Tənəzzüldən tərəqqiyə:
Heydər Əliyevin inkişaf
doktrinası
Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsinin sədri Rüfət
Aslanlıdır
-
Rüfət müəllim, bugünlər Azərbaycan
xalqı Ümummilli liderimiz Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi təntənəsini yaşayır.
Azərbaycanın çətin məqamlarnda hakimiyyətə
gələn Ulu öndərimizin xilaskarlıq
missiyasını necə dəyərləndirirsiniz?
-
İkinci dünya müharibəsindən sonra
formalaşmış ikiqütblü dünyanın episentrlərindən
biri olan Sovet İttifaqının süqutu nəticəsində
Avrasiya məkanında və bütövlükdə qlobal
siyasi coğrafiyada unikal bir vəziyyət
formalaşmışdı: baş verən tektonik proseslər
cəmiyyətin bütün sferalarında – siyasi, iqtisadi,
sosial sahələrdə onilliklər ərzində
formalaşmış ənənəvi institutlar və
münasibətlər sistemlərində köklü islahatlar
zərurəti yaratmışdı. Bu situasiya dövlətlər,
xalqlar və hətta fərdlər üçün yeni
institusional landşafta uyğunlaşma ilə bağlı
çox ciddi çağırışlar səsləndirsə
də, strateji məqamdan faydalanma baxımından mühüm
tarixi imkanlar da açmışdı. Restrospektiv prizmadan
baxdıqda xalqımızın həmin dövrün
çağırışlarını düzgün dəyərləndirərək
onun strateji imkanlarından faydalanan az saylı xalqlardan biri
olduğunu əminliklə demək olar.
Həmin
dövrdə Azərbaycanın üzləşdiyi spesifika
ondan ibarət idi ki, fundamental islahatlar yeni ideoloji kontekstdə
müasir dövlət quruculuğu ilə paralel həyata
keçirilməli idi. Bu proseslər xarici hərbi təcavüz
və ərazilərin işğalı, ölkə vətəndaşlarının
passionar tərkibinin quruculuq proseslərinə deyil, dövlət
müstəqilliyinin saxlanması və ərazilərin
müdafiəsinə mobilizasiyası, əhalinin hər 8 nəfərindən
birinin qaçqın və ya məcburi köçkün
olması və ölkə iqtisadiyyatının kəskin tənəzzülü
şəraitində həyata keçirilməli idi. Belə
bir şəraitdə, bəzi daxili qüvvələrin xarici
təhdidlərə qarşı səfərbər olmaqdansa,
irticaçı mövqe tutması əlavə maneələr
törədirdi.
Bu
problemlər Azərbaycan xalqını dövlətin təcavüzdən
xilas edilməsi və müstəqilliyin
davamlılığının təmin edilməsi kimi ideoloji
konsensus ətrafında birləşdirimişdi. Lakin bu
konsensusun vahid milli dövlətçilik ideologiyasına
çevrilməsi də sosial sifariş olaraq mövcud idi ki,
bu da yalnız güclü, uzaqgörən və cəsarətli
bir liderin rəhbərliyi altında mümkün idi. Məhz
belə bir şəraitdə Ümummilli lider Heydər Əliyev
xalqın iradəsi ilə hakimiyyətə qayıdaraq
ayrı-ayrı milli təşəbbüslərin vahid milli
doktrinaya çevrilməsini, xalqımızın
yaranmış kritik tarixi məqamdan yararlanmasını və
müstəqil dövlətçilik arzusunun
dönüşsüz reallaşmasını təmin etdi.
- Ulu
öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə
qayıtdıqdan sonra ilk ölaraq ölkəmizdə
ictimai-siyasi sabitliyi təmin etdi. Bu sabitlik Azərbaycan
iqtisadiyyatının inkişafında özünü nə dərəcədə
göstərmişdir?
-
Müstəqilliyimizin ilk dekadası ərzində Ümummilli
liderin rəhbərliyi altında həyata keçirilmiş
quruculuq və islahat tədbirləri nəticəsində Azərbaycanda
bütün zəruri dövlətçilik təsisatları
yaradıldı və hüquqi dövlət institutları
formalaşdırıldı. Ölkənin təhlükəsizliyini
təmin edə biləcək güclü ordu və müdafiə
sistemi quruldu, müstəqilliyin ilk illərində əldən
verilmiş mövqeləri bərpa edən xarici siyasət xətti
təşkil edildi.
Hərbi
və siyasi sabitliyin bərpa edilməsi növbəti mərhələdə
köklü iqtisadi islahatların keçirilməsinə ilkin
zəmin yaratdı. Azad bazar münasibətləri, fərdi
sahibkarlıq prinsipləri əsasında yeni iqtisadi sistemin
baza institutları formalaşdırıldı. Ötən iki
dekada ərzində nail olunmuş iqtisadi uğurların təhlili
göstərir ki, Heydər Əliyev inkişaf etməkdə
olan ölkələrdə bazar iqtisadiyyatı sisteminin formalaşması
üçün yol xəritəsi kimi hazırlanmış
Vaşinqton konsensusunun Azərbaycanın milli dövlətçilik
maraqlarına uyğun olan adaptiv modelini hazırlayaraq tətbiq
etmişdir. Bu yanaşma ölkə iqtisadiyyatının, onun
dayanıqlığının və geniş mənada
suverenliyimizin əsas qarantı olmuşdur.
Dayanıqlı
rifah və güclü iqtisadiyyatın ən fundamental
institutlarından birini də məhz inkişaf etmiş və
şaxələndirilmiş maliyyə sektoru təşkil edir.
Bu əsasda qısa bir müddətdə maliyyə sektorunun
yeni iqtisadi sistemə uyğun quruculuğu strategiyasının
realizasiyasına başlanıldı.
Milli
Bankın vahid monetar siyasət orqanına çevrilməsi,
fiskal tarazlığın təmin olunması, dövlət
borclanması və maliyyəsi proseslərinin sistemləşdirilməsi
makroiqtisadi sabitliyin təmin olunmasına zəmin yaratdı.
Dövlət banklarının restruktrizasiyası, problemli
borclarının həll edilməsi və yenidən
kapitallaşdırılması ilə maliyyə sektorunun
keçmişdən qalmış problemləri həll edildi.
Kapital tələblərinin mərhələli artımı və
maliyyə sistemi üzərində tənzimlənmə və
nəzarətin mütərəqqi prinsip və təcrübələr
əsasında optimallaşdırılması ilə özəl
bank sektorunun quruculuğu və inkişafı təmin edildi.
- Azərbaycanda
həyata keçirilən pul-kredit siyasətinin
uğurlarının təmin olunmasında maliyyə
münasibətlərinin və sisteminin
formalaşdırılması nə kimi rol
oynamışdır? Eyni zamanda, Ulu öndər Heydər Əliyev
tərəfindən Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsinin yaradılmasının əhəmiyyəti
nədən ibarətdir?
-
Diversifikasiya olunmuş maliyə sektorunun yaradılması
özəl mülkiyyət hüquqi prinsiplərinin ən
xarakterik elementlərini özündə əks etdirən qiymətli
kağızlar bazarının da
formalaşdırılmasını tələb edirdi. Azərbaycanda
qiymətli kağızlar bazarının yaranması əksər
post sosialist ölkələrində olduğu kimi özəlləşdirmə
proseslərinin başlanması ilə üst-üstə
düşdü. Ölkədə həyata keçirilmiş
iqtisadi islahatların ən mühüm istiqamətlərindən
biri kimi 1995-ci ildə özəlləşdirmə proseslərinə
start verildi. Bu dövrdə səhmlərin
buraxılışı və tədavülünə dair
qanunvericilik bazası və infrastruktur təsisatları
formalaşmağa başladı. Nəticədə, 1000-dən
çox səhmdar cəmiyyəti, 70 minədək səhmdar
təbəqəsinin formalaşması qiymətli
kağızlarla pərakəndə ticarətin intensivləşməsinə
səbəb oldu.
Yeni
formalaşan mülkiyyət münasibətlərinin tənzimlənməsi,
habelə inkişaf etməkdə olan özəl sektorun maliyyə
xidmətlərinə çıxışının
genişləndirilməsi vəzifələri qiymətli
kağızlar bazarının keyfiyyətcə yeni inkişaf
mərhələsinə çatdırılmasını və
bu istiqamətdə dövlət siyasətinin
koordinasiyasını tələb edirdi. 1998-ci il dekabrın
30-da Heydər Əliyev tərəfindən “Azərbaycan
Respublikası Prezidenti yanında Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsinin yaradılması
haqqında” Fərmanın imzalanması ilə ölkədə
mütəşəkkil qiymətli kağızlar
bazarının inkişafının yeni mərhələsi
başlandı.
İlk
növbədə, bazarın tənzimləyicisi olan Azərbaycan
Respublikası Prezidenti yanında Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi təşkil edildi. İlk
gündən yüksək statusa malik olan Komitə tərəfindən
qiymətli kağızlar bazarının inkişafı istiqamətində
kompleks təşəbbüslər həyata keçirilməyə
başladı. Normativ hüquqi baza təkmilləşdirildi və
ölkədə qiymətli kağızlar bazarının fəaliyyəti
və tənzimlənməsinə dair yeni nəsil qanunvericilik
yaradıldı.
Yeni
qanunvericilik əsasında mütəşəkkil qiymətli
kağızlar bazarının əsas institutları
formalaşdırıldı. Qiymətli kağızların
uçotu və qeydiyyatı sistemi təkmilləşdirildi.
Bu dövrdə ölkənin qabaqcıl maliyyə
institutlarının təsisçiliyi və 100 faiz özəl
sərmayə əsasında Bakı Fond Birjası
yaradıldı və beləliklə də, qiymətli
kağızlarla ticarətin mütəşəkkil
meydançası təşkil edildi. Bilavasitə fond
birjasının aktiv iştirakı ilə maliyyə vasitəçiliyi
institutları – broker və dilerlər
formalaşdırıldı. Beləliklə də, özəlləşmə
infrastrukturu institutlarının klassik fond bazarı təsisatlarına
transformasiyası prosesi tamamlandı.
-
Rüfət müəllim, bəs Heydər Əliyev siyasətinin
bugünkü uğurları və nəticələri
haqqında nə deyə bilərsiniz?
-
2003-cü ildə Azərbaycan Respublikası özünün
dövlət quruculuğu və suverenlik tarixində yeni mərhələyə
qədəm qoydu. Cənab Prezident İlham Əliyev Azərbaycan
Respublikasının dayanıqlı inkişafının əsas
doktrinası kimi Heydər Əliyev dövlətçilik
ideologiyasını davam etdiriləcəyini bəyan etdi. Yeni
dövrün iqtisadi strategiyası dinamik və dayanıqlı
artımın təmin olunması, sosial rifahın əhəmiyyətli
dərəcədə yüksəldilməsi və ölkənin
iqtisadi müstəqilliyin gücləndirilməsinə hədəflənmişdi.
Bu strategiyanın realizasiyası yolları kimi isə
iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi,
əlverişli biznes mühitinin təmin olunması, ixrac
potensialının genişləndirilməsi və insan
kapitalının gücləndirilməsi müəyyən
olundu.
Yeni əsrdə
Heydər Əliyev dövlətçilik doktrinasının
ölkə başçısı cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi ölkəmizi
keyfiyyətcə yeni bir səviyyəyə qalxmasını
şərtləndirdi. Bazar yönümlü iqtisadiyyatın
baza institutlarının quruculuq proseslərinin tamamlanması
ilə ölkədə iqtisadi keçid prosesləri başa
çatdı və bu institutların effektiv fəaliyyət
göstərməklə davamlı rifahı dəstəkləməsi
təmin olundu.
Bu dövrdə
Azərbaycan ən sürətlə inkişaf edən
iqtisadiyyatlardan birinə çevrilərək orta gəlirli
ölkələrin siyahısına daxil oldu. Ölkəmiz
insan kapitalının inkişafına, iqtisadiyyatın rəqabət
qabiliyyətinə, qabaqcıl innovasiyaların tətbiqi
göstəricilərinə görə regionda qabaqcıl
ölkəyə çevrildi.
Formalaşdırılmış uğurlu xarici siyasət xətti
nəticəsində Azərbaycan beynəlxalq siyasi səhnədə
də öz mövqeyini möhkəmləndirməyə nail
oldu. Qısa müddət ərzində həyata keçirilən
kompleks tədbirlər qlobal kollaps və itkilər şəraitində
belə Azərbaycan iqtisadiyyatına dəyərlər yaratmaq
və bu dəyərləri xalqın hər bir fərdi
arasında optimal bölüşdürmək imkanları təqdim
edir.
Müstəqilliyin
3-cü dekadasında da Azərbaycanın inkişafı Heydər
Əliyev iqtisadi siyasi kursu əsasında davam edəcəkdir.
Cənab İlham Əliyev ölkə iqtisadiyyatının
keyfiyyətcə yeni səviyyəyə qaldırılması
və davamlı iqtisadi artım və yüksək sosial
rifahın təmin edilməsini Hökumət
qarşısına prioritet vəzifə kimi qoymuşdur. Gələcək
dekada ərzində səmərəli dövlət tənzimlənməsi,
ixrac yönümlü iqtisadiyyata transformasiya, insan
kapitalının gücləndirilməsi və
innovasiyaların dəstəklənməsi ən mühüm
iqtisadi inkişaf prinsipləri kimi müəyyən
edilmişdir. Məhz Heydər Əliyev dövlətçilik
ideologiyasına Azərbaycan xalqının sadiqliyi onun dilindən
desək - Azərbaycan dövlətinin müstəqilliyinin
davamlığını, dönməzliyini və əbədiliyini
təmin edəcəkdir.
yap.org.az
Səs.- 2013.- 16 aprel.- S.10.