
gecə bizim işçiləri hər şeydən məhrum
etdilər və imkan vermədilər ki, hərəkət edək.
Beləliklə də, ölkədə baş verən hadisələrin
xalqa çatdırılmasının qarşısı
alındı. Partlayışdan sonra yanvarın
20-də keçmiş Ali Sovetin sədri Elmira Qafarovanın bəyanatı
oldu və həmin bəyanat 22 yanvarda radio vasitəsilə
ictimaiyyətə çatdırıldı. Həmin vaxtlarda bizim efirə
çıxmağımıza hər hansı bir informasiya verməyimizə
imkan verilmirdi.
“Səs” qəzetinin əməkdaşı:
- Firudin müəllim, 20 Yanvar faciəsini həm də o
vaxtkı hakimiyyətin - Əbdürrəhman Vəzirovun və
Ayaz Mütəllibovun Moskvaya sədaqəti kimi qəbul etmək
olarmı?
Firudin Cümşüdlü: “Ə.Vəzirov, istərsə
də, A.Mütəllibov Moskvaya sədaqətini nümayiş
etdirmək üçün SSRİ-nin silahlı hərbi
ordusunun Azərbaycan xalqını soyqırım etməsinə
imkan verdi”
- 20 Yanvar faciəsi başlamazdan əvvəl ölkədə
müəyyən gərginlik yaşanırdı. Həmin
dövrlərdə AXC hərəkatında olanların bir çoxu camaata
müraciət edərək, onlara bildirdilər ki, siz həmin
meydanlardan geri çəkilməyin, ayağa qalxın sizə
silah-sursat gətiriləcək. Ancaq hadisələr
baş verəndə bu adamların heç birinin nə
yaxınları, nə də özləri zərrə qədər
zərər çəkmədilər. Belə
bir vəziyyət Azərbaycana yeridilən silahlı qüvvələr
üçün əlverişli şərait yaratdı və
onlar əliyalın insanlara atəş açdılar. Həmin anda ölkənin
rəhbərliyinin hərəkət etməsi də
böyük irəliləyiş olardı. Ancaq sizin dediyiniz
kimi istər Ə.Vəzirov, istərsə də A.Mütəllibov
Moskvaya sədaqətini nümayiş etdirmək
üçün SSRİ-nin silahlı hərbi ordusunun Azərbaycan
xalqını soyqırımına məruz qoymasına imkan
verdi. Həmin vaxtlarda A.Mütəllibov
Bakıda Qorbaçova özünün sadiqliyini
nümayiş etdirməklə, onun əmrini gözlədi.
Lakin bütün bunlara baxmayaraq, əliyalın
xalq öz torpağı uğrunda heç bir silaha, təzyiqə
baxmayaraq ayağa qalxmağa qadir olduqlarını
nümayiş etdirdi. Bu gün 20 Yanvar faciəsindən
22 il vaxt ötsə də, müstəqilliyimiz uğrunda
öz canlarından keçən oğul və
qızlarımız hər zaman xalqının qəlbində əbədi
yaşayacaq və inanıram ki, onların haqsız
tökülən qanı yerdə qalmayacaq. Günahkarlar
cəzalandırılacaq.
Allah şəhidlərimizə rəhmət eləsin!
RƏFİQƏ KAMALQIZI,
RÖVŞƏN NURƏDDİNOĞLU
Səs.- 2012.- 20 yanvar.-S. 8-9.