Ulu öndər Heydər Əliyevin
irsi yüzillər boyu
xalqımız üçün əsas inkişaf mənbəyi olaraq
qalacaq
Müsahibimiz Azərbaycan
Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Ayaz
Orucovdur
- Ayaz müəllim, Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində yeri və rolu barədə nə deyə bilərsiniz?
- Azərbaycan dövləti minilliklər tarixinə malikdir və bu dövrlər ərzində sözügedən coğrafiyada müxtəlif imperiyaların, ölkələrin mövcudluğu olub. Məhz, həmin dövlətlərin tərkibinə daxil olmuş Azərbaycan yalnız 1918-ci ildə 23 aylıq müstəqillik əldə edə bilib. Lakin daşnaklar və bolşeviklərin hücumları, torpaq iddiaları və çoxsaylı qətliamları ilə 1920-ci ildə Azərbaycanın müstəqilliyinin itirilməsinə səbəb olublar.
70 il keçmiş sovet imperiyası tərkibində yaşayan Azərbaycan yalnız 1991-ci ildə müstəqilliyinə yenidən qovuşa bilib. Lakin bu dəfə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü sual altına düşmüşdü. Çünki, şimaldan sadvalçılar, cənubdan separatçı Əlikram Hümbətov, qərbdən Ermənistan silahlıları, həmçinin, "sapı özümüzdən olan baltalar" naşı siyasətlərilə ölkənin gələcəyini təhlükə qarşısında qoymuşdular.
Xoşbəxtlikdən 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev dövlətçilik qabiliyyəti və bacarığı ilə Azərbaycanı düşdüyü uçurumdan xilas edə bildi. Bir məqamı xüsusilə bildirmək istəyirəm ki, Heydər Əliyev kimi şəxsiyyətlər min ildən bir yetişir və bu cür fenomen insan Azərbaycan xalqının qismətinə düşmüşdür. 15 iyun 1993-cü ildə siyasi hakimiyyətə gələn Ulu öndərimiz Azərbaycanı vətəndaş qırğınından qurtardı və ölkəni yenidən dirçəltdi, inkişaf yoluna çıxartdı. Heydər Əliyev 10 il ərzində Azərbaycana sədaqətlə və məhəbbətlə xidmət etdi.
"Mən fəxr edirəm ki, azərbaycanlıyam" - deyən Ümummilli lider Heydər Əliyev daim Azərbaycanın milli əsaslar üzərində inkişaf etməsinə çalışdı və xalqı qarşısında vətəndaşlıq borcunu lazımınca yerinə yetirdi. O, həyatının böyük bir hissəsini Azərbaycan dövlətinin və xalqının maraqlarının reallaşdırılmasına sərf etdi. Ona görə də, nə qədər müstəqil Azərbaycan dövləti var Ulu öndərimizin də xatirəsi daim ehtiramla anılacaq.
- Ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbinin ənənələrinin, ideyalarının və siyasi kursunun davam etdirilməsi haqqında hansı fikirləri söyləmək olar?
- Mən, Ümummilli lider Heydər Əliyevin dövlətçiliyin qurulması istiqamətində fəaliyyətinin yaxından müşahidəçisi və bu prosesin iştirakçısı olduğum üçün, Onun dövlətçilik məktəbinin ənənələrinin, ideyalarının və siyasi kursunun davam etdirilməsi haqqında ətraflı danışa bilərəm.
Danılmaz faktdır ki, Azərbaycanın müasir tarixində əlahiddə xidmətləri ilə yadda qalan Ümummilli liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Qısa zaman kəsiyində Ümummilli lider Heydər Əliyev xalqının əsrlər boyunca uğurunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi. Bizləri ən yüksək məqama - müstəqilliyə qovuşdurdu. Dünyanın döşünə döyən xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev xəyalları belə çin etmək qüdrətinə yiyələndiyini dəfələrlə ortaya qoydu. İnsanın Vətənin timsalına çevrilməsi dünyada nadir hadisələrdəndir. Məhz Ümummilli lider Heydər Əliyev də planetin bu əlçatmaz mərtəbəyə yüksələn tək-tək şəxsiyyətlərindən biri oldu.
1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında günəş doğdu. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına xalqının taleyinə tam yiyə durmaq iqtidarına yetişən soydaşımız yüksəldi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcını qoydu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider hələ Sovet İttifaqı dövründə böyük uzaqgörənliklə və müdrikliklə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı.
Bu danılmaz məntiqin mahiyyətinə qədərincə varmaq üçün insanda yalnız və yalnız heyrət doğuran faktların təkcə bir qisminə diqqət kəsilmək kifayətdir. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələnədək ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötdü. 1969-1982-ci illərdə milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı isə 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı və ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini iki dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, xalqımızın güzəranı qat-qat yüksəldi. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artırılaraq 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Artıq keçən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan təhsil almağa göndərilənlərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın sayılıb-seçilən hərbi məktəblərində ordu quruculuğunun sirlərinə yiyələnirdi. Dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi titanik və kompleks fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqın daxili imkanlarına və intellektual potensialına arxalanaraq özünü idarə etmək iqtidarında olan iki respublikasından birinə çevrildi.
1993-2003-cü illər də Ulu öndərin planetin nadir şəxsiyyətlərindən, dövlət və ictimai xadimlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli liderinin mükəmməl idarəçilik məktəbi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. 1996-cı ildən respublikamız yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə Azərbaycanda bütün makroiqtisadi göstəricilər iki-üç dəfə artdı. Ölkədə üç min yeni sənaye müəssisəsi yaradılaraq onların sayı 5202-yə çatdırıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard ABŞ dolları məbləğində investisiya qoyuldu. Bu müddətdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar vüsət götürdü. Respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəldi.
Doğrudur, bu gün Heydər Əliyev cismən bizim aramızda yoxdur. Amma Onun ideyaları, fikirləri, tövsiyyələri, dövlətçilik dərsləri daim bizimlə olacaq. Mən hətta, deyərdim ki, bundan sonrakı onilliklər, əsrlər ərzində də Heydər Əliyevin irsi xalqımız üçün əsas inkişaf mənbəyi olaraq qalacaqdır. Heydər Əliyevin 2003-cü ildə Azərbaycan xalqına etdiyi müraciətində Prezident İlham Əliyevin Onun siyasi irsinin layiqli davamçısı olduğunu bildirməsi və insanların Ümummilli liderinin müraciətinə müsbət cavab verərək, cənab İlham Əliyevi dövlət başçısı seçməsi Ulu öndərimizin irsinə olan etimadın nəticəsi idi. Bu gün artıq həmin vaxtdan 10 il ötür və Azərbaycanın simasına nəzər yetirdikdə, görürük ki, həmin vaxt ən düzgün addım atılıb.
Ulu öndərin xatirəsini daim əziz tutan xalqımız Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyev ideyalarının reallığa çevrilməsi üçün səyini əsirgəmir. Hazırda başda cənab Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqı Heydər Əliyev ənənələrini, ideyalarını yaşadır, onun reallaşdırılması işində böyük əmək sərf edir və dünya birliyini ölkəmizlə hesablaşmağa, maraqların uzlaşdırılmasına nail olur.
Ötən illər ərzində Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb, valyuta ehtiyatı 50 milyard dollardan artıq olub. Həmçinin, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Məhz, BMT-də aparılmış seçkilər zamanı Azərbaycanın 155 dövlətin dəstəyini alması faktı isə bir daha ölkəmizin nüfuzunu və Ümummilli lider Heydər Əliyevin ideyalarının təntənəsini göstərdi. Bu bir reallıqdır ki, hazırda Azərbaycanın iştirakı və icazəsi olmadan, regionda hər hansı layihə reallaşdırıla bilməz.
Düşünürəm ki, Heydər Əliyev irsini biz daha da dərindən mənimsəməli və gələcək nəsillərə ötürməliyik. Çünki, bizi Ulu öndərin yoxluğundan böyük zaman fərqi ayırdıqca, bir daha Onun dahiliyini, əzəmətini, sədaqətliliyini anlamış oluruq və ondan dərs alırıq.
- Ümummilli lider Heydər Əliyev və bu gün Prezident İlham Əliyev tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qəti mövqe ortaya qoyulub, qaçqın və məcburi köçkünlərə xüsusi diqqət ayrılıb…
- Həqiqətən də, bu gün Azərbaycan xalqının bir nömrəli problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişənin kökləri dərindir və ermənilərin Azərbaycana qarşı ərazi iddialarının tarixi hələ XIX əsrə gedib çıxır. Türkmənçay müqaviləsinin imzalanmasından sonra Rusiya imperiyasının dəstəyilə İrandan, Türkiyədən və digər ərazilərdən İrəvan xanlığının – Azərbaycanın tarixi torpaqlarına ermənilərin köçürülməsindən sonra düşmənlərimizin çirkin planlarının reallaşdırılması baş tutdu. Ermənilər qədim Azərbaycan torpaqları üzərində özünə dövlət qurmaq məqsədilə 1905-1907, 1918-1920, 1947-1953, 1988-1992-ci illərdə Azərbaycan xalqına qarşı deportasiya, soyqırımı aktları həyata keçirdi və Dağlıq Qarabağı işğal etdi. Əlbəttə ki, erməni lobbisi, Ermənistanın xüsusi xidmət orqanları ilə birgə işləyən terrorçu təşkilatlar, xarici havadarlar ümumi "erməni işinə" dəstək veriblər. Amma məlum olduğu kimi, hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ildə "Atəşkəs" haqqında müqavilə imzalandı və o gündən başlayaraq, Azərbaycan torpaqlarının geri qaytarılması üçün bütün resurslarını, imkanlarını səfərbər etdi.
O dövrdən başlayaraq, qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərən Azərbaycan hökuməti bu sahədə beynəlxalq və yerli qurumlarla yaxından əməkdaşlıq etməyə başladı.
“İşğal olunmuş bütün regionlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”, - deyən Ulu öndər öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə, onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına həmişə xüsusi diqqət yetirirdi. Məhz, bu diqqət və qayğının nəticəsi olaraq qaçqın və məcburi köçkünlərin həyat səviyyəsi, yaşayış şəraiti getdikcə yaxşılaşdırıldı. Çadır şəhərcikləri tədricən ləğv edilərək hər cür infrastruktura malik yeni qəsəbələr salınmağa başlandı. Azərbaycan Prezidentinin 17 sentyabr 1998-ci il tarixli sərəncamına əsasən, "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə uzunmüddətli Dövlət Proqramı" təsdiq edildi. Ümumilikdə isə 1993-2003-cü illərdə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradıldı. Ölkə Prezidenti tərəfindən fərmanlar və sərəncamlar imzalandı. Ümummilli liderimizin bu sahədəki siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edildikdən sonra məcburi köçkünlər üçün nəzərdə tutulmuş yeni qəsəbələrin layihələndirilməsinə və tikintisinə start verildi. Dövlət Proqramına əsasən, 2005-2007-ci illərdə Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli və Sabirabad rayonlarının ərazilərində 26 qəsəbə salındı və bu qəsəbələrdə 8 mindən artıq ev tikilb istifadəyə verildi. 2007-ci ilin sonunda ölkəmizdə son çadır düşərgələri tamamilə ləğv olundu və beləliklə, Dövlət Proqramı ilə nəzərdə tutulmuş tədbirlər həyata keçirildi. Və bu günə qədər də Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu sahədə çox ciddi nəticələr əldə edilir, eyn zamanda, Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində fəal addımlar atır.
Bu gün biz Azərbaycan Prezidenti cənab İlham Əliyevin timsalında görürük ki, Azərbaycan ortaya ciddi və hüquqa söykənən mövqe qoyub. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bir qarış torpağını da Ermənistana verməyəcək və imkan verilməyəcək ki, bizim torpaqlarımızda ikinci erməni dövləti yaradılsın.
Bildiyiniz kimi, ötən gün Abşeron rayonu, Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni məhəllənin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha bildirdi ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bütün beynəlxalq təşkilatlarda qəbul edilmiş qətnamələr bunu göstərir.
Dövlətimizin başçısı əminliklə dedi ki, biz doğma torpaqlarımıza, o cümlədən Zəngilana da, Qarabağa da, Şuşaya da qayıdacağıq və Azərbaycan bayrağı bütün şəhərlərimizdə dalğalanacaq.
Azərbaycan dövləti həmçinin, münaqişənin nəticələrindən əziyyət çəkən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində də böyük işlər görüb və görməkdədir.
Qeyd edim ki, ötən müddət ərzində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti 5.6 milyard manat vəsait xərcləyib. Artıq 140 min məcburi köçkün yeni evlərə köçürülüb. Bu gün Azərbaycan dünya miqyasında qaçqın və məcburi köçkün vətəndaşlarına ən çox vəsait xərcləyən ölkə kimi qəbul edilir. Elə əhalinin sayı nisbətinə görə, ən çox qaçqın və məcburi köçkünü olan dövlət də Azərbaycandır.
Göründüyü kimi, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu siyasət həyata keçirməkdədir. Doğrudur, münaqişənin iki həll yolu var: sülh və hərb. Elə Azərbaycan Prezident cənab İlham Əliyevin dediyi kimi, sülh yolu ilə münaqişə həll olunmasa, Azərbaycan ikinci varianta əl atacaq.
Bu gün Azərbaycan xalqı da cənab Prezidentin yürütdüyü siyasətə dəstək verir və istənilən həll variantında hakimiyyəti dəstəkləməyə hazırdır. Əlbəttə ki, torpaqlarımız azad olunandan sonra tarixi ərazilərimizdə bərpa işləri aparacağıq və doğma yurdumuza qayıdacağıq.
- Ayaz müəllim, bəllidir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həllində Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun da böyük rolu var. Ümumiyyətlə, Fond bu işdə hansı tədbirləri reallaşdırır?
- Öncə onu qeyd edim ki, Ümummilli lider Heydər Əliyev neftin ixracından daxil olan ilk bonusun məhz, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xərclədi. Cənab Prezident İlham Əliyev də qaçqın və məcburi köçkünlərə böyük diqqət göstərir. Əgər Ulu öndərimiz vaxtilə çadır şəhərciyində toy mərasimində fəal iştirak edirdisə, Prezident İlham Əliyev də 50 illik yubileyini xalqı ilə birgə keçirir. Yəni, eyni diqqət və qayğı var və bundan sonra da olacaq. Bildiyiniz kimi, qaçqın və məcburi köçkünlərə ayrılan vəsait ilbəil artırılır. Ötən il 300 milyon manat vəsait ayrılıb və düşünürük ki, bu il də eyni olacaq. Həmçinin, bu il ayrılan vəsait əsasında görüləcək işlər nəticəsində daha 20 mindən artıq qaçqın və məcburi köçkün həyat şəraitini yaxşılaşdıracaq. Onlar yeni, bütün lazımi şəraiti olan evlərə köçürüləcəklər. Ölkə başçısının tapşırığı ilə növbəti illərdə yeni Qobu şəhərinin tikilməsi də nəzərdə tutulur. 20 mindən artıq qaçqın və məcburi köçkün ailəsinin yerləşdiriləcəyi bu şəhərin layihələndirməsi işlərinə də başlanılıb. Düşünürəm ki, 4-5 ildən sonra Bakı şəhərində yataqxanalarda və ya qeyri-yaşayış sahələrində məskunlaşmış bütün qaçqın və məcburi köçkünlər yeni evlərə köçürüləcək. Bu işlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu da böyük səy göstərir.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ulu öndər Heydər
Əliyevin 6 dekabr 1999-cu il
tarixli Fərmanı ilə
yaradılıb. MKSİF-ın əsas vəzifəsi
məcburi köçkün
icmalarının təklif və ehtiyaclarını nəzərə
almaqla, məcburi köçkün
ailələrinin mənzil-məişət şəraitini
yaxşılaşdırmaq, yeni iş yerlərinin açılmasına nail olmaq, əhalinin məşğulluğunun
artmasını təmin edən tədbirləri həyata
keçirmək və gəlirgətirən fəaliyyət
sahələrini inkişaf etdirməkdən
ibarətdir. Məhz, qarşıya qoyulnuş vəzifələrin icrası
çərçivəsində məcburi köçkünlərin
sıx müvəqqəti məskunlaşma yerlərində mövcud olan sosial problemlərin həlli, infrastrukturun
yaxşılaşdırılması - məcburi
köçkünlərin məskunlaşdığı ictimai binaların yataqxanaların təmiri,
içməli su və elektrik
enerjisi təchizatı, daxili
yolların bərpası və yaxud tikintisi və s. ilə
bağlı müvafiq tədbirlər həyata
keçirilib. Amma hər kəs
yaxşı bilir ki, bütün bu qəsəbələr,
binalar məcburi köçkünlərimizin
müvəqqəti ünvanıdır. Ölkə Prezidentinin sözləri ilə desək, "On minlərlə vətəndaşımızı
biz yeni evlərlə,
mənzillərlə təmin etdik. Hər
yerdə fərdi evlər, mənzillər tikilir,
quruculuq-abadlıq işləri aparılır. Ancaq
bu, necə deyərlər, müvəqqəti
bir ünvandır". Xalqımız
əmin ola bilər ki,
Prezident İlham Əliyev
praqmatik siyasəti sayəsində Azərbaycanın
işğal olunmuş
torpaqlarını Ermənistan təcavüzündən xilas edəcək və bütün
qaçqın və məcburi köçkün
soydaşlarımız doğma
yurdlarına köçəcək.
yap.org.az
Səs.- 2013.- 10 aprel.- S.6.