Həsənağa Turabov – 75

 

   Kinomuzun parlaq siması

   

    XX əsr Azərbaycan teatrının və kinosunun parlaq siması, Azərbaycan Respublikasının xalq artisti Həsənağa Turabov 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Həsənağa Turabov teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.

    Mənalı ömrünü Azərbaycan milli teatrkino sənətinin inkişafına həsr etmiş bu məşhur aktyorun teatrkino tariximizdə silinməz izləri var. O, klassikmüasir aktyor sənəti ənənələrindən bəhrələnərək öz yolunu, öz məktəbini yaratmışdı.

    Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib. Həsənağa Turabov bir çox əsərlərin qəhrəmanlarına səhnə həyatı verərək ədəbiyyatın daim diqqət mərkəzində olan insan problemini bütün çalarları ilə tamaşaçıların yaddaşına həkk edib. Aktyorun böyük məharət və sənətkarlıqla yaratdığı obrazlar sənətsevərlər tərəfindən daim dərin rəğbət və məhəbbətlə qarşılanıb.

    İncəsənət İnstitutunu bitirən Həsən Turabov məşhur sənət adamlarından dərs almışdı. Həsən Turabovun gəncliyindən yaratdığı rollar teatrsevərlərin qəlbinə asanlıqla yol tapmışdı. Yaratdığı obrazlarda həmişə bütövlük olardı. Adətən, baş rolları ifa edərdi. 1960-ci ildən Akademik Milli Dram Teatrında çalışırdı. O,  Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə qüdrətli sənətkarlarla tərəf-müqabil olmuşdu. Həsən Turabovun yaradıcılığında qəribə özünəməxsusluq var idi. "Mahnı dağlarda qaldı" tamaşasında Kamran onun ifasında gözəl görünürdü. Gözəl diksiyası, səhnə hərəkətləri, obrazı özününküləşdirmək qabiliyyəti onu sevdirmişdi.

    Həsən Turabovun səhnədə yaratdığı rolları sadalamaqla bitən deyil. "Kəndçi qızı"nda Vahid, "Yaxşı adam"da Azər, "Hamlet"də Hamlet,  "Ölülər"də İsgəndər kimi parlaq obrazlar yaratmışdır. Həsənağa Turabov 60-80-ci illər Azərbaycan teatrına yeni bir ruh gətirmişdi. Onun oynadığı tamaşalarda qəribə nikbin bir ruh hakim olardı, tamaşaçı axıra kimi onun qəhrəmanlarının aqibətini gözləyərdi. Səsində də bir özünəməxsusluq duyulurdu. Həm də çox məhsuldar aktyor idi, gecəli-gündüzlü məşqlərdə, çəkilişlərdə, radio-televiziya verilişlərində işləməkdən yorulmazdı.

    Kinematoqrafiyanın inkişafında da Həsənağa Turabovun xidmətləri böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının böyük bir hissəsini təşkil edib və yüksək sənətkarlıq bacarığını bariz şəkildə nümayiş etdirib. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanıb və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna əbədi daxil edilib.

    Kino sənətində isə misilsiz obrazlar yaratmışdır. "Yeddi oğul istərəm" filmində Gəray bəy obrazı onun ifasında təqdim olunan kinomuzun nadir qəhrəmanlarından biridir. Həsənağa Turabov bu rolundan söz düşəndə həmişə təvazökarcasına - "bu rejissorun seçimidir", - deyərmiş, - "mən yalnız onun dediklərini etmişəm". Həsənağa müəllim rejissorun istəyindən qat-qat üstün ifa edərdi rolları. Deyilənə görə, onunla səhnəyə, yaxud kamera qarşısına çıxan aktyorlar həmişə ehtiyatla hərəkət edərdilər. Çünki onun sənəti məktəb idi.

    Aktor kinonu da teatr qədər sevirdi. Hətta mənfi rolları da ustalıqla oynayırdı. Afşin ("Babək"), Gəray bəy ("Yeddi oğul istərəm") rolları nə qədər mənfi tiplər olsa da, sənətkarlıq baxımından yaddaqalan idi. O, müsbət rollarını sevdirə bildiyi qədər də mənfi obrazlara tamaşaçıda kəskin nifrət hissi yarada bilirdi.

    Həsənağa Turabovun "Axırıncı aşırım", "Ürək... Ürək...", "Sevinc buxtası", "Çarvadarların izi ilə", "Qəm pəncərəsi" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilirdi.

    Hətta rejissorluq etmək fikrinə də düşmüşdü. "Bəyin oğurlanması"nda rejissor rolunda çəkilmişdi. "Qaçaq Nəbi"ni isə rejissor kimi çəkmişdi. Hər ikisində Həsən Turabovun yaradıcılıq xüsusiyyətləri aydın hiss edilirdi. Son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" Eldar Quliyevin " gözəldir bu dünya..." filmləri olmuşdu.

    Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda, mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni əsirgəməyib.

    Son illər Akademik Milli Dram Teatrına rəhbərlik etmişdi. Böyük bir kollektivin dərin rəğbətini qazanmışdı. Böyük aktyor 2003 - il fevralın 23-də vəfat etmişdir.

       

 

    ZÜMRÜD

 

    Səs.- 2013.- 2 aprel.- S.12.