Hüseyn Cavidin 130 illik yubileyi ilə bağlı görüləcək
işlərə start verildi
2012-ci ildə Azərbaycanın
dahi şairi, böyük mütəfəkkir Hüseyn Cavidin anadan olmasının 130 ili
tamam olur. H.Cavidin yubileylərinin respublikamızda və
xaricdə yüksək səviyyədə qeyd
olunması artıq bir ənənə
halını almışdır. Bu il də yubileyə yüksək səviyyədə
hazırlıq işləri görülür.
H.Cavidin ev-muzeyindən
aldığımız məlumata görə, yubiley
münasibətilə muzey silsilə tədbirlər
hazırlayır. Bu münasibətlə Hüseyn Cavidin ev-muzeyi onun özünün və ümumiyyətlə
Cavidlər ailəsinin həyat və
yaradıcılığını əks etdirən təqvim
hazırlamışdır. Təqvimin tərtibatı olduqca maraqlıdır. Belə ki,
təqvimdə Cavidlər ailəsinin həyatında baş verən tarixi məqamlar
və onların izahı öz əksini
tapmışdır. Təqvimin ikinci səhifəsində
H.Cavidin həyat və
yaradıcılığı barədə ətraflı məlumat
verilmişdir. Təqvimin hər bir səhifəsində Hüseyn
Cavidin əsərlərindən parçalar verilmişdir.
H.Cavidin şəxsiyyətinin və
yaradıcılığının tanıdılması və
təbliğində bu təqvimin rolu çox böyük olacaq.
H.Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür
işığında” adlı beynəlxalq elmi
konfrans
2012-ci il 24 oktyabr
tarixində keçiriləcək. Konfrans
Hüseyn Cavidin həyat
və yaradıcılığına həsr olunur.
Hüseyn Cavidin anadan
olmasının 130 illik yubileyinin
keçirilməsi üçün
hazırlıq işləri xarici ölkələrdə
də böyük həvəs və intuziazmla aparılır. Belə
ki, yubiley Bakıda və
Naxçıvanda keçirilməklə yanaşı, Hüseyn Cavidin ev-muzeyinin direktoru filologiya elmləri doktoru
Gülbəniz Babaxanlının və Azərbaycanın
Özbəkistandakı fövqəladə və səlahiyyətli
səfirliyinin ikinci katibi
Səbuhi Əhmədovun birgə təşkilatçılığı
ilə Özbəkistanın paytaxtı Daşkənd
şəhərində də keçiriləcəkdir.
Yubiley tədbirinə
hazırlıq çərçivəsində görülən
işlərdən ən önəmlisi H.Cavidin
əsərlərinin özbək dilinə tərcümə
edilməsidir. Bu günlərdə
tanınmış özbək şairi Usman Kuçkar “Şeyx Sənan” əsərinin tərcüməsini
tamamlayıb, fevralın sonlarında isə “Səyavuş” əsərinin
də tərcüməsi tamamlanacaq. Beləliklə,
fevralın sonlarına H.Cavidin 3 əsərinin
tərcüməsi artıq tamamlanmış olacaq.
Yubiley tədbirinin keçirilməsi ərəfəsində
“Topal Teymur”, “Şeyx Sənan”, “Səyavuş” pyesləri
özbək dilində bir kitabda
nəfis bir şəkildə nəşr
olunacaqdır. Hüseyn Cavidin ev-muzeyinin
və Azərbaycanın Özbəkistandakı fövqəladə
və səlahiyyətli səfirliyinin birgə təşkilatçılığı
ilə Özbəkistanın paytaxtı Daşkənd şəhərində
düzənlənəcək H.Cavidin xatirə
gecəsində kitabın təqdimat mərasimi də
planlaşdırılır.
Qeyd edək ki, 2008-2011-ci illərdə H.Cavidin
xeyli sayda kitabı nəşr
olunmuşdur. H.Cavidin 5 cildlik
külliyyatı, “Hüseyn Cavidin həyat və sənət yolu” adlı biblioqrafik
göstərici, “Azərbaycanın qeyri-maddi
mədəniyyət abidələri və Ərtoğrol Cavid” 10 cilddə, “Məhəbbətdir ən böyük din” adlı şairin şeirlərinin fransız dilinə
tərcümə olunmuş kitabı, “Cavid hikməti” seçmə aforizmləri,
çoxcildli Cavidşünaslıq tədqiqatlar
toplusunun I, II, III, IV, V cildləri və
digər kitablar bu
sıradandır.
Zümrüd
Səs.- 2012.-31 yanvar.- S.12.