Ümummilli Lider Heydər Əliyev vəTolerantlıq-90

 

Məlum olduğu kimi, bir ay sonra Ümummilli Lider Heydər Əliyevin 90 illiyi yüksək səviyyədə qeyd olunacaqdır. Mən bu qısa məqalə çərçivəsində Ümummilli Lider Heydər Əliyevin dini-mənəvi dəyərlər kontekstində tolerantlıq görüşünü  bəzi aspektlərdən təhlil etməyə çalışacam.

Ümumiyyətlə, din insanlar arasındakı münasibətləri deyil, insanla Allah arasındakı münasibəti ifadə etdiyindən, milliliyin fövqündə dayanır. Dində insan özü ilə təbiət, özü ilə dünya arasında vəhdət axtarır. Bu kontekstdə qeyd etməliyəm ki, dünyəvi modern cəmiyyətlə əsas  prinsip, ictimai həyatın dini hökmlərdən asılı olmadan tənzimlənməsidir. Məhz bu mənada dünyəvilik dini dəyərlərin ictimai və müəyyən mənada fərdi həyatdan çıxarılması olaraq modernləşmə prosesinə paralel olaraq müşahidə olunur. Modern cəmiyyətin dünyəvi hüquqi prinsiplər kontekstində dini dəyərlərdən müstəqil şəkildə formalaşması iki cəhətdən özünü büruzə verir. İlkin olaraq siyasi hakimiyyət özünü dini simvol və dəyərlərə istinad etmədən öz hüquqi-siyasi statusunu təşkil edir. İkinci olaraq isə ictimai həyatı tənzimləyən prinsiplər dini hökmlərə istinad etməz. Bu kontekstdə dinin ictimai həyatda yer alması fərqli bir məsələdir və dinin ictimai həyatda yer alması demokratik prinsiplə paradoks təşkil etmir. Demokratik prosesə tərs olan isə dinin və ya başqa bir dini sektanın təzyiq ünsürü halına gəlməsidir.  Bunun xaricində hər bir etiqad və düşüncə cəmiyyət həyatında, həm düşüncə həm də həyat tərzi olaraq öz yerini ala bilər.Bütün bu mülahizələr əsasında deyə bilərik ki, tarixə nəzər saldıqda, hakimiyyət və iqtidar məqsədilə din fərqli görüş sahiblərinin əlində alətə çevrilə bilmişdi. Bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin ifadələri tolerantlıq kontekstində din-dövlət münasibətləri baxımından çox əhəmiyyətlidir: "Dinə, dinin mənəvi-əxlaqi dəyərlərinin təbliğinə, bu dəyərlərin yardımıyla insanlara vətənsevərlik və dözüm duyğularının aşılanmasına dövlətin də ehtiyacı var. Biz milli-mənəvi dəyərlərimizi dini dəyərlərdən ayrı düşünmürük. Ancaq dövlət-din münasibətləri şəffaf, başa düşülən olmalıdır. Azərbaycan dövlətinin qanunları Azərbaycan xalqının  və dövlətinin maraqlarına uyğun olmalıdır. Dindən siyasi proseslərdə istifadə olunma cəhdlərinə qarşı ciddi mübarizə aparılmalıdır. Din siyasi və ideoloji mübarizələrdən kənarda qalmalıdır. Din hər bir insanın fərdi mənəvi ehtiyacını ödəyən bir dəyərlər sistemi kimi qəbul olunmalıdır".

 

Tolerantlıq və dialoq

 

Ümumiyyətlə, hüquqla mili-mənəvi və dini-mənəvi dəyərlər arasında balans yaratmaq, hüquqi sanksiyaların yerini tədricən ictimai nəzarətin açdığı yeni imkanlarla tutmaqdan ibarətdir.Yeri gəlmişkən qeyd etməliyəm ki, möhtərəm Prezident İlham Əliyev də cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanmasının, multikulturalizmin dəstəklənməsinin və təşviq edilməsinin müasir mərhələdə həyata keçirilən dövlət siyasətinin başlıca məqsədlərindən biri olduğunu özünün müxtəlif çıxışlarında ifadə etmişdir. Bu mənada, Prezident İlham Əliyev hazırda ölkədə tolerantlığın və dini etiqad azadlığının təminatçısıdır. Onun böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl, operativ tədbirlər həyata keçirməsi dövlətimizin məqsədyönlü siyasətinin tərkib hissəsidir: "Azərbaycan burada yaşayan bütün xalqların doğma vətənidir. Hər bir xalqın nümayəndəsi bizim dəyərli vətəndaşımızdır. Biz bütün dinlərin nümayəndələrinə böyük hörmətlə və rəğbətlə yanaşırıq. Bu gün Azərbaycanda məscidlərlə xristian kilsələri, katolik kilsəsi, yəhudi sinaqoqları yanbayan dayanır. Budur  Azərbaycanın reallıqları və bizim dünya xəzinəsinə verdiyimiz töhfələr".Milli kimliklə bərabər dini kimlik də fərqli təzahürləri olan bir fenomendir. Belə ki, dinlərarası dialoq,tolerantlıq, multikulturalizm, din və etiqad azadlığı XX əsrin ikinci yarısından etibarən qlobal arenada aktuallıq kəsb etməkdədir. İnsanın mənəvi dünyası, onun formalaşmasında  mühüm rola malikdir. Məhz dövlət də bu kontekstdə xüsusi qayğı ilə  mənəvi dünyası inkişaf etmiş, ədalətli və ictimai şüura malik insanın yetişdirilməsini əsas məqsəd hesab edir. Hal hazırda milli-mənəvi dəyərlər informasiya mübadiləsi və qloballaşma prosesində mühüm aktuallıq kəsb edir. Bu mənada dinlərarası dialoq məfhumunu bir çox aspektdən başa düşmək lazımdır. Birincisi, bütün dinlər mütləqlik ideyasından və iddiasından yola çıxaraq özlərinin haqq olduğunu hesab edirlər. Bu baxımdan hər hansı bir dinin başqa bir dindən üstün olma fikri qəbuledilməzdir. Məhz bu rakursdan dinlərarasında dialoq məfhumu aktuallıq kəsb edir. Dinlərarası dialoq dinlər arasında deyil, hər hansı bir dinə inanan şəxslər və dindarlar arasında etik və sosial münasibətlərin yaranması deməkdir.Din və etiqad azadlığı məsələsinə gəldikdə isə beynəlxalq bəyannamələrdə də qeyd olunduğu kimi, hər bir şəxs dini dünyagörüşü, vicdan və etiqad azadlığı baxımından sərbəstdir. Əlbəttə ki, müsair cəmiyyətin inkişafında bunun əksini düşünmək belə absurddur. Ümumiyyətlə, müasir dünyada başqasını anlama, dini tolerantlıq ciddi siyasi və humanitar məsələlərdən hesab olunur. Bu baxımdan Azərbaycan dini tolerantlıq mövzusunda da model olma prespektivini gostərməkdədir. Məhz ölkəmizdə mövcud olan dinlər, təriqətlər və məzhəblərin müxtəlifliyi bunu təsdiq edir. Bütün bu dini icmalar arasında koordinasiyanı isə, əlbəttə ki, uğurlu siyasətə əsaslanan siyasi iradə həyata keçirir. Məhz Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və İlham Əliyevin layiqli şəkildə bu irsi tətbiq etmə bacarığı nəticəsində, Azərbaycanda din və tolerantlıq məsələlərində model olma istiqamətində ciddi addımlar atılmaqdadır.

 

 

Rəşad İlyasov,

fəlsəfə doktoru

 

Səs.- 2013.- 4 aprel.- S.3.