Müstəqil Azərbaycan - İİR əməkdaşlığı

 

Avrasiya bölgəsinə ciddi müdaxilə edən region ölkələrindən biri də İrandır. İranın bu bölgədə imkanları və təsiri Rusiya, Avropa ölkələri və ABŞ qədər yüksək olmasa da, strateji planları, istək və arzuları heç də onlarınkından geri qalmır. İranın əsas üstünlüklərindən biri bölgə ölkələrinin çoxunun müsəlman aləminə mənsub olmasıdır ki, İran bundan məharətlə istifadə etməyə çalışır. İran Avrasiyada nə ABŞ və Qərbin, nə də ki, Rusiya və Çinin möhkəmlənməsinin və təsirlərini artırmalarının tərəfdarı deyil.

İran bölgədə hərbi-siyasi və iqtisadi əməkdaşlıq sahəsində Qərb ilə deyil, Rusiya və Çinlə əlaqələrin tərəfdarı olsa da, özü də burada möhkəmlənmək imkanlarını istisna etmir.

Professor Ə.Həsənov yazır ki, İran Avrasiyaya Cənub-Şərqi Asiya ölkələri və Rusiya ilə əlaqə baxımından tranzit bölgəsi kimi xüsusi diqqət yönəldir. Lakin İran da Rusiya kimi, əks istiqamətdə (Avropa istiqaməti) öz tranzit imkanlarına xələl gətirməmək üçün digər bölgə ölkələri ilə, xüsusən, Azərbaycan, Gürcüstan və Türkiyə ilə rəqabət aparır. İran istəyir ki, Şərq-Qərb əlaqələri, TRASEKA nəqliyyat-kommunikasiya xətləri Çindən başlayaraq - Orta Asiya-Fars körfəzi vasitəsilə Aralıq dənizinə uzansın. Bu məqsədlə 1996-cı ildə onun iştirakı və xüsusi dəstəyi ilə Məşhəd-Tezcan-Serahs dəmir yolu (Türkmənistan-İran) inşa edilmişdir.

İran İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı və b. regional-beynəlxalq qurumlar vasitəsilə də regionda öz təsirini möhkəmlətməyə çalışır.

Tarixi və coğrafi yaxınlığı baxımından, Avrasiya daim İran İslam Respublikasının milli maraqları zonasına aid edilib. İranın regiondakı strateji mövqeyi çox əlverişlidir. Bu ölkə bir tərəfdən Qafqaza, digər tərəfdən Fars körfəzinə, üçüncü tərəfdən isə Orta Asiyaya çıxış imkanına malikdir.

SSRİ-nin dağılmasından sonra Tehran bölgənin yeni müstəqil dövlətlərinin siyasi və iqtisadi həyatına təsir göstərən güc mərkəzlərindən birinə çevrilir və regiondakı bütün ölkələrlə yaxın əlaqələrin qurulmasına çalışır. Cənubi Qafqaz İran üçün önəmli geoiqtisadi əhəmiyyət daşıyır və Tehran özünün Şimal bölgəsi ilə kommunikasiya əlaqələrini və geoiqtisadi problemlərini məhz bu region hesabına həll etməyi düşünür. İslam respublikası olmasına baxmayaraq, rəsmi Tehran özünün geosiyasətini "sivilizasiyaların dialoqu" formasında quraraq "balanslaşdırılmış siyasət" yeridir. Rusiya, ABŞ və Türkiyədən fərqli olaraq, İran region ölkələrində gedən daxili siyasi proseslərdə tam neytral mövqe tutduğunu nümayiş etdirir və hakimiyyət-müxalifət məsələlərinə, ümumiyyətlə, müdaxilədən qaçır.

Azərbaycanla İran arasında mövcud olan müxtəlif sahələrdəki əlaqələrin özünəməxsus cəhətləri var. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması Tehranla Bakının əlaqələrinə təsir göstərən əsas amillərdəndir. Təsadüfi deyil ki, bir çox ekspertlər Qafqaz və Xəzər regionundakı sabitliyin İran-Azərbaycan münasibətlərindən daha çox asılı olduğunu etiraf edirlər.

Qeyd etmək lazımdır ki, ölkəmizin müstəqillik əldə etməsindən əvvəl də İranla Azərbaycan arasında müxtəlif xarakterli əlaqələr mövcud olub. Hələ sovet dövründə Bakıda İranın konsulluğu fəaliyyət göstərirdi. Lakin Azərbaycanın müstəqilliyinin ilk illərində iki ölkənin münasibətlərində ciddi problemlər yarandı və bu, ilk növbədə, rəsmi Tehranın bölgədə yaranmış yeni geostrateji duruma adekvat reaksiya verə bilməməsi və Azərbaycana rəhbərlik edən qüvvələrin ziddiyyətli siyasət yeritməsindən irəli gəlirdi.

Azərbaycan Respublikasının  dövlət müstəqilliyi haqqında Konstitusiya  aktı qəbul edildikdən sonra respublikanın daxili və xarici siyasəti sahəsində, ilk müstəqil addımlar atılmağa başlandı. Oktyabrın 29-da isə Azərbaycan Ali Soveti beynəlxalq birliyin üzvü olan dövlətlərin parlamentlərinə və hökumətlərinə müraciət qəbul edib onları Azərbaycan Respublikasını müstəqil, suveren bir dövlət kimi tanımağa çağırdı. Bu zaman Azərbaycan özünün qonşuları ilə, ilk növbədə, İranla normal münasibətlər qurmağa çalışırdı. Belə bir xəttin yeridilməsi müstəqil Azərbaycan Respublikasının milli mənafelərinə uyğun idi. lakin Azərbaycan tərəfinin bütün bu səylərinə baxmayaraq İran rəhbərliyi dağılmaqda olan SSRİ məkanında gedən proseslərə çox ehtiyatla yanaşdığından, Azərbaycan Respublikasının müstəqilliyini tanımağa tələsmirdi. Belə ki, İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti 1991-ci ilin noyabrında Moskvaya səfəri zamanı belə bir müsahibə vermişdi ki, "İran Azərbaycanın müstəqilliyini tanımaq niyyətində deyildir". Bu fikir Azərbaycanda İrana qarşı çox mənfi münasibət doğurdu.

İran müxalifəti təşkilatlarının ümumi mövqeyi isə belə idi ki, İran rəhbərliyinin bu cür mövqeyi müstəqil Azərbaycan Respublikasına münasibətdə İran xalqlarının həqiqi istək və arzularını əks etdirmir. Maraqlıdır ki, Tehran hökuməti Şimali Azərbaycanda gedən siyasi proseslərin Cənubi Azərbaycana da qızışdırıcı təsir göstərə biləcəyindən və İranın bütövlüyü üçün təhlükə yaranacağından da qorxurdu. Buna görə İran rəhbərliyi Şimali Azərbaycanda gedən siyasi prosesləri çox diqqətlə izləyirdi. Dövlət müstəqilliyi elan olunduqdan sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi-dövlət münasibətləri iki müstəqil dövlət və hökumət nümayəndələrinin rəsmi görüşləri səviyyəsində inkişaf etdirildi.

1991-ci il dekabrın əvvəllərində İran və Azərbaycan arasında dövlət və parlament nümayəndələrinin qarşılıqlı səfərləri oldu. Bu səfərlərin əsas mahiyyəti ikitərəfli münasibətləri yeni məcrada qurmaq, Azərbaycanın müstəqil bir dövlət kimi seçəcəyi yola münasibət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin İran tərəfindən rəsmi tanınması məsələlərinə fikir aydınlığı gətirməkdən ibarət idi.

1991-ci il dekabrın əvvəllərində İİR-ın xarici işlər naziri Ə.Ə.Vilayəti başda olmaqla İİR rəsmi nümayəndə heyəti Bakıda əməli görüşdə oldu. Dekabrın 2-də İran nümayəndə heyətini Azərbaycan Respublikasının dövlət başçısı qəbul etdi. Dekabrın 3-də isə Gülüstan sarayında İİR və AR hökuməti arasında ikitərəfli saziş imzalandı. 19 maddədən ibarət olan bu saziş iki respublika arasında ictimai-siyasi və ticarət-iqtisadi fəaliyyətin bütün sahələrində əməkdaşlıq prinsiplərini əks etdirirdi.

1991-ci il dekabrın 7-dən 15-dək Azərbaycan parlament üzvlərinin nümayəndə heyəti İranda səfərdə oldu. Məlum olduğu kimi, bir müddət əvvəl İran parlmenti Azərbaycanın istiqlaliyyətini tanımaq haqqında qanun layihəsini növbədənkənar müzakirə etmək barəsində deputatlar qrupunun təklifini rədd etmişdi. Qanun layihəsinin, öz növbəsində, müzakirəsi nəzərdə tutulmuşdu. Azərbaycanın istiqlaliyyətinin İran tərəfindən tanınması barədə Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini Z.Səmədzadənin xahişinə İİR xarici işlər nazirinin müavini Mahmud Vaizi belə cavab vermişdi: "Sovet Azərbaycanı Respublikası xalqının seçəcəyi hər hansı yolu İran məqbul hesab edəcək". Həmin il dekabrın 26-da Azərbaycan Respublikasının o zamankı prezidenti respublikamızda rəsmi səfərdə olan İİR iqtisadiyyat və maliyyə naziri cənab M.Nurbəxş və onu müşayiət edən şəxsləri qəbul etmişdi.  Dekabrın 27-də keçirilən görüşdə M.Nurbəxş İİR-ın Azərbaycan Respublikasının istiqlaliyyətini tanıdığını bildirdi. Beləliklə, İran iki aydan da çox bir müddətdən sonra Azərbaycanın müstəqilliyini tanımış oldu. Həmçinin, görüş zamanı Bakıda İran Milli Bankının Azərbaycan şöbəsinin açılması haqqında mühüm razılıq əldə edildi. Görüşdə qeyd olundu ki, Azərbaycan öz istiqlaliyyətini elan etdiyi bir vaxtda onun beynəlxalq təşkilatlarda iştirakı vacibdir. İran tərəfi bu məsələdə ona yardım göstərməyə hazır olduğunu bildirmişdir.

Azərbaycan Respublikası müstəqillik qazanlıqdan sonra İran rəhbərliyindən xahiş etmişdi ki, onun İslam Konfransı Təşkilatının üzvü olmaq niyyətini müdafiə etsin. Bu faktı İİR-in xarici işlər naziri Ə.Ə.Vilayəti təsdiq edərək öz razılığını bildirmiş və ehtiyatla qeyd etmişdir ki, "SSRİ-nin daxili işlərinə qarışmadan Azərbaycan xalqının qəbul etdiyi qərara hörmət bəsləyir".

Bu məsələ ilə bağlı İran tərəfi öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirdi. İİR Prezidenti Ə.Ə.Haşimi-Rəfsəncani 1991-ci il dekabrın 12-də Seneqalın paytaxtında Azərbaycan Respublikasının nümayəndə heyətini qəbul edərkən, o, Azərbaycanı İslam Konfransı Təşkilatının üzvlüyünə qəbul olunması münasibətilə təbrik etmişdi. Beləliklə, Azərbaycan Respublikası İKT-nın 46-cı üzvü olmuşdur. İİR-in AR-ə münasibətdə oynadığı bu vasitəçilik rolu və onun müsbət nəticəsi təbii olaraq hər iki respublika arasında əlaqələrin daha da yaxşılaşmasına zəmin yaratdı.

1992-ci il yanvarın 7-də Naxçıvan MR Ali Sovetinin Sədri Heydər Əliyev İİR-ın neft naziri cənab Qulamrza Ağazadəni qəbul etmişdir. Söhbət zamanı Naxçıvan ilə İran arasında ikitərəfli əməkdaşlıq müzakirə olunmuşdur.

1992-ci ilin iyulundan etibarən Azərbaycanla İran arasında siyasi əlaqələr özünün yeni mərhələsinə daxil oldu. Belə bir şəraitdə respublika Nazirlər Kabinetinin 1992-ci il 22 iyul tarixli sərəncamına uyğun olaraq nazirliyin nəzdində İran-Azərbaycan işgüzar əməkdaşlıq şurası yaradıldı. Onun əsas vəzifələri Azərbaycanın və İranın imzaladıqları hökumətlərarası sazişlərin, müqavilələrin və digər sənədlərin həyata keçirilməsində, qonşu ölkə ilə ticarət-iqtisadi və humanitar əlaqələrin inkişaf etdirilməsində respublikanın müəssisə və təşkilatlarına yardım göstərməkdən ibarət idi.

1991-ci il may ayının ortalarında hakimiyyətə gəlmiş AXC sədri Əbülfəz Elçibəyin İranla bağlı televiziyada çıxışı İran-Azərbaycan münasibətlərinin soyumasına səbəb oldu.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 13 aprel.- S.14.