Azərbaycan diasporunun formalaşmasında Ulu Öndər Heydər Əliyevin və azərbaycançılıq ideyasının rolu

 

XX əsrdə Azərbaycan dövlətçiliyinin inkişaf fəlsəfəsini üç determinal - milli ideyanın formalaşması, tarixdə şəxsiyyətin rolunun artması və millətin məqsədyönlü fəaliyyətinin dəstəklənməsi müəyyən edir. Azərbaycan ideyası ətrafında sıx birləşən Azərbaycan xalqı iki dəfə - XX əsrin əvvəlində və sonlarında dövlət müstəqilliyini əldə etdi. Azərbaycan xalqının Ümummilli Lideri, dünya siyasətində özünəməxsus yeri olan Ulu Öndər Heydər Əliyev müdrik, uzaqgörən siyasəti ilə bu müstəqilliyimizi, azadlığımızı müdafiə etdi, davamlı və məqsədyönlü siyasəti ilə onları daha da möhkəmləndirdi, dönməz etdi. Dahi şəxsiyyət dünya azərbaycanlılarını monolit, vahid bir millət kimi məqsədyönlü fəaliyyətə yönəltdi.

Heydər Əliyev bütün fəaliyyəti boyu xalqımızın dünyaya səpələnmiş nümayəndələrinin, soydaşlarımızın həyatı, məişəti, mübarizəsi, düşüncələri, fəaliyyəti ilə maraqlanmış, xaricdə yaşayan həmvətənlərimizin mütəşəkkil diaspor halında birləşməsini arzulamışdır. Ulu Öndər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, onun taleyüklü problemlərinin həllində xaricdə yaşayan soydaşlarımızın qüvvəsindən səmərəli istifadəni çox mühüm amil, aktual bir vəzifə kimi irəli sürmüş, özü bu sahədə konkret işlər görmüşdür.

Hər il xalqımızın bütün dünya miqyasında dünya azərbaycanlılarının beynəlxalq həmrəylik gününü qeyd etməsi məhz Heydər Əliyevin adı, fəaliyyəti ilə bağlıdır. Belə ki, O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu zaman 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü olması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarını imzalamışdır. Həmin qərar, bilavasitə, onun təşəbbüsü ilə hazırlanmışdır. Xalqımızın keçdiyi tarixi yol, çar Rusiyası, sovet rejimi dövründə qarşılaşdığı faciələri, məruz qaldığı təqiblər, sarsıtılar ümumiləşdirilmiş şəkildə burada öz əksini tapmışdır. Bu qərar xaricdə yaşayan soydaşlarımızla müntəzəm əlaqə yaratmaq sahəsində qəbul edilmiş ilk dövlət sənədidir ki, xalqımız bu addımı atdığına görə böyük Öndərə - Ümummilli siyasi Liderimizə dünya durduqca öz dərin minnətdarlığını bildirəcəkdir.

Heydər Əliyevin xarici siyasətinin tərkib hissəsi kimi diaspora üstünlük verməsi sayəsində soydaşlarımızın doğma Vətənlə əlaqələri getdikcə möhkəmlənməyə başladı. Tezliklə Azərbaycan Ali Soveti də dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.

1993-cü ildən, yəni diasporumuzla Azərbaycan dövlət rəhbərliyi daha yaxından iş apardıqdan, onun qayğıları ilə məşğul olduqdan sonra diasporun təşkilatlanması güclənməyə başlanmışdır. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra diasporun təşkilatlanması mühüm bir problem kimi qarşıya qoyuldu. Həmin vaxta qədər başlı-başına buraxılmış və dövlət səviyyəsində iş aparılmayan diasporumuzun fəaliyyəti diqqət mərkəzində saxlandı, məqsədyönlü bir məcraya salındı, diasporun qayğılarına dövlət səviyyəsində yanaşıldı.

Heydər Əliyev dövlət quruculuğunda diasporun qüvvəsindən səmərəli istifadə etməyi mühüm bir vəzifə kimi, hər bir dövlət təşkilatının, səfirliklərin qarşısında qoyur, onların  bu istiqamətdə fəaliyyət  göstərməsinə böyük diqqət yetirirdi.

Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı həmişə soydaşlarımızla görüşür, onlarla fikir mübadiləsi aparır, öz münasibətini, mövqeyini açıqlayırdı: “Mən azərbaycanlılara harada yaşamasından asılı olmayaraq, Azərbaycan Prezidenti kimi, onlara daim qayğı göstərməyə çalışacağam” .

 Vaqif Arzumanlı Heydər Əliyevin diasporun formalaaşmasına, təşkilatlanmasına yanaşma metodlarını aşağıdakı kimi səciyyələndirir: “O, xarici ölkələrdə rəsmi səfərlərdə olduğu vaxt dövlət başçıları, rəsmi dairələr, eləcə də, soydaşlarımızla görüşdüyü zaman ölkəmiz haqqında geniş məlumat verir, erməni təcavüzkarlarının əsil simasını ifşa edir, böyük siyasi uzaqgörənliklə və məqsədyönlü fəaliyyəti ilə informasiya blokadasını yarıb müstəqil respublikamızın mövcud vəziyyəti barədə dolğunobyektiv təsəvvür yaradır.”

Həqiqətən, 1993-cü ilin ikinci yarısından başlayaraq bütün xalqımızın, müstəqil dövlətimizin həyatında olduğu kimi, Azərbaycan diasporunun da həyatında çox böyük dönüş yarandı. Xaricdə yaşayan həmvətənlərimizin Vətənlə əlaqələri daha da artdı, xüsusilə, onların təşkilatlanması prosesi sürətləndi.

Diasporun təşkilatlanma işinə Heydər Əliyev xüsusi əhəmiyyət verirdi. O, başqa xalqların dünyanın müxtəlif ölkələrində yaratdıqları diasporun fəaliyyəlini diqqətlə izləyərək, öyrənərək bu nəticəyə gəlmişdir ki, diasporun inkişafında, ilk növbədə, təşkilatlanma işinə çox ciddi diqqət yetirilməlidir. Xalqımızın Ümummilli Lideri həmin görüşündə bu mühüm vazifə ilə bağlı soydaşlarımıza demişdir: “İndi azərbaycanlılar dünyanın hər yerinə səpələniblər. Elə bir ölkə tapmazsan ki, orada azərbaycanlı olmasın: birində çoxdur, birində azdır. Ancaq təəssüflər olsun ki, ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar təşkilatlarla, bir-biri ilə yaxşı ünsiyyət qura bilmirlər”.

Əli Həbiboğlu Ulu Öndərin xarici siyasət sahəsində məqsədyönlü fəaliyyəti sayəsində dövlətçiliyimizin möhkəmləndirilməsi işində diaspor nümayəndələrinin fəal iştirakı üçün geniş imkanlar açıldığını xüsusi qeyd edib; “Belə ki, onun Azərbaycan diaspor nümayəndələrilə görüşlərində diasporun fəaliyyətinin stratejitaktiki proqramları irəli sürülmüşdür. Bu proqramlarda diasporun geniş fəaliyyət diapazonu öz əksini tapmışdır”.

Tədqiqatçı Heydər Əliyevin Azərbaycan diasporunun inkişaf etdirilməsi sahəsindəki fəaliyyətində buya digər məsələyə, problemin hamısına eyni dərəcədə əhəmiyyət verdiyini göstərir: “Dövlət başçısının qaldırdığı bütün problemlər öz miqyasına, həllinə görə qlobal əhəmiyyət kəsb edir və onların hər biri milli diasporun inkişafında mühüm, həm də həlledici rol oynayır.

Azərbaycan diasporunun fəaliyyətini diqqətlə izləmiş və onların qarşısında proqram vəzifələr qoymuş Ulu Öndər Heydər Əliyev çox ürək ağrısı ilə də olsa bu məsələyə toxunmuşdur. O demişdir: “Erməni lobbisinə Ermənistandan heç kim rəhbərlik etmir. Onlar öz vətənlərinə, millətlərinə, torpaqlarına o qədər bağlıdırlar ki, orada da öz imkanlarından istifadə edirlər”.

Belçikada yaşayan soydaşlanmızla görüşdə (17 aprel 1995-ci il) səslənən bu fikir Heydər Əliyevin sonrakı görüşlərində də öz aktuallığını itirməmişdir. O, hər bir görüşdə ermənilərin xarici ölkələrdəki fəaliyyətini, yaratdıqları diasporun gördükləri işləri müqayisəli şəkildə soydaşlarımızın nəzərinə çatdırırdı. Məsələn, 20 oktyabr 1995-ci ildə o, ABŞ-ın Çikaqo şəhərində soydaşlarımızla görüşündə bu haqda demişdir: “Amerikada 700 min erməni yaşayır. Amerika Birləşmiş Ştatlarının 300 milyon əhalisi vardır. Fikir verin, 300 milyon əhalisi olan bir ölkədə 700 min erməni Amerika Birləşmiş Ştatlarının siyasətinə təsir edə bilir... Amerikada yaşayan azərbaycanlılar Azərbaycan haqqında düşünürlərmi, ya yox? Amerikada yaşayan azərbaycanlıların 99 faizi Dağlıq Qarabağın harada yerləşməsi barədə qətiyyən heçbilmir... Ancaq harada erməni varsa, o, Dağlıq Qarabağ haqqında düşünür... Mən onu demək istəyirəm ki, görün ermənilər burada Ermənistan üçün necə vuruşurlar. Amma gəlin görək, buradakı azərbaycanlılar Azərbaycan üçün vuruşurlarmı, onlar bir yerə yığışırlarmı, səylərini qoyurlarmı?”

Görkəmli dövlət xadimi 1997-ci ildə Almatıda yaşayan soydaşlarımız qarşısında çıxışında da bu məsələyə toxunaraq qeyd etmişdir: “Bizimlə qonşu olan və bizə düşmənçilik edən ermənilər bir-birilə çox sıx əlaqədədirlər. Harada erməni varsa, bir-birini müdafiə edir. Ermənilər hər bir yerdə yaşadıqları ölkənin işlərinə təsir edirlər. Fransada 400 min erməni var. Ölkənin əhalisi 55 milyondur. Təsəvvür edin, oradakı 400 min erməni Fransanın siyasətinə təsir edir. Onların Amerikada da, Moskvanın özündə də çox böyük təsvirlər  vardır.”

Xalqımızın   Ulu Öndərin bu tövsiyələrini bütün dünya azərbaycanlıları diqqət mərkəzində saxlamalı, Azərbaycan diasporu fəaliyyətində bu tövsiyələrdən lazımi nəticə çıxarmalıdır. Xaricdə yaşayan hər bir azərbaycanlı bütün sahələrdə fəallıq göstərməlidir. Azərbaycanın  təkcə dövlətçiliyinin möhkəmlənməsi mənafeyi naminə çalışmaqla kifayətlənməməli, eyni zamanda, respublikamızın tarixinə, mədəniyyətinə, bütün mənəvi dəyərlərimizə uzanan qara əlləri vaxtında kəsib atmaq, bədnam niyyətləri əsaslı şəkildə ifşa etmək lazımdır. Bir sözlə, harada Azərbaycanın nüfuz dairəsinə xələl gəlirsə, həmin məsələyə dərhal diqqət yetirilməli, həmin istiqamətdə elə fəaliyyət göstərməlidir ki,  Azərbaycan dövlətçiliyi və xalqımız  dünya ictimaiyyətinin nəzərində öz yüksək nüfuzunu daim saxlamış olsun. Bu gün diasporumuzun gələcəyinə çox böyük ümidlə baxırıq. Azərbaycanın bu qısa müddət ərzində diasporun inkişafı istiqamətində gördüyü işləri layiqincə qiymətləndirmək, təqdir etmək lazımdır. Dünyanın bəlkə də heç bir dövləti bu qədər qaçqını, işsizi, sosial-iqtisadi problemlərinin çoxluğu, müharibə, eləcə də, dövlət quruculuğu sahəsində həyata keçirdiyi demokratik tədbirlərə şəraitində, diasporun inkişafına bu qədər diqqət yetirməzdi. Ulu Öndər Heydər Əliyev məhz bu  amilləri   nəzərə   alaraq   gələcəyə   böyük   ümidlə   baxdığını   bildirmişdir.

“Ölkəmiz, dövlətimiz möhkəmləndikcə, gücləndikcə, inkişaf etdikcə, imkanlarımız artdıqca biz Azərbaycandan  kənarda  yaşayan  soydaşlarımızla əlaqələri daha da genişləndirəcəyik və bu qayğını da, yardımı da artıracağıq”.

Geniş   ümummilli   hərəkata  çevrilmiş  diaspor  quruculuğu azərbaycançılıq məfkurəsində öz ideoloji əsaslarını tapmışdır. Ən əsası isə odur ki, “diaspor” anlayışı yalnız dövlət siyasətinin deyil, milli ideologiyanın, icitimai şüurun aparıcı istiqamətlərindən birinə çevrilmişdir.

R.Mehdiyev haqlı olaraq qeyd edir ki, “Azərbaycançılıq” termini ölkənin siyasi  həyatında   yaxın   illərdən   başlayaraq   istifadə   olunur. Lap əvvəldən azərbaycançılıq Ulu Öndər Heydər Əliyev tərəfindən ölkədə yaşayan bütün etnik qrupları və xalqları ümumdövlət mənafeləri əsasında real surətdə birləşdirmək ideyası, xüsusilə, 1992-1993-cü illərdə geniş yayılmağa başlayan şovinist-millətçilik və separatçılıq əhval-ruhiyyələri ilə mübarizəyə yönəldilmiş ideya kimi irəli sürülmüşdü. Sonralar bu ideya ölkədə geniş dəstəkləndi, yeni elementlər və strukturlar  dolğunlaşaraq, ideologiya xüsusiyyətləri kəsb etdi, “Azərbaycançılıq” ideyasının bir neçə müstəqil cəhəti var: əsasən antropologiya (etnologiya), etnoqrafiya, sosial psixologiya, linqvistika çərçivəsində nəzərdən keçirilən etnomədəni cəhət; sosiologiya, politologiya, cəmiyyətin sosial quruluşu haqqında digər elmlərin köməyi ilə açılan sosial-siyasi cəhət; beynəlxalq hüquq sahəsində kompleks elmi fənlər vasitəsilə işlənib hazırlanan geosiyasi cəhət və s. Başlıcası odur ki, nəzərdən keçirilən problemin təkcə bir cəhəti çərçivəsində qapanıb qalmaq olmaz, çünki bu zaman biz “azərbaycançılıq” ideyasını, tarixən sabit və özünəməxsus hadisə kimi, ölkədə yaşayan bütün əhali qruplarının həmrəyliyini, onların qarşılıqlı əlaqəsini, sadəcə, əhatə edə bilmərik.”

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

 Səs.- 2012.- 25 yanvar.- S. 5.