Ümummilli lider Heydər
Əliyev fenomenal tarixi şəxsiyyətdir
Bütöv və tam həqiqətin yolu ilə gedən
və böyük uğurlar qazanan Ulu öndər Heydər Əliyev
Azərbaycan xalqının tarixində şanlı salnamələr
açıb.
«Mənim həyat amalım bütün
varlığım qədər sevdiyim Azərbaycan xalqına,
dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi
inkişafına xidmət olub» - deyən Ulu öndər
dövlətçiliyimizin ən ağır günlərində
göstərdiyi misli görünməmiş qətiyyəti
ilə bu sözlərdəki gerçəkliyi dəfələrlə
təsdiqləyib. Əsl vətəndaş,
tarixi şəxsiyyət kimi Heydər Əliyev millətini,
torpağını fəlakətdən qurtarıb, onu
çevriliş, qiyam cəhdlərindən hifz edərək
dirçəliş və inkişafa doğru yönəldib,
cəmiyyətdə özünəinam hissini bərpa edib,
ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb.
Tarixi reallıqlar təsdiqləyir ki, xalqları
dünya miqyasında tanıdan, məşhurlaşdıran təkcə
onların zəngin təbii sərvətləri və maddi mədəniyyət
inciləri deyil, həm də dünya siyasətində
mühüm rol oynamış fenomenal tarixi şəxsiyyətləridir. Məhz belə
fenomenal şəxsiyyətlərin müəyyənləşdirdiyi
mütərəqqi yol hər bir millətin strateji inkişaf
konsepsiyasına çevrilməklə, onun beynəlxalq aləmdə
özünəlayiq yer tutmasını təmin edir. Bu mənada, Ulu öndərin Azərbaycanla,
xalqımızla bağlı arzuları bitib-tükənməz
idi, məhz bu istəklə dövlətimizin gələcəyi
üçün misilsiz əhəmiyyəti olan böyük
layihələrin, nəhəng işlərin təməli
qoyulub. Həmin layihələr, Heydər Əliyev
xeyir-duası ilə başlanmış işlər hələ
uzun illər Azərbaycanın inkişafını, güclənməsini,
rifah və firavanlığını təmin edəcək.
Tarix boyu şəxsiyyətlərin cəmiyyətdəki
rolunu aydınlaşdırmağa çalışmış
böyük mütəfəkkirlər daim bu fenomeni dərindən
öyrənməyə, obyektiv elmi-politoloji nəticələr
çıxarmağa çalışıblar. Çoxsaylı
nəzəriyyələrə, geniş fikir müxtəlifliyinə
rəğmən ümumi qənaət bundan ibarətdir ki, hər
bir xalqın milli inkişaf yolunu müəyyənləşdirərək,
onu dünya miqyasında tanıdan, layiqli mövqelərə
çıxaran məhz xarizmatik liderlərdir. Müəyyən
mürəkkəb və taleyüklü siyasi mərhələdə
məsuliyyətdən çəkinməyərək dövlət
idarəçiliyi missiyasını üzərinə
götürmüş belə liderlər xalqlarının daim
can atdığı azadlıq, müstəqillik və milli
dövlətçilik kimi müqəddəs idealların
gerçəkləşməsində əvəzsiz rol
oynayır, tarixdə əbədiyaşarlıq hüququ
qazanırlar.
Hətta filosoflar yazır ki, xalqların taleyində
mühüm rol oynamış şəxsiyyətlər, bir
qayda olaraq, tarixin gedişinə təsir göstərir və
xilaskar missiyaları ilə yeni bir tarix yaradırlar. XX əsrdə
xalqımızın yetirdiyi qeyri-adi və fenomen şəxsiyyət
- Ümummilli liderimiz Heydər Əliyev də məhz hər
zaman böyük rəğbət və ehtiramla
xatırlanır. Xalqımız qərinələr
boyu qazandığı dövlətçilik ənənələrini
məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək
sistem halına salmış, millət kimi mövcudluğunu,
dövlət qurmaq haqqını, özünü idarə etmək
bacarığını ən yüksək həddə
nümayiş etdirib. Azərbaycanın
müstəqil dövlət quruculuğuna aparan keşməkeşli
və şərəfli yol, əslində, məhz dahi öndərimizin
hakimiyyətə gəlişindən sonra başlayıb.
Etiraf etməliyik ki, Azərbaycanın son onilliklər ərzində
qazandığı uğurlar Ulu öndər Heydər Əliyevin
həyat və fəaliyyəti ilə birbaşa
bağlıdır. 1969-cu ildə Onun Azərbaycanın rəhbəri
seçilməsi, əslində, çağdaş tariximizə
ölkəmizin sürətli və uzunmüddətli
inkişafının əsasının qoyulması kimi daxil
olmasıdır. Azərbaycanın Heydər
Əliyevin adı ilə bağlı olan sürətli
inkişafının bu gününün özündə də
daha yüksək dinamika ilə davam etməsi 1969-cu ildən
başlayan yüksəliş strategiyasının böyük
zaman kəsiyini əhatə edən dövlətçilik
konsepsiyası funksiyasını yerinə yetirdiyini qətiyyətlə
təsdiq edir.
Ulu öndərimiz Azərbaycanda dövlət-vətəndaş
münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi,
bütün dəyər və azadlıqların maksimum dərəcədə
qorunduğu, liberal ideyaların möhkəm təmələ
çevrildiyi sivil cəmiyyətin yaradılması, demokratik ənənələrin
ictimai şüurda möhkəmlənməsi uğrunda hər
zaman misilsiz xidmətlər göstərib. Yüksək
bəşəri dəyərlərə hörmət Heydər
Əliyevin daxilən azad şəxsiyyət olmasından,
demokratizmindən, vətəndaşlıq məsuliyyətindən
irəli gəlmişdir. Böyük
strateq hər zaman hər bir fərdin maraq və mənafeyinin
ödənməsini, qanuni hüquqlarının
qorunmasını dövlətin başlıca vəzifəsi
sayıb.
Cəmiyyətin ən müxtəlif sahələrində
nizam-intizamın, haqq-ədalətin təminatına
çalışan Heydər Əliyev yalnız belə bir
yolla dövlətlə xalq arasında möhkəm mənəvi,
siyasi və hüquqi bağlantıya, qarşılıqlı
etimada nail olmağı mümkün sayıb. Dərin zəkası, lider
xarizması, milli ideallara sıx bağlılığı,
unikal idarəçilik məharəti, zəngin mənəviyyatı
ilə hər zaman xalqının sevimli şəxsiyyəti
olmuş Ulu öndərimiz bu ucalığa hakimiyyət
sükanının arxasına keçdiyi ilk gündən-qanunsuzluğa,
ədalətsizliyə və nihilizmə qarşı
apardığı prinsipial mübarizə ilə yüksələ
bilib.
1969-cu il iyulun 14-də Azərbaycana rəhbərliyə
başlayan Heydər Əliyev hüquqi mexanizmləri gücləndirib,
məmur özbaşınalığına, korrupsiyaya və
rüşvətxorluğa qarşı amansız mübarizə
aparıb, xalqımızın milli və iqtisadi
inkişafını təmin edib. Heydər Əliyev
hələ o zaman sərt ideoloji buxovlar şəraitində
xalqının hüquqları uğrunda keçmiş ittifaq
rəhbərliyi ilə mübarizə aparıb, milliləşdirmə
siyasəti yeritməklə mütərəqqi fikirli
ziyalıları amansız təqib və təzyiqlərdən
qoruyub.
Ulu öndər respublikamızın üzləşdiyi
problemləri ilk gündən düzgün müəyyənləşdirməklə,
onların həlli üçün lazımi iradə, qətiyyət
və prinsipiallıq göstərib, hər cür riskə rəğmən,
o dövrün naqisliklərini açıq deməkdən
çəkinməyib.
Ümummilli liderimiz Heydər Əliyevin tarixi missiyası
həm də o dövrdə xalqın daxilində toplanan milli
ruhu və idealları keçmiş rejimin hücumlarından
qoruyaraq xalqın milli yüksəlişini təmin etmək,
hüquqlarını qorumaq olub. Böyük strateq
keçmiş ideologiyanın sərt qəlibləri çərçivəsində
belə, Azərbaycanda milli ruhun tamamən
sıxışdırılmasına yol verməyib, əksinə,
onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə
istifadə etməyi bacarıb. Təsadüfi
deyildir ki, Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən
sonrakı dövr həm də milli özünüdərk və
özünəqayıdışın
başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən başlanan Heydər Əliyev
idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi
istiqamətini də məhz xalqın milli özünüifadəsinin
bütün forma və vasitələrinin geniş vüsət
alması, milli qürur hissinin güclənməsi, azərbaycanlı
məfkurəsinin yüksəlişinə təkan verən
sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi
təşkil edib.
Əgər
Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi
dövründə xalqımızın sosial-iqtisadi-mədəni
yüksəlişi üçün həyata keçirilən
tədbirlər, milli şüurun oyanışı istiqamətində
istər açıq, istərsə də gizli şəraitdə
görülən işlər olmasaydı, bu gün Azərbaycanın
müstəqil xəttə malik, heç bir dövlətdən
asılı olmayan təsisat kimi mövcudluğu şübhə
altında olardı. Keçmiş imperiya
daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən
müşahidə etmək imkanına malik olan Heydər Əliyev
Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini
öncədən görür, bunun üçün
iqtisadi-siyasi, intellektual və hüquqi baza
formalaşdırırdı. Bu addımlar
respublikamızın müstəqilliyinin mövcudluğunun təmin
edilməsinə yönəldiyindən, 1991-ci ildə müstəqillik
qazanan Azərbaycanın iqtisadi potensialı bir sıra dövlətlərdə
qibtə doğururdu.
Halbuki müstəqilliyin ilk illərində hakimiyyətdə
olan naşı və səriştəsiz qüvvələrin
yeritdiyi yarıtmaz siyasət üzündən respublikanın
hər bir vətəndaşının mənafeyinin uca
tutulduğu hüquqi, demokratik və qüdrətli dövlətin
yaradılması sadəcə xoş ideya olaraq qalırdı. 1991-1993-cü
illərdə Azərbaycanda iqtisadi tənəzzül güclənmiş,
siyasi böhran dərinləşmiş, cəbhə bölgəsində
hərbi uğursuzluqlar artmış, ölkə vətəndaş
qarşıdurması, parçalanma həddinə çatmış,
insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində
acınacaqlı vəziyyət yaranmışdı.
1993-cü ilin məlum Gəncə hadisələri fonunda Azərbaycan
dövlətçiliyinin məhv olmaq təhlükəsini
daha dərindən hiss edən müdrik xalqımız
yaranmış acınacaqlı şəraitdə
çıxış yolunu məhz Ümummilli Liderimiz Heydər
Əliyevin şəxsində görmüşdür. Bu sarsıntı və təlatümlər təsdiqlədi
ki, yalnız dəmir iradəyə, fitri idarəçilik
keyfiyyətlərinə, geniş siyasi
dünyagörüşünə malik xarizmatik lider Azərbaycanın
dövlət müstəqilliyini qorumaq və yaşatmaq kimi
ağır bir missiyanın öhdəsindən gələ bilər.
Ölkə vətəndaşlarının mütləq əksəriyyəti
yaxşı başa düşürdü ki, vətənimizi
sürətlə fəlakətə sürükləyən məkrli
planların qarşısını almağa, Azərbaycanı
düçar olduğu böyük fəlakətlərdən
qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər
Əliyevdir!
1993-cü
ilin 9 iyununda xalqın təkidli tələbilə Bakıya
qayıdan Ulu öndərimiz Azərbaycanı iflasdan, fəlakətdən
qurtarıb, dövlətçiliyi möhkəmlədib, onu
xain əllərdən, çevriliş, qiyam cəhdlərindən
hifz edərək dirçəliş və inkişafa
doğru yönəldib. Bu qayıdış əsrlərin
sınağından keçə-keçə min bir əziyyətlə
məqsədinə doğru addımlayan bir millətin
özünə qayıdışına çevrilib, bununla
da, Azərbaycan özünün müstəqillik tarixinin daha
şərəfli və əzəmətli mərhələsinə
qədəm qoyub. Ulu Öndərin
müdrik fəaliyyəti ilə cəmiyyətdə
özünəinam hissini bərpa edib, sabitlik və
firavanlığa ciddi təminat yaradıb. Azərbaycanın sosial-iqtisadi və diplomatik sahədə
üzləşdiyi bir çox problemlərin həlli məhz
Ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonrakı mərhələdə
mümkün olub.
Ümummilli Liderimizin böyük müdrikliklə irəli
sürdüyü dövlətçilik konsepsiyası mahiyyət
etibarilə Azərbaycanın tarixi ənənələrini və
müasir Avropa dəyərlərini birləşdirən yeni
bir inkişaf modeli kimi özünü doğruldub. İctimai-siyasi sabitliyi və
sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına
çevirən Heydər Əliyev cəmiyyətdə
dayanıqlı milli birliyə nail olmaq üçün, hər
şeydən öncə, insan hüquq və
azadlıqlarının maksimum təminatı məsələsinə
xüsusi diqqət yetirib. Ulu öndərimiz
özünəməxsus müdrikliklə bəyan edib ki,
siyasi sabitliyi təmin etmədən yeni idarəetmə sisteminə
keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və
demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq
mümkün deyildir. Heydər Əliyev Azərbaycanda
milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini
müəyyənləşdirərkən xalqın milli
mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə
alıb.
Böyük şəxsiyyət olaraq Heydər Əliyev
cəmiyyətin sivil inkişafını hər bir fərdin
maraq və mənafelərinin etibarlı təminatında
görərək bunun üçün bütün zəruri
tədbirləri həyata keçirib. Məhz Ulu öndərin
gərgin səyləri nəticəsində hüquqi,
demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən
müstəqil respublikamızda vətəndaş cəmiyyətinin
formalaşması, insanların azad, sərbəst
yaşaması, qanunun aliliyinin təmin edilməsi
üçün ən yüksək tələblərə
cavab verən normativ-hüquqi baza yaradılıb. Hüquqa və ədalətə söykənən
vətəndaş cəmiyyətinin əsası qoyulub, onun təkmilləşdirilməsi
prosesi uğurla davam etdirilib. Ulu öndərimizin rəhbərliyi
altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın
ilk Konstitusiyası ölkənin gələcək inkişaf
prioritetlərini müəyyənləşdirməklə
yanaşı, insan hüquq və azadlıqlarının təminatını
dövlətin ali məqsədi kimi ön
plana çıxarıb.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın
güclü və qüdrətli dövlətə
çevrilməsi üçün ölkənin malik
olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli
istifadəni son dərəcə vacib sayaraq, ilk gündən
yeni neft strategiyasının işlənib hazırlanması və
uğurla həyata keçirilməsi üçün əzmlə
çalışıb. Azərbaycanın məhdud maliyyə
imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin,
bu əvəzsiz təbii sərvətin Qərb bazarlarına
çıxarılmasının
qeyri-mümkünlüyünü düzgün qiymətləndirən
Heydər Əliyev çıxış yolunu Qərb şirkətləri
ilə milli maraqlara söykənən əməkdaşlığın
qurulmasında görüb. Azərbaycan rəhbərliyi
həmin illərdə həqiqətən, də, heç bir
səhvə yol vermədən iri Qərb şirkətləri
ilə aparılan danışıqların məntiqi sonluqla
yekunlaşmasına nail olub. 1994-cü ilin 20
sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin
iştirakı ilə çağdaş tariximizə "Əsrin
müqaviləsi" adı ilə düşmüş qlobal
neft müqaviləsinin təntənəli imzalanma mərasimi
keçirilib. Bununla da, Azərbaycan MDB məkanında
Qərbin iri neft şirkətləri ilə iri miqyaslı
saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində
beynəlxalq əməkdaşlığın bünövrəsini
qoyub. Eyni zamanda, bu müqavilənin
imzalanması respublikamızın bugünkü və gələcək
iqtisadi uğurlarının əsasını qoyub.
Ümümmilli liderimiz ölkədə ictimai-siyasi
sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət
modeli konsepsiyasını uğurla həyata keçirib, bu
siyasi kurs bütün istiqamətlərdə Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmləndirilməsi
və inkişaf etdirilməsi məqsədinə xidmət
edib. Hüquqi dövlət quruculuğu, ölkənin
sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyətinin
qurulması, milli təhlükəsizlik və xarici siyasət
kursunun uğurla aparılması, milli-mənəvi inkişaf
istiqamətində görülən işlər
bütünlüklə müstəqilliyimizin möhkəmlənməsinə,
əhalinin rifahının yüksəlməsinə yönəlib.
Onu da etiraf edək ki, bütün xalqların həyatında
dövlətin varislik tarixi ciddi əhəmiyyətə
malikdir. Tarixin konkret məqamında Ümummilli lider Heydər
Əliyev siyasi kursunun davam etdirilməsinin
labüdlüyünü şərtləndirən amillər
isə, heç şübhəsiz ki, bu kursun
bütünlüklə Azərbaycanın dövlətçilik
maraqlarının həyata keçirilməsinə yönəldilməsindən
ibarət idi. Belə bir zamanda Ulu öndərimiz
Heydər Əliyevin müəyyənləşdirmiş
olduğu siyasi kursun, milli dövlətçilik
konsepsiyasının varisliyinin təmin olunması zərurəti
sosial sifarişi kimi ortaya çıxıb. Üstünlüyü, obyektiv xarakteri və
alternativsizliyi Heydər Əliyev hakimiyyətdə olduğu
illər ərzində dəfələrlə öz təsdiqini
tapan bu konsepsiyanın tətbiqi, Azərbaycanın dövlətçilik
əsaslarının daha da möhkəmləndirilməsi,
bütün zamanlarda müstəqilliyimizin əbədiliyi, Azərbaycan
dövlətinin yüksəlişi deməkdir.
Heydər
Əliyev siyasi kursunun dövlət idarəçiliyi sistemi
üçün öz əhəmiyyətini itirəcəyi təqdirdə,
cəmiyyətimizdə baş verə biləcək
mümkün təlatümləri, ağır faciələri
isə Azərbaycan xalqı Ulu öndərimizin siyasi hakimiyyətdən
kənarda olduğu ötən əsrin 90-cı illərinin əvvəllərində
artıq bir dəfə yaşayıb. Ona görə
də Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi siyasi kursun varisliyinin təmin
olunması zərurətindən çıxış edərək
öz müdrikliyini bir daha nümayiş etdirdi.
Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyev
tərəfindən nəzəri olaraq irəli
sürülmüş bütün ideyaların bu gün
Prezident İlham Əliyev tərəfindən yaradıcı
şəkildə reallığa çevrilməsi Azərbaycan
həyatının sevindirici gerçəklikləridir. Müasir
dövlətimizin memarı Heydər Əliyevin
başladığı böyük işləri və
taleyüklü məsələləri, planları, gənc
dövlətimizin milli mənafeyinə tam uyğun müstəqil
daxili və xarici siyasəti Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında uğurla davam etdirilir. Cənab
İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin
ilk günlərindən respublikanın müxtəlif
regionlarında seçkiqabağı görüşlərində
verdiyi vədlərinə əməl edərək, ölkə
iqtisadiyyatının daha sürətlə inkişaf etdirilməsi
və əhalinin maddi rifah halının
yaxşılaşdırılması istiqamətində
çox mühüm tədbirlər həyata keçirib.
Dövlətimizin və xalqımızın gələcəyi
naminə görülən bütün bu işlər isə
insanlarımızın Ulu öndər Heydər Əliyev
kursuna inamını daha da artırır və bu kursun əbədiyaşarlığının
təmin edir.
Xatirə Əliyeva,
YAP Mərkəzi Aparatının
mətbuat xidmətinin əməkdaşı
yap.org.az
Səs.- 2013.- 13
aprel.- S.8-9.