Əli Əhmədov: Azərbaycan heç
bir halda özünün dövlət və milli
maraqlarını beynəlxalq təşkilatların
arzularına qurban vermək niyyətində deyil
Yeni Azərbaycan Partiyasının
Sədrinin müavini - icra katibi Əli Əhmədovun Trend-ə
müsahibəsi
-
YAP-ın prezident seçkilərinə
hazırlığı necə gedir? Hakim partiya seçkidə
təbligat kampaniyasında yeni metodlardan istifadə edəcəkmi?
-
Ümumiyyətlə, hər bir partiyanın seçki
taktikası partiyanın gözlənilən seçkidə
proqnozlaşdırılan perspektivləri ilə bilavasitə əlaqədardır.
Biz Yeni Azərbaycan Partiyası olaraq birmənalı şəkildə
hesab edirik ki, qarşıdan gələn prezident seçkilərində
Yeni Azərbaycan Partiyasını böyük uğur və qələbə
gözləyir. Bunun da ən əsas səbəbi
qarşıdan gələn prezident seçkilərində
partiyanın sədri və Azərbaycanın Prezidenti İlham
Əliyevin namizədliyinin irəli sürülməsi ilə əlaqədardır.
Bizim bütün müşahidələrimiz, təhlillərimiz,
Azərbaycan cəmiyyətinin mövcud əhval-ruhiyyəsinin
dəyərləndirilməsi ondan xəbər verir ki, Azərbaycan
xalqının böyük əksəriyyəti
qarşıdan gələn prezident seçkilərində
İlham Əliyevin namizədliyinin irəli sürülməsini
birmənalı şəkildə dəstəkləyir. Prinsip
etibarilə insanlar rasional düşünməyə meyillidirlər
və İlham Əliyevin namzədliyinin
insanlarımızın mütləq əksəriyyəti tərəfindən
dəstəklənməsi məhz elə bu rasional
düşüncənin təzahürüdür, ifadəsidir.
Ona görə ki, 10 ilə yaxın müddət ərzində
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əhəmiyyətli
dərəcədə dəyişib. Böyük iqtisadi
sıçrayış əldə edilib, Azərbaycan qüdrətli
bir dövlətə çevrilib, dünya birliyində Azərbaycanın
mövqeləri möhkəmlənib, bu gün Azərbaycan
dünyada hörmət sahibi olan bir dövlət kimi qəbul
olunur.
Digər
bir tərəfdən, bu illər ərzində Azərbaycanda
insanların həyatının yeni keyfiyyəti
formalaşıb, həyatın tamamilə yeni bir keyfiyyəti
meydana gəlib. Mən bunun üç əsas sütununu demək
istərdim. Birincisi, insanlarımızın rifahı əhəmiyyətli
dərəcədə yaxşılaşıb. İkincisi, Azərbaycanda
Prezident İlham Əliyevin siyasəti sayəsində həyata
keçirilən yeniləşmə, müasirləşmə
konsepsiyasıdır ki, bunun nəticəsində də Azərbaycan
tamamilə yeni bir görkəm alıb, Azərbaycanın
paytaxtı Bakı şəhəri, regionlar, ayrı-ayrı
yaşayış məskənləri, şəhərlər,
qəsəbələr tamamilə yeni bir görkəm alıb
və beləliklə də Azərbaycan vətəndaşları
yeni bir mühitdə, mədəni və məişət
mühitində yaşayıblar ki, bu da Azərbaycanda
insanlarımızın həyatının yeni keyfiyyətinin
qərar tutduğu ikinci bir sütun kimi qiymətləndirilir.
Və nəhayət, sabitlik, əmin-amanlıq, dinclik,
rahatlıq, insanların təhlükəsizliyinin təmin
edilməsi də haqqında danışdığımız
həyatın yeni keyfiyyətinin üçüncü bir
dayağıdır. Beləliklə, bu üç əzəmətli
dayaq üzərində həyatın yeni bir keyfiyyəti
formalaşıb. Azərbaycan vətəndaşları bunu
çox gözəl dərk edirlər, qiymətləndirirlər,
eyni zamanda, bütün bu dəyişikliklər gələcəkdə
Prezident İlham Əliyevin rəhbərliyi altında daha
böyük uğurların və nailiyyətlərin
qazanılacağına ümidləri daha da gücləndirir.
Bu rasional düşüncə Prezident İlham Əliyevin
namizədliyinin dəstəklənməsində
özünün ifadəsini tapır. Bu mənada Yeni Azərbaycan
Partiyası özünün seçki taktikasını qurarkən
Prezident İlham Əliyevin namizədliyinin insanlarımız tərəfindən
qətiyyətlə dəstəklənməsi məntiqindən,
reallığından çıxış edir.
Bu mənada
qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar
Yeni Azərbaycan Partiyasının bütövlükdə
seçki taktikası ciddi, əsaslı inam üzərində
qurulub desəm, hesab edirəm ki, gercəkliyi və bizim öz
üzərimizə götürdüyümüz vəzifənin
öhdəsindən gələcəyimizə
inamımızı ifadə etmiş olarıq. O ki qaldı,
yeni texnologiyalar, Yeni Azərbaycan Partiyasının seçki
kampaniyasının keçirilməsi ilə əlaqədar
proqram məsələsinə, ayrıca vurğulamaq istəyirəm
ki, bütövlükdə Yeni Azərbaycan Partiyasının
böyük, zəngin seçki təcrübəsi var, dəfələrlə
ölkəmizdə keçirilən prezident, parlament
seçkilərində Yeni Azərbaycan Partiyası yeni
texnologiyalardan faydalanıb və biz bunun qələbələrimizin
əldə olunmasında xeyrini görmüşük. Təbiidir
ki, bizim məhz bu yeni texnologiyalara istinad etməyimiz əhəmiyyətli
rol oynayıb. Qeyd etmək istəyirəm ki, 2013-cü ilin
prezident seçkiləri kampaniyası istisna olmayacaq. Yeni Azərbaycan
Partiyasının çox əhatəli,
insanlarımızın İlham Əliyevin gələcək fəaliyyətinin
Azərbaycanın daha böyük inkişafına gətirib
çıxaracağına inamını gücləndirən
proqramı formalaşır, hazırlanır və günam
edirəm ki, bu proqram Azərbaycan vətəndaşları tərəfindən
ciddi şəkildə dəstəklənəcək.
Seçki yeniliklərindən istifadə olunacaq. Əmin etmək
istəyirəm ki, Yeni Azərbaycan Partiyası həmişə
olduğu kimi 2013-cü ilin seçki kampaniyasını da məzmunlu,
maraqlı təşkil edəcək və kifayət qədər
yeniliklərin şahidi olacağıq.
"Azərbaycanın müxalifət
partiyalarında dialoq haqqında boş-boş, mənası
olmayan söz-söhbətlər etməkdən kənara
çıxa biləcək real, praktik addımlar
atılmayıb"
-
Yeni Azərbaycan Partiyası dəfələrlə dialoqa
hazır olduğunu bəyan etsə də, nədənsə
müxalifət yenə də dialoq deyir və hakim
partiyanın çağırışlarını qəbul
etmir. Sizcə, müxalifət dialoq deyəndə nəyi nəzərdə
tutur?
-
Yeni Azərbaycan Partiyası Azərbaycanda milli
maraqlarımıza uyğun şəkildə fəaliyyət
göstərən istənilən siyasi təşkilatla aktual
problemlərin müzakirə edilməsinə, "dəyirmi
masa"ların keçirilməsinə həmişə
hazır olub və bu gün də hazırdır. Amma çox
təəssüf hissi ilə qeyd etmək istəyirəm ki,
Azərbaycanın müxalifət partiyalarında dialoq
haqqında boş-boş, mənası olmayan söz-söhbətlər
etməkdən kənara çıxa biləcək real, praktik
addımlar atılmayıb. Yeni Azərbaycan Partiyası ilə
müxalifət partiyalarının dialoq məsələsinə
yanaşmasında ciddi fərqlərdən biri bundan ibarətdir.
Bir neçə il bundan əvvəl Yeni Azərbaycan
Partiyasının təşəbbüsü ilə müxalifət
partiyalarının bir neçəsi ilə "dəyirmi
masa"lar keçirilib və bu "dəyirmi masa"lar Yeni
Azərbaycan Partiyasının qərargahında baş tutub. Yəni
biz dialoq məsələsi haqqında sadəcə danışmaqla
kifayətlənmirik, real addımlar atmağı
bacarırıq. Müxalifətə gəldikdə isə,
müxalifət dialoq problematikasını sanki bir çəkişmə,
didişmə predmetinə çevirib. Mən hesab edirəm
ki, bütövlükdə dialoq probleminə və dialoq
perspektivlərinə bundan da artıq dərəcədə
ziyan vura biləcək bir praktikanı təsəvvür etmək
mümkün deyil. Biz səhərdən axşama qədər
dialoq, dialoq deyib, elə boş-boşuna söhbət etmək
əvəzinə, ciddi şəkildə real nəticələri
olan və təbiidir ki, faydalı bir işə xidmət edən,
faydalı ideyalara xidmət edən danışıqların və
yaxud fikir mübadiləsinin aparılmasının tərəfdarıyıq.
Amma biz buna rasional şəkildə yanaşmağın tərəfdarıyıq.
Sadəcə olaraq dialoq deyib, dialoq eşidib, dialoq
danışa-danışa yatıb, dialoq
danışa-danışa durmağın, obrazlı şəkildə
desək, tərəfdarı deyilik, çünki bunun bir
faydası yoxdur. Yeni Azərbaycan Partiyası dialoqa
hazırdır, ancaq hesab edirəm ki, bu, rasional şəkildə
düşünülmüş, faydalı olan siyasi partiyalar
arasında anlaşmaya gətirib çıxara biləcək
bir "dəyirmi masa" və yaxud toplantı şəklində
keçirilə bilər. Onu da vurğulamaq istərdim ki, Yeni
Azərbaycan Partiyası ilə dialoq haqqında danışan
bu və ya digər siyasi partiyaların davranışında
da, hərəkətlərində də bu dialoq mühitinin,
atmosferinin yaranmasına kömək edəcək bir rasional
yanaşma olmalıdır. Ancaq müxalifət
partiyalarının davranışında biz bunu
görmürük və müxalifət partiyalarının həm
Yeni Azərbaycan Partiyasına, həm də bugünkü
hakimiyyətə münasibətində özünü
göstərən kifayət qədər aqressivlik dialoq
ab-havasının yaranmasına ciddi maneçilik törədir.
Bütün bunlara baxmayaraq, biz dialoqun, fikir mübadiləsinin
aparılmasının tərəfdarıyıq. Ancaq həqiqət
bundan ibarətdir ki, Azərbaycanda müxalifət amorf bir
anlayışa çevrilib. Müxalifət dedikdə,
yalnız fərqli düşünmək istəyən,
reallıqları təhrif edən qeyri-müəyyən bir
subyekt başa düşülür. Müasir anlamda müxalifətin
parametrləri tamamilə fərqlidir. Digər bir tərəfdən,
əlbəttə, Yeni Azərbaycan Partiyasının dialoqa
yanaşmasında bu cəhət də xüsusi əhəmiyyət
kəsb edir ki, biz dialoqu kimlə aparmalıyıq? Kimlə
oturub fikir mübadiləsi aparmalıyıq? Hansı partiya və
o partiyanın funksionerləri Azərbaycan cəmiyyətinin
müəyyən bir kəsiminin maraqlarını ifadə edə
biləcək etimada sahibdirlər? Bütün bunlar, əlbəttə,
ciddi suallardır. Dialoq yalnız oturub söhbət etmək məqsədi
daşıya bilməz. Dialoq o zaman aparılır və
dialoqun tərəfləri kimi o qruplar çıxış edə
bilər ki, onlar kiminsə adından danışmaq hüququna
və səlahiyyətinə malik olsunlar. Təbiidir ki, Yeni Azərbaycan
Partiyasının 600 min üzvü var, hakim partiyadır və
təbiidir ki, Yeni Azərbaycan Partiyası hər hansı bir tərəflə
dialoqa gedərkən cəmiyyətin ciddi bir kəsiminin mənafeyinin
ifadəçisi kimi çıxış edir. Amma bizimlə
söhbət etmək, dialoq aparmaq istəyən tərəflər
kimlərin maraqlarını ifadə edir və onlar bu
maraqları nə dərəcədə ifadə etmək səlahiyyətinə
sahibdirlər? Bu məsələ isə diqqətdən kənarda
qalıb. Müxalifət daxildən bir-biri ilə didişən,
bir yerə toplaşa bilməyən və bu səbəbdən
də az-çox cəmiyyət toplumunun marağını
ifadə edən quruma çevrilə bilməyib. Reallıq
bundan ibarətdir. Bu mənada, bir tərəfdən müxalifət
real, ciddi qüvvə kimi çıxış edə bilmir,
ikinci bir tərəfdən, ona ictimai etimad və dəstək
həddən artıq zəif olduğundan onların dialoq
haqqında çıxışları və yaxud dialoq aparmaq
istək və niyyətləri də təbii ki, kifayət qədər
zəif səslənir və bunun özü də dialoq
mühitinin formalaşmasına müsbət təsir göstərmir.
-
"Nida" gənclər təşkilatının üzvləri
qanunsuz odlu silah və ya narkotik maddə gəzdirməkdə
ittiham olunsalar da, deyirlər ki, bu, gənclərə
qarşı təzyiq, hətta repressiya siyasətidir. Buna
münasibətiniz?
- Azərbaycan
müxalifətinin çox tez-tez istinad etdiyi taktikalardan biri də
heç bir əsas olmadan Azərbaycan hakimiyyətinin guya
onlara qarşı repressiyalar tətbiq etməsi haqqında
uydurmalarıdır. Birmənalı şəkildə demək
istəyirəm ki, Azərbaycanda repressiya mövcud deyil. Ən
azından ona görə ki, Azərbaycan cəmiyyətinin
böyük əksəriyyəti indiki Prezidenti, onun həyata
keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir
və bugünkü hakimiyyətə alternativ ola biləcək
və ciddi ictimai dəstək qazana biləcək və yaxud
qazanmış elə bir qüvvə yoxdur ki, Azərbaycan
iqtidarı narahat olsun və bu narahatlığın əsasında
da kimlərəsə qarşı təzyiq və yaxud
onların dediyi ifadədən istifadə etsək, repressiyalara
əl atsın. Bu, uydurmalardan başqa bir şey deyil və bu
uydurmaların da kökündə dayanan məntiq ona gətirib
çıxarır ki, Azərbaycanda müxtəlif siyasi
iddialar ortaya qoymuş qruplar, müxalifətçilər ciddi
ictimai dəstək əldə edə bilmədiklərindən
günahı özlərində görmək əvəzinə,
iqtidarın üzərinə yıxmağa
çalışırlar ki, guya Azərbaycan iqtidarı
onların sərbəst şəkildə siyasi fəaliyyət
göstərməsi üçün əngəllər
törədir və hətta repressiyalara yol verir. Eyni sözləri
mən "Nida" gənclər təşkilatı ilə əlaqədar
demək istərdim. Bildiyiniz kimi, bu təşkilatın
köməyi ilə və yaxud icraçılar bu təşkilatdan
olmaqla, digərlərinin təhrikləri ilə Azərbaycanda
bir neçə dəfə qanunsuz küçə
aksiyalarının keçirilməsinə cəhdlər
göstərilib. Bu küçə aksiyalarının
iştirakçılarının sayı o qədər az olub
ki, bütövlükdə Azərbaycandakı ictimai-siyasi həyatın
normal axarına nəinki təsir etmək gücündə
olmayıb, bu aksiyalar heç insanlar tərəfindən hiss
olunacaq dərəcədə də effektli olmayıb. Belə
olan halda, o gənclərə qarşı təzyiqlərin tətbiq
edilməsi haqqında səsləndirilən fikirlər cəfəngiyatdan
başqa bir şey deyil. Digər bir tərəfdən, təbiidir
ki, istənilən hüquqi dövlətdə hər bir vətəndaşın
hərəkətinə qanunlar çərçivəsində
qiymət verilir və qanunun pozulmasına gətirib
çıxaran hərəkətlər də qanun müstəvisində
nəzərdən keçirilir. Qanunun kimin tərəfindən
pozulmasından asılı olmayaraq, qanun hamıya eyni dərəcədə
şamil edilir. Əgər kimsə silah gəzdiribsə və
yaxud ictimai asayişi pozmaq istəyibsə, lap elə qanunsuz
aksiyalar keçirmək fikrinə düşübsə,
qanunun tələblərinə uyğun şəkildə
müvafiq məhdudlaşdırıcı tədbirlərin
görülməsi tamamilə normal haldır, normal
praktikadır. Azərbaycanda da belə edilir, dunyanın digər
yerlərində də, belə deyək, dünyaya demokratiya
nümunəsi göstərən ölkələrdə də
belə edilir. Qanun pozulursa, əlbəttə ki, qanunu pozanlar
qanunun özünün müəyyənləşdirdiyi
formada sanksiyalarla üzləşməlidirlər. Azərbaycan
da istisna deyil, Azərbaycan da hüququn aliliyinə söykənən
bir dövlət kimi bu addımları atır və təbii
ki, bundan sonra da belə olacaq. Dövlətin ən vacib vəzifələrindən
biri sabitliyi, əmin-amanlığı, hər bir vətəndaşın
təhlükəsizliyini təmin etməkdən ibarətdir. Əgər
kimsə sabitliyin, əmin-amanlığın, insanların təhlükəsizliyinin
pozulmasına gətirib çıxara biləcək hərəkətə
yol verirsə, o, qanun qarşısında cavabdeh olur və ona
qarşı sanksiyalar tətbiq edilir. Siyasi fəaliyyətlə
məşğul olmaq qanunların pozulması
üçün əsas yaratmır və qanunun pozulmasına
görə sanksiyaların tətbiq edilməsinin də siyasi
repressiyalar və ümumiyyətlə, repressiya kimi dəyərləndirilməsi
ədalətdən kənar bir yanaşmadır.
"Rüstəm İbrahimbəyov
Qarabağın Azərbaycana məxsus olması fikrinin üzərinə
kölgə salmağa çalışır"
-
Özünü Ziyalılar Forumu adlandıran bir qurumda ermənipərəsət
çıxışlar artıq intensiv xarakter alıb. Əkrəm
Əylislidən sonra Rüstəm İbrahimbəyov da ermənipərəst
çıxış etdi. Belə bir fikir var ki, Ziyalılar
Forumu xarici qüvvələr tərəfindən idarə
olunur. Siz bununla bağlı nə
düşünürsünüz?
- Əlbəttə,
Azərbaycan cəmiyyətində bu fikirlər aktiv şəkildə
yayılmaqdadır. Yəqin ki, belə bir fikrin ictimai rəydə
dərin kök salmasının səbəblərindən biri
də Ziyalılar Forumu deyilən qurumda fəallıq göstərən
iki nəfərin açıq-aydın ermənipərəst bəyanatlar
verməsi, ermənipərəst mövqedə dayanması ilə
bağlıdır. Əkrəm Əylisli ilə bağlı
hər şey aydındır və güman edirəm ki, Azərbaycan
cəmiyyəti ona öz mövqeyini tamamilə açıq
şəkildə ifadə edib. Rüstəm İbrahimbəyova
gəldikdə isə, onun bir neçə gün bundan əvvəl
"Rosbalt" informasiya agentliyinə verdiyi bəyanat kifayət
qədər sürüşkən bir mövqenin ifadəsidir.
Bu bəyanatda Rüstəm İbrahimbəyov Qarabağın
Azərbaycana məxsus olması fikrinin üzərinə
kölgə salmağa çalışır. Mən təsəvvür
etmirəm ki, azərbaycanlı olan hər hansı bir insan
Qarabağın Azərbaycan torpağı olduğunu
şübhə altına alsın. Amma Rüstəm
İbrahimbəyovun günahı tək ondan ibarət deyil ki,
o öz qəlbində, düşüncələrində
şübhələnir ki, Qarabağ mübahisəli bir
zonadır. Əksinə, o, erməni mövqeyinə
yuvarlanır və beləliklə, əslində ermənilərin
mövqelərini gücləndirmiş olur. Əslində o,
erməni mövqeyinin güclənməsinə xidmət edən
bir bəyanat səsləndirib və hesab edirəm ki, erməni
tərəfi də Azərbaycan torpaqlarının
işğal altında saxlanılmasına yönəlmiş hərəkətlərinin
bundan sonra da davam etdirilməsində Rüstəm İbrahimbəyovun
səsləndirdiyi fikirlərə istinad edəcək, ondan
istifadə edəcək, necə ki, onlar Əkrəm Əylislinin
yazdığı kitabdan artıq çox bacarıqla istifadə
edirlər. Eləcə də Rüstəm İbrahimbəyovun
Qarabağın Azərbaycana məxsus olduğunu şübhə
altına alan fikrindən istifadə edəcəklər. Hesab
edirəm ki, bu, Rüstəm İbrahimbəyovun Azərbaycanın
milli maraqlarına ciddi zərbə vurmaqdan ibarət olan
çox təhlükəli bəyanatıdır və eyni
zamanda görünür ki, bu, Rüstəm İbrahimbəyovun
mövqeyidir. Əks halda o, tamamilə başqa bir fikir səsləndirməli
idi. Bu mənada, çox təəssüf hissi ilə qeyd etmək
istəyirəm ki, Ziyalılar Forumunda cəmləşənlər
Azərbaycanın maraqlarına zərər vurmaq silsilələrini
davam etdirirlər. Əkrəm Əylisli, onun ardınca
Rüstəm İbrahimbəyov. Təəssüf hissi ilə
qeyd edirəm ki, Azərbaycan ziyalısı adını
daşıyan bir neçə adamın
yığışıb yaratdığı Ziyalılar
Forumunda bu cür düşünən, Azərbaycanın
maraqlarına bu cür münasibət nümayiş etdirən
insanlar cəmləşib. Təbiidir ki, buna görə də
Azərbaycan cəmiyyətində onların kənardan idarə
olunması, kənar maraqlara xidmət etməsi haqqında
fikirlər formalaşıb. Mən hesab edirəm ki, birincisi,
belə fikirlərin formalaşması təsadüfi deyil,
ikincisi, çox ciddi əsaslara söykənir. Qeyd etmək
istəyirəm ki, ümumiyyətlə, nəyin bahasına
olursa-olsun, hakimiyyəti, iqtidarı tənqid etmək və
yaxud ona qarşı çıxmaq praktikası nəticə
etibarilə çox ciddi səhvlərə gətirib
çıxarır. Bəzi hallarda isə bu səhvlər xəyanət
formasını alır. İndi biz onların elementlərini və
təzahürlərini açıq şəkildə görməkdəyik.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki,
bu cür səhvlər və özündə xəyanət
elementlərini birləşdirən hərəkətlər
ziyalı adını daşıyan insanların
yaratdığı forumun üzvləri tərəfindən
edilir.
- Belə
fikirlər var ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda
ictimai-siyasi sabitliyi pozmaq üçün maliyyə
yatırırlar. Nəzərə alsaq ki, qarşıdan
prezident seçkiləri gəlir, təbii ki, bu cür təşkilatlar
daha da aktivləşəcək. Siz necə
düşünürsünüz, bu cür təşkilatlara
mesajınız nə olardı?
- Əvvəla,
onu qeyd etmək istəyirəm ki, hər kəs öz taleyinin
sahibi olmağı bacarmalı olduğu kimi, hər bir millət
və xalq da öz taleyinin sahibi olmağı
bacarmalıdır. Azərbaycan xalqı müstəqil
yaşamaq, həyatını dəyişmək, inkişaf etmək
istəyirsə, müstəsna şəkildə özü
öz taleyinin sahibi olmalıdır. Əlbəttə, Azərbaycan
dünya birliyinin üzvüdür, Azərbaycan çox
sürətlə dünya birliyinə bütün parametrlər
üzrə inteqrasiya edir və bu inteqrasiya da kifayət qədər
uğurludur. Eyni zamanda, Azərbaycan dünya birliyinin vacib təsisatları
olan beynəlxalq təşkilatlarla da səmərəli əməkdaşlıq
edir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatında
fəaliyyəti, Azərbaycan hökumətinin Avropa
İttifaqı və digər beynəlxalq təşkilatlarla səmərəli
əməkdaşlığı Azərbaycanın dünya
birliyinə sürətlə və səmərəli şəkildə
inteqrasiya etmək niyyətini çox ciddi şəkildə
qarşıya qoyduğundan xəbər verir. Eyni zamanda, biz
beynəlxalq təşkilatlarla əməkdaşlıq edərkən
hər şeydən əvvəl milli maraqlarımızın
qorunması mövqeyindən çıxış etməliyik.
Birincisi, milli maraqları ayaq altına ataraq və yaxud kifayət
qədər qorumayaraq beynəlxalq təşkilatlarla səmərəli
əməkdaşlıq etmək mümkün deyil, ikincisi isə
bu əməkdaşlıqdan Azərbaycan xalqına və
dövlətinə hər hansı bir fayda gəlməyəcək.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək
milli maraqlardan geriyə çəkilmək deyil. Heç bir
halda heç bir dövlət, heç bir xalq milli
maraqlarını unutmaq və milli maraqlarından geri çəkilmək
hesabına beynəlxalq təşkilatlarla əməkdaşlıq
etmək istəməz və bu əməkdaşlıqdan hər
hansı bir fayda götürə bilməz. Bu mənada, Azərbaycan
həm beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq
etmək istəyir, digər bir tərəfdən, təbiidir
ki, biz ilk növbədə və hər şeydən əvvəl
milli maraqlarımızın, dövlətçilik
maraqlarımızın qorunması haqqında
düşünürük və bunu da qoruyuruq.
Ayrı-ayrı beynəlxalq təşkilatlar Azərbaycanı
tənqid edirlərsə, bu onların öz yanaşmaları
ola bilər. Burada hər hansı bir səthi təhlil nəticəsində
tənqidlərin yer alması da mümkündür və yaxud
Azərbaycanın reallıqlarının məqsədli şəkildə
təhrif edildiyi tənqidlər də mümündfür. Biz
buna tamamilə normal yanaşırıq. Harada tənqidlər
üçün əsaslar olursa, həmin tənqidlərin
aradan qaldırılması üçün lazımi
addımlar atılır. Haradasa tənqidlər qərəzli
xarakter daşıyır və Azərbaycanın maraqlarına
zərbə vurmaq məqsədi güdürsə, təbiidir
ki, biz həmin tənqidləri qəbul etmirik və Azərbaycanın
reallıqlarını qoruduğumuzu açıq şəkildə
ifadə edirik. Azərbaycanda fəaliyyət göstərən
istənilən beynəlxalq təşkilat Azərbaycanın
dövlətçilik maraqlarına hörmətlə
yanaşmağı bacarmalıdır. Azərbaycanın dövlət
maraqlarına qarşı çıxan, Azərbaycanda tamam
başqa niyyətlərin həyata keçirilməsi istiqamətində
səylər göstərən beynəlxalq təşkilatlara
isə təbiidir ki, öz iradlarımızı bildirməkdən
çəkinməməliyik. Hər bir dövlətin bu
günü, gələcəyi dövlətin öz maraqlarını
qorumasından asılıdır. Əgər dövlət
öz milli maraqlarını, millətini, xalqını qoruya
bilirsə, o öz gələcəyini təmin etmiş olacaq.
Beynəlxalq təşkilatların marağı və istəkləri
Azərbaycanın dövlət və milli maraqlarından
üstün ola bilməz. Ona görə də biz əməkdaşlıq
niyyətimizi bir daha ifadə etməklə yanaşı, eyni
zamanda hesab edirik ki, Azərbaycan heç bir halda
özünün dövlət və milli maraqlarını
ayrı-ayrı beynəlxalq təşkilatların istək və
arzularına qurban vermək niyyətində deyil.
yap.org.az
Səs.- 2013.- 13
aprel.- S.4-5.