SSRİ - İİR münasibətləri
sistemində "Azərbaycan SSR-İİR əlaqələri
(1970-1980-cı illər)
İran İslam Respublikası yarandıqdan sonra xarici siyasət əsas prinsip kimi "Nə Şərq, nə Qərb" xəttini yeritməyə başladı. Şərq dedikdə Sovet İttifaqının timsalında kommunizm, Qərb dedikdə isə ABŞ-ın timsalında imperializm nəzərdə tutulurdu. Bütün bunlara baxmayaraq, Sovet İttifaqı ilə ABŞ arasında İranda nüfuz dairəsi uğrunda rəqabət mübarizəsi bu ölkənin işğal olunmaması üçün şərait yaratmışdı. Bunu İranda baş vermiş hadisələrin qızğın çağında sovet dövləti başçısı tərəfindən "Pravda" qəzetinə verilmiş müsahibə də təsdiq edir. 1979-cu ilin fevralında Mehdi Bazarqanın müvəqqəti hökumətini Sovet İttifaqının birincilər sırasında tanıması bunu bir daha təsdiq edir.
İran İslam Respublikası elan olunduqdan sonra ölkənin şiə rəhbərliyi Sovet İttifaqına islam düşmən ideologiyanın hökm sürdüyü bir rejim kimi baxırdı. Lakin bununla yanaşı, İran özünün strateji mənafeyi baxımından çıxış edərək, SSRİ ilə texniki-iqtisadi əlaqələr saxlamaqda maraqlı idi. Sovet İttifaqı da, öz növbəsində, həmişə İranla münasibətlərə xüsusi əhəmiyyət verərək, bu regionu gələcəkdə özünün nüfuz dairəsinə daxil etməyə çalışırdı.
Şahlıq rejimi həmişə Sovet İttifaqı ilə münasibətlərini müəyyən bir çərçivə daxilində həyata keçirmiş, kommunist ideologiyasının öz ölkəsinə yayılmasından ehtiyat etmişdir. Buna görə də, iki ölkə arasında mədəni əlaqələr də texniki-iqtisadi əlaqələr kimi müəyyən bir hüduda malik olmuşdur.
İranda inqilabın qələbəsindən sonra İİR rəhbərliyi öz qarşısına hakim dini-ideoloji doktrina ilə mədəniyyət və ədəbiyyatın inkişafını məqsədyönlü surətdə əlaqələndirmək vəzifəsini qoymuşdu. 70-ci illərin sonlarından etibarən Heydər Əliyevin Cənubi Azərbaycan məsələsinə münasibətində keyfiyyətcə yeni bir mərhələ başladı. Əgər şah rejimi azərbaycanlıları iranlı deyərək assimilyasiya edirdisə, İran inqilabından sonra qurulan yeni hakimiyyət hamını müsəlman adlandırırdı. Bu mərhələnin başlıca səciyyəvi cəhəti İran inqilabından sonra beynəlxalq aləmdə və regionda yaranmış mürəkkəb vəziyyətlə bağlı idi. ABŞ-da nəşr olunan kitablarda deyildiyi kimi, Heydər Əliyevin fəaliyyətində İran şahının qovulması mühüm yerlərdən birini tuturdu. İnqilabın qalib gəlməsi ilə onun liderləri tərəfindən SSRİ, ABŞ və İsrailin dünyada üç şeytan dövlət elan edilməsi İranda həm ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin, həm də SSRİ DTK-sının məğlubiyyətə uğraması demək idi. Bundan sonra sovet-İran münasibətləri xeyli soyuqlaşdı. İranda nüruz uğrunda sovet-ABŞ mübarizəsi gücləndi. Çarizm dönəmindən sonra birinci dəfə olaraq, Moskvanın bu ölkə üzərində təsiri azaldığından sovet rəhbərliyi İrana öz gücünü göstərmək üçün yeni yollar və təzyiq vasitələri axtarmağa başladı. Belə güclü təzyiq vasitələrindən biri cənubi azərbaycanlılar idi.
Bu zaman azərbaycanlılar ana dilinin, mədəniyyətinin qorunması şüarları ilə daha fəal çıxış etməyə başlamışdılar. İnqilabdan sonra nəşrə başlayan bir sıra qəzet və jurnalların adları da həmin istəyi ifadə edirdi. Məsələn, görkəmli həkim Cavad Heyətin nəşr etdirdiyi jurnalın adı "Varlıq" qoyulmuşdu. Bu ad azərbaycanlıların var olmaq istəyini ifadə edirdi. Qeyd etmək lazımdır ki, bu nəşr Bakıda rəğbətlə qarşılanır və təşviq edilirdi.
Yaranmış belə vəziyyətdən məharətlə istifadə edən Heydər Əliyev Azərbaycan xalqının mənafeləri naminə Onu uzun illər boyu düşündürən problemin həlli uğrunda fəaliyyətini genişləndirdi. O vaxtadək bədii ədəbiyyatda əks olunan Cənubi Azərbaycan mövzusu artıq ictimai-siyasi həyatda geniş yer tutmağa başladı. Çünki bu zaman Cənubi Azərbaycanda yaşayan xalqın hüquqlarının müntəzəm olaraq pozulması və bundan törənən narazılıq gücləndi. Beləliklə, müharibədən sonrakı dövrdə ilk dəfə olaraq Heydər Əliyevin hakimiyyəti illərində Bütöv Azərbaycan şüarı təkcə ədəbi, ictimai mühitdə deyil, eyni zamanda, siyasi dairələrdə geniş müzakirə obyektinə çevrildi.
Cənub mövzusu teatrların səhnələrinə, radio və televiziya verilişlərinə gətirildi. Bu mövzu ictimai həyata Azərbaycan rəhbərliyi tərəfindən ötürülür və unutdurulmasına imkan verilmirdi. Heydər Əliyev iki Azərbaycanın birləşəcəyinə ümid edirdi. Londonda çap edilən "Tayms"n məlumatına görə Heydər Əliyev xarici ölkə diplomatları ilə söhbətlərində gələcəkdə hər iki Azərbaycanın birləşəcəyinə ümid etdiyini bildirmişdi.
Heydər Əliyev mühacirətin numayəndələri olan gəclərin ali təhsil almalarına, kamil mütəxəssis kimi yetişmələrinə də xüsusi qayğı göstərirdi. Azərbaycan rəhbərinin göstərişi və MK-nın qərarına uyğun olaraq onlar ali məktəblərə müsabiqədənkənar qəbul edilirdilər. Məsələn, 1976-cı ildə Cənubi Azərbaycandan olan 1196 nəfər mühacir və onların övladları ali və orta ixtisas məktəblərində təhsil alırdı. 709-u ali, 487-ci isə orta ixtisas məktəblərində oxuyan bu gənclər təhsil müddətində qayğı ilə əhatə olunmuşdular. Siyasi mühacirlərin övladları arasında Cənubi Azərbaycanda inqilabi hərəkat və görkəmli inqilabçıların həyatı geniş təbliğ edilirdi.
Qeyd edildiyi kimi, inqilabdan sonra İranın rəsmi dairələri tərəfindən antisovet təbliğat güclənmişdi. Digər tərəfdən, ABŞ İrana radio verilişlərinin həcmini artırmışdı. Bu təbliğat əsasən sovet dövlətinin daxili və xarici siyasətinə qarşı yönəlmişdi. Belə şəraitdə antisovet təbliğatın dayandırılması, heç olmasa, zəiflədilməsi, İranın bloklara qoşulmamaq hərəkatı çərçivəsində antiimperialist mövqe tutması, suverenliyi və milli bütövlüyününün qorunmasında İran xalqına sovet dövləti tərəfindən yardım edilməsinin təbliği vacib idi. Buna görə də, Sov.İKP MK katibliyi 1980-cı il 8 iyul tarixdə İrana informasiya-təbliğat işinin gücləndirilməsi haqqınla qərar qəbul etdi. Qərarda geniş tədbirlərin həyaita keçmirilməsi nəzərdə tutulur, İranın suverenlityinə və milli müstəqilliyinə hörmət edilməsinin vacibliyi xüsusi vurğulanırdı. Qərarda bu istiqamət üzrə konkret tədbirlərin həyata keçirilməsi müəyyənləşdirilmişdi. İlk növbədə, SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və SSRİ Rabitə Nazirliyi Azərbaycan KP MK ilə birlikdə Bakıdan fars dilində verilişlərin artırılması, İran ərazisində televiziya yayımlarının qəbulunun gücləndirilməsi imkanları barədə məsələyə baxmalı idi. İki ölkənin televiziya və radio qurumları müştərək proqramlar hazırlamalı, SSRİ Dövlət Nəşriyyat Komitəsi fars və Azərbaycan dillərində ərəb və kiril qrafikaları ilə lüğətlər və dərs vəsaitləri nəşr etməli idi. İrana fars dilində tarixi və inqilabi ruhlu kinolar göndərilməsi nəzərdə tutulurdu. Azərbaycan SSR Nazirlər Sovetinin sifarişi ilə SSRİ Mədəniyət Nazirliyi İranda yayılmaq üçün Azərbaycan milli musiqisi yazılmış 1000 nüsxə qrammplastinka və maqnitofon kasseti hazırlamalı idi. "Müsəlmanlar SSRİ-də" adlı jurnalın fars dilinə tərcümə edilib 3 min nüsxədə İranda yayılması nəzərdə tutulurdu. SSRİ Dövlət Plan Komitəsi, SSRİ Rabitə Nazirliyi və başqa strukturlar Azərbaycan radiosu və televiziyasının İran Azərbaycanı ərazisində yayılması üçün tədbirlər işləyib hazırlamalı və bu məqsədlə nəzərdə tutulan xərclərin artırılmasına baxmalı idilər. Qərar mühüm əhəmiyyət daşıyan bir sıra başqa tədbirlərin həyata keçirilməsini də nəzərdə tuturdu.
1980-ci ildə Azərbaycan radiosunun İran redaksiyasının bazasında müstəqil Cənubi Azərbaycan redaksiyası yaradıldı. Cənubi Azərbaycana yayımlanan radio verlişlərinin həcmi artırıldı, Azərbaycan televiziyasını cənubdakı sərhədboyu məntəqələrdə yaşayan əhalinin seyr etmək imkanı çoxaldı. Bu isə cənubluların ana dilini, milli-mənəvi dəyərləri unutmamalarında, Şimali Azərbaycanla əlaqələrin güclənməsində mühüm rol oynayırdı. Bundan sonra Avropa ölkələrində və ABŞ-da yaşayan cənubluların Azərbaycanla məktublaşmaları çoxaldı. Belə bir fakt müqayisə üçün diqqəti cəlb edir ki, əgər 1979-cu ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ünvanına xarici ölkələrdən gələn 1008 məktubdan 213-ü Cənubi Azərbaycandan, Avropa və ABŞ-da yaşayan cənublulardan alınmışdısa, 1980-ci ildə xaricdən gələn 1019 məktubun 461-i cənubi azərbaycanlılardan alınmşdı. Həmin məktub müəlliflərinə Azərbaycandan ana dilində kitab, dərslik, qrammplastinka və bukletlər göndərilmişdi. Yazışmalar və göndərişlər milli ruhun yüksəlməsinə, cənubluların özlərinə inam hissinin artmasına kömək edirdi.
XX əsrin 80-cı illərində İrandakı rejim azərbaycanlıları sıxışdırmaqdan və amansız repressiyalardan əl çəkmirdi. Məsələn, 1982-ci ilin mart-aprel aylarında İran hakimiyyəti Şərqi Azərbaycanda yaşayan, istefada olan müxalif general-polkovnik Əfşari və Ayatolla Şəriətmədari tərəfdarlarının üzərinə hücuma keçdi. Verilən məlumatlara görə, hərbçilər arasında çoxlu tərəfdarları olan müxalifətin məqsədi Təbrizdə üsyana başlamaq, sonra onu genişləndirərək İmam Xomeynini öldürmək idi. Lakin hakimiyyət bu qrupu darmadağın etdi. Qrupun 28 nəfər üzvü istintaqsız- məhkəməsiz Təbris həbsxanasında güllələndi. Əməliyyat zamanı əhalidən odlu silah, sursat, surətçıxarma maşınları götürülərək müsadirə olundu. Rejim əleyhinə olan adamların amansız ovu gücləndirildi. Bütün bunlar İrandakı mövcud rejimdən narazılığı artırırdı.
Belə şəraitdə Heydər Əliyev cənubdakı azərbaycanlıların hüquqlarının qorunması, onlara mənəvi dəstək verilməsi məsələsini sovet rəhbərliyi qarşısında qətiyyətlə qaldırırdı. Onun Azərbaycan naminə xidmətləri cənublular tərəfindən yüksək qiymətləndirilirdi. Məsələn, 1982-ci ilin sovet agentura məlumatından aydın olur ki, Cənubi Azərbaycanın mütərəqqi ziyalıları Heydər Əlirza oğlu Əliyevlə fəxr edir, onun respublika əhalisinin həyat səviyyəsini yaxşılaşdırması, tərəqqiyə aparması ilə öyünürdülər. Heydər Əliyev cənublular tərəfindən vahid lider, böyük dövlət adamı kimi qəbul edilirdi.
Heydər Əliyevin Bütöv Azərbaycan naminə çalışmaları xarici ölkələrin tədqiqatçılarının da diqqətindən yayınmırdı. ABŞ tarixçiləri T.Svyatoxovski və B.K.Kollinz yazırlar ki, İran inqilabından sonra aktual olan Vahid Azərbaycan şüarı artıq siyasi məna kəsb etməyə başladı. Başqa bir ABŞ tarixçisi A.D.Agostino Heydər Əliyevin bu sahədəki fəaliyyətinə diqqət yetirərək yazır ki, Azərbaycan rəhbəri İrandakı azərbaycanlılıra qayğı göstərir, Birləşmiş Azərbaycanda "millətin azadlığına" qəti şəkildə tərəfdar çıxırdı. Bu məqsədlə İranda azərbaycanlılar yaşayan ərazilərdə geniş təbliğat işi aparılırdı. Yenə həmin tarixçi yazır ki, Mazandaranda və Xəzər dənizi sahillərindəki İran məntəqələrində daha fəal təbliğat aparılırdı. İran inqilabından sonra Tudə Partiyasına xüsusi diqqət yetirilməsi də bununla bağlı idi.
Heydər Əliyev Şimali və Cənubi Azərbaycanın gələcəkdə birləşəcəyinə ümid edirdi. T.Svyatoxovski başqa bir əsərində Cənubi Azərbaycan məsələsində Heydər Əliyevin roluna qiymət verərək yazır: "Əgər Təbriz İslamın qalibiyyət rəmzi hesab edilirdisə, Bakı milli dərketmənin rəmzi olaraq qalmaq istəyirdi. Ümumittifaq siyasətin üfuqlərində parlaq bir ulduz olan Əliyev indi öz nitqlərində sovet rejiminin özünün ilk günlərindən müsəlman xalqlarının milli məsələ ilə bağlı istək və arzularını dəstəklədiyini vurğulamağa başladı...
Göründüyü kimi, Heydər Əliyevin Bakıya cənuba təsir edən milli mərkəz kimi baxması, Vahid Azərbaycan, Bütöv Azərbaycan şüarını təşviq etməsi, cənubla bağlı ziyalıları düşündürən problemləri özü qaldıraraq dissidentlərin yaranmasına yol verməməsi, şəxsi fəaliyyəti ilə Bütöv Azərbaycan xalqının liderinə çevrilmişdi. Svyataxovskinin qeyd etdiyi kimi, rus dilli mətbuata çıxmadığından Moskvanın razılığı olmadığı anlamına gəldiyinə baxmayaraq, Heydər Əliyev iki Azərbaycanın gələcəkdə birləşəcəyinə inanır və bu məqsədlə əzmlə çalışırdı. Eyni zamanda, hansı yollarla edildiyi açıqlanmasa da, o, sərhəd yarasını aradan qaldırmışdı. Cənub məsələsində xalqın və hakimiyyətin mövqeyində, idarə edənlərlə idarə olunanlar arasında heç bir fərq mövcud deyildi.Bütöv Azərbaycan fikri yuxarıdan gələrək cəmiyyətə yayılırdı. Bu istiqamətdəki bütün fəaliyyətlərinə görə Heydər Əliyev Bütöv Azərbaycanda böyük nüfuz qazanmışdı.
VAHİD ÖMƏOROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 11 aprel.- S.14.