Azərbaycan Avrasiya qlobal və transmilli layihələr çərçivəsində

 

1992-2005-ci illərdə Orta Asiyada bir çox qlobal və transmilli layihələr həyata keçirilir ki, onların reallaşmasında Rusiya, Cənub-Şərqi Asiyanın inkişaf etmiş ölkələri ilə birlikdə ABŞ və Avropa dövlətləri də iştirak edirlər. Belə layihələrdən Narın və Vaxış çayları üzərində tikilən nəhəng su elektrik stansiyalarını, Çinə, İrana, Türkiyəyə, Azərbaycana və Gürcüstana  (Qara dəniz)  çıxan  nəqliyyat-kommunikasiya  xətlərini (TRASEKA layihəsi çərçivəsində), Çin-Qazaxıstan, Türkmənistan-İran dəmir və avtomobil yollarını, Buxara-Ural Orta Asiya qaz kəmərini və s. göstərmək olar. Bütün bu nəqliyyat-kommunikasiya xətləri region ölkələrinə özlərinin xarici aləmlə əlaqələrində daha optimal, sərfəli marşrutlar seçmək imkanı yaratmışdır.  Eyni  zamanda,  Qərb-Şərq  əlaqələrində həlledici bir həlqəyə çevrilməklə, region ölkələri öz müstəqillikləri və milli maraqlarının qorunması baxımından əlverişli dəstəyə də nail olmuşlar.

Ə.Həsənov yazır ki, hazırda Orta Asiyanın neft və qaz yataqlarına Əfqanıstan, Hindistan, Pakistan, Çin, Yaponiya və digər Asiya dövlətləri ilə yanaşı Qərb ölkələri və ABŞ ciddi maraq göstərirlər. Onlar Cənubi Qafqazdan Aralıq dənizinə (Ceyhana) uzanan magistral neft və qaz kəmərlərinə Qazaxıstan və Türkmənistanın karbohidrogen sərvətlərini qoşmaq üçün ciddi səy göstərirlər. Faktiki olaraq, Qərb ölkələrinin planlaşdırdığı və region ölkələrinin də can atdığı Termez-Məzari Şərif-Herat (Əfqanıstan) dəmir və avtomobil yolu, neft və qaz kəmərləri istisna olmaqla (bu yolun İranın Bəndərabbas limanına - Fars körfəzinə qədər uzadılması Çin və Hindistanın strateji planına daxildir) Orta Asiyanın xarici aləmlə bütün əsas əlaqələrinə çoxvariantlı şərait yaradıb. Orta Asiya ölkələri Azərbaycan və Gürcüstan vasitəsilə Qara və Aralıq dənizinə açılan nəqliyyat-kommunikasiya xətləri vasitəsilə Qərblə Sarı və Cənubi-Çin dənizinə uzanan xətlə, Şərq ölkələri ilə Fars körfəzinə və İrana uzanan xətlə isə Cənubla əlaqələrini asanlaşdırmağa müvəffəq ola bilərlər.

Region ölkələrinin düşündüyü perspektiv layihələrdən Orta Asiyadan Hindistan və Pakistana qədər uzanacaq (bu kəmər çox yəqin ki, Əfqanıstan ərazisindən çəkiləcək) Qazaxıstandan Çinə çəkiləcək neft-qaz boru kəmərlərini də qeyd etmək olar.

Beləliklə, göründüyü kimi, Orta Asiya həm Asiyanın, həm də Avropa və Amerikanın həyati maraqlarının əks olunduğu ən əhəmiyyətli bir regiondur ki, burada ayrı-ayrı maraqların kəsişməsi real və gözləniləndir. Bu region Cənubi Qafqaz, Qara və Xəzər dənizi ətrafı ölkələrlə birlikdə "Avrasiya" adlanan əhəmiyyətli geosiyasi və geoiqtisadi məkanı təşkil edir.

Avrasiyanın mühüm əhəmiyyətə malik geosiyasi bölgələrindən biri də Qərb və Şərq əlaqələrində keçid - körpü rolunu oynayan Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdır. Avrasiyanın Mərkəzi Asiya (Orta Asiya) adlanan hissəsi Avropa və Asiya nəqliyyat-kommunikasiya dəhlizinin Asiya hissəsini təşkil edirsə, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz onun Avropa hissəsini təşkil edir. Avrasiyanın Avropa hissəsinin ən böyük dövləti Rusiyadır. Rusiyadan başqa bu bölgədə Azərbaycan, Türkiyə, Ukrayna, Rumıniya, Bolqarıstan, Gürcüstan və Ermənistan  yerləşir. Bu ölkələr siyasi inkişaf, demokratik transformasiya və Qərbə inteqrasiya baxımından Orta Asiya ölkələrindən daha irəlidədir. Hövzə ölkələrindən Polşa, Rumıniya, Bolqanstan və Türkiyə Şərqi Avropa dövlətləri çərçivəsində artıq bürün parametrləri üzrə Qərbin iqtisadi, siyasi və hərbi təhlükəsizlik sisteminə inteqrasiya olunmuş hesab edilir. Qərbin Avrasiya ilə yeni qonşuluq sərhədləri də bu ölkələrin sərhədləri bitən, Rusiya, Ukrayna, Gürcüstan, Azərbaycan, Belorus və Moldovanın sərhədləri başlanan yerdən başlanır.

Ə.Həsənovun qeyd etdiyi kimi, Orta Asiyada olduğu kimi, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda da bölgənin geosiyasi, geoiqtisadi və strateji hədəfləri uğrunda Qərb ölkələri və ABŞ bir tərəfdən, Rusiya, Çin, İran və b. region dövlətləri isə digər tərəfdən ciddi rəqabət aparır.

Bölgənin enerji resursları və karbohidrogen ehtiyatları, Şərq-Qərb hava, su və nəqliyyat-kommunikasiya dəhlizləri, satış bazarları, geosiyasi və geostrateji əraziləri və s. maraqların kəsişdiyi və toqquşduğu əsas hədəflər hesab olunur.

NATO-nun və Avropa İttifaqının Şərqə doğru genişlənməsi və Xəzər-Qara dəniz hövzəsi ölkələrinin Qərbin yeni qonşusuna çevrilməsi avtomatik olaraq bu bölgənin Avropanın siyasi, iqtisadi və hərbi maraq dairəsinə düşməsinə səbəb oldu. Rusiya və İran bu bölgədə yeganə ölkələrdir ki, hövzə ölkələrinin Qərbə hərtərəfli inteqrasiyasına mane olmağa və bütün gücləri ilə bu ölkələrin sabit inkişafına əngəllər yaradaraq öz təsirini qorumağa çalışırlar. Onların bu işdə müttəfiqləri Belarus və Ermənistandır.

Hövzə ətrafında demokratik transformasiya, iqtisadiyyatın modernləşdirilməsi, bazar iqtisadiyyatı və liberallaşma kimi transmilli məsələlərdə Orta Asiya ölkələri vo Çin də müəyyən qədər Rusiyanın tərəfini saxlayır və Qərbin irəliyə getməsinə maneçilik törətməyə çalışırlar. Qərbin hövzə maraqları və siyasəti ardıcıl olaraq Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova tərəfindən dəstəklənir. Bu istiqamətdə bəhs olunan ölkələr və onun müttəfiqləri Rusiya və onun müttəfıqləri ilə rəqabət aparırlar.

Göründüyü kimi, kəsişən maraqlar, fərqli oriyentasiyalar. daxili konfliktlər, xarici təsirlər və s. Orta Asiya, Xəzər-Qara dəniz hövzəsi və  Cənubi  Qafqazda dövlətləri  müxtəlif düşərgələrə üz tutmağa və fərqli istiqamətlər üzrə qruplaşmağa sövq etmişdir (Bu barədə təfsilatı ilə bax: Avrasiya subregional inteqrasiyası və Azərbaycan).

Avrasiya regionunda daxili inteqrasiyanın çətinliyi də məhz ölkələr arasındakı tarixi inkişaf istiqamətlərinin fərqli olması, bu əsasda regiondaxili münaqişələrin mövcudluğu, maraqların kəsişməsi, xarici geosiyasi güclərin təsiri və s. faktorlarla izah edilir. Region ölkələrinin qarşısında iqtisadi və sosial yeniləşmənin, liberallaşma və demokratikləşmənin ciddi bir vəzifə kimi dayandığı müasir dövrdə onların iqtisadi inteqrasiyasına, vahid geostrateji strukturunun, regional əməkdaşlığın, sabit və təhlükəsiz bölgənin formalaşmasına Rusiya-İran-Ermənistan üçlüyünün yürytdüyü siyasət mane olur.

Hövzə ölkələrinin inkişafı, bölgənin sabitliyi və sivil birgəyaşayış normaları ilə tənzimlənən beynəlxalq münasibətlərə qatılması bərabərhüquqlu, qarşılıqlı-faydalı əməkdaşlıqdan, hər bir dövlətin beynəlxalq hüquq normalarına, özünün və qonşularının suveren hüquqlarına hörmətlə yanaşmasından asılıdır. Azərbaycan, Ukrayna, Gürcüstan, Türkiyə, Moldova kimi hövzə ölkələrinin demokratik inkişaf yolunu öz daxili, Qərbə inteqrasiyanı və bərabərhüquqlu regional əməkdaşlığı isə xarici siyasətlərinin başlıca prinsipi kimi elan etməsi effektiv regional inteqrasiya üçün ciddi əsas hesab oluna bilər.

SSRİ dağılandan sonra Avrasiya regionunda ən fəal xarici siyasət yürüdən mərkəzlərdən biri ABŞ və onun Qərb partnyorları hesab oluna bilər. Ümumiyyətlə, beynəlxalq münasibətlər sisteminin formalaşmağa başladığı Orta əsrlərdən XXI əsrin başlanğıcına qədərki üç yüz ildən artıq bir dövrdə Avrasiya bölgəsi daim Avropanın böyük dövlətlərinin, XX əsrin başlanğıcından isə ABŞ-ın marağını kəsb etmişdir. Lakin əvvəllər Rusiya imperiyasının, sonralar isə SSRİ-nin bu regiondakı aparıcı mövqeyi Qərb ölkələrini bölgənin işlərinə ciddi müdaxilə imkanlarından məhrum etmişdir. Ayrı-ayrı dövrlərdə ingilislərin və türklərin bölgədəki fəaliyyəti istisna olmaqla, Qərb bu regionda heç zaman uzunmüddətli zaman kəsiyində möhkəmlənə bilməmişdi. Lakin buna baxmayaraq, onlar Avrasiyada möhkəmlənmək fikrindən heç zaman əl çəkməmişlər.

Ə.Həsənov yazır ki, Avrasiya regionu ABŞ və Qərb ölkələri üçün də əsasən öz maraqları çərçivəsində əhəmiyyət kəsb edir və onların bu bölgə ölkələrinə meyil göstərməsi də əsasən məxsusi maraqları ilə bağlıdır. Lakin fərq ondadır ki, Rusiya və İran kimi ölkələr öz təsirini qeyri-sivil yollarla möhkəmlətməyə, yerli ölkələri daxili problemlər içərisində (etnik, dini separatizmi qızışdırmaq, daxili qarşıdurma və iğtişaşlar törətmək, iqtisadi blokadaya almaq və s.) boğmaqla həyata keçirdiyi halda, Qərb ölkələri daha çox bölgədə sakitlik yaratmaq, liberallaşma, demokratikləşmə və transmilli siyasətin həyata keçməsinə dəstək vermək, ölkələrarası əməkdaşlığı genişləndirmək, etnik-milli münaqişələri dinc yolla həll etməklə nail olmağa çalışırlar. Odur ki, Avrasiyada yerləşən yeni müstəqil dövlətlər sağlam və qeyri-sağlam rəqabət, bərabərhüquqlu, qarşılıqlı-faydalı əməkdaşlıq və təzyiq siyasəti arasında seçim qarşısında qalırlar. Bu da müvafiq olaraq bölgədə münasibətlərə öz mənfi, yaxud müsbət təsirini göstərir.

Avrasiyanın geosiyasi, geoiqtisadi və geostrateji əhəmiyyəti haqqında dünya politoloqlarının çoxsaylı araşdırmaları mövcuddur. ABŞ politoloqları Z.Bjezinski, X.Makkinder Avrasiyanı (Orta Asiya və Cənubi Qafqazı bu regionun ən əhəmiyyətli bölgəsi kimi qiymətləndirirlər) kontinental dünyanın (Xartlendin) ən əhəmiyyətli geosiyasi hissəsi hesab edirlər. X.Makkinder yazır ki, bu ərazi özünün suvarma sistemləri, bərəkətli torpaqları, taxılı, pambığı, meyvə-tərəvəzi ilə yanaşı, zəngin enerji resursları, nefti, qazı, qiymətli metalları ilə bütün inkişaf resurslarına malikdir. Bundan başqa, regionun nəqliyyat-kommunikasiya imkanları, avtomobil və dəmir yolları, neft və qaz kəmərləri həm qonşu ölkələrlə, həm də bütün dünya ilə əlaqələrə geniş imkan yaradır. Onun fikrinə görə, (eyni fikri Z.Bjezinski də bölüşür), Xartlendə sahib olan bütün dünyaya sahib olacaq.

ABŞ Avrasiyada bir neçə istiqamət üzrə öz mövqelərini möhkəmlətməyə səy göstərir. İlk növbədə, bölgədə öz hərbi bazalarını yerləşdirir və NATO-nun təsirini artırmaqla beynəlxalq terrorizmə qarşı mübarizə və regional təhlükəsizliyə, dünyada sülhün və əmin-amanlığın qorunması işinə Avrasiya ölkələrini cəlb etməyə çalışır. İkincisi, bu regionda iqtisadi inkişafa, siyasi sabitliyə yardım etməklə avtoritar idarəçiliyin və radikal islamın təsirini azaltmağa səy göstərir. Bu məqsədlə ABŞ və Avropa kompaniyaları, bankları və investisiya korporasiyaları Avrasiya ölkələrində struktur islahatlarına, nəqliyyat-kommunikasiya sisteminin təkmilləşməsi və yeniləşməsinə, enerji, rabitə və s. sistemlərin inkişafına dəstək verir. Üçüncüsü, ABŞ regionla Qərbin, xüsusən, Aralıq dənizi, Qara dəniz hövzəsi ölkələrinin əməkdaşlığının, enerji daşıyıcıları istehsalının, onların Qərb bazarına çoxvariantlı nəqlinin təmin edilməsinə hərtərəfli dəstək verir. Nəhayət, ABŞ Avrasiya dövlətlərində vətəndaş cəmiyyətinin formalaşması, siyasi plüralizmin, demokratiyanın və insan hüquqlarının təmin edilməsi sahəsində ciddi iş aparır.

Ə.Həsənov göstərir ki, ABŞ Avrasiyada NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində xüsusi hərbi və Avropa İttifaqının müxtəlif proqramları çərçivəsində məqsədyönlü iqtisadi siyasət yürüdür. Bununla da gələcəkdə hər iki sahə üzrə bu regionu Rusiyanın və İranın təsirindən çıxarmağa və Qərbin nəzarətinə salmağa çalışır.

Avrasiyada öz təsirini artırmağa, onun geosiyasi, geoiqtisadi, hərbi və s. proseslərində yaxından iştirak etməyə çalışan böyük region dövlətlərindən biri də Çindir. Çin bölgəni hərtərəfli tədqiq edərək, onun xammal mənbələrinə, nəqliyyat-kommunikasiya imkanlarına, satış bazarlarına daxil olmanın və təmsilçiliyin məxsusi strategiyasını hazırlamışdır.

Çin Avrasiyaya həm satış bazarı, həm Qərbə, İran körfəzinə, Yaxın Şərqə çıxış üçün tranzit regionu, həm də öz ölkəsini enerji daşıyıcıları, dağ-mədən sənayesi məhsulları, metal və s. xammalla təmin edə biləcək bölgə kimi baxır. Bundan başqa, Çin Qərbin Asiyada hərbi, siyasi, iqtisadi təsirini və öz mövqelərini möhkəmlətməyin də əleyhdarı kimi çıxış edir və bu  anlamda  Rusiya    İranla  müttəfiqlik  edir.

Orta Asiya və Cənubi Qafqaza ciddi maraq göstərən region ölkələri sırasında Yaponiya, Hindistan və Pakistanı da xüsusi qeyd etmək lazımdır. Hər üç ölkə Avrasiya vasitəsilə özünün Qərbə ən yaxın nəqliyyat keçidini təmin etmək, regionda iqtisadi təsirlərini artırmaq, satış bazarlarından və xammal mənbələrindən istifadə etməyə çalışırlar. Eyni zamanda, Avrasiyanın enerji daşıyıcıları da hər üç ölkəni özünə cəlb edir.

Beləliklə,  dünyanın ən  əhəmiyyətli  geosiyasi  və geostrateji regionu hesab olunan Avrasiya bölgəsi, sözün həqiqi mənasında Z.Bjezinskinin ifadə etdiyi kimi "böyük şahmat lövhəsini" xatırladır. Bu regionda bölgənin kiçik və böyük dövlətlərinin milli maraqları ilə transmilli beynəlxalq maraqlar bəzi məsələlər üzrə üst-üstə düşsə də, başqa məsələlər üzrə kəsişir.

 Göründüyü kimi, Avrasiyanın mühüm geosiyasi, geoiqtisadi bölgəsi hesab olunan Orta Asiya, Qara və Xəzər dənizi bölgəsində   müasir   beynəlxalq   münasibətlər      dövlətlərarası əlaqələr xüsusi dinamizmi, ciddi problemləri, maraq toqquşmaları və kəsişmələri ilə müşayiət olunur. Bu bölgədə yerli, regional və transmilli tendensiyalar və proseslər çox mürəkkəb və ziddiyyətli ssenari üzrə inkişaf edir.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə, fəlsəfə doktoru

 

Səs.- 2013.- 5 aprel.- S.14.