İçəri Şəhərin
canlı şəhər olması və burada insanların
yaşaması bir abidə kimi İçəri Şəhəri
unikallaşdırır
Müsahibimiz Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
Mikayıl Cabbarovdur
-
Mikayıl müəllim, rəhbərlik etdiyiniz İdarənin
fəaliyyətində son zamanlar hansı yeniliklər baş
vermişdir? Bu barədə məlumat verməyinizi xahiş
edirik.
- Son
iki ildə İdarənin fəaliyyətində baş verən
yeniliklərdən biri Qala qoruğu və onunla bağlı
aparılmış struktur dəyişikliklərdir. Qoruğun
beynəlxalq təcrübəyə əsaslanan müasir
üsullarla idarə olunmasını təmin etmək məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr 1911
nömrəli Sərəncamı ilə “Qala” Dövlət
Tarix-Etnoqrafiya Qoruğu 2012-ci il yanvarın 1-dən İdarəmizin
tabeliyinə verilmişdir. Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 16 yanvar tarixli 805 nömrəli Fərmanı
ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, həmçinin
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna da daxil
edilmişdir.
Muzey
fəaliyyətində də bir sıra yeniliklər var. 2012-ci
ildə Tahir Salahovun ev-muzeyi yaradılaraq İdarənin
tabeliyinə verilmişdir. Bu ilk dəfə dahi şəxsin
sağlığında onun
yaradıcılığının təbliği
üçün yaradılan muzeydir. İdarənin tabeliyinə
verilmiş Marionet Teatrının ötən ildən etibarən
fəaliyyətə başlaması və tamaşa
repertuarının yaradılması sahəsində əsaslı
işlər görülməyə başlanmışdır.
Fürsətdən
istifadə edərək bir məqama xüsusi toxunmaq istərdim.
Müstəqil Azərbaycanın bərqərar olmasında,
müasir demokratik, hüquqi və dünyəvi dövlətinin
quruculuğunda, ölkəmizin ictimai həyatının
bütün sahələrində, o cümlədən elmin, təhsilin,
mədəniyyətin inkişafında Heydər Əliyevin
misilsiz xidmətləri hamıya məlumdur. İçəri
Şəhərin qorunmasında Ulu öndərimizin xüsusi
rolu olmuşdur. Tədqiqatçıların
apardığı araşdırmalar nəticəsində Heydər
Əliyevin geniş ictimaiyyətə məlum olmayan və
İçəri Şəhərə göstərdiyi
münasibətin, onun qorunmasının, bərpasının və
təbliğinin necə görmək istədiyini əks etdirən
bir sıra maraqlı sənədlər aşkar edilmişdir.
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyev cənablarının
imzaladığı “Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 2013-cü
il 21 yanvar tarixli Sərəncamı ilə Ulu öndərin 90
illik yubileyinin ölkə miqyasında dövlət səviyyəsində
geniş qeyd olunması qərara alınmışdır. Həmin
Sərəncamı rəhbər tutaraq İçəri Şəhər
üzrə yubiley tədbirləri 2013-cü ilin aprel – may
aylarında xüsusi plan əsasında həyata keçiriləcəkdir.
Onların arasında elmi-praktiki konfrans, simpozium, xatirə gecələrinin,
bədii-yaradıcılıq, təbliğat, mədəniyyət
və sair tədbirləri qeyd etmək olar.
-
İçəri Şəhər ərazisindəki abidələrin
qorunması və gələcək nəsillərə
ötürülməsi baxımından bu idarənin fəaliyyəti
böyük əhəmiyyət kəsb edir. Bu milli sərvətimizin
gələcək nəsillərə ötürülməsi
üçün nə kimi zəruri addımlar atılır?
- 10
fevral 2005-ci il tarixində Prezident İlham Əliyev “Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
yaradılması haqqında” Sərəncam imzaladı.
İdarənin səmərəli fəaliyyətini təmin
etmək məqsədilə ölkə
başçısı 16 may 2007-ci il tarixində İdarənin
Əsasnaməsinin, strukturunun təsdiq edilməsi və
aparatının işçilərinin say həddinin müəyyən
edilməsi barədə Fərman da qəbul etdi. Bu
addımı ilə cənab Prezident İçəri Şəhərin
qorunmasını və səmərəli idarəolunmasını
təmin etmək məqsədilə mərkəzi və yerli
icra hakimiyyətinin səlahiyyətlərini özündə
cəmləşdirən unikal idarəetmə strukturunu
yaratdı. Dövlət başçısının bu
prinsipial baxışı İçəri Şəhərin
qorunmasını təmin etməyə qadir olan yeni idarəetmə
sisteminin qurulması üçün stimul verməklə
yanaşı, habelə İdarənin qarşısında
Qoruğun qorunub saxlanılmasına görə xüsusi məsuliyyət
müəyyən etdi.
Ölkə
başçısının tapşırığı ilə
İçəri Şəhərin ərazisində yüksək
peşəkarlıqla və gözəl memarlıq
üslubunda aparılan təmir-bərpa, abadlıq işləri
və həssaslıqla həyata keçirilən konservasiya
layihələri təbii və insan faktorlarının təsiri
nəticəsində acınacaqlı vəziyyətə
düşmüş bina və abidələrə ikinci həyat
bəxş edir və İçəri Şəhərin
tarixi mənzərəsinin bərpasına öz töhfəsini
verir. Bununla yanaşı, İçəri Şəhərin
yaxın ətrafında aparıla biləcək hər
hansı tikinti və abadlaşdırma işlərinin abidələrə
fiziki və vizual mənfi təsirinin qarşısını
almaq məqsədilə “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə
zonası (bufer) yaradılmış və onun xüsusi
hüquqi rejimi barədə Nazirlər Kabineti tərəfindən
əsasnamə təsdiqlənmişdir.
-
İçəri Şəhərdə həyata keçirilən
təmir-bərpa işləri, konservasiya tədbirləri
haqqında da məlumat verməyinizi xahiş edirik. Bu işlər
beynəlxalq səviyyədə necə qiymətləndirilir?
-
İçəri Şəhərdə yerləşən abidələri
qorumaq və gələcək nəsillərə ötürmək
bizim əsas vəzifələrimizdəndir. Uzun illər
baxımsızlıqdan qəza vəziyyətinə
düşən orta əsr abidəsi olan Kiçik Karvansarada
İçəri Şəhərin Konservasiyası üzrə
Baş Plana uyğun olaraq əsaslı şəkildə bərpa-konservasiya
işləri aparılmış, karvansara öz əvvəlki
görkəmini almışdır.
Həyata
keçirilmiş işlər arasında Şirvanşahlar Sarayının
dam örtüyünün təmirini, Çin və Seyid
Murtuza məscidlərinin, A.Zeynallı küçəsindəki
məktəb-məscidin bərpasını də göstərmək
olar. Ölkə əhəmiyyətli memarlıq abidəsi olan
“Bazar Meydanı”nda (Sıratağlı dini-memarlıq kompleksi)
təmir-bərpa işləri aparılmış və abidə
ərazisindəki daş eksponatların ekspozisiyası yenidən
təşkil olunmuşdur.
Məhəmməd
məscidində muzey konservasiyası işlərini
Avstriyanın “Atelier Erich Pummer” şirkəti həyata
keçirmişdir. Muzey konservasiyası zamanı vakuum yolu ilə
bərkidilmə üsulundan istifadə edilmişdir ki, bunun nəticəsində
havasızlıq şəraitində daşlar bərkidilmiş,
beləliklə abidənin tarixiliyinə və mövcud
quruluşuna zərrə qədər də zərər
yetirilmədən qarşıya qoyulmuş məqsədə
nail olunmuşdur. Bu cür konservasiya işləri Azərbaycanda
ilk dəfə olaraq həyata keçirilirmişdir və ən
yüksək dünya standartlarına cavab verir.
Qız
qalasında aparılan elmi-tədqiqat və muzey konservasiya
işləri hal-hazırda da davam edir. Muzey konservasiyası
zamanı zədələnmə səviyyəsindən
asılı olmayaraq heç bir daş abidədən kənarlaşdırılmamış
və mövcud problemlər aradan qaldırılaraq abidənin
səthi möhkəmləndirilmişdir. Bərpa zamanı
Almaniyanın “Remmers” şirkətinin Qız qalasının bərpası
üçün hazırladığı xüsusi
materiallarından istifadə olunmuş və abidənin hər
bir daşına zədələnmə dərəcəsinə
və xüsusiyyətinə görə fərdi
yanaşılmışdır. Burada konservasiya işlərini
də Avstriyanın məşhur bərpaçı mütəxəssisi,
dünyanın müxtəlif yerlərində 400-dən
artıq abidəni, o cümlədən İçəri
Şəhərdə yerləşən Məhəmməd məscidini
bərpa etmiş “Atelier Erich Pummer” şirkətinin rəhbəri
Erik Pummerin başçılığı ilə xarici və
yerli mütəxəssisləri həyata keçirir. Abidənin
həm fasadının, həm içərisinin
konservasiyasının tamamlanması 2013-cü ilin sentyabr
ayında nəzərdə tutulmuşdur.
XIX əsrin
sonlarında - XX əsrin əvvələrində indiki
İstiqlaliyyət və Kiçik Qala küçələri
boyu Qala divarlarına bitişik inşa olunmuş tikililər
divarların daxilinə nüfuz edərək onların
görünüşünü məhdudlaşdırmış
və ərazinin vahid kompozisiyasını pozmuşlar. Qeyd
olunan tikililərin əksəriyyəti tarixi-memarlıq əhəmiyyət
kəsb etmədiyindən, habelə yarıuçqun vəziyyətdə
olduğundan mülkiyyətçılərə kompensasiya
verilməklə onlar sökülmüş, bu hissədə
Qala divarlarının möhkəmləndirilməsi və əsaslı
bərpası aparılmış, ətraf abadlaşdırılaraq
istirahət güşəsi salınmışdır. XX əsrin
əvvəllərində uçurulmuş Qala
divarlarının 15-ci bürcünün yeri dəqiq müəyyən
edilərək o, rekonstruksiya edilmişdir. Eyni zamanda ölkə
əhəmiyyətli memarlıq abidəsi olan
Dördbucaqlı qalanın təmir-bərpasına da başlanılmışdır.
İkimərtəbəli
karvansarada 2011-ci ildən aparılan təmir-bərpa işləri
yekunlaşmış, abidənin daxilində milli mətbəxi
və musiqini tərənnüm edən turizm infrastrukturu
obyekti fəaliyyətə başlamışdır.
“O
olmasın, bu olsun” filmindən tanıdığımız
“Ağa Mikayıl” hamamı qabaqcıl texnologiyaların
köməyi ilə tam təmir edilmiş, abidənin
sütunları möhkəmləndirilmiş, fasadı tarixi
görkəminə gətirilmiş və 2011-ci ilin dekabr
ayında açılışı olmuşdur. Abidənin
daxilində ənənəvi abu-hava yaradılmış və
hamam müasir avadanlıqlarla təchiz olunmuşdur. Abidə
öz fəaliyyəti ilə İçəri Şəhərə
gələn turistləri şərq mədəniyyətinin
ayrılmaz atributlarından olan hamam mədəniyyəti ilə
tanış etməklə yanaşı yerli əhaliyə də
xidmət edir.
Gələcəkdə
də İçəri Şəhərdə bu silsilədən
olan işlərin davam etdirilməsi nəzərdə
tutulmuşdur. Həyata keçirilən bərpa işləri
zamanı əsas diqqət abidələrin tarixiliyinə ziyan
yetirilməməsinə və ilkin görkəminin
qaytarılmasına yetirilir.
-
İçəri Şəhərin sakinləri görülən
bu işləri necə dəyərləndirirlər?
-
İçəri Şəhərin canlı şəhər
olması və burada insanların yaşaması bir abidə
kimi İçəri Şəhəri
unikallaşdırır. Sakinlərin çoxu yerli əhəmiyyətli
abidə statusuna malik evlərdə yaşayırlar. Bu səbəbdən
yaşadıqları binanın qorunması üçün
sakinlərin üzərində yetərincə məsuliyyət
var. Aydındır ki, insanlar daim öz yaşayış şəraitinin
yaxşılaşdırılmasına
çalışır, amma bu zaman onlar tarixi abidələrdə
yaşamaqlarının məsuliyyətini anlamalı və
abidəyə zərər yetirə biləcək hərəkətlərdən
çəkinməlidirlər. Bu istiqamətdə sakinlər
arasında maarifləndirmə işi aparılır. Qoruq
İdarəsi tərəfindən yaradılmış
Ağsaqqallar Şurasının bu baxımdan sakinlərlə
əlaqələrin qurulmasında əhəmiyyətli rolu
vardır.
Görülən
məqsədyönlü və sistemli tədbirlər
İçəri Şəhərin milli-mədəni irsimizin
təbliği mərkəzinə çevrilməsinə, onun
mədəni turizm və istirahət məkanı kimi
potensialının artırılmasına, tarixi-memarlıq
görkəminin yaxşılaşmasına və zənginləşməsinə,
dayanıqlı sosial-iqtisadi inkişafına xidmət edir. Son
3 il ərzində təkcə qeyri-dövlət sektoru tərəfindən
yaradılan turizm infrastrukturu obyektlərində 704 yeni iş
yeri açılmış və bununla da o cümlədən
yerli sakinlərin məşğuliyyəti təmin
olunmuşdur.
İdarə
fəaliyyəti nəticəsində hal-hazırda ərazi tam
olaraq abadlaşdırılmış, küçə
işıqlandırılması, sanitar təmizlik təmin
olunmuş, yaşayış və qeyri-yaşayış sahələrinin,
mühəndis-kommunikasiya və yol örtüyünün əsaslı
təmiri sahəsində işlərin çoxu
yekunlaşmışdır. Qəzalı vəziyyətdə
olan binalarda təmir-bərpa işlərinə
başlanılmışdır.
Ona
görə də İçəri Şəhər sakinlərinin
tam əksəriyyəti görülən işləri ürəkdən
bəyənir.
-
İçəri Şəhərin qorunması və burada fəaliyyətin
tənzimlənməsi prosesi ilə əlaqədar mövcud
hüquqi və qanunvericilik bazasını təkmil hesab etmək
olarmı?
- Abidələr və qoruqlarla bağlı qanunvericilik bazasının bugünki tələblərə uyğunlaşdırılması prosesi hələ tam başa çatmamışdır. Mövcud qanunvericilik əsas etibarilə abidələrin qorunması, toxunulmazlığı məsələləri kifayət qədər dolğun tənzimləsə də, burada yaşayan insanların sosial qayğılarının qarşılanması, maarifləndirmə, bərpa-konservasiya işlərinin aparılması üsulları, qaydası, xüsusən qiymətqoyma meyarları və s. bu kimi məsələlər ilə bağlı suallar hələ də açıq olaraq qalmaqdadır.
Digər tərəfdən ölkədə gedən tikinti-quruculuq işləri, bütün sahələrdə əldə olunmuş yüksək inkişaf abidələrin statusuna, onların istifadəsi ilə bağlı məsələlərə yenidən baxılmasını zəruri edir. Bazar iqtisadiyyatı şəraitində abidələrin qorunub saxlanılmasının maliyyələşdirilməsi yükünün təkcə dövlətin üzərində saxlanılması doğru deyil. Düşünürük ki, abidələrdən və tarixi ərazilərdən faydalanan, burada fəaliyyət göstərməyə meyl göstərən digər subyektlər də bu işə cəlb olunmalı və bunun üçün hüquqi baza hazırlanmalıdır.
İçərişəhərə gəldikdə, son illərdə qoruğun mühafizə (bufer) zonasının yaradılması, onun hüquqi rejimi haqqında Əsasnamənin, Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Planın təsdiq edilməsi, abidələrin statusu və onlardan istifadə məsələləri ilə bağlı edilən “Tarix və mədəniyyət abidələrin qorunması haqqında” Qanununda edilən dəyişikliklər işimizə müsbət təsir göstərmişdir.
- Məlumdur ki, İçəri Şəhər tarixi abidə olaraq ölkəmizə gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. Buraya gələn turistlərin sayında artım müşahidə olunurmu?
- Turistlərin İçəri Şəhərdə cəlb edilməsi və onların burada özlərini rahat hiss etmələri üçün müvafiq infrastruktur qurulmalı idi və bu sahədə artıq xeyli iş görülmüşdür. Turizm məlumat mərkəzi yaradılmış, Qoruq ərazisində 4 informasiya köşkü quraşdırılmış, turizm marşrutları müəyyən edilmiş, turistlər üçün Azərbaycan və 4 xarici dildə bələdçilik xidməti təşkil olunmuşdur. Bakı şəhərində fəaliyyət göstərən iri mehmanxanalarla əlaqələr qurulmuş, turist qruplarının birbaşa mehmanxanadan götürülərək İçəri Şəhərdə onlar üçün ekskursiya turlarının keçirilməsinə başlanılmışdır. Beynəlxalq standartlara cavab verən Azərbaycan, rus, ingilis, alman və fransız dillərində audiobələdçi sistemi yaradılmış və turistlərin istifadəsinə verilmişdir. Bu növ xidmət Azərbaycanda açıq havada ilk dəfə olaraq İçəri Şəhərdə tətbiq olunmuşdur. Turistlər bu cihazlar vasitəsilə kənar şəxslərin köməyi olmadan ərazidə yerləşən tarixi abidələr barədə dolğun məlumat əldə etmək imkanı qazanırlar. İçəri Şəhərdə ekskursiyaların yüksək səviyyədə təşkil olunması üçün elektromobillər alınmış və turistlərin istifadəsinə verilmişdir.
Turistlərin Qoruq ərazisində hərəkətini asanlaşdırmaq məqsədilə turist marşrutlarına uyğun və mədəni turizm obyektlərinə yolu göstərmək məqsədilə ərazidə xəritə və məlumat göstəriciləri quraşdırılmışdır.Turistlər üçün iki dildə İçəri Səhərin xəritəsi, habelə İçəri Şəhər barədə bir sıra məlumat broşürları (Azərbaycan, ingilis və rus dillərində), miniatür kitablar, fotoalbomlar, açıqçalar, musiqi diskləri, təqvimlər, suvenirlər və sair təbliğat materialları hazırlanmışdır.
Turistlərə qədim ənənələrimizdən biri olan təndirdə çörəyin hazırlanması prosesini nümayiş etdirmək məqsədilə əsas turist marşrutunda yerləşən Kiçik Qala küçəsində təndir və müvafiq infrastrukturun yaradılması təmin olunmuşdur. Onun yaxınlığında milli üslubda baqqaliyyə, manqal, çayxana və digər iaşə obyektləri qurulmuşdur.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin www.icherisheher.gov.az saytı ingilis və rus dillərində fəaliyyət göstərməyə başlamışdır. Bu da saytın əcnəbi auditoriyasını genişləndirməklə İçəri Şəhərin ölkə xaricində təbliği və populyarlaşdırılması məqsədini güdür. Saytda yerləşdirmiş İçəri Şəhərin keçmiş və müasir görüntülərini əks etdirən rəsmlər, fotoşəkillər, 3D virtual tur, açıqcalar və videomateriallardan ibarət guşəyə daxil olmaqla bu qədim məkana virtual səyahət etmək mümkündür.
Görülmüş işlər nəticəsində İdarənin tabeliyində olan muzeylərə gələn ziyarətçilərin sayı 2012-ci ildə 187.229 nəfərə çatmışdır.
İçəri Şəhərlə yanaşı “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna turistlərin marağını da qeyd etmək lazımdır. 2012-ci ildə əvvəlki il ilə müqayisədə onların sayı 3 dəfədən çox artmışdır. İl ərzində qoruq 38.845 nəfər turist qəbul etmişdir ki, onlardan 6.874 nəfəri xarici vətəndaşlardır.
Hal-hazırda Şirvanşahlar Sarayında və Qız qalasında muzey ekspozisiyalarının yenidən qurulması üzərində gərgin iş gedir. Muzey tərtibatı və ekspozisiyaların yaradılması sahəsində ixtisaslaşan tanınmış xarici və yerli mütəxəssislərin iştirakı ilə konsepsiyalar işlənib hazırlanmış, müasir texnologiyaların köməyi ilə bu abidələrin tarixi, təyinatı və memarlığı barədə ziyarətçilərə dolğun informasiyaların verilməsi nəzərdə tutulmuşdur. Düşünürük ki, bu işlər yekunlaşandan sonra milli qürur mənbəyimiz olan bu abidələrə turist axını kəskin artacaqdır.
- Dünya Mədəni İrsi siyahısına salınan İçəri Şəhərin idarə olunmasında YUNESKO ilə əməkdaşlıq hansı səviyyədə qurulub?
- İçəri Şəhər Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə 2000-ci ildə YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmişdir. Müvafiq layihələrin planlı və sistemli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə YUNESKO-nun Dünya İrs Komitəsinin tövsiyələrinə əsasən beynəlxalq nüfuzlu ekspertlər ilə qurulmuş əməkdaşlıq nəticəsində “Ərazinin İdarəolunması Planı”, habelə “Bakının Tarixi Mərkəzinin Konservasiyası üzrə Baş Plan” hazırlanmış, hər iki sənədin nəzərdə tutduğu tədbirlərin icrasına başlanılmışdır.
26-29 yanvar 2009-cu il tarixlərində İçəri Şəhərdə olmuş YUNESKO Dünya İrsi Mərkəzinin və “ICOMOS”-un (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) nümayəndələrindən ibarət monitorinq missiyası hazırladığı hesabatda görülən işləri yüksək qiymətləndirmiş və müvafiq tövsiyələrini qeyd etmişdir: “...Qoruq İdarəsi və Azərbaycan rəsmiləri mühüm əhəmiyyətə malik olan və təhlükə altına düşən Dünya İrsinin vəziyyətini müsbət istiqamətə dəyişə bilib və bununla böyük təqdirə layiqdirlər. Görülən işlər və yenilikçi yanaşmalar regionda və bütün dünyada tarixi mərkəzlərin konservasiyası ilə məşğul olanlar üçün mühüm əhəmiyyətli nümunə ola bilər”.
Beləliklə, qısa müddət ərzində Azərbaycan Hökuməti tərəfindən İçəri Şəhərin qorunması ilə bağlı görülmüş işlər 22-30 iyun 2009-cu il tarixində YUNESKO-nun Dünya İrs Komitəsinin İspaniyanın Sevilya şəhərində keçirilən 33-cü sessiyasında təqdim edilmiş və müzakirə olunmuşdur. Komitə üzvləri tərəfindən yekdilliklə qəbul olunmuş qərara əsasən İçəri Şəhər YUNESKO-nun təhlükədə olan Dünya İrsi abidələri siyahısından çıxarılmışdır. Komitənin bu iclasda İçəri Şəhərlə bağlı qəbul olunduğu qərarla İçəri Şəhərin Dünya İrsi statusu bərpa olunmuşdur.
2010-cu ilin iyul ayında İçəri Şəhərdə olmuş YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova öz fikirlərini belə bildirmişdir: “...Mən cənab Prezidenti bu unikal dünya irsinin bu cür qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı təbrik etmək istəyirəm. İçəri Şəhər maddi irsin qorunması və müasirliklə ənənələrin birgə vəhdətinə bariz nümunədir”.
Xüsusi ilə qeyd olunmalıdır ki, sadalanan nailiyyətlər Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bilavasitə iştirakı və dəstəyi nəticəsində mümkün olmuşdur.
Bununla yanaşı YUNESKO-nun Dünya İrsi Mərkəzi ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin nəticəsi olaraq İçəri Şəhər Tarixi Şəhər Landşaftı (Historic-Urban Landscape) yanaşmasının tətbiqinin sınaq olunması üçün dünyanın bir neçə şəhərindən biri kimi seçilmişdir. 2010-cu ildə İçəri Şəhərdə “Bakının şəhər irsinin konservasiyası və inkişafında “Tarixi Şəhər Landşaftı” yanaşmasının tətbiqi” mövzusunda beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilmişdir. Seminarın keçirilməsində əsas məqsəd YUNESKO tərəfindən Dünya İrs Siyahısına daxil edilmiş tarixi şəhərlərin bir çoxunda konservasiya ilə inkişafın uyğunlaşdırılmasında yaranan problemləri aradan qaldırmaq üçün “Tarixi Şəhər Landşaftı” konsepsiyasının hazırlanması və bu yanaşmanın İçəri Şəhərə tətbiq edilməsi üçün ekspertlər arasında müzakirələrin keçirilməsi olmuşdur.
“Dünya irsi” konsepsiyasının inkişafının növbəti mərhələsi kimi, dünya irsi obyektləri sayılan, xüsusi tarixi və bəşəri dəyərə malik olan ərazilərin dağıdıcı hadisələrdən qorunmasını təmin edə biləcək mümkün müdafiə mexanizmləri işlənməkdədir. Bəşəriyyətin tarixi bizə göstərir ki, bir çox ümumbəşəri abidə sayılan yerlər bu gün artıq mövcud deyildir. Bunun səbəbi də təkcə təbii fəlakətlər deyil, eyni zamanda insanların davranışı olub. Hamımızın marağındadır ki, ümumbəşəri dəyər kimi tanınan ərazilərə, yerlərə “gücləndirilmiş mühafizə” statusu verilsin. Qeyd olunanları nəzərə alaraq, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həmçinin YUNESKO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsi ilə də səmərəli əməkdaşlığını qurmuşdur.
- Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və UNESKO-nun İçəri Şəhərlə bağlı gələcəyə yönələn birgə planları varmı?
- İçəri Şəhərə Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusunun verilməsi ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2010-cu ildə YUNESKO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinə sorğu təqdim olunmuşdur. Növbəti mərhələdə İçəri Şəhərə gücləndirilmiş mühafizə statusunun verilməsi ilə bağlı əlavə tələb olunmuş məlumatların YUNESKO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinin Katibliyinə təqdim olunması, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşkil etdiyi təlimdə və Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitənin Parisdə keçirilən iclaslarında İdarənin nümayəndələrinin fəal iştirakı təmin edilmişdir.
Bununla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Silahlı Münaqişələr Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun və onun tətbiqi ilə bağlı qaydaların tələblərinə uyğunlaşdırılması ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin iştirakı ilə müvafiq təkliflər hazırlanmış və Milli Məclis tərəfindən qəbul olunmuşdur. Eyni zamanda Komitə ilə sıx əməkdaşlığın nəticəsi olaraq İçəri Şəhərin ümumi qorunması və konservasiyası, habelə ərazidə müvafiq qorunma ləvazimatlarının istifadəsinin genişləndirilməsi və yanğın təhlükəsizliyi meyarlarının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
2010-cu ildə Braziliyada keçirilən Dünya İrs Komitəsinin 34-cü sessiyasında qəbul olunan qərara uyğun olaraq 6-11 fevral 2012-ci il tarixlərində YUNESKO-nun Dünya İrsi Mərkəsi və “ICOMOS” nümayəndələrindən ibarət növbəti monitorinq missiyasının İçərə Şəhərə səfəri baş tutmuşdur. Missiya İçəri Şəhərdə görülən işləri və bu işlərin nəticələrini müsbət qiymətləndirmiş, müvafiq tövsiyyələrini bildirmiş, təqdim etdiyi hesabat isə növbəti illər ərzində onların reallaşdırılması istiqamətində konkret addımların atılmasını nəzərdə tutur.
- İçəri Şəhərə, buradakı abidələrə xarici qonaqların marağı hansı səviyyədədir və bu tarixi məkanın dünyada tanıdılması üçün hansı işlər görülür?
- Təkcə ötən il ərzində
ümumi sayı 2900-ə çatan 232 xarici rəsmi nümayəndə
heyəti qəbul edilərək ərazidəki
tarixi-memarlıq abidələri və digər maddi irsimizin
nümunələri ilə tanışlığı təmin
olunmuşdur. Qədim şəhərin
dünyada tanıdılması məqsədilə
aparıcı dünya kütləvi informasiya vasitələrinin
nümayəndələri dəvət olunur, memarlıq və
ənənəvi incəsənət mövzularında
qısametrajlı filmlər çəkilir və
nümayiş olunur. Beynəlxalq əhəmiyyətli mədəni
tədbirlər, o cümlədən artıq ənənə
xarakteri almış “Qız qalası” beynəlxalq incəsənət
festivalı keçirilir.
yap.org.az
Səs.- 2013.- 16
aprel.- S.14-15