“Araz Fm” 2 yaşında
Bu gün özünə yetərincə dinləyici auditoriyası qazanmış "103.3 fm" dalğasının - "Araz" radiosunun əməkdaşları 2 yaşlarını qeyd edirlər. SİA bu münasibətlə radionun studiyasında bütün yaradıcı heyəti təbrik edib. Radionun 2 ili onlar üçün necə yadda qalıb və öz dinləyicilərini necə təbrik etdilər sualına reportajımızın davamında cavab tapa biləcəksiniz.
İlk qarşımıza çıxan radionun baş redaktoru, tanınmış radio və teleaparıcı Səxavət Nur oldu. O bildirdi ki, ad günləri ilə əlaqədar olaraq səhər saatlarından başlayaraq bütün verilişlərində əsl bayram ab-havası hökm sürəcək: “İki yaş radio üçün önəmli yaşdır. Bu illər ərzində radiomuz artıq öz sözünü deyir. Baxmayaraq ki, əvvəllər bizi köhnə Arazla qarışıq salırdılar. Ancaq onu qeyd edim ki, bizim radio yeni Arazdır. Yeni vaxtlar ancaq xəbər xarakterli məlumatlar verirdi. Ancaq indi bütün formatı dəyişdik. Hətta loqomuzu belə yenilədik. Efirimizdə dünya hitləri ilə yanaşı yerli musiqilərimiz də səsləndirilir. Müxtəlif mövzularda verilişlərimiz var”.
Radionun baş redaktoru bu gün üçün özəl hazırlanan buraxılışlarının olduğunu da dedi. Özəl buraxılışın bütün detallarının onun öz dilindən eşidək. Onun sözlərinə görə, radio yeni aksiya keçirib: “Aksiyamızın adı “Adı bizim, dadı sizin” adlanır. Adətən dinləyicilər bizdən hədiyyə alırdı. Bu dəfə isə biz onların evinə getdik. Bu hədiyyələr təbii ki, bizim ən aktiv dinləyicilərimizə verilir”.
Növbəti müsahibimiz isə RJ (radio jokey) Surxay oldu. Çəkiliş zamanı canlı efirdə olan aparıcı bizə vaxt ayırmağı da unutmadı. Bəxtəvər insanlardan olduğunu deyən Surxay: “Radioda ilk olaraq efirə çıxmışam. Bu da mənim üçün ən yadda qalan hadisə idi. Dinləyicilərimizi təbrik edirəm ki, biz varıq. Bundan sonra da çalışdığımız qədər istirahətinizin səmərəli keçməsi üçün əlimizdən gələni edəcəyik. Müsabiqələr hazırlayırıq və əlimdən gələn qədər sualları asan edəcəm..(gülür)”.
Efir arxasında bütün izləyicilərlə təmasda olan və onları xəttə qoşan efir prodüseri Aqşin Əsədovun fikirləri isə çox maraqlı oldu. Onun yaddaşında qalan ən maraqlı hadisə isə belə olub: “Bir gün efirdə aparıcılar belə sual verdilər ki, İvan Qroznı neçənci əsrdə yaşayıb. Bir nəfər dinləyicimiz zəng vurub dedi ki, internetdən bu sualın cavabını tapmışam. İlini bilirəm, lakin əsrini deməsəm olar? Hələ də şokdayam...(gülür)”.
Bütün bu işlərlə yanaşı, efir operatoru Vüqarında fikirlərini öyrənməyi yaddan çıxarmadıq. İşlədiyi müddət ərzində radio ilə bağlı yadında qalan ən maraqlı hadisəni məhz bizimlə bölüşdü. Onun sözlərinə görə, bu müddət ərzində maraqlı hadisələr çox olub: “Təzə işə gələndə bilmədən efir mikrafonunu bağlamışdım. Xəbər aparıcısı da bütün xəbərləri oxuyur. Hadisədən tez xəbər tutduğuma görə, aparıcının son nitqindən sonra vəziyyəti dərhal qaydasına saldım. Bu günə qədər bu hadisədən heç kimin xəbəri yoxdur”.
Radioda səhərlər yayımlanan "Üçü birində” verilişinin aparıcısı DJ Murad Həşimov və axşam efirində “İki yüz şou”nu aparan DJ Sənan da öz fikirlərini bizimlə bölüşdülər.
DJ Murad Həşimov bizimlə söhbətində bildirdi ki, bura onun ilk iş yeridir: “Hər gün efirimizdə maraqlı hadisələr olur. Bir dinləyicimiz var idi ki, o öz sevgisini musiqi nömrələri və evindəki heyvanların səsi ilə bildirirdi. Dinləyicilərimizi bir daha təbrik edirik. Sevindirici haldır ki, 24 saat ərzində onlarla təmasda ola bilirik”.
Radioda hindli kimi tanınan DJ Sənanın başına gələn ən gülməli hadisə isə belə olub: “Bu gün ad günümüz olduğuna görə, işə gələn kimi hamını təbrik etdim. "Üçü birində” verilişinin aparıcıları Murad və Elgün məni aldatdılar ki, bufetdə pulsuz yemək verirlər. Çox yemək yeyən biri deyiləm. Lakin evdən ac çıxmışdım. Bufetə getdim və bütün yeməklərdən yedim. Yeməyimi bitirdikdən sonra təşəkkür etdim ki, belə aksiya keçiriblər. Dedilər ki, belə bir aksiya yoxdur və 12 AZN borcun var. O zaman başa düşdüm ki, mənimlə zarafat ediblər...(gülür)”.
Aparıcılar ən sonda öz həmkarlarını fərqli şəkildə təbrik etməyi də unutmadılar. Onlar “Happy birthday” mahnısını həm ingilis, həm də ana dilimizdə oxuyaraq dinləyicilərini təbrik etdilər.
Məlumat üçün bildirək ki, Araz Fm keçən ilin məhz bu günündə ilk efir məkanına daxil olub. İnternet vasitəsilə online dinlənən Araz Fm xaricdə yaşayan soydaşlarımızın da dinlədiyi radio oldu. Dünya standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş studiya, səsyazma və montaj otaqları, xəbər mərkəzi yaradıcı heyətin ixtiyarındadır. Gün ərzində dünyanın və əlbəttə ki, ölkəmizin ən populyar mahnıları radioda səslənir. Ünvanları isə bütöv AZƏRBAYCANDIR!!!
Sonda biz də SİA kollektivi olaraq bütün radio əməkdaşlarını təbrik edir, gələcək işlərində uğurlarının davamlı olmalarını diləyirik.
Səs.- 2013.- 5
aprel.- S.10.