Ulu öndər Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində Azərbaycan elminə böyük qayğı ilə yanaşmışdır

 

Elmi-intellektual potensial davamlı və sabit inkişafın əsas meyarı kimi hər bir dövlətə qarşıya qoyduğu strateji məqsədləri inamla həyata keçirmək, dünya arenasında layiqli yer tutmaq imkanı yaradır. Təcrübə göstərir ki, iqtisadi inkişaf strategiyasını elmi-texniki əsaslar üzərində qurmaqla, innovasiya inkişafını dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, proqressiv ənənələrə istinad edən dövlətlər milli tərəqqiyə nail olur, iqtisadi, sosial və intellektual inkişaf müstəvisində rəqabətə davam gətirirlər. İqtisadi modernləşmə və demokratikləşməni təmin edən mühüm faktorlar-dan biri də elmin, təhsilin, nanotexnologiyaların səviyyəsinin durmadan yüksəldilməsi yolu ilə insan kapitalının formalaşdırılmasıdır.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmış, ilk növbədə, xalqın intellektual gələcəyini düşünmüşdür. Elmi-intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti, etibarlı təminatı hesab edən ulu öndər milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Dövrün tələblərinə cavab verən fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi məsələləri ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin bütün mərhələlərində prioritet məsələlərdən olmuşdur.

Bütün bunlar Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində ən böyük şəxsiyyətlərdən olduğunu bir daşa təsdiqləyir. Xalqımız böyük öndərin xarirəsini daim əziz tutur, onun adının ədəbidiləşdirilməsi istiqamətində atılan addımları ürəkdən dəstəkləyir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Dahi öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dövləti özünün geostrateji, iqtisadi və siyasi potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.

Hələ 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaradılması ilə vahid sistem çərçivəsində formalaşmağa başlayan elmi-intellektual potensialın milli məqsədlərə yönəldilməsi də istisnasız olaraq müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider yaradıldığı vaxtdan elm və ziya məbədinə çevrilən Elmlər Akademiyasının, bütövlükdə Azərbaycan elminin böyük hamisi olmaqla, elmə, ziyalılara, alimlərə həmişə yüksək qiymət vermişdir.

Həmin dövrdə Azərbaycan sənayesinin sahə, ərazi quruluşunda yaranmış uyğunsuzluqların aradan qaldırılması məqsədilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 70-ci illərin əvvəllərində sənayenin inkişafı, onun strukturunun təkmilləşdirilməsi üçün mühüm proqram hazırlanmışdır. Azərbaycanın imkanlarından və təbii resurslarından səmərəli istifadə edilməsi ilə bağlı keçmiş ittifaq hökuməti ilə prinsipial danışıqlar aparan respublika rəhbəri dinamik iqtisadi inkişaf proqramının həyata keçirilməsinə nail olmuşdur. Sənayedə mütərəqqi struktur dəyişiklikləri nəticəsində yeni maşınqayırma, elektronika, yüngül, yeyinti və çoxsaylı emal müəssisələri istifadəyə verilmiş, on minlərlə iş yerləri yaradılmışdır. Əmək potensialından səmərəli istifadə edilməsi strateji xətt kimi müəyyən edilmiş, əmək məhsuldarlığı və digər səmərəlilik göstəricilərinin dinamik artımı Azərbaycan iqtisadiyyatının çox güclü inkişaf amilinə çevrilmişdir. Xüsusilə fizika, riyaziyyat, informatika, kimya və texnika elmlərinin perspektivini planlaşdırdıqda ümummilli lider Heydər Əliyevin sənayenin intellektual təminatının perspektivi əsas götürülmüşdür.

Respublikada elektrotexnikanın intensiv inkişafı, mikroelektronika, optoelektronika, cihazqayırma və sənayenin digər sahələrinin yüksəlişi məhz yarımkeçiricilər və dielektriklər fizikası sahəsindəki fundamental tədqiqatlar nəticəsində mümkün olmuşdur. Bu dövrdə astronomiya, kosmik tədqiqatlar sahəsində də bir sıra mühüm işlər görülmüşdür. Təsadüfi deyil ki, xalq təsərrüfatı və müdafiə əhəmiyyətli kosmik sənayenin tədqiqi keçmiş SSRİ-də ilk dəfə olaraq Azərbaycan Elmlər Akademiyasında aparılmışdır. Bunun nəticəsidir ki, müasir Azərbaycan artıq fəzada süni peyki olan qüdrətli dövlətə çevrilmişdir.

Azərbaycan biologiya elminin biokimya, molekulyar biologiya, biofizika, gen biotexnologiyası, bioinformatika, bioenergetika kimi müasir sahələrinin fundamental əsası məhz keçən əsrin 70-ci illərində qoyulmuşdur. Təbiətə, yaşıllığa, gözəlliyə insan sağlamlığının, fiziki və mənəvi saflığının təminatçısı kimi baxan ümummilli lider Heydər Əliyev daim onun mühafizəsinin qeydinə qalmışdır. Həmin illərdə yaradılmış “Azərbaycanın Qırmızı Kitabı” məhz möhtərəm Heydər Əliyevin sərəncamı əsasında işıq üzü görmüşdür. 

Azərbaycanın kimya, neft emalı və neft-kimya sənayesinin yüksəliş dövrü də məhz 70-ci illərdə başlamışdır. Görkəmli alim, dünya kimya elminin korifeylərindən sayılan akademik Yusif Məmmədəliyevin Azərbaycanın neft-kimya elminin inkişafındakı səmərəli təcrübəsinin davam etdirilməsini vacib sayan ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublika sənayesinin bu mühüm sahələrinə kapital qoyuluşu artırılmış, ən qabaqcıl texnologiya, yüksək məhsuldarlığı olan katalitik krekinq kompleksi - “Azərneftyanacaq” İstehsalat Birliyi tikilib istismara verilmişdir. Ulu öndər Heydər Əliyevin neft-kimya sahəsinin müasirləşdirilməsində də aparıcı rolu olmuşdur - həmin dövrdə Sumqayıtda sulfanol, xətti alkil-benzol, sulfat turşusu, kaustik soda istehsalatları, məişət kimyası zavodları, güclü EP-300 piroliz qurğusu, polietilen istehsal edən qurğu və s. istismara buraxılmışdır.

Ulu öndər Heydər Əliyev ötən əsrin 70-80-cı illərində Azərbaycanda bir sıra yeni ixtisaslar üzrə - informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və s. - mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə alaraq minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etmişdir. Bu ali məktəblərdə müsabiqədənkənar oxumağa gedən gənclərin sayının ildən-ilə artırılmasına Moskvadan böyük inadkarlıqla icazə almış, onların təhsilinin ümumittifaq büdcəsindən maliyyələşdirilməsinə nail olmuş, həmin gənclərin məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirmişdir. 1960-cu ildə SSRİ-nin müxtəlif şəhərlərində ali təhsil almaq istəyənlər üçün yalnız 50 yer ayrıldığı halda, 80-cı illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü. Həmin illərdə Heydər Əliyevin qayğı və diqqəti ilə ümumilikdə 10 minədək azərbaycanlı gənc respublikadan kənarda təhsil almağa göndərilmişdi. Ulu öndər həmin illərdə müttəfiq respublikalarda, əsasən də Rusiyada təhsil almaq hüququ qazanan gənclərin yüksək səviyyədə yola salınması və qarşılanmasını da müsbət ənənə kimi formalaşdırmışdı. Böyük strateq sonralar qeyd edirdi ki, 70-80-cı illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq Azərbaycan xalqının böyük bir nəsli təhsil almış, böyümüş, yüksək səviyyəyə çatmış, böyük elm və mədəniyyətə sahib olmuşdur.

1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən Heydər Əliyev bir çox məqamlara toxunaraq demişdi: “Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum”.

Bütün bunlar göstərir ki, hələ ötən əsrin 70-ci illərindən Azərbaycan xalqı və dövləti üçün qurub-yaratmaq, onun gələcək müstəqilliyi üçün etibarlı zəmin formalaşdırmaq ulu öndərin başlıca amalı olmuşdur. Bu siyasəti 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da inamla davam etdirən Heydər Əliyev ilk növbədə, xalqın intellektual sabahını düşünmüşdür. Xatırlatmaq yerinə düşər ki, dövlət müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik etmiş naşı qüvvələrin biganə münasibəti ilə üzləşərək tənəzzülə uğrayan elm və təhsil kimi strateji sahələr də məhz ulu öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra böhrandan çıxmışdır.  Ulu öndər 1993-cü ildən dövlət quruculuğu istiqamətində başladığı islahatları ictimai rəyə, sosial sifarişə əsaslanmaqla həyata keçirmiş, ölkənin böhranlı vəziyyətdən çıxarılması prosesində hər bir vətəndaşın iştirakını vacib saymış, xüsusən də cəmiyyətin üzdə olan intellektual kəsimi ilə sıx ünsiyyətə böyük üstünlük vermişdir. Ümummilli liderin 1993-cü il sentyabrın 21-də isə AMEA-da alimlərlə, 22-də isə gənclərlə keçirdiyi görüşləri bu mənada xüsusi xatırlatmaq lazımdır. Həmin tədbirdə dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanın üzləşdiyi ağır vəziyyətin səbəblərini təhlil etmiş, vəziyyətdən çıxış yollarını göstərmiş, cəmiyyətin bütün təbəqələrini, o cümlədən intellektual potensialın daşıyıcısı olan alimləri milli problemlərin həllində fəal iştiraka çağırmışdır.

Böyük strateqin ictimaiyyətlə ilk görüş yerlərindən biri kimi akademiyanı seçməsi, alimlərlə görüşməsi həm də AXC-Müsavat cütlüyünün 1 illik hakimiyyəti dövründə bu elm məbədinin dağılmaq, məhv olmaq təhlükəsi ilə üzləşməsi, çətin vəziyyətə düşməsi ilə bağlı idi. 1991-1993-cü illərdə AMEA-nın nüfuzlu alimləri bir parça çörək dalınca ölkəni tərk etmək məcburiyyətində qaldıqlarından ölkənin intellektual potensialı təhlükə ilə üzləşmişdi. Həmin illərdə hətta akademiyanın elmi-tədqiqat institutlarının aspiranturasına qəbul prosesi də həyata keçirilməmişdi. Səbəb sadə idi - səbatsız AXC-Müsavat hakimiyyətinin bir çox məmurları akademiyanın “köhnə sistemin qalığı” hesab edir, onun ləğvinə çalışırdılar. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra bu ziyanlı meyillərin qarşısını qətiyyətlə almış və akademiyanın inkişafı istiqamətində əməli tədbirlər həyata keçirməyə başlamışdır. 1993-cü il sentyabrın 21-də alimlərlə görüşündə Heydər Əliyev akademiyanın qorunub saxlanılması və inkişaf etdirilməsi vacibliyini bir daha diqqətə çəkmişdir: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir”.

1997-ci ilin 31 yanvarında isə Azərbaycan Elmlər Akademiyasının 50 illik yubiley mərasimində dərin məzmunlu nitq söyləyən böyük strateq Heydər Əliyev ictimai və humanitar elm sahələrində yeni dövrün tələblərinə uyğun yeniləşmənin, eləcə də sovetlər birliyi dövründən qalmış, köhnəlmiş stereotiplərdən, səmərəsiz tədqiqat metodlarından uzaqlaşmağın vacibliyini xüsusi diqqətə çəkmiş, xüsusən də tarixçiləri Azərbaycanın keçmişi ilə bağlı həqiqətləri daha obyektiv araşdırmağa, dövlətçilik maraqları baxımından bu sahəyə xüsusi həssaslıqla yanaşmağa çağırmışdır. “Biz indi xalqımızın tarixinin yaradılması işini gərək diqqət mərkəzinə alaq. Xatırlaya bilərsiniz, 70-ci illərdə mən dəfələrlə Elmlər Akademiyasının qarşısında vəzifə qoymuşdum ki, Azərbaycanın tarixi yazılmalıdır. Amma bu gün mənim haqqım var deyəm ki, tarixçilərimiz bu vəzifəni yerinə yetirmədilər, Azərbaycanın tarixi yazılmamışdır. Bizim tarixçilərimiz bir tərəfdən çəkişmə ilə məşğul oldular, hərə öz konsepsiyasını irəliyə aparmağa çalışdı. Amma Azərbaycanın tarixi yazılmalıdır. Alimlərimizin, tarixçilərimizin günahından yox, o vaxtkı ümumi ideologiyanın təsiri, yaxud bu ideologiyanın tələbi ilə yazılan tarix də, şübhəsiz ki, indi bizi qane edə bilməz. Məktəbə gedən gənc gərək Azərbaycanın tarixini bilsin, oxusun, öyrənsin. Amma o, köhnə dərsliklərdən bunu öyrənə bilməz”.

Heydər Əliyev Azərbaycan elmi qarşısında dayanmış əsaslı problemlərə toxunmaqla onların aktuallığını əsaslandırmış, alimlərimizə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdür. Bütün bu tövsiyələr Azərbaycan elminin inkişafı məqsədinə hesablanmış fərman və sərəncamlarla müşayiət olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilmiş, 30 mart 2001-ci il və 1 iyul 2002-ci il tarixli sərəncamlarla AMEA Rəyasət Heyəti və akademiyanın bütün işçilərinin əmək haqları bir neçə dəfə artırılmışdır. 2002-ci ilin 12 avqustunda AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında tarixi sərancam imzalanmış, ulu öndərin sədrliyi ilə Naxçıvan Ali Məclisinin iclas zalında bu bölmənin yaradılmasına həsr olunmuş geniş müşavirə keçirilmişdir.

Ümummilli liderin Milli Elmlər Akademiyasının statusu, Nizamnaməsi və AMEA prezidentinin təsdiqi haqqında 4 yanvar 2003-cü il tarixli fərmanı da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu fərman Milli Elmlər Akademiyası sistemində əsaslı islahatların aparılmasına, texniki bazanın modernləşdirilərək, beynəlxalq standartlara uyğunlaşdırılmasına, dünya ölkələrinin elm sahəsində əldə etdiyi ən mütərəqqi təcrübənin mənimsənilməsinə, elmi-tədqiqat institutlarında, mərkəzlərdə işin keyfiyyət əmsalının artırılmasına, elmi ictimaiyyətin diqqətinin cəmiyyət həyatı üçün xüsusi aktuallıq kəsb edən problemlərə yönəlməsinə geniş şərait yaratmışdır.

Ümummilli lider Azərbaycanın milli-mənəvi dəyərlərinə, maddi mədəniyyət abidələrinə xalqın, millətin varlığının təcəssümü kimi həmişə böyük diqqət və qayğı göstərirdi. Milli Elmlər Akademiyasının həyatında baş vermiş əlamətdar hadisələrdən biri də 2002-ci ilin oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin böyük Azərbaycan dramaturqu Hüseyn Cavidin ev muzeyinin açılışında iştirak etməsi və həmin gün Əlyazmalar İnstitutuna Azərbaycan şifahi və yazılı ədəbiyyatının şah əsəri olan “Kitabi-Dədə Qorqud”un ən qədim əlyazması olan Drezden əlyazmasının nəfis şəkildə hazırlanmış nüsxəsini (faksimilesini) hədiyyə kimi şəxsən təqdim etməsi olmuşdur. Ulu öndərin bu maddi və mənəvi dəstəyini alimlərimiz elmə dövlət qayğısının yeni nümunəsi kimi qəbul etmişdilər.

Ulu öndər Heydər Əliyev milli strateq olaraq nəinki müstəqil Azərbaycanın dayanıqlı və sabit inkişaf strategiyasını irəli sürmüş, eyni zamanda bu alternativsiz kursu özündən sonra da uğurla davam etdirən çağdaş dünya reallıqlarına nəzərən davam etdirməyə qadir lider yetişdirmişdir. 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı cənab İlham Əliyev keyfiyyətcə yeni mərhələdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını məhz bu yöndə səfərbər etmişdir. Uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrana əzmlə sinə gərən dövlətlər sırasında yüksəlmişdir. Cəmiyyət həyatındakı sürətli dəyişikliklər ötən 10 ildə elm və təhsil konsepsiyasının müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin maarifçilik ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin yeni əsaslarla davam etdirilməsini vacib məsələ kimi gündəmə gətirmişdir.

Şübhəsiz, hər hansı islahatı uğurla həyata keçirmək, səmərəli nəticələr əldə etmək üçün, ilk növbədə, onun qanunverici bazasını formalaşdırmaq lazımdır. Bu baxımdan Prezident İlham Əliyevin son illərdə imzaladığı “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komis-siyasının yaradılması haqqında”, “Azərbaycan Respublikasında 2009-2005-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Elmin İnkişafına Yardım Fondunun yaradılması haqqında” və digər sərəncamlar elm sahəsində yeni dövrün tələbi ilə səsləşən islahatların aparılmasını təmin etmişdir. 2009-cu ildə respublikada Elmin İnkişafı Fondunun yaradılması elmi tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkir. Fondun yaradılması fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədi ilə əsaslandırılır.

Azərbaycan Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” 2010-cu il 9 fevral tarixli sərəncamı respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min (beş yüz min) manat məbləğində vəsait ayrılmışdır. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur.

AMEA-nın infrastrukturunun, maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin daimi diqqət mərkəzindədir. Dövlət başçısının 29 aprel 2011-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncamı da akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsinə və mövcud bir sıra problemlərinin həlli məqsədinə xidmət edir. Ötən illərdə akademiyanın Mərkəzi Elmi Kitabxanasının yeni binasının inşasına başlanmış, Azərbaycan Milli Tarix Muzeyində, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyində, habelə akademiyanın əsas binasında təmir işləri başa çatdırılmışdır. Bundan əlavə, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Tarix Muzeyi və Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təmiri və yeni avadanlıqların alınması üçün 5 milyon manat, arxeoloji qazıntıların davam etdirilməsi üçün Arxeologiya və Etnoqrafiya İnstitutuna 1 milyon manat, əşyaların bərpası və yeni materialların alınması üçün Tarix Muzeyinə 1 milyon manat vəsait ayrılmışdır.

Cənab İlham Əliyevin 2011-ci il 21 aprel tarixdə AMEA-nın illik ümumi yığıncağında iştirakı və dərin məzmunlu nitqində intellektual elitaya bir sıra dəyərli tövsiyələr verməsi bu sahənin inkişafının ölkə rəhbəri üçün prioritet məsələlərdən biri olduğunu bir daha təsdiqləyir. Möhtərəm Prezident həmin toplantıda bir daha xüsusi vurğulamışdır ki, Azərbaycan dövləti iqtisadi inkişaf prosesində ilk növbədə cəmiyyətin intellektual potensialına istinad edir. Respublikada təbii sərvətlərin hasilatından əldə olunan vəsaitlərin böyük qisminin məhz elm və təhsilə, informasiya texnologiyalarının inkişafına, insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü doğrultmuşdur. Bütün bunlarla yanaşı, cənab İlham Əliyev hazırkı mərhələdə elmi proqnozlardan iqtisadi inkişaf prosesində səmərəli istifadə olunması, daha dəqiqi, elmlə iqtisadiyyatının uğurlu vəhdətinin təmin edilməsi vacibliyini xüsusi vurğulamışdır: “Bütövlükdə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir. Son bir neçə il ərzində ölkəmizdə iqtisadi artım ən yüksək səviyyədədir və biz bu göstəriciyə görə dünya miqyasında birinci yerdəyik. Bununla bərabər, iqtisadiyyatın hərtərəfli inkişafı da beynəlxalq maliyyə qurumları tərəfindən qiymətləndirilir...Bununla bərabər, biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir”.

Prezident İlham Əliyevin həmin tədbirdə alimlərə mühüm tövsiyələrindən biri də elmin inkişaf prioritetlərinin respublikanını hazırkı inkişaf dinamikası ilə uzlaşdırılması olmuşdur. İnsan kapitalının formalaşdırılmasını prioritet məqsəd kimi diqqətə çəkən, dövlətin innovasiya inkişafında müasir biliklərin, nanotexnologiyaların roluna mühüm yer ayıran bu effektiv iqtisadi siyasətin elmi cəhətdən təhlili və əsaslandırılması mövcud uğurların davamlılığının təmini baxımından son dərəcə vacibdir. Məsələni aktuallaşdıran həm də odur ki, Azərbaycan iqtisadi sahədə keçid dövrü kimi xarakterizə edilən son dərəcə ağır və üzücü prosesi yenicə başa vuraraq sosial-iqtisadi modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Postkeçid dövrünün paradiqmalarının elmi cəhətdən əsaslandırılması və proqnozlaşdırılması üçün, ilk növbədə, respublikanın son 20 ildə inamla gerçəkləşdirdiyi iqtisadi islahatları elmi təhlil prizmasından dəyərləndirmək, əldə olunan nəzəri-təcrübi, fəlsəfi qənaətləri ümumiləşdirmək lazımdır.

2012-ci ildə elmin inkişafı və bu sahədə özünü göstərən problemlərin həlli də diqqət mərkəzində olmuşdur. Bu baxımdan, AMEA-nın və onun elmi-tədqiqat institutlarının maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəlmiş tədbirləri xüsusilə qeyd etmək olar. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamlarla Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması, kadr potensialının gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan zəruri vəsaitlər ayrılmışdır.

2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam isə Azərbaycan dilinin inkişafı, bu sahədə əlavə tədqiqatların stimullaşdırılması baxımından vacib əhəmiyyətə malikdir. Sərəncamda vurğulanır ki, “...Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir. Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal almışdır. Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilmişdir”.

Bu və digər problemlərin önə çəkildiyi sərəncamda dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılması məqsədi ilə AMEA-ya xüsusi dövlət proqramının imzalanması tapşırılır. Sərəncama əsasən, AMEA Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlamalıdırlar. Eyni zamanda, sərəncamla Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi, müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və Tərcümə Mərkəzi yaradılmışdır.

Bütün bunlar göstərir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, milli ənənələrə və ümümbəşəri dəyərlərə, dünya standartlarına cavab verən elmi potensialının formalaşdırılması istiqamətində həyata keçirilən siyasət bu gün də əzmlə davam etdirilir. Azərbaycan elmi Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu ənənələr əsasında inkişaf edir, mövcud problemlərə, çətinliklərə sinə gərərək millətin nurlu gələcəyinə yol açmağa çalışır. Ölkənin elm adamları Azərbaycanın iqtisadi potensialı artdıqca, elmi sahəyə qoyulan sərmayələrin də ildən-ilə artacağına böyük ümidlər bəsləyir, eyni zamanda ölkədə həyata keçirilən effektiv islahatlar kursuna hərtərəfli dəstək verirlər.

 

 

Arif HƏŞİMOV,

AMEA-nın birinci vitse-prezidenti,

Akademik

 

Səs.- 2013.- 2 aprel.- S.4-5.