Azərbaycançılıq
və Azərbaycan dili
Azərbaycançılıq ideyasının əsas
atributlarından biri Azərbaycan dilidir. Ulu Öndər Heydər
Əliyev dönə-dönə deyirdi: “Hər bir millətin
dili onun üçün çox əzizdir. Bizim
üçün Azərbaycan dili, ana dilimiz həddindən
artıq əzizdir. Çünki çox illər ana dilimiz,
Azərabycan dili həyatımızda geniş yer ala bilməmişdir.
Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub
saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini
göstərmişdir. Xüsusən, bizim
yazıçılarımız, ədəbiyyatşünaslarımız,
şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin
yaşamasında böyük xidmətlər göstərmişlər.
Mən bu gün böyük iftixar hissi ilə
deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə
böyük inkişaf yolu keçmişdir. İndi baxın
bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir,
nə qədər şirindir və bütün fikirləri
ifadə etməsi üçün nə qədər
söz ehtiyatlarına malikdir.
Biz Azərbaycanda Azərbaycan
dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə
inkişaf etməsini təmin edəcəyik”.
Dili milli ruhun, milli ideologiyanın
güzgüsü hesab edirlər. Dil nəinki xalqın ideologiyasının, hətta
xalqın özünün
formalaşmasında əsas rol oynayır. Alman
tədqiqatçısı V.Humbolt da xalqın mənəvi
xüsusiyyətlərinin onun
daşıyıcılarının
dünyagörüşünün dildə ifadə
tapdığını göstərir. Xalqın mənəvi
özünəməxsusluğu və dilin quruluşunun
çox dərin köklərlə bir-birinə bağlı
olduğunu, dilin xalqın ruhunun xarici təzahürü, ruhu,
ruhunun isə onun dili olduğunu iddia edən Humbolt insanı əhatə
edən gerçəkliyin və ətraf mühitin dillə
şərtləndiyini, dilin danışıqlar üzərində
tam hakim olduğunu göstərir. Humbolt insana,
onun təfəkkürünə, dilinə və obyektiv
gerçəkliyə özünəməxsus münasibət
bəsləyərək, milli xüsusiyyətləri bir qədər
şişirdirdi. Humbolt dilə ideal varlıq kimi
baxmışdır: “Dil daxili varlığın
orqanıdır, hətta bu varlığın
özüdür.”
Dil nəinki xalqın ideologiyasının,
hətta xalqın özünün formalaşmasında əsas
rol oynayır. Azərbaycan tarixində azərbaycançılıq
milli ideologiyanın formalaşmasında XX əsrin əvvəllərində
ədəbi dil uğrunda gedən mübarizə mühüm
rol oynadı. Azərbaycan ədəbi dili
uğrunda mübarizə aparanlar “azərbaycançılar”,
dili geniş türk dünyası anlamında başa
düşənlər isə “osmanlıpərəstlər”
adlanırdı. Bu mübarizə azərbaycançılıq,
milli özünüdərkin və milli şüurunun
formalaşmasında həlledici rol oynadı. Bu mollanəsrəddinçilər və
fyüzatçılar arasında gedən mübarizə idi.
Fyuzatçılar azərbaycançılığı,
Azərbaycan ədəbi dilini müdafiə edənləri kəskin
tənqid edərək göstərirdilər ki, Qafqaz türkləri
(azərbaycanlılar) bütün digər türk xalqlarının
eyni dil formasını, müəyyən dəyişikliklər
edilmiş Osmanlı variantını qəbul etməlidirlər.
Onlar Azərbaycan dilinin mücərrəd
anlayışlar ifadə edə bilmədiyini, dərin mühakimələrdən
məhrum olduğunu, Qafqaz türklərinin (azərbaycanlıların)
zehni inkişafdan geri qaldıqlarını ifadə edirdilər:
“Ana dili dediyimiz bu lisanın əsrlərdən bəri tərəqqi
edən ərsami-siyasət, fəlsəfə və fünun
ilə münasibəti olmamış, binaənəleyh o
yoldakı təkamül və tərəqqidən mərhum qalmışdır.”
Azərbaycan dili uzun əsrlər
boyu cilalana-cilalana formalaşmış, inkişaf etmiş və
azərbaycançılıq xalqın milli şüuruna,
ideologiyasına, zehni inkişafına təsir etmiş, ictimai
həyatın
bütün sahələrini əhatə edən
düşüncələri
ifadə etmişdir.
Azərbaycan ədəbi dili orta əsrlərdə
formalaşsa da, XIX-XX əsrlərdə milli dilə və
milli dövlət dilinə çevrilmişdir. “Azərbaycanda dövlət dilinin tətbiqinin
təkmilləşdirilməsi haqqında” Fərmanda Azərbaycan
dilinin qədim dövrlərdən böyük inkişaf yolu
keçdiyi şifahi, yazılı dillə yanaşı bədii,
elmi, fəlsəfi üslubun inkişafı, eləcə də,
azərbaycançılığın, milli şüur və
ideologiyanın formalaşmasına təsir mexanizmi
açılıb göstərilmişdir: “Zaman keçdikcə
dövrün tələbinə uyğun olaraq Azərbaycan
dilinin istifadə dairəsi genişlənmiş, onun tətbiqinin
və inkişafının elmi əsaslar üzərində
aparılması ehtiyacı meydana
çıxmışdır... Məhz bu
dövrdən başlayaraq Azərbaycan ədəbi dilinin
normalarının müəyyənləşdirilməsində
nəzəri-dilçilik ideyaları təzahür edir.
XX
yüzillik isə Azərbaycan ədəbi dilinin
ən sürətli tərəqqisi və çiçəklənməsi
dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin
əvvəllərindən ictimai-siyasi mübarizənin tərkib
hissəsi olmuşdur.” Bu dövrdə milli
dilə, sonralar isə milli dövlət dilinə çevrilən
Azərbaycan dili da da zənginləşmiş ideoloji
mübarizənin mərkəzində durmuşdur.
Azərbaycançılıq
ideologiyası Azərbaycan mədəniyyəti və
sivilizasiyasının təməlini təşkil edən
güclü mənəvi qüvvədir. Şərq, dünya, Avropa
mədəniyyətlərinin sintezini özündə birləşdirən
çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün
ən mühüm ideologiya olan azərbaycançılıq
tarixi zərurətdən yaranmışdır.
Beləliklə, azərbaycançılıq
milli-etnik, ümumbəşəriliyin və mədəniyyətlərin
müxtəlifliyinin vəhdəti olub xalqın milli-tarixi və
mədəni yaddaşında və genində qorunub
saxlanmış, islamçılıq,
türkçülük, müasirlik, Avropa, Asiya, Qərb və
Şərq dəyərlərini özündə birləşdirmişdir. Məlumdur azərbaycançılıq
milli Azərbaycan
ieologiyasının
aparıcı tərkib hissəsi olmuşdur.
Azərbaycançılıq bütün
azərbaycanlıların milli-mədəni vəhdəti kimi
çıxış edir. Y.Qarayev azərbaycançılığın məhz
bu cəhətinə görə Azərbaycanda qüdrətli
mənəvi qüvvə olduğunu xatırlayır:
“Taleyüklü, ulusal bir sərvət kimi milli vəhdət
ideyası ərazidən də əvvəl əhaliyə aid
bir ideyadır”. O, milləti məhv etməyə hazır bir cəmiyyətin
(etnos, tayfa, qrup, tirə, qövm) gec-tez torpağın
bölünməsinə, ərazinin itməsinə də gətirib
çıxara biləcəyini göstərir: “Ərazi vəhdətini
bir problem kimi ümummilli vəhdət ideyasından ayırmaq
qeyri-mümkündür. “Azərbaycan”
sözü bütün qövmlərin vəhdət və
birliyi deməkdir. Bunu göz bəbəyi
kimi qorumaq, qədrini-qiymətini bilmək lazımdır.
Təkcə qövmü yox, sinfi vahidləri və
qütbləri də (təbəqə, qrup, qat, silk, firqə...)
mən eyni, bütöv milli vəhdətin tərkib hissələri
hesab edirəm”.
Azərbaycançılıq ümummilli
ideologiya, milli vəhdət və milli-mədəni vəhdət
məfkurəsi kimi cəmiyyətdə səfərbəredici,
birləşdirici, ruhlandırıcı rol oynayır. Milli mədəniyyət azərbaycançılıq
milli ideologiyasının ideya mənbəyi olduğu kimi, həm
də ideologiyanın dövlət və xalq üçün
zəruri mənəvi, siyasi fəaliyyətinə təkan verən
dil, mentalitet, milli xarakter və milli psixologiyanın ifadəsi
kimi də çıxış edir.
Milli mədəniyyət və milli
ideologiya qlobal mədəniyyətə qovuşaraq ümumbəşəri
mənəvi-mədəni dəyərlərlə birləşir,
Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi
qlobal və yerli düşüncə tərzlərinin
birliyini yaradır, ölkədə və ölkədən
xaricdəki bütün azərbaycanlıların mənəvi
imperativinə çevrilir.
Dünyanın ən nadir mədəni
sivilizasiyalarından və milli-etnik tərkibilə özünəməxsus
bir demokratik, hüquqi dövlət olan Azərbaycanda müxtəlifliyin
vəhdəti hakimdir. Azərbaycanda reallaşan mədəniyyət və
milli ideologiya “Azərbaycan xalqının ortaq dəyərlər
və davranış münasibətləri adlı məkanın
formalaşmasına, etnik şüurda hər bir qatın
statusunu sezməyə imkan verir, özünün real, tarixi-mədəni
varlığının subyekti olmasına şərait
yaradır.
Azərbaycanda mədəniyyətlər və dinlərarası
durum, etnik-milli-bəşəri müstəvilərin ahəngdar
mövcudluğu baxımından dünyaya örnək ola bilər”(16. 257).
Heydər Əliyev azərbaycançılıq
ideologiyasını və azərbaycanlıların ortaq mənəvi-mədəni
dəyərlərini “ən başlıca sərvət” hesab
edirdi.
Azərbaycanda bütün etnik birliklərin
nümayəndələri bir azərbaycanlı, Azərbaycan vətəndaşı
kimi tolerantlıq, humanizm, xeyirxahlıq şəraitində azərbaycançılıq
ideologiyasını və ölkəmizdə formalaşan mədəniyyəti
özünün mənəvi-mədəni sərvəti
sayır. Azərbaycanın
gələcək inkişafı azərbaycançılıq
və Azərbaycan mədəniyyətinin birləşdirdiyi
bütün xalqların və dünya azərbaycanlılarının
birgə fəaliyyətindən asılıdır.
Qüdrətli şəxsiyyət Ulu
Öndər Heydər Əliyev Azərbaycan dilinin, tarixinin ədəbiyyat
və mədəniyyətinin yeni azərbaycançılıq
məfkurəsi ilə dərkinin metodologiya və
strategiyasını formalaşdırdı. Bu baxımdan “Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 18 iyun 2001-ci il
tarixli Fərmanı və “Azərbaycan əlifbası və
Azərbaycan dili gününün təsis edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci
il tarixli Fərmanı böyük tarixi-siyasi əhəmiyyətə
malik sənədlər idi. Bu tarixi sənədlər
artıq yeni əsrin və üçüncü minilliyin əvvəllərində
ana dili uğrunda mübarizənin dövlət səviyyəsində
milli müstəqillik uğrunda mübarizənin - azərbaycançılığın
tərkib hissəsi kimi əks etdirən dövlət
proqramaları - böyük strategiyanın təməl
faktları idi.
Azərbaycan dili bu gün dərin fikirləri
ən incə çalarlarınadək olduqca aydın bir şəkildə
ifadə etmək qüdrətinə malik dillərdəndir.
Akademik R.Mehdiyev “Heydər Əliyevin siyasi portretinin cizgiləri” məqaləsində
yazır: “Hamıya məlumdur
ki, xalqın ümummilli mənəvi birliyinin Heydər Əliyev
tərəfindən yaradılması konsepsiyasında Azərbaycan
dili çox mühüm yer tutur. Heydər Əliyev
özü bu dilin parlaq bilicilərindən olmuşdur. Onun nitqləri, çıxışları,
müsahibələri yeni siyasi üslubu
formalaşdırmış və Azərbaycan dilini o qədər
əhəmiyyətli dərəcədə zənginləşdirmişdir
ki, tədqiqatçıların hələ neçə-neçə
nəsli natiqlik sənətinin bu nümunələrinə
müraciət edəcəkdir.”
Ulu Öndər Azərbaycan dilinə məhz azərbaycançılığın
mənəvi əsası kimi yüksək qiymət verirdi; “Mən
hər bir dilə öz hörmət və ehtiramımı
bildirirəm. Amma hesab edirəm ki öz dilimizlə-
Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik.
Çünki bu, zəngin dildir, artıq
dünyada tanınmış dildir. Xalqımızın
adı da tanınıb, respublikamızın adı da
tanınıb, dilimizin adı da tanınıb. Bu, reallıqdır.
Azərbaycanın dövlət müstəqilliyi
Azərbaycan dilini əbədi edibdir və bu gün Azərbaycan
dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil
Azərbaycanda, eləcə də, dünyada yaşayan
bütün azərbaycanlıların dili olsun.”
Ulu Öndərin ideyalarının əzmkar
davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev bu siyasətin tarixi
rolundan bəhs edərkən demişdir: “Azərbaycan
rəhbərliyinin apardığı siyasət yeganə
düzgün siyasətdir. Bunu həyat da sübut etmişdir. Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır. Vətəndaş müharibəsi və cəmiyyətin
parçalanması təhlükəsindən
qurtarmışdır. İndi Azərbaycanda
sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə
yolunda çox işlər görülür. Buna görə
də mən qəti əminəm ki, hazırda yeridilən xətt
davam etdirilməlidir... İndiki siyasət bir
çox onilliklər üçün nəzərdə
tutulmuş siyasət olmalıdır. Əks
halda, Azərbaycan yenə də hansısa hərc-mərcliyə
məruz qala bilər.” Bu sətirlərdə
Heydər Əliyev siyasətinə, Onun ideologiyasına
qüvvətli inam və İlham Əliyevin qalibiyyət əzmi
ifadə olunur. Bu gün bütün
dünyada azərbaycançılığın ən
böyük qarantı Azərbaycanın və hər bir azərbaycanlının
Prezidenti İlham Əliyevdir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.- 2012.- 31 yanvar.-
S.13.