Azərbaycan Avropa Şurasında 11 il

 

Yanvarın 25-i Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinin 11 ili tamam olur. Xatırladaq ki, 24 yanvar 1992-ci il  - Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. Avropa Şurası Parlament Assambleyası 1996-cı ildə Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusu verib. 1996-cı ilin iyul ayında Prezident Heydər Əliyev Avropa Şurasının Baş katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib. 20 yanvar 1998-ci il  - Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və

 

Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” Sərəncam imzalanıb.

 

1997-ci ilin oktyabrında Azərbaycan Prezidenti Heydər Əliyev Strasburqda Avropa Şurasına üzv olan ölkələrin hökumət və dövlət başçılarının zirvə görüşündə iştirak etmiş, AŞ rəhbərləri ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparmış, Dağlıq Qarabağ münaqişəsində rəsmi Bakının mövqeyini bəyan edib.

Heydər Əliyevin bu tədbirdə iştirakı, söylədiyi nitqi və keçirdiyi görüşlərindən sonra Avropanın Azərbaycana marağı daha da artıb. 17 yanvar 2001-ci il - Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul edib. 25 yanvar 2001-ci ildə isə - Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısında Azərbaycanın bayrağı qaldırılıb.

Azərbaycan Respublikası Avropa Şurasına üzv olmaqla onun bir sıra konvensiyalarına, o cümlədən, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Konvensiyasına qoşulub. Konvensiya Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Avropa Şurasına üzv olma ərəfəsində - 25 yanvar 2001-ci ildə Strasburqda imzalanıb və 25 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilib.

 

Avropa Şurasının üzvləri suveren Avropa dövlətlərdir

 

Avropa Şurası hökumətlərarası beynəlxalq təşkilatdır. Onun üzvləri suveren Avropa dövlətlərdir. İnsan hüquqlarını, parlament demokratiyasını və hüququn aliliyi prinsipini  müdafiə etmək və möhkəmləndirmək, təşkilatın üzvü olan dövlətlərin sosialhüquqi sahədəki uğurlarına əsaslanan ümumavropa razılaşmaları bağlamaq, ümumi ideya və prinsiplərin müdafiəsi və həyata keçirilməsi naminə Avropa dövlətlərinin böyük birliyinə nail olmaq, onların iqtisadisosial tərəqqisinə kömək göstərmək təşkilatın başlıca məqsədidir. Avropa Şurası hazırda qitədə 43 dövləti birləşdirən ən yaşlı siyasi təşkilat hesab edilir.

Avropa Şurası 5 may 1949-cu ildə 10 Avropa dövlətinin: Belçika, Böyük Britaniya, Danimarka, İrlandiya, İsveç, İtaliya, Lüksemburq, Hollandiya, Norveç və Fransanın imzaladıqları “Avropa Şurasının Nizamnaməsi”nə əsasən təsis edilib. Avropa Şurası, milli müdafiə məsələləri istisna olmaqla, Avropa cəmiyyətinin bütün mühüm məsələlərini diqqətdə saxlayır.

 

Azərbaycan 11 ildirAvropa dövlətləri ailəsi”nin üzvdür

 

Avropa Şurasını obrazlı olaraqAvropa dövlətləri ailəsi” adlandırırlar. Azərbaycan Respublikasının 30 avqust 1991-ci il tarixli Dövlət Suverenliyinin Bərpası Haqqında Bəyannamə və Azərbaycan Respublikasının 18 oktyabr 1991-ci il tarixli Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı kimi tarixi sənədlərlə müstəqilliyini elan etmiş suveren Azərbaycan Respublikasını Avropa dövlətləri ailəsində görmək respublikamızın hər bir sadə vətəndaşının arzusu olub. Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilata üzv olmaq gənc Azərbaycan Respublikasının həyatında mühüm hadisə kimi yadda qalıb. Keçən müddət ərzində dövlətimiz qarşıya qoyulan məqsədə doğru addım-addım irəliləyib.

Əlbəttə, uzun müddət totalitar rejim şəraitində yaşayan cəmiyyətimizin Avropa Şurasına inteqrasiyası heçrahat olmayıb, ciddi hüquqisiyasi islahatların həyata keçirilməsi və ya buna cəhd edilməsi nəticəsində baş verib.

O dövrdə Azərbaycanın Avropa ailəsinə üzvlüyü məsələsində problemlər var idi. Gürcüstan üzv qəbul edilmişdi, Ermənistan isə üzv olmağa hazırlaşırdı, amma Azərbaycanın quruma qəbulu səbəbsiz yerə gecikdirilirdi. Bu baxımdan Azərbaycanın Avropa Şurasına üzvlüyü regiondakı uyuşmazlığı aradan qaldırıb.

Respublikanın Avropa Şurasına üzv olma prosesində daha çox 2000-ci il xüsusilə ilə yadda qalıb. İlin əvvəlində Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin Azərbaycan üzrə məruzəçisi Jak Bomelin hazırladığı Azərbaycanın Avropa Şurasına üzv olmaqdan  ötrü Tövsiyələr Paketi respublika ictimaiyyətinə təqdim edilib. Tövsiyələr Paketini, onu yerinə yetirmək şərti ilə, dövlət başçısı, Baş nazir, Milli Məclisin Sədri, aparıcı müxalifət partiyalarının liderləri imzalayıblar. İlkin variantda on yeddi bənddən ibarət olan həmin sənəddə Azərbaycan Respublikasının yaxın gələcəkdə Avropa standartlarına uyğunlaşdırılması məqsədilə yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən, Dağlıq Qarabağ problemi ilə bağlı Avropa Şurasının mövqeyi açıqlanıb.

Ölkəmiz  Avropa ailəsinə daxil olmaqla dolayısı ilə  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün tribuna əldə edib. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinə Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin beynəlxalq imici möhkəmləndi, Ermənistanın təcavüzkar siyasəti ifşa olundu. İlham Əliyevin işgüzarlığı, prinsipiallığı və təşəbbüskarlığı nəticəsində Avropada ilk dəfə məhz bu qurum Ermənistanı işğalçı dövlət kimi tanıyan qərar qəbul etdi. 2003-cü il yanvarın 27-də İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının Sədr müavinibüro üzvü seçilməsi isə Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan biri oldu. Məhz  Prezident İlham Əliyevin nümayəndə heyətinə rəhbərlik etdiyi qısa bir müddətdə AŞPA-da Azərbaycan həqiqətlərini özündə ehtiva edən 30-dək sənəd hazırlanmış və təşkilatın rəsmi sənədləri kimi yayıldı.

 

Avropa Şurasında əsas qələbə

 

Ötən 11 il ərzində Azərbaycan hökuməti Avropa Şurası tərəfindən irəli sürülən tələblərə əməl edibmibu illər ərzində nələr dəyişib? Avropa Şurasına daxil olan Azərbaycanda bu qurumun irəli sürdüyü öhdəliklər yerinə yetirilibmi?

Keçən müddət ərzində insan haqları ilə bağlı məsələlərdə ciddi irəliləyişlərə nail olunub. Seçki sisteminin təkmilləşdirilməsi, xüsusilə, onun qanunvericilik bazasının Avropa standartları səviyyəsinə qaldırılması, eyni zamanda, seçki sahəsində də ciddi irəliləyişlər əldə olunub. Demokratik dəyərlərin cəmiyyətdə yerləşdirilməsi məsələsi də qənaətbəxş hesab oluna bilər. Siyasi partiyaların fəaliyyətinə, söz azadlığına meydan verilib.

Azərbaycanın Avropa Şurasındakı əsas qələbəsi Dağlıq Qarabağ problemi ilə bağlı olub. Qarşılıqlı əməkdaşlığın uğurlu nəticəsi olaraq Assambleyanın Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi və 1 milyona yaxın insanın qaçqına və məcburi köçkünə çevrilməsinə Avropa Şurasının həssas, obyektiv münasibət göstərməsi, bu haqda ayrıca qətnamə (1416) qəbul etməsidir. 1416 saylı bu sənəd Azərbaycanın ən ağrılı məsələsini - Dağlıq Qarabağ problemini bütün real, həqiqi xüsusiyyətləri və nüansları ilə dünyaya çatdırıb. Qurum tərəfindən hazırlanan və qəbul edilən qətnamə Azərbaycanın işğal edilmiş torpaqları və qaçqınlar barədə həqiqətlərdən bəhs edir.

Avropa Şurasına üzvlük demokratiyainsan haqları sahəsində inkişafın düzgün təməlini qoyub. Azərbaycanın demokratiya ilə bağlı fəlsəfəsi odur ki, iqtisadi cəhətdən güclü olmayan ölkədə demokratiya ola bilməz, öncə ölkənin və vətəndaşların iqtisadi durumu güclənməlidir. Bu baxımdan Azərbaycanın demokratik inkişaf bünövrəsi düzgündür. İnsan haqları sahəsində müəyyən problemlər olsa da, bütövlükdə, götürdükdə Avropa Şurasına üzvlük Azərbaycanın bu sahədə də düzgün inkişaf xəttini müəyyən edib. Çünki insan haqları, azadlıqlar elə məsələlərdir ki, onlarla bağlı hər zaman mübahisəli nəyisə tapmaq olur.

Azərbaycan bu müddət ərzində təşkilatın bir sıra konvensiyalarına, o cümlədən, Avropa Mədəniyyət Konvensiyasına, Arxeoloji İrsin Mühafizəsi Haqqında Avropa Konvensiyasına, Birgə Kino İstehsalı Haqqında Avropa Konvensiyasına, Avropanın Canlı Təbiətin və Təbii sərvətlərin Mühafizəsi haqqında Konvensiyayas. qoşulub. Bu dövrdə Azərbaycan parlamenti tərəfindən insan hüquqlarına və əhalinin geniş kütlələrinin mənafelərinə mühüm təsir göstərə biləcək bütün qanunvericilik aktlarının layihələri Avropa Şurasının hüquqi ekspertizasından keçirilmək üçün göndəriliroradan alınan səmərəli təkliflər qanunların qəbulu zamanı istifadə edilməyə başlanılır. Məsələnin belə qoyuluşu Azərbaycan Respublikasının qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması prosesini sürətləndirib.

 

Azərbaycan həm Avropa Şurasına yeni fəlsəfə, yeni dəyər gətirir, həm də özü bundan bəhrələnir

 

Ümumiyyətlə, yeni müstəqil dövlətlərin və o cümlədən, Azərbaycanın Avropa Şurasının tərkibinə daxil olması nəticəsində son on ildən artıq bir müddətdə həm bu təşkilatda, həm də və yeni üzv dövlətlərdə ciddi dəyişikliklər baş verib. 2012-ci il yanvarın 25-də qurumda üzvlüyünün 11 ili tamam olacaq Azərbaycanın nümunəsi bu əməkdaşlığın nəticələri və gələcək imkanları barədə əyani təsəvvür yaradır. 70 il qapalı rejim içərisində yaşamağa məcbur olmuş Azərbaycan Avropa Şurasına həqiqi üzv kimi qəbul edildikdən sonra bu təşkilatın bilavasitə təsiri və zəngin təcrübəsinin tətbiqi ilə ölkədə demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, azad mətbuat məkanının formalaşdırılması, insan hüquq və azadlıqlarının daha geniş ölçüdə təmin edilməsi istiqamətində sürətli inkişafa nail olub. Azərbaycanın dövlət başçısının Avropa Şurasını dəyərlərinə sadiqliyi əməkdaşlığın səmərəliliyi və intensivliyini şərtləndirən başlıca amillərdəndir.

Azərbaycan iqtisadi cəhətdən güclü, təhsilli, mədəniyyətini ən yüksək səviyyədə inkişaf etdirir. Ona görə də bu gün Avropa Şurasında Azərbaycanla hesablaşırlar, Azərbaycandan dəstək istəyirlər. Bu, Azərbaycan rəhbərliyinin apardığı məntiqli siyasətin nəticəsidir. Görülmüş işlər ona gətirib çıxarıb ki, bu gün Avropa Şurasında Azərbaycanın nümayəndəsinin hər bir hərəkəti, hər bir sözü xüsusi səviyyəyə, xüsusi diqqətə malikdir. Azərbaycanın Avropa Şurasındakı mövcudluğu həm Azərbaycan üçün həddindən artıq vacibdir, həm də Avropa Şurasını zənginləşdirir. Azərbaycan həm Avropa Şurasına yeni fəlsəfə, yeni dəyər gətirir, həm də özü bundan bəhrələnir.

 

 

CABİR

 

Səs.- 2012.- 25 yanvar.- S. 7.