Ulu öndər Heydər Əliyevin adı
bu gün türk dünyasının birlik rəmzidir
Müasir
müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu
olan ulu öndər Heydər Əliyev ölməz şəxsiyyəti
və möhtəşəm dövlətçilik fəaliyyəti
ilə böyük türk dünyasının qəhrəman
övladları arasında özünəməxsus yer tutur. Azərbaycançılıq
məfkurəsinin parlaq daşıyıcısı kimi o,
müdrik siyasəti, dönməz əqidəsi və tarixi
uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
xalqımızın müstəqillik arzusunun həyata
keçməsinə nail olmaqla yanaşı, həm də
türksoylu və türkdilli xalqlar arasında birlik və həmrəylik
uğrunda qətiyyətli və ardıcıl mübarizə
aparmışdır.
Qürur
hissi ilə deyə bilərik ki, XX əsrin sonu – XXI əsrin əvvəllərində
Azərbaycan xalqının ümummilli lideri olmaqla bərabər
Heydər Əliyev bütövlükdə türk
dünyasının birləşməsi ideyasının
gerçəkləməsi uğrunda mübarizəyə
öndərlik etmişdir.
İstər
ictimai-siyasi, istərsə də iqdisadi-mədəni həyatında
gerilik hökm sürən respublikamızda əsl dirçəliş
dövrünün başlandığı 1969-cu ildə
hakimiyyətə gələrkən Heydər Əliyev, ilk
növbədə, xalqımızın milli mənliyinin
yüksəldilməsi və özünün zəngin tarixi,
milli-mənəvi qaynaqlarından fəal istifadə etməsi
istiqamətində məqsədyönlü tədbirlər
görməyi vacib saymışdır. Onun təşəbbüsü
ilə geniş vüsət alan ictimai-siyasi proseslər və
iqtisadi islahatlar respublikamızda müsbətə doğru
radikal dəyişikliklərə təkan vermişdir. Qısa
müddətdə iqtisadiyyat sahəsində nailiyyətlər
əldə olunmuş, mədəniyyətin yüksəlişi
və milli-mənəvi dəyərlərin dirçəlişi
istiqamətində mühüm addımlar
atılmışdır. Həmin illərdə Heydər Əliyevin
idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini
milli özünüdərkin güclənməsinə imkan
verən sürətli inkişaf strategiyası təşkil
etmişdir.
Heydər
Əliyev həmin dövrdə özünün dövlət
idarəçiliyi strateji proqramında mədəni və mənəvi
intibahı həmişə iqtisadiyyatda və sənayedəki
uğurlarla əlaqələndirərək, vahid məcrada həyata
keçirmişdir. 1969-1982-ci illərdə həyatımızın
bütün sahələrində baş vermiş köklü
dəyişikliklər öz miqyasına görə Azərbaycanın
quruculuq salnaməsində ən dolğun səhifələri
təşkil edir. Ölkəmizin müstəqilliyinin və
dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin
hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən
həmin illərdə yaradılmış potensiala əsaslanır.
Ulu
öndər respublikanın rəhbəri seçildikdən az
sonra indiki Bakı Dövlət Universitetində keçirdiyi
yığıncaqda, əvvəlki birinci şəxslərdən
fərqli olaraq, öz ana dilində nitq söyləməklə
Azərbaycan türk dilinin qorunub saxlanmasının və zənginləşdirilməsinin
xalqımızın gələcəyi üçün nə
qədər önəmli olduğunu göstərmişdir.
Heydər Əliyev yaxşı bilirdi ki, milli müstəqillik
məfkurəsi milli şüur və dil amili ilə
birbaşa bağlıdır. 1970-80-ci illərdə Azərbaycan
türkologiya elminin mərkəzinə çevrilməsi, Azərbaycan
SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin
respublikanın dövlət dili kimi təsbit edilməsi bu sahədə
həyata keçirilən uzaqgörən və məqsədyönlü
siyasətin nəticəsi idi.
Həmin
illərdə Azərbaycanın rəhbəri kimi Heydər Əliyev
respublikamızın Türkiyə ilə həm elmi, həm də
mədəni-humanitar əlaqələrinin bərpa edilməsi
və genişləndirilməsi məslələlərinə
mühüm əhəmiyyət verir, bu sahədə mövcud
olan problemlərin aradan qaldırılması üçün
özünün İttifaq rəhbərliyi yanındakı
nüfuzundan maksimim dərəcədə istifadə etməyə
çalışırdı. Azərbaycanın məşhur
musiqiçilərinin Türkiyəyə qastrol səfərlərinin
təşkili üçün mərkəzi hakimiyyətdən
razılıq almaq heç də asan məsələ deyildi.
Eyni
zamanda, Azərbaycanda keçirilən müxtəlif mədəni-kütləvi
tədbirlərdə ittifaq tərkibindəki türkdilli respublikaların
nümayəndələrinin fəal iştirakı, onların
incəsənət ustalarının, musiqi kollektivlərinin
çıxışları eyni genetik kökü olan
xalqların daha da yaxınlaşmasında əvəzsiz rol
oynayırdı. Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycanda türkdilli xalqların və respublikaların
mədəniyyət günlərinin keçirilməsi ənənə
halını almışdı. Həmin illərdə Azərbaycanda
qazax şairi və filosofu Abay Kunanbayevin, məşhur
qırğız eposu “Manas”ın, türk dünyasının
şah əsərlərindən olan “Kitabi-Dədə Qorqud”un
yubileylərini yüksək səviyyədə keçirilməsi
ümumtürk mədəniyyətinin inkişafına layiqli
töhfə olmuşdur.
Türkiyə
və türkdilli respublikalarla ədəbiyyat sahəsində əlaqlərin
fəallaşması da ulu öndərin daim diqqət mərkəzində
olmuşdur. Mən həmin dövrdə yazıçı və
şairlərimizin Türkiyəyə yaradıcılıq səfərləri
barədə respublika mətbuatında dərc etdirdikləri təəssüratları,
həmçinin tanınmış türk şair və
yazıçıların dilimizə
uyğunlaşdırılmış əsərlərini gənclərin,
ziyalıların necə böyük həvəslə
oxuduqlarının şahidi olmuşam, özüm də belə
yazıları maraqla oxumuşam. Hələ sovet
dövründə türkçülüyün fəal təbliğatçısı
olan qazax şairi Oljas Süleymenovun, dünya şöhrətli
yazıçı Çingiz Aytmatovun Azərbaycanla sıx əlaqələri
məhz Heydər Əliyevin təşəbbüsü və
qayğısı sayəsində yaranmışdır.
Ümumtürk
mədəniyyətinin tərkib hissəsi kimi Azərbaycan mədəniyyətinin
inkişafına və zənginləşməsinə ulu
öndər Heydər Əliyevin müstəsna xidmətləri
isə cild-cild əsərlərin mövzusu ola bilər. Mən
bu sahədəki möhtəşəm fəaliyyətinin bəzi
faktlarını, sadəcə, təkrarlamaq istərdim.
1976-cı ildə Azərbaycanın Mədəniyyət
Nazirliyi respublikamızda kino çəkilişinə
başlanmasının 60 illiyini qeyd etmək istəyəndə
SSRİ mədəniyyət naziri birbaşa buna etiraz etmiş
və hətta demişdi: “Bununla demək istəyirsiniz ki, guya
sizdə mədəniyyət Rusiyadan daha qabaq
başlamışdır?” Bu məsələ Heydər Əliyevin
işə qarışması ilə öz həllini
tapmış, keçmiş SSRİ-də ilk bədii filmlərdən
olan “Neft və milyonlar səltənəti” filminin 60 illik
yubileyi təntənəli şəkildə qeyd edilmişdir.
Başqa
bir fakt: Heydər Əliyev Azərbaycanın görkəmli
memarı Mikayıl Useynova “Əməkdar Memar” fəxri
adının verilməsi barədə məsələ
qaldıranda məlum olur ki, həmin vaxtadək Rusiya
Fedreasiyasında bir nəfər də olsun,bu fəxri ada layiq
görülməmişdir. Buna görə də mərkəzi
hakimiyyət tez-tələsik bir nəfərə “Əməkdar
Memar” adı verir və bundan sonra M.Useynov da bu fəxri ada layiq
görülür.
Millətimizin
azadlıqsevər, mübariz övladlarının sovet hakimiyyətinin
amansız təqiblərindən qorunması üçün
ulu öndərimizin göstərdiyi fədakarlıqlar
heç vaxt unudulmayacaqdır. Azərbaycanın
azadlığı və bütövlüyü
ideyasını tərənnüm edən böyük
şairlərimiz Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk
milli azadlıq hərəkatında müstasna xidmətləri
olan Əbülfəz Əliyev (Elçibəy) məhz Heydər
Əliyevin şəxsi qayğısı nəticəsində
repressiyadan xilasola bilmişlər.
Əsərlərində
türkçülük və azərbaycançılıq
ideyalarını möhkəm bir şəkildə birləşdirən
və təbliğ edən, həyatı və
yaradıcılığı ilə türklüyün parlaq
simvolu olan dahi şairimiz Hüseyn Cavidin nakam taleyinə, şəxsiyyətinə
göstərdiyi hörmət və ehtiram ulu öndər Heydər
Əliyevin həm də ümumtürk mədəniyyətinə
verdiyi dəyərin bariz ifadəsi idi.
Üstündən
30 ildən artıq vaxt keçsə də, Cavidin cənazəsinin
uzaq Sibirdən Azərbaycana gətirilməsi, Bakıdan
Naxçıvana aparılaraq doğma torpağa
tapşırılması ilə bağlı bir cavidsevər
kimi keçirdiyim kövrək hissləri indi də
yaşayır, ulu öndərimizin bu işdəki müstəsna
xidmətlərini minnətdarlıq duyğusu ilə
xatırlayıram. Sovet hakimiyyəti dövründə
fövqəladə cəsarət tələb edən bu nadir
hadisə Cavid yaradıcılığını mükəmməl
bilən, onun əsərlərini sevən ulu öndər Heydər
Əliyevin misilsiz şücaəti sayəsində baş verə
bilmişdir. Məhz onun şəxsi təşəbbüsü
və rəhbərliyi ilə o vaxt Cavidin 100 illik yubileyinin qeyd
edilməsi barədə rəsmi qərar verilmiş,
böyük ədibin nəşinin Vətənə gətirilib
yenidən dəfn olunması, ona abidə ucaldılması barədə
tapşırıqlar da bu qərara salınmışdı.
1982-ci ildə Cavidin nəşi doğma Naxçıvana gətirilib
dəfn edilsə də, onun üzərində xatirə abidəsinin
ucaldılması ləngimişdi. Ulu öndərimiz müstəqil
Azərbaycan dövlətinə rəhbərlik etməyə
başlayandan bir qədər sonra – 1995-ci ildə Cavidin məqbərəsinin
və ev muzeyinin yaradılması ilə əlaqədar
xüsusi müşavirə keçirdi və möhtəşəm
məqbərənin inşası ilə bağlı konkret
tapşırıqlar verdi. 1996-cı ildə təntənəli
açılışı olmuş bu məqbərədə
indi Hüseyn Cavidlə birlikdə onun əzizləri
Müşkünaz xanım, Ərtuğrul, Turan xanım da əbədi
uyuyurlar.
“Hüseyn
Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını,
elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən
biridır. Hüseyn Cavidin yaratdığı əsərlər
Azərbaycan xalqının milli sərvətidir” – ulu öndərimizin
bu dəyərli sözləri türkçülüyün
alovlu təbliğatçısı olan böyük Cavidə
məhəbbət və ehtiramın ifadəsidir.
Ulu
öndərimiz milli hərbçi kadrların
hazırlanması üçün elə möhkəm bir zəmin
yaratmışdır ki, müstəqil Azərbaycanın bu
gün regionun ən güclüsü olan ordusu məhz bu zəmin
üzərində formalaşmışdır.
Heydər
Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçilərkən
Bakıda iki ali hərbi məktəb – Ali Ümumqoşun
Komandirləri Məktəbi və Ali Hərbi Dənizçilik
Məktəbi fəaliyyət göstərir, bu məktəblərdə
cəmi 5-6 nəfər azərbaycanlı təhsil
alırdı. O, çox tezliklə - 1971-ci ildə Bakıda
ilk hərbi internat məktəbinin açılmasına və
bu təhsil ocağına qəhrəman sərkərdəmiz
C.Naxçıvanskinin adının verilməsinə nail oldu.
Beləliklə də, azərbaycanlıların yeniyetmə
yaşlarından hərb sənətinin sirlətinə yiyələnməsinə,
gələcək müstəqil dövlətimizin savadlı və
milli mənafelərə sədaqətli zabit korpusunun
formalaşmasına zəmin yarandı.
Heydər
Əliyevin idarəçilik istedadı, tükənməz
enerjisi və misilsiz işgüzarlığı 1982-ci ildən
SSRİ-nin dövlət başçılarından biri kimi fəaliyyət
göstərdiyi və irimiqyaslı layihələrə rəhbərlik
etdiyi vaxtlarda özünü xüsusilə parlaq surətdə
təzahür etdirmişdir. Həmin dövrdə Heydər Əliyev
fenomeni ümumittifaq miqyasında etiraf olunurdu və
ittifaqın tərkibindəki bütün türkdilli xalqlar tərəfindən
böyük məhəbbətlə
qarşılanırdı.
Heydər
Əliyevin SSRİ kimi nəhəng bir dövlətdə rəhbər
vəzifəyə təyin edilməsi həmin dövrdə
bütün türk dünyasında sevinc və qürur hissi
doğurmuşdu. Sovet hökumətində yüksək vəzifədə
işlədiyi, rəhbər siyasi hakimiyyətdə təmsil
olunduğu dövrdə o, türk dünyasına, türkdilli
xalqların taleyinə daim diqqət və qayğı ilə
yanaşmışdır.
Bununla
bağlı yaddaşlarda, xatirələrdə və sənədlərdə
yaşayan bir neçə tarixi faktı xatırlatmaq istərdim.
Keçmiş
SSRİ-də baş verən ekstremal vəziyyətlərdə
öz təsirli və nüfuzlu sözünü deyən dahi
türk oğlunun – Heydər Əliyevin 1986-cı ildə
Qazaxıstanda baş verən hadisələrlə
bağlı tutduğu prinsipial mövqe bu gün qazax
xalqının yaddaşında yaşayır. Qazaxstanda uzun illər
hakimiyyətdə olmuş etnik türk çoxluğunun
nümayəndəsi D.Kunayevin yerinə rus millətindən
olan Kolbinin respublikada birinci şəxs təyin edilməsinə
Heydər Əliyev sərt şəkildə etirazını
bildirmiş, qazax xalqının layiqli övladları
arasında respublikaya başçılıq edə biləcək
yetərincə istedadlı və qabiliyyətli kadrların
olduğunu bildirmişdi. O zaman SSRİ-yə rəhbərlik
edən M.Qorbaçov və onun imperiya xislətli digər tərfdaşları
Heydər Əliyevin bu cəsarətini, əlbəttə,
özlərinə qarşı hörmətsizlik hesab
etmiş, böyük türk oğlunun siyasi yüksəlişinin
qarşısını almaq üçün müxtəlif məkrli
planlar qurmuş, nəhayət, bir il sonra onu məcburən
siyasi fəaliyyətdən uzaqlaşdırmağa nail
olmuşdular.
Sonralar
həyat sübut elədi ki, bütün dahiyanə fikir və
ideyaları kimi, Heydər Əliyevin Qazaxıstanda istedadlı
milli kadrlar olması barədə bəyanatı da tam əsaslı
olmuşdur: həmin dövrdə bu respublikaya rəhbər
seçilən N.Nazarbayev 20 ildən artıqdır ki, müstəqil
dövlətə böyük uğurla
başçılıq etməkdədir.
Ulu
öndər Heydər Əliyev 1984-1985-ci illərdə
Bolqarıstanda əhalinin 10 faizə qədərini təşkil
edən 1 milyondan artıq türkün
bolqarlaşdırılması, onlarara bolqar adlarının və
soyadlarının verilməsi siyasətinin əleyhinə
açıq çəkildə etirazını bildirmiş,
“bolqar kommunistlərinin lideri” Todor Jivkovun bu millətçi,
şovinist qərarının ciddi fəsadlar
doğuracağı barədə sovet dövlətinin rəhbərliyini
xəbərdar etmişdir. T.Jivkov türk əhalinin artım
sürətindən qorxaraq, M.Qorbaçovu inandırmağa
çalışırdı ki, bu artım son nəticədə
Bolqarısatnın da Kipr kimi bölünməsinə gətirib
çıxaracaqdır. Tarixin gedişi bu məsələdə
də Heydər Əliyevin uzaqgörənliyini sübuta
yetirdi: türklərin kütləvi şəkildə
bolqarlaşdırılması baş tutmadı və bu kommunist
dövləti də süquta uğradı!
Yeri
gəlmişkən qeyd edim ki, Azərbaycan xalqına
qarşı törədilən 1990-cı il Qanlı Yanvar faciəsi
ilə bağlı Heydər Əliyevin verdiyi kəskin bəyanatla
böyük türk millətinin bir parçası olan
xalqımızın tarixində yeni siyasi dövrün
başlanmışdır. Heydər Əliyevin böyük
siyasətdən müvəqqəti
uzaqlaşdırılması hazırda bütün türk
dünyası üçün sağalmayan yaraya
çevrilmiş Qarabağ probleminin yaranmasına səbəb
olmuşdur.
Sonralar
Heydər Əliyevin Azərbaycan parlamentindəki
çıxışları, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri olarkən qəbul etdiyi
qərarlar və Naxçıvan Ali Məclisinin binası
üzərində üçrəngli
bayrağımızı ucaltması bütün türk
xalqlarının arzusu olan suverenliyin qazanılması istiqamətində
atılmış ilk addımlar kimi tarixin yaddaşına
yazılmışdır.
Azərbaycan
dövlət müstəqilliyini bərpa etdikdən az sonra,
xarici təzyiqlər və daxili çəkişmələr
nəticəsində 1993-cü ilin iyununda vətəndaş
qarşıdurması ilə üz-üzə
qaldığı bir vaxtda xalqımız öz taleyini
yalnız Heydər Əliyevə etibar etmişdir. Onun təkidli
istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev
siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz
iradəsi sayəsində ölkəni vətəndaş
müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən
qurtarmış, qanunçuluğu bərpa etmiş və cəmiyyəti
vahid məfkurə ətrafında birləşdirmişdir.
Hələ
Naxçıvana rəhbərlik edərkən Türkiyə
ilə birbaşa əlaqələr quran, blokada şəraitində
yaşayan müxtar respublika əhalisinin həyat şəraitinin
təmin edilməsində qardaş dövlətin
imkanlarından istifadə edən, o dövrdə Türkiyə
hökumətinə başçılıq edən
Süleyman Dəmirəllə dostluğunu daha da möhkəmləndirən
Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyə
başladığı vaxtdan ümumtürk ideyalarının
həyata keçirilməsi yolunda məqsədyönlü
addımlar atmışdır.
Ulu
öndər xarici siyasətdə ilk gündən Türkiyə
ilə əməkdaşlığı önə çəkmişdir.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə
dərin hörmət və ehtiram bəsləyən Heydər
Əliyev türk xalqları arasında öz
dövrünün Atatürkü kimi
tanınmışdır.
Biz
hamımız yaxşı bilirik ki, türk dünyasının
bu iki dahi şəxsiyyəti türk xalqlarının birlik və
həmrəylinin möhkəmlənməsinə fədakarlıqla
xidmət etmişlər. Heydər Əliyev demişdir:
“Atatürkün şəxsiyyəti, onun yaratdığı
Türkiyə Cümhuriyyəti mənim üçün
örnəkdir”. Mustafa Kamal öz ömrünü
böyük türk millətinin istiqlalına həsr etidiyi
kimi, Heydər Əliyev də həyatını Azərbaycanın
müstəqillik və azadlığının dönməzliyinin
təmin olunmasına həsr etmişdir. Ulu öndərimizin
“Azərbaycan-Türkiyə: bir millət – iki dövlət”
şüarı bu gün də iki qardaş dövlətin qarşılıqlı
etimada əsaslanan sıx əlaqələrinin leytmotividir.
Heydər
Əliyevlə dostluğundan hər zaman fəxrlə söz
açan Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin
sözləri yaddaşımıza həkk olunmuşdur: “Azərbaycan
xalqının bəxti onda gətirib ki, onun Heydər Əliyev
kimi lideri var” .
Bütün
türk dünyasının lideri olduğunu Heydər Əliyev
Dünya azərbaycanlılarının I qurultayını təşkil
etməklə bir daha sübuta yetirmişdir. 36 ölkənin təmsilçilərinin
iştirak etdiyi bu möhtəşəm tədbir
türkçülük ideyasının təkmilləşdirilməsində
müstəsna əhəmiyyət kəsb etmişdir.
Bakıda 1996-cı ildə Türk Dünyası
Yazıçılarının III Qurultayının
keçirilməsi də ulu öndər Heydər Əliyevin təşəbbüsü
olmuşdur. Qurultayda ümumtürk ədəbiyyatının
tarixi nailiyyətləri və gələcək vəzifələri
barədə geniş tarixi nitq söyləyən Heydər Əliyev
türkdilli xalqların, ölkələrin
yazıçılarının gündən-günə
bir-birinə yaxınlaşacağsna bir-birinə kömək
edəcəyinə, xalqlarımızın ədəbiyyatını,
mədəniyyətini, keçmişini, bu gününü
daha geniş təhlil edib yeni-yeni dəyərli əsərlər
yaradacağına əminliyini bildirmişdir.
Heydər
Əliyevin yeni neft strategiyasının həyata keçməsi
- “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın
mənafeyi ilə yanaşı türk birliyinin
maraqlarını nəzərə almışdır.
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
çəkilişində daim Türkiyə ilə eyni
maraqları bölüşən Azərbaycan dövləti
layihələrin gerçəkləşməsində də
iki dost, qardaş xalqın mövqeyini qətiyyətlə dəstəkləmişdir.
Bu kəmərlərin keçməsi üçün digər
alternativ yollar təklif edilsə də, Heydər Əliyev
öz sözünün üstündə dayanaraq bu məsələni
böyük türk dünyasının zənginləşməsi
nöqteyi-nəzərindən həll etmişdir.
Türk
dünyasının birliyi və həmrəyliyi ulu öndərin
layiqli davamçısı möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin də möhtəşəm dövlətçilik
fəaliyyətinin mühüm istiqamətlərindəndir.
Dövlətimizin başçısının “Biz bir-birimizi
daim dəstəkləməliyik. Hər bir türkdilli ölkənin
problemi digərlərinin probleminə çevrilməlidir”
sözləri türk dünyasında qarşılıqlı
əməkdaşlığın qlobal əhəmiyyətini
gözəl ifadə edir. Bu yaxınlarda Türkiyə ilə
Azərbaycan arasında Prezident İlham Əliyevin təşəbbüsü
ilə imzalanmış TANAP layihəsi də türk
xalqlarını daha da birləşdirir, ölkələrimizə
əlavə maliyyə resursları gətirir.
Türk
dünyasında əməkdaşlıq, birlik və həmrəyliyin
daha bir nümunəsi Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişidir.
Möhtərəm Prezidenimiz demişdir: “Bu dəmiryolunun
tikintisi ölkələrimiz üçün,
xalqlarımız üçün regional əməkdaşlıq
üçün lazımdır. O, Türkiyəni Azərbaycanla
dəmiryolu vasitəsilə birləşdirəcək.
Türkiyəni Orta Asiya ilə, Qazaxıstanla dəmiryolu vasitəsilə
birləşdirəcəkdir və bütünlükdə
Avropanı Asiya ilə birləşdirəcəkdir. Bu layihə
bölgədə ancaq və ancaq sabitliyin sülhün
möhkəmlənməsinə gətirib
çıxaracaqdır”.
Bu
gün türk dövlətlərinin və xalqlarının
birliyinin avanqardına çevrilən, bu birlyin daha da möhkəmlənməsinə
xidmət edən bir-birindən önəmli tədbirlərə
ev sahibliyi edən Azərbaycanın Prezdenti İlham Əliyev
türk dünyasının ən yaxşı liderlərindən
biri kimi sevilir, öz prqamatik və çevik siyasəti ilə
türk xalqlarının inkişafına misilsiz töhfələr
verir. İstanbulda türkdilli ölkələrin dövlət
başçılarının X zirvə
görüşündə dövlətimizin
başçısının
çıxışındakı bu sözlər onun türk
xalqalrının təkcə siyasi, iqtisadi və mədəni
baxımdan deyil, həm də çoğrafi cəhətdən
bağlılığı barədə arzularını dəqiq
ifadə edir: “Türk dünyası böyük
dünyadır. Vaxtilə türk dünyasının qədim
və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin
Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində
türk dünyası arasında olan coğrafi bağlantı
pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər
o tarixi ədalətsizlik törədilməsəydi, bu gün
vahid türk dünyası coğrafi baxımdan da bir məkan
kimi yaşayacaqdı. Ancaq buna baxmayaraq, bizi birləşdirən
təkcə coğrafi koordinatlar deyil. Bizi birləşdirən
aramızdakı münasibətlərdir,
qardaşlığımızdır, ortaq
keçmişimizdir, bu günümüzdür. İyirmi ilə
yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər
kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz
gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları
quruldu. Bu gün Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Türkmənistan
kimi ölkələr öz növbəsində Türkiyəni
gücləndirir, necə ki, böyük və güclü
Türkiyə bizi gücləndirir. Bizim gücümüz
bizim birliyimizdədir. Biz çalışmalıyıq ki,
bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək”.
Ulu
öndər Heydər Əliyevin də türk dünyası
ilə bağlı ümdə arzusu, istəyi bu idi və həmin
arzuların gerçəkləşəcəyinə
inanırıq!
Nəhayət,
onu da qeyd edim ki, Bakı metropolitenində fəaliyyət
göstərən, ulu öndərin irsini öyrənən və
təbliğ edən “Heydər Əliyev məktəbi”nin bu
yaxınlarda keçirilmiş növbəti məşğələsində
belə təklif irəli sürülmüşdür ki, bu
dahi türk oğlunun doğum günü 10 may –
respublikamızda rəsmi ümumxalq bayramı elan edilsin. Biz
kollektivimizin arzsunu müvafiq instansiyalara çatdıraraq qeyd
etmək istərdik ki, bu təklifin dəstəklənməsi
ölkəmizin bütün vətəndaşlarının
ürəyincə olacaqdır.
Tağı ƏHMƏDOV,
Bakı Metropoliteninin rəisi
yap.org.az
Səs.- 2013.- 16
aprel.- S.12-13.