Azərbaycançılıq ideyası və milli-mənəvi dəyərlərin qarşılıqlı münasibətləri

 

Azərbaycançılıq ideyası və milli-mənəvi   dəyərlər tarixi   inkişaf nəticəsində təşəkkül tapıb formalaşmış, milli və ümumbəşəri xüsusiyyətləri özündə əks etdirərək xalqın həyat tərzindən, insanların birgəyaşayışından doğan hər bir fərdin baxışlar sistemidir. Azərbaycan tədqiqatçısı M.Yusifov çox doğru olaraq milli-mənəvi dəyərlər sistemi və bu sistemi təşkil edən komponentlərin xalqın sosial-mədəni, dini və mənəvi həyatı və həyat tərzində yarandığını və onun azərbaycançılıq ideyası ilə qarşılıqlı əlaqədə olduğunu göstərmişdir: “Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər onun     sosial     həyatında, milli məişətində, mədəniyyətində, inam      əxlaqi   məziyyətlərində   etiketləşərək   ta   qədim dövrlərdən indiyə  kimi yaşaya-yaşaya gəlib      çıxmışdır. Azərbaycan cəmiyyətində    xalqın    özünəməxsus    olan və milli-mənəvi    keyfiyyətləri canlandıran dostluq və yoldaşlıq, mərdlik və ədalətlilik, böyüyə hörmət və kiçiyə qayğı,   ata-anaya   ehtiram,   qonaqpərvərlik      səxavətlilik,   namusluluq   və qeyrətlilik, vətən və el, doğma torpaq və yurd təəssübkeşliyi, birlik və vəhdət haqqında etiketlər yaranmışdır.”

Tədqiqatçı    Azərbaycan   xalqının    tarix   boyu   qazandığı    milli-mənəvi dəyərlərin   azərbaycançılıq   ideyalarının   yaranmasında   əvəzsiz   roluna   xüsusi əhəmiyyət verərək, bu dəyərlərin milliliklə ümumbəşəriliyin vəhdətindən ibarət olduğunu diqqətə çatdırır: “Azərbaycançılıq ideyalarının  ilkin bünövrəsini məhz milli məişətimizi, milli mədəniyyətimizi, bütövlükdə milli psixologiyamızı əks etdirən bu kimi mənəvi, əxlaqi, etik normalar səviyyəsində canlanan keyfiyyətlər təşkil edir. Azərbaycançılıq ideyasının formalaşmasında mühüm rol oynayan bu normalar özünün əxlaqi və etik keyfiyyətlərinə görə bəşər mədəniyyətinin tərkib hissəsini təşkil edir və milli-mənəvi dəyərlərdə ənənəvi, ictimai və əxlaqi üstünlük təşkil edir.

Azərbaycan cəmiyyətində formalaşan və yüksək mənəvi kamillik təcəssüm etdirən etik normalar öz humanist xarakterinə görə ümumbəşəri ideyalara inteqrasiya oluna bilər. Başqa sözlə, həmin normalar Azərbaycan cəmiyyətindən kənarda da tətbiq oluna biləcək əxlaqi-etik, humanist keyfiyyətlərdən ibarətdir”.

Müəllif milli-mənəvi dəyərlər sisteminə milli həyatımızı, məişətimizi, mədəniyyətimizi və milli psixologiyamızı əks etdirən mənəvi-əxlaqi, etik normaları və dəyərləri daxil edir. Bir sözlə, milli-mənəvi dəyərlərdə ənənəvi və ictimai əxlaq, üstünlük təşkil edir.

Azərbaycançılıq ideyası və Azərbaycan xalqının yaratdığı  milli-mənəvi  dəyərlər tarixən  dəyişmiş,  onun etnik varlığının, tarixi mövcudluğunun ilkin dövründə mənəvi həyatı inkişaf etdirən xalqın aparıcı nümayəndələri maddi və mənəvi dəyərlər yaratmışlar.  Bir sözlə, milli ideya  və xalqın yaratdığı milli-mənəvi dəyərləri inkişaf etdirərək, onu yaşadı.  Azərbaycançılıq ideyası və milli-mənəvi dəyərlər insan həyatına daxil olaraq fərdi mənsub olduğu xalqın ideallarına qovuşdurur. Milli ideya milli-mənəvi dəyərləri xalq, camiyyət  yaradır, şəxsiyyət isə onu mənimsəyərək formalaşır. Milli ideya və milli-mənəvi dəyərləri mənimsəyən insan onu özününküləşdirir. İnsan mənimsədiyi dəyərləri tərəddüd etmədən həqiqi dəyərlər kimi qəbul edir. Xalqın milli-mədəni həyatının daxili ruhunu özündə cəmləşdirən ruhi-mənəvi dəyərlər yaranır ki, xalqın həyat tərzi, dünyagörüşü, dünyanı dərketmə tərzi də bu əsasda formalaşır.

Azərbaycanlıların milli ideyası və milli-mənəvi dəyərlərindən söhbət gedərkən burada ümumtürk ruhunun və Şərq ənənələrinin və milliliyin üstün amil olmasını xüsusi qeyd etmək lazımdır. Bunu azərbaycanlıların formalaşmasında burada yaşayan digər qafqazdilli, irandilli etnik qruplarla qaynayıb-qarışan türkdilli, soybirləşmələrinin üstünlük təşkil etməsilə izah etmək olar. “Türkdilli”  soybirləşmələri azərbaycanlıların formalaşması prosesində çoxluq təşkil etdikləri kimi, onların mənəvi aləmində də üstün yer tutmuşlar. İnamlar silsiləsinin, mifik görüşlərin, həyati idrak formasının soy psixikasının, xalq yaradıcılığının başlıca türkdilli qəbilələrlə bağlılığı belə bir qənaətə gəlməyə  əsas verir.

Azərbaycanlıların milli-ideyası və milli-mənəvi dəyərlər sisteminin dil,  adət-ənənə,  mentalitet, köçəri və oturaq mədəniyyətin sintezi vəhdət təşkil etmişdir.  Bu sistemdə      türklərə xas ənənəvi      adət-ənəndə   xüsusi      yer      tuturdu. Azərbaycanlıların milli-ideyası və milli-mənəvi  dəyərlər   sisteminin   etnik, etatik, teoloji, mədəni əsasları diqqəti cəlb edir.

XIX əsrdə türk-islam və azərbaycançı milli-mənəvi dəyərlər Qərb dəyərlərilə qovuşdu. Rus mədəni mühiti vasitəsilə Azərbaycanın ictimai həyatına daxil olan maarifçilik dəyərləri dini xurafatın, məhdud həyat tərzinin, savadsızlığın hökm sürdüyü bir şəraitdə yeni, müasir dəyər xarakteri kəsb edərək, Azərbaycanın milli-mənəvi dəyərlərinə yeni ruh, yeni ab-hava gətirdi. Milli siyasi elita, ziyalılar milli vəhdətin yaranmasına gətirib çıxardı.

Bu dövrdə milli-mənəvi dəyərləri və azərbaycançılığı səciyyələndirən, ona təsir edən amillər mövcud idi. Milli dövlətçilik yox idi, despotik idarəçilik hökm sürür, özü ilə qorxaqlıq, yaltaqlıq, riyakarlıq, bədgümanlıq doğururdu. Həqiqət və Tanrı axtarışı, elmə, təhsilə yiyələnib ruhi azadlığa qovuşmaq meyili güclənmişdi.  Milli-mənəvi     dəyərlərə əxlaqi    milli  zənginlik çaları  verən islamı dini xurafatdan ayırmaq, dildə osmanlılaşma, ruslaşmaya qarşı azərbaycanlaşmanı ön plana keçirmək cəhdi və mübarizəsilə yanaşı, iqtisadi yeniləşmənin, inkişafın, sənayeləşmənin doğurduğu milli burjuaziyanın təşəkkülü də baş verirdi. Lakin yeni yaranan burjuaziya içərisində milli maraqlara xidmət edənlər milli-mənəvi dəyərləri zənginləşdirənlərlə yanaşı, milliliyə yad olan kosmopolitik maraqları ifadə edənlər də vardı: “İnkişaf edən burjuaziyanın müəyyən bir hissəsi çarizmin müstəmləkə siyasətinə qarşı milli zəmində yetişən intelligensiya, yeni düşüncə sahibi olan qüvvə yetişdirməyə can atır, özünüidarəetmədə geniş imkanlar qazanmağa cəhd edir və maariflənmə yolunda xeyli kapital sərf edirdilər. İslam dini əsil yolundan çıxmış, əhəmiyyətini itirmişdir. Müasir  həyata qarışmış din bir əşya kimi kənara atılırdı.”

Milli ideya və milli-mənəvi dəyərlər sistemində mühüm yer tutan dövlətçilik və idarəetmə təsisatlarının olmaması xalqı siyasi-mədəni, tarixi ənənədən məhrum edirdi. Bu dövrdə siyasi birliyin olmaması, milli şüurun zəifliyi və sünni-şiə ədavəti türk-müsəlman dünyasını və dəyərlərini parçalayırdı.

Sovet dövründə milli-mənəvi dəyərlər sistemində ciddi dəyişikliklər baş verdi. Bütün ideoloji tərbiyə, təbliğat sistemi yeni sovet mənəvi-əxlaqi dəyərlərinin yaranmasına yönəlmişdi. Köhnəliyə, milliliyə, keçmişə qarşı yönəlmiş yeni sovet əxlaqı, sovet adamı formalaşdırılır, mənəviyyat, dəyərlər, yeni sovet-kommunist şüuru ruhunda yaranırdı.

Yeni sovet dəyərləri tarixdən, ənənələrdən, keçmişdən tamamilə qopub-ayrılmış dəyərlər idi: “köhnə dünya bünövrəsinə kimi dağılmalı, sonra isə yerinə  “bizim yeni dünyamız” qurulmalı idi.”

Yeni sovet dəyərləri dini dəyərləri də inkar edirdi. Milli ideya və milli-mənəvi dəyərlərin dəyərlərin yaradıcıları olan bütün mütəfəkkirlər, alimlər, ziyalılar, şairlər, yazıçıların əsərləri təftiş edilir, yeni quruluşa uyğun cəhətlər, dəyərlər “yaşamaq hüququ qazanır”, qalanlar “köhnəliyin qalıqları” adı altında məhv edilirdi, yaddaşlardan silinirdi.

XIX əsrdəki və XX əsrin 20-ci illərindəki azərbaycançılıqdan fərqli olan, kosmopolit, beynəlmiləlçi və ruslaşdırmaya əsaslanan görüşlər formalaşdı. Hakim rejim “həm Azərbaycan yerli dar düşüncəni, həm də güclü şəkildə ruslaşdırmanı təşviq edirdi. Bu iki istiqamətdə aparılan əməliyyat keçmişlə əlaqələri kəsmək və Azərbaycanın sovet sisteminə inteqrasiya edilməsini sürətləndirmək məqsədi güdürdü”. Müstəqillik və keçid dövründə Azərbaycanın milli ideyası və milli-mənəvi dəyərlər sistemi müsbət və mənfi təsirlərə məruz qaldı. SSRİ dağıldıqdan sonra Azərbaycanın da daxil olduğu dövlətçilik, iqtisadi sistem, mədəni-mənəvi və ideoloji dəyərlər sistemi dağıldı. Sovet cəmiyyətindəki mənəvi-əxlaqi kolliziyaları bölüşən, onun vahid “etnik məkanının” ayrılmaz hissəsi olan Azərbaycan keçid dövründə sovet totalitarizmindən irəli gələn irsi, o cümlədən, mənəvi dəyərləri özündə saxladı.

Tədqiqatçılar keçid dövründə mənəvi dəyərlərin formalaşması prosesində keçmişə, tarixə, mədəni irsə münasibətdə ifratçılığa yol verməməyə çağırırlar. S.Xəlilov bunu düzgün anlayır və keçmişdə nə qədər müsbət mənəvi dəyərlər varsa qoruyub saxlamağı, əxz etməyi tövsiyə edir: “Özümüz də fərqinə varmadan bir qütbdən başqa bir qütbə yuvarlanırıq. Oktyabrın törətdiyi bədnam proletkultçuluq, burjua mədəniyyətinə nihilist münasibət indi də sosialist idealına, sosializmin maddi və mənəvi mədəniyyətinə nihilist münasibətlə, Qərb kultu ilə əvəz olunur.

Əqidə, mənəvi ideal özünəməxsus bir ətalətlə, ləngərlə - hər şeyi tənqidi təhlil süzgəcindən keçirməklə dəyişmək əvəzinə, birdən-birə sıçrayışla dəyişir və ona görə də bir ifratçılığın yerini başqa ifratçılıq tutur.”

Keçmişin mənəvi dəyərləri tənqidi təhlil süzgəcindən keçərək, tədrici inkişaf yolu ilə cəmiyyətin mənəvi sərvətinə çevrilə bilər.

Keçid dövründə Azərbaycançılıq ideyası ilə yanaşı, mənəvi dəyərlər sistemində ideyaların plüralizmi, şüurların differensiasiyası və yeni təfəkkürün köhnə təfəkkür üzərində qələbəsi təmin edildi.

S.Xəlilov Azərbaycanın eyni vaxtda dörd istiqamətdə keçid dövrünü yaşadığını göstərir: “Birincisi, böyük imperiyadan ayrıldıqdan sonra nisbi dövlətçilikdən tam müstəqil dövlətçiliyə keçid. İkincisi, bir ictimai-iqtisadi sistemdən yeni ictimai-iqtisadi sistemə, dövlət mülkiyyətindən xüsusi mülkiyyətə, sosialist iqtisadi münasibətlərindən bazar iqtisadiyyatına keçid. Üçüncüsü, milli və dini dəyərlərə (milli-mənəvi dəyərlərə-A.H.) qayıdış prosesi, kommunist ideologiyasından və kosmopolit mənəviyyatdan milli mənəviyyata, ateist dünyagörüşündən həqiqi vicdan azadlığına keçid. Dördüncüsü, bir siyasi rejimdən yeni siyasi rejimə, totalitar cəmiyyətdən demokratik cəmiyyətə, senzuradan və ideologiyadan çoxpartiyalılığa, plüralizmə keçid”.

Bir sözlə, azərbaycançılıq ideyası milli-mənəvi dəyərlərlə qovuşaraq, Azərbaycan xalqının siyasi, dövlətçilik şüurunda mədəni-mənəvi inkişafında əsas amilə çevrildi.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.-2012.- 24 yanvar.-S.14.