Azərbaycan regional və
dünya ölkələrinin Avrasiyaya inteqrasiyası
Müasir dövrdə geosiyasət xalqların, dövlətlərin
və regionların inkişafında əsas faktorlardan birinə
çevrilib.
Çünki istənilən dövlətin,
xalqın taleyi, müxtəlif coğrafi amillər və geosiyasi
güc mərkəzlərinin bu məkanda tutduğu mövqe,
atdığı addımlar və yeritdiyi siyasətdən
asılıdır. Azərbaycanın yerləşdiyi
region dünya düzümünün formalaşmasına təsir
göstərmək gücündə olan geosiyasi məkandır.
Bu baxımdan, dünyanın ən həssas
regionlanndan sayılan Qafqaz və Xəzər hövzəsində
cərəyan edən hadisələri yalnız dünyada gedən
proseslər və regionda mənafeyi olan mərkəzlərin
marağı çərçivəsində deyil, həm də
əsrlər boyu burada gedən geosiyasi proseslər
prizmasından təhlil etmək doğru olardı.
Əli Həsənovun
fikrincə, Azərbaycanın xarici siyasət istiqamətləri
və prioritetləri sırasında Avropa ilə Asiyanın
qovşağında yerləşən və şərti
olaraq Avrasiya adlandırılan subregion ölkələri ilə
münasibətlər həmişə xüsusi yer tutub. Azərbaycanın özü də
bu bölgə ölkələri sırasına daxil
olduğundan, onun həm daxili, həm də xarici vəziyyəti
daim bu regionda baş verən hadisələrdən, region
dövlətləri arasındakı münasibətlərdən,
onların üst-üstə düşən və kəsişən
maraqlarından, eyni zamanda, dünyanın aparıcı
dövlətlərinin bu subregionda həyata keçirdiyi
transmilli siyasətdən asılı olaraq dəyişmişdir.
Avrasiya geostrateji və geosiyasi əhəmiyyətinə
görə dünyanın bürün aparıcı dövlətlərinin,
qloballaşma və inteqrasiya mərkəzlərinin, beynəlxalq
və regional təşkilatların diqqətini daim öziinə
cəlb etmişdir. Bu bölgənin:
1. Avropa
ilə Asiyanın qovşağında yerləşməsi onu
dünyanın əsas nəqliyyat-kommunikasiya (su, quru və
hava) dəhlizi kimi tanıtmış və transmilli bir faktora
çevirmişdir;
2. Ərazi
xarakteristikası (təbii xammal mənbələri ilə zənginliyi,
mühüm geostrateji əraziləri), əmək
resurslarının potensialı (ucuz işçi qüvvəsi,
istehsalat, satış bazaları imkanlarının
genişliyi, transmilli inkişafa meyilliliyi və s.), dünya
enerji və xammal ehtiyatlarının böyük qisminə
malik olması və s. onun transmilli geostrateji əhəmiyyətini
artırmışdır.
Hər iki faktor, eyni zamanda, beynəlxalq sülh, təhlükəsizlik
üçün kəsb etdiyi əhəmiyyət də nəzərə
alınmaqla, bu bölgəni dünya siyasətinin mərkəzinə
çıxarmışdır. Bu da müvafiq olaraq, ABŞ və
onun Avropa müttəfiqlərini (NATO, Avropa İttifaqı və
s.), Cənub-Şərqi Asiyanın Çin, Yaponiya, Cənubi
Asiyanın Pakistan və Hindistan, regionun Rusiya, İran,
Türkiyə kimi böyük dövlətlərini bu bölgədə
öz siyasətini yürütməyə sövq etmişdir.
Avrasiya beynəlxalq əhəmiyyəti ilə
yanaşı, həm də region xalqlarının
yaşadığı, region ölkələrinin mövcud
olduğu konkret bir məkandır. Hər bir Avrasiya ölkəsi
böyüklüyündən və kiçikliyindən
asılı olmayaraq, bölgədə öz milli
marağını təmin etmək məqsədilə məxsusi
xarici siyasət yürüdür, dünya və region dövlətləri
ilə münasibət qurur, iqtisadi, siyasi, hərbi, mədəni
bloklar yaradır, transmilli və regional inteqrasiya və
başqa proseslərdə iştirak edir. Bu
anlamda onlar bəzən bir-biri və regionda marağı olan
digər böyük dövlətlərlə toqquşur,
münaqişəyə girir ki, bu da regionda qruplaşmalara,
qarşıdurmalara və subregional bloklaşmalara şərait
yaradır.
Ə.Həsənov
yazır: "Avrasiya regionunda dövlətlərarası və
beynəlxalq münasibətlər bir neçə istiqamət
üzrə cərəyan edir:
1. Regionun
böyük dövlətlərinin ayrı-ayrılıqda təzahür
edən milli maraqları (iddiaları). Bu dövlətlərə
Rusiyanı, Çini, İranı və Türkiyəni aid etmək
olar.
2.
Dünyanın digər böyük dövlətləri və
yaxud birliklərinin maraqları. Bunların
sırasına ABŞ, Avropa İttifaqı və onun bəzi
üzv dövlətlərini (İngiltərə, Fransa,
Almaniya) və Yaponiyanı aid etmək olar.
3. Regionun
mühüm geosiyasi və geostrateji əhəmiyyət kəsb
edən dövlətlərinin məxsusi mənafeləri və
partnyorlarının maraqları (Ukrayna, Azərbaycan,
Qazaxıstan, Gürcüstan, Özbəkisitan və s.).
4. Regionun
böyük dövlətləri və regionda marağı
olan dünyanın güc mərkəzlərinin münasibətləri.
5. Regionun
kiçik dövlətlərinin (xüsusən, geostrateji əhəmiyyət
kəsb edən ölkələrin) dünyanın güc mərkəzləri
ilə münasibətləri.
6. Regionun böyük dövlətlərinin bir-biri ilə
münasibətləri və s."
Avrasiyanın geostrateji vəziyyəti və dövlətlərarası
münasibətlərin indiki xarakteri 1991-ci ildə SSRİ
dağılandan və postsovet respublikaları beynəlxalq
münasibətlərin müstəqil subyektinə çevriləndən
sonra formalaşmışdır. O zamana qədər bu region əsasən
SSRİ-nin tam təsiri altında idi. ABŞ və
NATO ölkələri Türkiyə vasitəsilə regionda
öz maraqlarını reallaşdırmağa
çalışsalar da, ciddi bir müvəffəqiyyət
qazana bilmirdilər. Regionun Çin, İran kimi ölkələri
öz Avrasiya siyasətlərini SSRİ ilə
razılaşdırılmış şəkildə həyata
keçirir və demək olar ki, müstəqil faktor kimi
çıxış etmirdilər.
SSRİ dağılarkən yeni müstəqil dövlətlərin
sərhədləri müttəfiq respublikaların
keçmiş əraziləri çərçivəsində
olduğu kimi saxlanıldı. Baxmayaraq ki, bu
respublikalar SSRİ tərkibində vahid təsərrüfat
sistemi yaratmışdı (qarışıq ailələr,
gömrük-sərhəd sisteminin yoxluğu, təsərrüfat-istehsalat
bağlılığı, nəqliyyat kommunikasiyanın vahid
sistemi və s.), müstəqillik illərində bütün
bu əlaqələr dağıldı və milli sərhədlər
çərçivəsində yenidən təşkil edildi.
Keçmiş respublikalar vahid SSRİ tərkibində
müəyyən edilmiş əraziləri ilə birlikdə
ayrılsalar da, bəzi münaqişələrdən
qaçmaq mümkün olmadı. Belə münaqişələrdən
Rusiya və Ukrayna (Krım məsələsi),
Rusiya-Qazaxıstan (Qazaxıstanın ruslar yaşayan beş şimal vilayəti), Rusiyanın daxilində
milli azlıqların ərazi və müstəqillik
iddiaları (Tatarıstan, Çeçenistan və s.),
Rusiya-Moldova (Dnestryanı vilayət məsələsi),
Rusiya-Baltikyanı dövlətlər (Estoniya, Litva və
Latviya ilə münaqişələr), Azərbaycan-Ermənistan
(Dağlıq Qarabağ problemi), Gürcüstanın daxilində
(Abxaziya, Cənubi Osetiya və s.) yaşanan ərazi
iddialarını göstərmək olar.
Bundan başqa, Xəzər dənizinin
bölüşdürülməsi və milli sektorların sərhədlərinin
müəyyən edilməsində dörd postsovet
respublikası (Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan)
öz aralarında və İranla bəzi fikir
ayrılıqları nəticəsində münaqişəli
vəziyyətlə üzləşdilər. Əslində,
postsovet ölkələri SSRİ-nin daxili və xarici
mülkiyyətinin, xarici borcları və öhdəliklərinin
bölüşdürülməsində də çox ciddi
çətinlikləri dəf etməli oldular.
Ə.Həsənov göstərir ki, Rusiya başda
olmaqla bəzi postsovet respublikaları bu problemləri aradan
qaldırmaq, keçmiş əlaqələrin
pozulmasının qarşısını almaq
üçün 1991-ci ildə Müstəqil Dövlətlər
Birliyi adlanan regional qurum yaratdılar. Əlbəttə,
MDB-nin yaranmasını postsovet ölkələri arasında
yeni formalı inteqrasiya kimi də, əksinə, dezinteqrasiyaya
xidmət edəcək birlik kimi də dəyərləndirənlər
tapıldı. MDB keçən 14 ildə
həm ciddi böhranlar, həm də müəyyən
ümidverici inkişaf anları yaşadı.
Avrasiyanın mühüm geosiyasi, geostrateji və
geoiqtisadi bölgələrindən biri Orta (Mərkəzi)
Asiyadır.
Dünya xəritəsində özünün geniş ərazisi
ilə (4 milyon kv.km) xüsusi seçilən bu regionda
ümumi əhalisi 55 milyon nəfər olan beş
dövlət - Özbəkistan, Qazaxıstan, Türkmənistan,
Qırğızıstan və Tacikistan yerləşir. Orta (Mərkəzi) Asiya, Cənubi Qafqaz ölkələri
ilə birgə Şərq (Cənub Şərqi Asiya) və Qərb
(Avropa) arasında keçid rolunu icra edir. Şərq-Qərb
əlaqələrində ən qısa və əlverişli
nəqliyyat (quru, su, hava və domiryolu), kommunikasiya (telefon,
rabitə, kabel-optik, enerji daşıyıcıları xətləri
və kəmərləri və s.) imkanları da bu bölgə
ölkələrinə məxsusdur.
Orta Asiya,
Cənubi Qafqaz, Qara və Xəzər dənizi hövzəsi
təbii qaynaqları, xüsusən, enerji
daşıyıcıları (neft, qaz), qiymətli metal
(qızıl, mis, uran, alüminium, sink və s.) ehtiyatları
ilə də qiymətlidir. Bu geostrateji dəyərlər
bütün dövrlərdə Qərb (ABŞ, Avropa dövlətləri),
Şərq (Çin, Cənubi Koreya, Yaponiya, Hindistan, Pakistan)
və Rusiya arasında maraq mübarizəsini şərtləndirmiş
və stimullaşdırmışdır.
SSRİ dağılandan sonra Avrasiya qlobal və transmilli
fəaliyyət məkanı kimi maraq doğurmuş mərkəzinə
çevrilmişdir ki, bu da regionu on milyardlarla investisiya, ən
qabaqcıl texnologiya və ən nəhəng layihələrin
mərkəzinə çevirmişdir. Xüsusən, Azərbaycanın,
Türkmənistanın və Qazaxıstanın enerji
daşıyıcılarının istismarına yönəlmiş
həm Qərb, həm də Şərq ölkələrinin
səyləri diqqəti cəlb etmişdir.
Avrasiyada,
xüsusən, Orta Asiyada ənənəvi olaraq Rusiyanın mövqeləri və
deməli, digər ölkələr qarşısında təbii
üstünlüyü mövcuddur. Əlbəttə,
SSRİ-nin dağılması və Orta Asiya
respublikalarının müstəqillik qazanması, bir tərəfdən
Rusiyanı və bu ölkələri yeni şəraitlə
üz-üzə qoydu, onları regiona artan xarici maraqlarla
hesablaşmaq məcburiyyəti ilə üzləşdirdi, digər
tərəfdən, Qərbin, Çin və Yaponiyanın illərdən
bəri planlaşdırdığı, lakin
reallaşdırılması mümkün olmayan strateji fəaliyyətlərini
sürətləndirdi. Hazırda bütün
üstün mövqelərinə baxmayaraq, Rusiya müasir
dünyanın qlobal və transmilli təzyiqləri
qarşısında öz mövqelərini biri-birinin
ardınca təhvil verməyə məcbur edilir.
Ə.Həsənovun
qeyd etdiyi kimi, Orta Asiya və Cənubi Qafqaz dövlətlərinin
məxsusi maraqları
regionun sabitliyindən, xarici
investisiyaların və
texnologiyaların azad rəqabət şəraitində
bölgəyə yönəldilməsindən, bütün
qonşu ölkələrlə (Rusiya, Çin, İran,
Türkiyə, Pakistan), Qərb dünyası ilə
qarşılıqlı-faydalı əməkdaşlıqdan
keçir. Bu mənada, əlbəttə,
Rusiyanın regiondakı əsassız üstünlüyü
ilə bölgə ölkələrinin məxsusi maraqları
heç də üst-üstə düşmür. Bəzən
Çin, Cənubi Koreya, Yaponiya və Qərb ölkələrinin
daha əlverişli şərtlərlə təklif etdiyi
qlobal layihələri Rusiya rəqabətdən kənar əldə
edərək, öz maraqlarını region dövlətlərinin
maraqları hesabına təmin edirdi. Hazırda
isə Rusiya bu bölgədə daha tez-tez rəqabətə
girməyə sövq edilir ki, bu da həm region dövlətlərinin,
həm də bütün tərəflərin maraqlarına
cavab verir.
Orta
Asiyanın bütün beş ölkəsi
bu və ya digər formada Rusiya ilə inteqrasiya proseslərinə
qatılb. Onların hamısı MDB-nin üzvləridir.
Bundan başqa, onlar öz aralarında Mərkəzi
Asiya Əməkdaşlıq Təşkilatı adlı qurum
da yaratmışlar. Orta Asiya ölkələri
digər qonşu dövlətlərlə birgə İqtisadi Əməkdaşlıq
Təşkilatında (İran, Türkiyə, Pakistan və Azərbaycan
da bu qurumun üzvləridir), Şanxay Əməkdaşlıq
Təşkilatında (Türkmənistan istisna olmaqla), NATO-nun
"Sülh naminə tərəfdaşlıq" proqramı
çərçivəsində Qərblə çoxtərəfli
əlaqələrdə də iştirak edirlər. Əlbəttə, Orta Asiya ölkələri bu
çoxtərəfli əlaqələrə, beynəlxalq və
regional qurumlara üzvlüyə öz müstəqil dövlətçilik
maraqlarını təmin etmək, gələcəkdə
Rusiya, yaxud digər ölkələr tərəfindən
müstəqilliklərinə edilə biləcək qəsdin
qarşısını almaq məqsədilə
qoşulmuşlar. Orta Asiyaya (Özbəkistan
və Qırğızıstan ərazisinə) ABŞ
qoşunlarının və hərbi bazalarının
buraxılmasına da region ölkələri öz müstəqilliklərinə
müsbət təsir göstərə biləcək əlavə
faktor kimi baxırlar.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 9
aprel.- S.14.