Azərbaycançılıq
və türkçülüyün
qarşılıqlı münasibətləri
Bu dövrdə
azərbaycançılıq ideologiyasının əsasında
vətən əxlaqı, vətənçilik duyğusu durur. Azərbaycan
xalqının vətən əxlaqı, vahid
dövlətçilik şüuru uğrunda, vətənin işğalı və
şəxsiyyət azadlığı uğrunda
mübarizəsində ümummilli ideya və ideologiyalar həlledici
rol oynayırdı.
Azərbaycanın Cənuba və Şimala, xanlıqlara parçalanması, vahid milli şüurun
və milli ideologiyanın təşəkkülünə
əngəl oldu. Azərbaycançılıq
ideologiyası bu dövrdə Şərq
və Qərb dəyərlərinin sintez
şəklində təzahür etdi. Ənənəvi
Şərq ideologiyalarından gələn nur,
ürfan, kamal zəka, bəşərilik və
maarifçiliyin üzvi vəhdətindən ibarət
olan
Azərbaycan ideologiyası türkçülük,
islamçılıq, avropaçılıq və azərbaycançılıqla
qovuşdu. Bu dövrün ideologiyasında cəmiyyət, insan, mənəviyyat, milli-mənəvi dəyərlər
ön plana çəkildi.
XIX əsrin sonları, XX əsrin əvvəllərində
fəaliyyət göstərən ideoloqların yaradıcılıqları sayəsində milli ideologiya formalaşdı. XIX əsrdə iki böyük türkçü
M.F.Axundzadə və İsmayıl
bəy Qaspiralı öz “Tərcüman”ı
ilə türkçülüyü təbliğ
edir, XX əsrin əvvəllərində isə Ə.Hüseynzadə, Ə.Ağaoğlu və Ə.Topçubaşov
uzun illər boyu hakim olan sünnilik
və şiəlik anlaşılmazlıqlarını ortadan qaldıraraq, türkçülük
və islamçılıq fikirləri ətrafında bütün azərbaycanlıları toplamağa çalışdılar.
Onların hər birinin
yaradıcılığında milli
azadlıq uğrunda imperiyaya
qarşı mübarizə aparıcı yer
tuturdu. Əlbəttə, dünyada
bənzəri olmayan imperiya
senzurasını aşıb, birbaşa
milli-azadlıq ideyasını təbliğ etmək qeyri-mümkün idi. Ona görə də, qeyd etdiyimiz ziyalıların əksəriyyətinin
əsərlərində azərbaycançılıq
ideyaları önə çəkilirdi. Ə.Ağaoğlu
xalqı islam ideyaları ətrafında cəmləşdırməkdən tutmuş milli olmağa qədər
bütün
üsulları məqbul
sayırdı. Ə.Hüseynzadə türk
dünyası ideyasında azərbaycanlıların köklərini
araşdırırdı.
Ə.Hüseynzadənin nəşr
etdirdiyi “Fyuzat”ın təbliğ etdiyi ideyalar arasında türkçülük və azərbaycançılıq
əsas yer tutdu ki, bu axtarış meyilləri
də sonrakı illərdə daha geniş və çoxplanlı şəkildə
inkişaf etdirilmişdir.
XX əsrin əvvəllərində
milli ideyanın milli ideologiyaya çevrilməsində mühüm rol oynayan türkçülük
və islamçılıq, müasirliklə yanaşı, azərbaycançılıq
ideyasını da irəli sürən iki böyük şəxsiyyət
C.Məmmədquluzadə və M.Ə.Rəsulzadə idi.
C.Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında və öz əsərlərində azərbaycançılığı
vəcdlə təbliğ edirdi. Kökü uzun əsrlərdən
gələn azərbaycançılıq ideyalarının XX
əsrin əvvəllərində yeni təkanla
üzə çıxması “Molla Nəsrəddin”in
fəaliyyəti ilə bağlıdır.
Türkçülük
hazırkı elmi-nəzəri ədəbiyyatda bir neçə cür təsvir
olunur: 1) Türkçülük
maarifçilik hərəkatı kimi meydana gəlmiş və
kultural məna kəsb etmişdi:
yəni türk xalqlarının və
qövmlərinin dil və mədəniyyətlərini
inkişaf etdirmək, onlar arasında elmi və
mədəniyyəti yaymaq; 2) türkçülük-etnik milli
hərəkat kimi, yəni: türk milli kimliyinin dərk olunması, türklərin bir millət və irq olaraq özünütəsdiqi; 3)
türkçülük sosial-siyasi
bir hərəkat kimi,
yəni: türklərin milli azadlıq hərəkatı
nəticəsində müstəqil siyasi bir varlıq olduğunu sübut etmək, “Turan”
adlı məmləkətdə birləşərək,
Avropanın və Rusiyanın, ermənilərin və
farsların təcavüzünə qarşı güclü bir siyasi qüvvə kimi davam gətirmək. Bu sonuncunun
tarixi nisbətən gəncdir və türkçülük burada
özünü artıq ideologiya
kimi göstərir. Çünki
onun ilk prinsipləri
artıq “üç tərzi siyasət”
şüarında (dildə birlik, fikirdə
birlik, əməldə birlik)
kifayət qədər aydın şəkildə özünü göstərir. Buna əsaslanaraq “Türkləşmək, islamlaşmaq və yeniləşmək”
konsepsiyası ortaya atılır. Bunlar türkizm
ideologiyasının təməl prinsiplərinə çevrilir.
Türkçülük harada yaranmışdır? Bu
barədə də alimlər arasında yekdil
bir fikir yoxdur. Meydanda olan mülahizələrə qısaca da olsa, nəzər salaq: 1). Türkçülüyün
ilk elmi-nəzəri qaynaqları Avropada
yaranmışdır. 2). Türkçülük
Rusiyada yaranmışdır. Türklərin
ən çox istismara
və təzyiqlərə məruz qaldığı ölkə
məhz Rusiya imperiyası idi.
Ona
görə də, türkçülük
ideya-siyasi bir cərəyan
kimi məhz Rusiyada əzilən
kütlənin ideologiyası kimi meydana gəlməli idi. İkinci bir tərəfdən
tatarların və azərbaycanlıların milli
burjuaziyaları formalaşmışdı, onlar
öz sənətlərinin həqiqi
sahibləri olmaq əzmində idilər.
Türkçülər elə zənn edirdilər ki, Rusiya imperiyası
çökərsə, Türkiyənin Turana
çevrilməsi yolunda başlıca maneə
aradan qalxacaq. Türklərin
bir qismi hətta belə
bir şüar da ortaya
atmışdılar: Rusiya viran
olacaq, Türkiyə Turan
olacaq!
Türklərin
bu niyyəti bolşevikləri də ciddi narahat etmiş
və ona görə də, onlar türkçülüyə mürtəcelik
damğasını yapışdırmışdılar. Çar xəfiyyələri tərəfindən
daim izlənilən türk
ziyalıları öz milli-müstəqillik
hərəkatlarını da daim gizli saxlamağa
çalışmış, onu Rusiya müsəlmanlarının milli-mədəni
muxtariyyət hərəkatı kimi qələmə
verməyə məcbur olunmuşlar.
İsmayıl bəy Qaspıralı “Tərcüman” (1881), Yusif Axçura oğlu “Türk” (1904), Əlibəy
Hüseynzadə “Fyuzat” (1906) cəridələrilə,
ƏAğaoğlu özünün
“Difai” təşkilatı ilə xalqın
milli şüurunu oyatmağa, onlarda siyasi-ideoloji dünyagörüşünün
yaranıb formalaşmasına çalışırdılar.
Rusiyanın türkləri öz
mübarizələrində daha
ardıcıl, daha qətiyyətli idilər,
onlar hətta çara
qarşı müəyyən tələblər də irəli
sürürdülər. M.F.Axundov, H.B.Zərdabi, Ü.Hacıbəyov, Y.V.Çəmənzəminli,
C.Məmmədquluzadə kimi yeni fikirli ziyalılar və
bütövlükdə, “Əkinçi”çilər və “Molla Nəsrəddin”çilər türkçülüyü və maarifçiliyi yeni mərhələyə
çatdırdılar. Onların dil
və mədəniyyət sahəsində həyata
keçirdikləri tədbirləri siyasi türkçülük üçün
də yaşıl işıq yandırdı və M.Ə.Rəsulzadə,
Ə.B.Topçubaşov, F.Nemanzadə, F.X.Xoyski kimi millət fədailərini
yetirdi. Onların gərgin əməyi sayəsində
XX əsrin əvvəllərində İslam-Türk
dünyasında parlament tipli
ilk respublika
yarandı. Milli mətbuatın əsası
qoyuldu. Milli dildə ilk dəfə olaraq, universitet yaradıldı. Azərbaycan xalqı
türk xalqları arasında elm və mədəniyyətin, siyasi-milli şüurun ilk daşıyıcılarından birinə çevrildi.
Onu
da deyək ki, bu milli hərəkat sovet dövründə də cəsarətlə
irəlilədi, amma 30-cu illərdə
bolşeviklərin və xüsusən, Stalin-Beriya
güruhunun həyata keçirdiyi
qanlı terror aktları nəticəsində
zəifləməyə başladı. Onu
da unutmaq olmaz ki, türklərin bütün milli hərəkatları və ideyaları həmişə
ermənilərin ardıcıl həmlələrinə məruz
qalmışdır.
3). Nəhayət, türkçülük Türkiyədə
yaranmışdır. Türkçülüyün
görkəmli ideoloqlarının biri Ziya Göyalp yazır: “Turan” və ya “turlar”, “türklər” - bu
bütün türkləri birləşdirən
ümumi bir addır.
“Turan” sözündən özündə
bütün türk
tayfalarını birləşdirən Böyük
Türküstana münasibətdə istifadə
etmək olar... Turan - bu, bütün türklərin
ümumi adıdır. Bununla
birlikdə o yazır ki,
“panturanizm” - utopiyadır. “Turan”
- bu, keçmişdə və ola bilsin ki,
gələcəkdə də bütün
türklərin böyük vətənidir.
Turanlılar - bu, yalnız türk
dilində danışan xalqlardır. Bəs türkçülük
nədir? Ziya Göyalp
ona aşağıdakı anlaşmanı
verir: “Türkçülük
- türk xalqlarının yüksəlişini
bildirən bir məfhumdur.
Bunun dərk edilməsində
o, 3 elemeti ayırır:
1. Türkçülük;
2. Oğuzçuluq və
ya Türkmənçilik;
3. Turançılıq. Turançılığa o, türkçülüyün
uzaq, keçmiş idealı kimi baxır.
Azərbaycançılığı mədəniyyət və mənəviyyatla bağlayan ziyalılardan biri də Y.V.Çəmənzəminlidir. Azərbaycan dövlətçiliyinin mövcudluğu
üçün üç
amilin - torpaq, millət və hakimiyyətin zəruriliyini
göstərən Y.V.Çəmənzəminli
“Azərbaycan”, “azərbaycançılıq”,
“türkçülük” və
milli-mənəvi dəyərlərin
qarşılıqlı əlaqəsi
məsələsini önə
çəkmişdir. Onun fikrincə,
bunlar milli istiqlalı qüvvətləndirən
cəhətlərdir. O, azərbaycançılığı vətəndaşlıq mövqeyi,
vətənpərvərlik duyğuları ilə qovuşdururdu.
Azərbaycançılıq, türkçülük
milli ləyaqət və dövlətçiliklə
sıx bağlıdır. Milli ləyaqəti
millətin ləyaqətli
həyatı, onun hər bir nümayəndəsinin
şüurunda və psixologiyasında öz millətinin keçmişi,
bu günü və gələcəyi barədə hərtərəfli
və dərindən mənimsədiyi, dərk etdiyi, duyub yaşadığı,
həmçinin, öz
xalqının tarixi və mədəniyyətinin,
keçmiş nəsillərin
və müasirlərin
sosial-siyasi təcrübəsinin
şəxsiyyətin mənəvi-əxlaqi
dayağı olması
haqqında təsəvvürlərlə
mövcudluğu kimi səciyyələndirirlər.
N.Şəmsizadə vətənçiliyi,
türkçülüyü, islamçılığı və
xalqçılığı azərbaycançılıq ideologiyasının
dayaqları hesab edir. O da bütün azərbaycanlıların ümumi
azərbaycançılıq-dövlətçilik
ideologiyası ətrafında
birləşməsi tərəfdarı
kimi çıxış
edir: “Vətənçilik
- bütün xalqlar və etnik qrupların
demokratik birliyinin, türkçülük - dövlət
siyasətinin, islamçılıq
- inam, iman və əxlaqımızın
təməli, şərqçiliyin
bağlantısı və
rəmzidir...
Azərbaycançılığın əsasında ittihadçılıq dayanır. İttihadımızın
əsas bağlantıları
bunlardır: gendaşlıq
(qandaşlıq) və
dindaşlıq. Bunlar azərbaycançılığın
əsas prinsipində
- vətəndaşlıqda birləşir. Müəllif çox doğru olaraq dindaşlığı
ittihadçılılıq və vətəndaşlıqda
əsas bağlantı
olduğunu qeyd edir. O, dini birlik forması və ideoloji inam forması kimi qəbul etdiyi ümmətçiliyin
Şərqdə hətta
dövlət təşkil
etmək qüdrətinə
malik olduğunu nəzərə çatdırmaqla,
azərbaycançılığın ideoloji əsaslarından olan ümmətçiliyin
ən möhkəm və etibarlı birlik olan əxlaqi
birliyin, cəmiyyətin
mənəvi kimliyinin
təminatçısı fikrini
də irəli sürür.
Dövlətçilik milli ideologiya
ilə birlikdə daha güclü, daha qüdrətli təsir vasitəsi olur. Dövlət
sistemi milli ideologiyanı həyata keçirmək üçün
bütün vasitələrdən
istifadə edir. Dövlət
siyasi-mənəvi amillə,
əxlaqla birləşməlidir.
Dövlət cəmiyyətin əxlaqını
qoruyub inkişaf etdirmək vasitəsidir.
Xalqçılıq - milli məhdudluğa
yol verilməməsi, milli mənafe ilə xalq mənafeyinin
vəhdətidir. Cəmiyyəti dövlət ictimai
ədalət əsasında
idarə etməlidir.
Türkçülüyə, islami dəyərlərə
və müasirliyə
söykənən azərbaycançılıq
ideologiyası milli şüurun müasir yönümündə mühüm
rol oynayır.
Müasir Azərbaycan şəraitində Azərbaycan
ideologiyası Azərbaycan
dövlətçiliyinin, ərazi
bütövlüyünün, müstəqilliyinin, burada
yaşayan xalqların
qardaşlığı və
həmrəyliyinin daşıyıcısı
kimi çıxış
edir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 27 yanvar.- S. 10.