Heydər Əliyev və dəmir yolunun inkişaf mərhələləri

 

Bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi yeni inkişaf dönəmini yaşayır. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, anadan olmasının 90 illik yubileyini təntənə ilə qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin şəxsi köməyi, dəmir yoluna daim qayğısı sayəsində həyata vəsiqə almışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Sərəncam imzalamışdır. Bu günlərdə təkcə Azərbaycanda yox, Azərbaycanın səsinin eşidildiyi hər yerdə bu dahi siyasətçinin yubileyi ilə bağlı təntənəli tədbirlər keçirilir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində tarixə qısa ekskurs etmək zərurəti yaranır.

Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.

Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir. O, istər bilavasitə Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətində olduğu 1983-1987-ci illər ərzində, dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilmişdir. Bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz böyük siyasət adamı Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil almışlar.

Bunlar sadəcə qısa xronologiya deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, ümummilli liderin zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasını şərtləndirən əsas amillərdir.

İyirminci əsrin 90-cı illərində ümümmilli liderimiz Heydər Əliyev iqtisadiyyatın əsas qollarından biri olan polad magistralda yaranmış gərgin vəziyyəti çox düzgün qiymətləndirdi. 18-19 iyul 1996-cı ildə Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirildi və dəmir yolundakı neqativ hallar ölkə başçısı tərəfindən kəskin tənqid olunaraq prinsipial qiymət verildi. Yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər görüldü. Ümummilli liderimiz öz səriştəli kadr seçmək bacarığından istifadə edərək peşəkar dəmiryolçu Ziya Ərzuman oğlu Məmmədovu dəmir yoluna rəis təyin etdi. Bu dəmir yolunun tarixinə dönüş ili kimi daxil oldu.

Heydər Əliyev hər sahəni mükəmməl bilən, yüksək intellektual səviyyəyə malik bir şəxsiyyət idi. Heydər Əliyev hələ imperiya dövründə Azərbaycana rəhbərlik etdiyi zamanlarda milli dəyərlərə böyük önəm verərək milli kadrların hazırlanması işini yüksək səviyyədə həll etmişdir. Məhz bu böyük insanın qayğısı və təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində oxumağa göndərilmişdir. Təsadüfi deyil ki, həmin gənclərin bir çoxu məhz dəmir yolu mühəndisi ixtisasına yiyələnmişdilər və onların əksəriyyəti bu gün nəqliyyatın müxtəlif sahələrində mühüm vəzifələri ləyaqətlə icra edirlər. Bütün bunlar gələcəyə hesablanmış mətin addımlar idi. Azərbaycanın indi dünyanın bütün hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi də bu dahi siyasət adamının mübarizəsinin nəticəsidir. Sevindiricidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz.

4 yanvar 1998-ci ildə Dübəndi terminalının və stansiyasının açılış mərasimi keçirilmişdir. Həmin mərasimdə ümummilli lider Heydər Əliyev iştirak etmiş, burada görülən işləri, dəmir yolunun fəaliyyətini yüksək qiymətləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tədbirdə çıxış edərkən demişdir:"Mən bu gün burada verilən məlumatları çox məmnuniyyəit hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləpri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə yaratmışıq, onun maddi texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki,1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm".

Ulu öndər Heydər Əliyev 6 dekabr 1998-ci ildə dəmiryolçular tərəfindən hazırlanmış, çadır şəhərciklərində məskunlaşmış qaçqınlar və məcburi köçkünlər üçün konteynerlərdən hazırlanmış evlərə, səhiyyə, məişət xidməti obyektlərinə, sinif otaqlarına baxmaq üçün Keşlə stansiyasına gəlmişdir. O, dəmiryolçular qarşısında çıxış edərkən demişdir: "Tərcümeyi-halımdan məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox itizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi".

***

18 iyul 1999-cu ildə Şirvan stansiyasında Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə gəlişinin 30 illiyi şərəfinə yeni məktəb binası inşa edilmişdir.

***

27 oktyabr 1999-cu ildə "Azərdəmiryoltikintiservis" İstehsalat Birliyində məcburi köçkünlər üçün irihəcmli konteynerlərdən hazırlanmış yaşayış evlərinin daha 20 ədədi Biləsuvar rayonundakı 5 saylı çadır şəhərciyinə gətirilmiş və burada yerli hakimiyyət nümayəndələrinə təhvil verilmişdir.

***

Ucar rayonunun Qazıqumlaq kəndində Prezident Heydər Əliyevin 75 illik yubileyi münasibətilə yeni məktəb binasının tikintisini başa çatdırmışdır. 7 may 1998-ci ildə 784 şagirdin təhsil alacağı bu müasir məktəb binasının təntənəli açılış mərasimi keçirilmişdir.

***

1999-cu ildə isə Şirvan stansiyasında 645 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir.

***

1999-cu ildə Bakı dəmir yolu xəstəxanasının cərrahiyyə və terapiya şöbələri əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmişdir. Culfa stansiyasındakı xəstəxana üçün 60 milyon manat, Naxçıvan stansiyasındakı xəstəxana üçün 10 milyon manat vəsait ayrılmışdır. Mövcud çəçtinliklərə baxmayaraq, Ağstafa stansiyasında 30 çarpayılıq xəstəxananın inşası başa çatdırılmışdır. Eyni zamanda Gəncə, Ağstafa və İmişli dəmir yolu qovşaqlarındakı xəstəxanalara ikinci ehtiyat elektrik xətləri çəkimişdir. 3 noyabr 2000-ci ildə Bakı dəmir yolu xəstəxanasının baş korpusu əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

***

2001-ci ilin fevral ayında Ucar rayonunun Quləbənd kəndi ərazisində yeni dəmir yolu keçidi tikilərək istifadəyə verilmişdir.

***

1996-cı ildən etibarən elektrik təchizatı sahəsində bir sıra uğurlu islahatlar aparıldı Ötən dövr ərzində Puta stansiyasında kontakt şəbəkəsi tamamilə yenidən qurulmuş, transformatorlar quraşdırmaq hesabına 123 işarəvermə nöqtəsi, Znoynı (indiki Xıdırlı) stansiyasında yarımstansiya bərpa edilmişdir. Horadiz stansiyasında 2, 5 km uzunluğunda hava enerji təchizatı xətti bərpa edilmiş və 250 KVA-lıq transformatorlar quraşdırılmışdır. Enerji təchizatı qurğularının etibarlı işləməsi üçün Keşlə stansiyasında ikinci qida mənbəyi 400 KVA-lıq transformator quraşdırılmış, Gəncə vaqon deposu üçün yeni 10 KV gücündə enerji təchizatı xətti çəkilmişdir. Azərbaycan Dövlət Dəmir Yolunda istismar olunan yolların 62 faizi, yəni 12278 km-i elektrikləşdirilmişdir. Əsas iş sahələri olan Bakı-Böyük Kəsik, Bakı-Yalama, Bakı-Osmanlı xətləri tam elektrikləşdirilmişdir.

****

1996-cı ildən etibarən Azərbaycan dəmir yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başladı. Lakin əsas daşıma dəhlizi TRASEKA dəhlizi hesab edilir. Bu sahə Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik stansiyasına (Gürcüstanın dövlət sərhədlərinə) qədər məsafəni və daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edir. Sonralar bu nəqliyyat dəhlizi Qədim İpək Yolundan TRASEKA-yadək yol keçdi (əslinə qalsa, nəqliyyat dəhlizlərinin fəaliyyətinin bərpa olunması işi 1994-cü ildə "Əsrin kontraktı"nın imzalanması ilə başlanmışdır).

1998-ci il sentyabrın 7-9-də Böyük İpək Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfrans ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində keçirilmişdi. Bu mötəbər tədbirdə 13 dövlətin və 32 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişdir. İki gün davam edən konfransda Bakı bəyannaməsi qəbul edildi. Qəbul edilən sənədlər sırasında beynəlxalq tranzit daşınmaları haqqında Əsas Çoxtərəfli Razılıq, həmçinin beş texniki Əsasnamə, o cümlədən, dəmir yolu daşımaları sahəsində əməkdaşlıq barədə müqavilə də vardır.

***

Böyük öndərin qayğısı ilə bu dövr ərzində fədakarlıq göstərən dəmiryolçuların əməyinin qiymətləndirilməsi istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, 1970-ci ildən 1988-ci ilədək üç nəfər dəmiryolçu-maşinist - Qəzənfər Əliyev, qazançı Qənbər Balayev və qatar tərtibatçısı Danil Bondaryov Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, 21 nəfər Lenin ordeni, 241 nəfər "Qırmızı Əmək Bayrağı", 302 nəfər "Şərəf Nişanı", 27 nəfər "Xalqlar Dostluğu", 24 nəfər "Oktyabr İnqilabı" ordeni ilə təltif olunmuşdur. Cəmi 843 dəmiryolçu ordenlərlə, 380 nəfər isə medallarla təltif olunmuşdu. Respublikanın polad magistralının yüzlərlə işçisi SSRİ Yollar Nazirliyinin ən ali mükafatı olan "Fəxri dəmiryolçu" döş nişanı ilə mükafatlandırılmışdır.

***

Bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi yeni inkişaf dönəmini yaşayır. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir.

Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ümummilli Liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz «Bakı-Tbilisi-Qars» və «Şimal-Cənub» beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.

Ölkə nəqliyyat sektorunun tərkib hissəsi olan Azərbaycan Dəmir Yolu bir çox beynəlxalq təşkilatların həqiqi üzvünə çevrildi. Belə ki, 1992-ci ildən MDB və Baltikyanı dövlətlərin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü olmaqla bu qurumların işində aktiv iştirak etməyə başladı. 1997-ci ildən başlayaraq Bakıda dəmiryolçuların bir çox beynəlxalq forumları: MDB və Baltikyanı Dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının yığıncağı, Tarif Konfransı, DYƏT-nin Nazirlər Müşavirəsinin Sessiyası, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dəmir yolu rəhbərlərinin müşavirəsi və başqa tədbirlər keçirilmişdir.

6 iyul 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Proqramda Azərbaycan polad magitstralının sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınıb. Vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapıb. Hazırda dövlət Proqramı sürətlə icra olunur.

Ulu öndər Heydər Əliyevin alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə, ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir.

 

 

Arif Əsgərov,

«Azərbaycan Dəmir Yolları»

Qapalı Səhmdar Cəmiyyətinin sədri

yap.org.az

 

Səs.- 2013.- 12 aprel.- S.8-9.