Professional təhsil almış ilk Azərbaycan bəstəkarı

 

Azərbaycan musiqi sənətinin görkəmli xadimlərindən biri, xalq musiqisinin mahir təbliğatçısı, istedadlı bəstəkar Asəf Zeynallının yaradıcılığı böyük bir həyat salnaməsidir. Elə bir salnamə ki, onun hər səhifəsində gənc bəstəkarıProfessional təhsil almış ilk Azərbaycan bəstəkarın əks etdirdiyi musiqi obrazları öz təravətini, reallığını, həyatiliyini bu gün də saxlayır.

İstedad heç bir zaman qocalmır. Əksinə, parlaqlığını özündə daim əks etdirir. Bu dünyadan vaxtsız köçən, cəmi 23 il yaşayan Asəf Zeynallı sənəti də minlərin, milyonların ürəkdən sevib, pərəstiş etdiyi böyük, müqəddəs sənət obyekti kimi daim yaşayır, parlayır.

Asəf Zeynallının musiqi sənətimizdə tarixi xidmətləri böyükdür. O, Azərbaycan Dövlət Konservatoriyasında professional təhsil almış ilk Azərbaycan bəstəkarıdır. Görkəmli bəstəkar və ictimai xadim olan Asəf Zeynallı ilk milli romansların, fortepiano və skripka üçün miniatürlərin, həmçinin, ilk simfonik əsər nümunələrinin müəllifidir. O, qısa həyatı boyu Üzeyir Hacıbəyov ənənələrinə sadiq qalaraq müxtəlif janrlı əsərləri ilə professional musiqimizi daha da zənginləşdirmişdir.

Asəf Zeynalabdın oğlu Zeynallı 1909-cu ildə aprelin bu günü Dərbənd şəhərində dünyaya göz açmışdır. 20-ci illərin əvvəllərində Zeynallının ailəsi Bakıya köçür. 1922-26-cı illərdə Bakı Musiqi Texnikumunda oxuyur, 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının orkestr fakültəsinə daxil olur, sonra isə bəstəkarlıq fakültəsində təhsilini davam etdirir. Ü.Hacıbəyov, B.Karaqiçev, L.Y.Ab, L.P.Yablonko kimi görkəmli bəstəkarlardan dərs alan Asəf Zeynallı əsərlərinin çoxunu konservatoriyadakı təhsil illərində yazmışdır.

1927-ci illərin axırlarında Asəf Zeynallı Azərbaycan “Tənqid-təbliğ” teatrında işə başlayır. Teatrın musiqi hissəsinə müdir təyin olunan Asəf Zeynallı bir çox tamaşalara - C.Cabbarlının “Sevil”, S.Rüstəm və H.Nəzərlinin “Yanğın”, C.Xəndanın “Gizli əl”, A.Yanovskinin “Qəzəb” və s. musiqi tərtibatı vermişdir.

Asəf Zeynallının musiqi irsi çoxcəhətlidir. O, xalqın mənəvi zənginliyinin tərcümanı olan musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaratmışdır. Lakin Azərbaycan musiqi tarixində bəstəkar, milli romans janrının yaradıcısı kimi tanınaraq, özünəməxsus dəst-xətti ilə xüsusi olaraq diqqəti cəlb edir. Vətənpərvərlik romansı olan “Sərhədçi” balladadır, vətən haqqında himn olan “Ölkəm” xoş-lirik monoloqdur, “Çadra” lirik əhval-ruhiyyəli monoloqdur, qəmli dramatik lirikanın obrazlarını təcəssüm etdirən “Sual”, “Seyran” mahnı-romanslardır.

İlk milli fortepiano musiqi əsərlərinin meydana çıxmasında Asəf Zeynallının müstəsna xidməti olmuşdur. Məhz o, ilk dəfə milli folklor yaradıcılığından əməli şəkildə istifadə edərək, klassik Avropa fortepiano musiqisinin səciyyəvi cəhətlərini birləşdirmişdir. Bəstəkarın texniki cəhətdən o qədər də mürəkkəb olmayan “Çahargah” pyesində müxtəlif xarakterli epizodlar bir-birini əvəz edir.

Asəf Zeynallının “Uşaq süitası” yazıldığı vaxtdan musiqi məktəbi şagirdlərinin repertuarına daxil olmuşdur. Xalq musiqisinin xarakterik cizgilərini özündə əks etdirən parlaq obrazlı “Uşaq süitası”nda Avropa pyes süitalarının ənənəvi klassik forması öz təcəssümünü tapmışdır. “Çahargah” kimi, “Uşaq süitası” da milli musiqinin səciyyəvi xüsusiyyətlərini Avropa instrumental musiqi ənənələrinin tələbləri baxımından ümumiləşdirən əsərdir. Bu pyes musiqi sənətimizdə yeni fortepiano janrı kimi təzə bir səhifə açmışdır.

Asəf Zeynallı Azərbaycan musiqisinin təbliğinə də böyük diqqət yetirərək, 1931-ci ildə Moskva və Leninqradda (Sankt-Peterburqda) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər verir, Azərbaycan musiqisi haqqında məruzələrlə çıxış edirdi.

Asəf Zeynallı folklor nümunələrinin toplanıb, nota köçürülməsi və işlənməsi sahəsində böyük, faydalı iş aparmış, Azərbaycanın bir çox şəhər və kəndlərinə getmiş, respublikanın ən uzaq guşələrinə səfərə çıxmış və bunların nəticəsində külli miqdarda mahnı nota yazmışdır. Bəstəkar “Bakı” adlı simfoniya yaratmaq və həmin simfoniyada nota köçürdüyü melodiyaların bəzilərindən istifadə etmək fikrində idi. Lakin vaxtsız ölüm bir çox arzuları kimi bu istəyini də gözündə qoydu.

Bir pedaqoq kimi də Asəf Zeynallının xidmətləri böyükdür. Belə ki, 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbində musiqi nəzəriyyəsindən dərs demiş, “İbtidai not savadı” adlı dərslik tərtib etmişdir. Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov kimi gənc bəstəkarlar ondan dərs almışlar.

Cəmi 23 il yaşamış bəstəkarın ürəyində həyata keçirə bilmədiyi neçə-neçə yaradıcılıq niyyətləri yarımçıq qaldı. Deyirlər, insan iki ömür yaşayır - sağlığında və öləndən sonra. Xalqının sənətkar oğlu kimi yaşadı. Elə yaşadı ki, öləndən sonra da ölmədi. Gözəl insani keyfiyyətləri, fitri istedadı, ürəkləri riqqətə gətirən musiqisi ilə qəlblərə ömürlük həkk olundu. Həmişə, hər an öyrənilməyə, nümunə göstərilməyə layiq irs qoyub getdi.

 

 

ZÜMRÜD

 

Səs.- 2013.- 5 aprel.- S.12.