“Bu gün
hələ o bəyanata ehtiyac
yoxdur”
Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov aprelin 15-də
“Media forum” saytının suallarını cavablandırıb.
-
Aprelin 14-də prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclası keçirilib. Rəsmi mətbuat əvvəlki
iclaslardan geniş məlumat yayırdı. Sonuncu iclas haqda isə
qısa məlumat verildi. İclasda hansı məsələlər
müzakirə olunub?
-
İclas ilin birinci rübünün yekunlarına həsr
olunmuşdu. Bu, artıq ənənə halını alıb.
Ölkə başçısı hər il dörd dəfə
Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafın yekunlarına
həsr olunmuş geniş iclasını keçirir.
Aprelin
14-də keçirilən iclasda prezident İlham Əliyev ilin
üç ayının yekunlarına dair
açılış nitqi söylədi. Dövlət
başçısı çıxışında son
üç ayda sosial-iqtisadi sahədə qeydə alınan rəqəmləri,
göstəriciləri açıqladı, ümumi daxili məhsulun
3.1 faiz, əhalinin pul gəlirlərinin 6 faiz
artdığını, qeyri-neft sektorunda 11.04, kənd təsərrüfatı
sahəsində isə 4 faiz artım olduğunu bildirdi. Prezident dedi ki, son üç ayda Azərbaycanda cəmi 1.2 faiz inflyasiya olub. Vergilər naziri Fazil Məmmədov, müdafiə sənayesi naziri Yavər Camalov, səhiyyə naziri Oqtay Şirəliyev
və başqaları
ilin üç ayında gördükləri
işlər və qarşıda duran vəzifələr barədə
danışdılar. Daha sonra
prezident İlham Əliyev bütövlükdə
2013-cü ildə Azərbaycanın
sosial-iqtisadi siyasəti,
daxili və xarici siyasəti, qarşıda duran əsas vəzifələr
haqqında danışdı,
həmin vəzifələri
bir-bir göstərdi.
Bununla bağlı mətbuatda geniş məlumat yayılacaq. Bu vəzifələr
iqtisadiyyatın şaxələndirilməsi
siyasətinin, əvvəlki
dövrlərdə qəbul
olunmuş dövlət
proqram və layihələrinin, xüsusən
də sosial layihələrin icrasının
davam etdirilməsi, iqtisadi sahədə sağlam rəqabət mühitinin təmin olunması, bu sahədə mövcud olan süni monopoliya yaradılması meyillərinin qarşısının
alınması üçün
ciddi tədbirlərin
görülməsi, daxili
bazarda rəqabətə
davamlılığın gücləndirilməsi,
xarici bazar üçün nəzərdə
tutulmuş mal istehsalının
artırılması, istehsalın
təşkil olunması,
sahibkarların dəstəklənməsi,
o cümlədən kreditlərin
verilməsi formasında
dəstəklənməsi, ixrac mallarının nomenklaturasının genişləndirilməsi,
yeni yaranan müəssisələrdə müasir
texnologiyaların tətbiq
edilməsi, kadr hazırlığı məsələlərinin
həlli, ipoteka kreditlərinin həcminin və onların paylanması üsullarının
asanlaşdırılmasından ibarətdir. Dövlət başçısı xüsusi qeyd etdi ki, bu
gün Azərbaycan gənclərinin mənzilə
olan ehtiyacını ödəmək üçün
ölkənin valyuta ehtiyatlarından ipoteka kreditlərinə ayrılmış
vəsaitlərin həcmi
artırılmalı, gənclərə
ipoteka kreditlərinin verilməsi asanlaşdırılmalıdır.
Ölkənin ərzaq, energetika,
informasiya təhlükəsizliyi
ilə bağlı məsələlər müzakirə
olundu və cənab prezident bu sahədə dövlətin qarşısında
duran məsələləri
sadaladı. Dövlətin investisiya proqramı, daxili və xarici investisiyaların artırılması məsələlərinə
toxunuldu. Qeyd olundu ki, ötən
il Azərbaycana
ümumilikdə 22 milyard
dollar həcmində investisiya
yönəldilib. Bunun 30 faizi
xarici, 70 faizi daxili investisiyadır.
Dövlət başçısı
müşavirə iştirakçıları
qarşısında bu
investisiyalardan həm xaricdə, həm də daxildə səmərəli istifadə
olunması məsələsini,
sosial layihələr,
korrupsiya və rüşvətxorluğa qarşı
mübarizə tədbirlərinin
gücləndirilməsi tələbini
qoydu, 2014-2019-cu illər
üçün yeni
regional inkişaf proqramının
hazırlanması tapşırığını
verdi. Birinci
regional inkişaf proqramı
bu il
başa çatacaq və gələn ildən yeni beşillik regional inkişaf
proqramı həyata keçiriləcək. Müşavirə bütövlükdə Azərbaycanın
sosial-iqtisadi, daxili-xarici
siyasətinin nəticələrinin
təhlilinə, yeni vəzifələrin müəyyən
olunmasına həsr olunmuşdu.
- Müşavirə həftənin
bazar günü keçirilib. Əvvəllər belə praktika
vardımı?
- Ümummilli lider Heydər Əliyevin zamanında bazar günü müşavirələrinin
keçirilməsi praktikası
çox geniş tətbiq olunurdu. O zamanlar Prezident Administrasiyası rəsmiləri,
nazirlər, digər dövlət məmurları
bazar günləri işdə olurdular. Bu praktika 2005-ci ilədək
davam etdi, ondan sonra bazar
günü iclasları
olmadı. Amma prezident
İlham Əliyevin qrafiki həddindən artıq sıxdır, aprelin 15-16-da dövlət
başçısının bölgələrə səfərləri
nəzərdə tutulub.
Bunu nəzərə alaraq müşavirəni bazar günü keçirmək
qərara alındı.
- Belə iclasların proseduru necədir? Bazar günü nazirləri, komitə sədrlərini iclasa toplamaq problem yaratmadı ki?
- Burada belə bir problem yoxdur və hər şey normaldır. Protokol xidməti iclasın bazar günü keçiriləcəyini iki
gün öncədən
elan etmişdi. Biz aprelin 12-də, cümə günündən
bilirdik ki, bazar günü toplantı olacaq. İclas təxminən saat 9:30-da başlandı və 13-də qurtardı.
- Prezident İlham Əliyev bundan əvvəl keçirdiyi müşavirədə məmurlara
ciddi iradlar bildirmişdi. Sonuncu müşavirədə yenidən o məsələlərə
toxunuldumu? Prezidentin narazı
qaldığı və
xüsusi qabartdığı
məsələlər vardımı?
- Prezident çıxışında
bu məsələnin
üzərinə bir daha qayıtdı, anti-korrupsiya tədbirlərinin
davam etdirilməsi, rüşvətxorluq və
korrupsiyaya qarşı
mübarizənin gücləndirilməsi,
bu mübarizənin sistemləşdirilmiş formada
aparılması məsələlərinə
və başqa bir neçə məsələyə toxundu.
Rüşvətxorluq və
korrupsiyaya qarşı
mübarizənin həm
inzibati, həm iqtisadi, həm də inistitusional yolla sistemli şəkildə aparılması
sahəsində konkret
tapşırıqlar verdi, bunları bir vəzifə kimi bütün məmurların yerinə yetirməli olduğunu vurğuladı. Cənab prezident çıxışında
həm də məmurların vətəndaşlarla
iş qaydası, onların vətəndaşlarla
ünsiyyəti, münasibəti,
məmurların özünün
ümumi davranış
normaları, dövlət
qulluğundakı məsuliyyətlərinin
artırılması kimi
məsələlərlə bağlı fikirlərini bildirdi.
- Nazirlər, komitə sədrləri rayonlara gedib vətəndaşlarla
görüşlər keçirilər.
Bunda məqsəd nədir və iclasda görüşlərin nəticələrinə
toxunuldumu?
- Bu görüşlər yeni
başlanıb - aprelin
əvvəlindən. Cəmi
on beş gündür ki, bu görüşlər keçirilir və davam etdiriləcək. Fevral ayında keçirilən
müşavirədə dövlət
başçısının məmurların qarşısında
qoyduğu vəzifələrin
həlli məqsədilə
nazirlər və komitə sədrləri bölgələrə gedirlər,
bu görüşlər
qrafikə salınıb.
Görüşlərdə bir neçə məqsəd
var. Birinci məqsəd dövlət qulluqçuları,
xüsusən də mərkəzi icra hakimiyyəti
orqanlarının təmsilçiləri ilə əhalinin təmaslarını
çoxaltmaq, əhalinin sosial-iqtisadi və digər
ehtiyaclarının ödənilməsi sahəsində yerlərdəki
strukturların fəaliyyətini dəyərləndirmək, səmərəliliyi
artırmaqdır. İkinci məqsəd məmurlarla
vətəndaşlar arasında təması çoxaltmaqla vətəndaşların
problem və ehtiyaclarını birbaşa ödəmək və
mümkün olduğu qədər yerindəcə həll etməkdir.
Üçüncü məqsəd isə mərkəzi icra
hakimiyyəti orqanı rəhbərlərinin rayonlardakı
sosial-iqtisadi inkişafın nəticələri ilə tanış olması, öz sahələri
üzrə işlərin görülməsi, onların dəyərləndirilməsi,
qiymətləndirilməsidir. Bizdə əvvəllər
belə təcrübə vardı. Ümummilli
lider Heydər Əliyevin dövründə də bu praktika tətbiq
olunurdu. Nazirlərin, komitə sədrlərinin bölgələrə
səfərləri son zamanlar bir az səngimişdi.
Çünki prezident İlham Əliyevin özü bölgələrə
tez-tez səfərlər edir, məsələlərlə
bilavasitə özü yerindəcə tanış
olur, tapşırıqlar verir. Dövlət
başçısı hər rayonda bir neçə dəfə
olub. O cümlədən bu səfərlər zamanı mərkəzi
icra hakimiyyəti orqanlarının, müvafiq sahələrin
rəhbərləri prezidenti müşahidə etdiyinə
görə onların ayrıca görüşlər
keçirməsinə ehtiyac bir qədər
azalmışdı. Son zamanlar isə belə səfər
və görüşlərə yenidən ehtiyac yaranıb.
Cənab prezident də müşavirədə qeyd etdi ki,
bunlara ehtiyac heç vaxt azalmayıb, vətəndaşlarla
işləmək həmişə vacibdir, insanların
qayğıları ilə mərkəzi hakimiyyət
orqanları rəhbərlərinin bilavasitə tanış
olması günün aktual məsələsidir.
- Amma
görüşlərin keçirilmə formatından
narazılıqlar var. Görüşlərdə əvvəlcədən
siyahı tutulur, yerli məmurlar görüşə kimi istəyirlər
onu buraxırlar, bəzi insanlara icazə verilmir. Görüşləri açıq formada etmək
daha effektli olmazmı?
- Daxil
olan narazılıqları araşdırırıq. Biz nazirlərin yerlərdə formal görüşlər,
ütülü qəbullar keçirməsinin tərəfdarı
deyilik. Prezident İlham Əliyev onların
qarşısına bu vəzifələri qoymayıb. Əgər nazir, komitə sədri rayona gedibsə, həmin
rayonda qəbula düşmək istəyən hər bir şəxs
qəbula yazılmalıdır və qəbul
olunmalıdır. Yerli məmurlar da buna
şərait yaratmalıdır. Bunun başqa alternativi ola bilməz. Görüşlərin
konsepsiyası bundan ibarətdir, hamının qarşısına
bu vəzifələr qoyulub. Biz həmin
görüşlərə mətbuat nümayəndələrini
də göndəririk, mətbuatda yazılanları izləyirik.
Əgər siz dediyiniz hallar müşahidə
olunacaqsa, narazılıqlar daxil olacaqsa, əlbəttə,
bunlara qarşı konkret tədbirlər görüləcək.
- Yəqin
ki, Nazirlər Kabinetinin iclasında qarşıdan gələn
prezident seçkisi də diqqət mərkəzində olub. Məsələ hansı kontekstdə müzakirə
olundu?
- Bu
müşavirədə ümumiyyətlə seçki
mövzusuna toxunulmadı. Seçkilərlə
bağlı heç bir çıxış olmadı və
heç bir təhlil aparılmadı. Bu
yalnız 2013-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının, daxili və xarici siyasətinin
yekunlarına həsr olunmuş müşavirə idi.
- Əli müəllim, artıq prezident seçkisində
iştirak etmək üçün namizədliyini irəli
sürən siyasətçilər var. Yeni Azərbaycan
Partiyası seçkiyə partiya sədri, dövlət
başçısı İlham Əliyevin namizədliyi ilə
gedəcəyini qeyri-rəsmi elan edib. YAP, hakimiyyət öz
namizədini rəsmi formada nə vaxt elan edəcək?
-
Prezidentliyə namizədlərin elan olunması və
müvafiq olaraq siyasi
institutlar tərəfindən, konkret olaraq siyasi
partiyalar və seçicilərin təşəbbüs
qrupları tərəfindən dəstəklənməsi,
onların irəli sürülməsi proseduru Seçki Məcəlləsində
göstərilib. Bunun vaxtı, çərçivəsi
var. Bu çərçivəyə uyğun olaraq YAP da,
seçicilərin təşəbbüs qrupları da öz təşəbbüslərini
həyata keçirəcəklər. Cənab
İlham Əliyevin namizədliyi artıq müəyyən
QHT-lər, seçicilərin təşəbbüs
qrupları tərəfindən irəli sürülüb.
Bunların sırasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası, Ağsaqqallar Şurası, Veteranlar
Birliyi, Qızıl Aypara Cəmiyyəti və onların yerlərdəki
təmsilçiləri var. Amma siyasi institut olaraq YAP prezidentin
partiyası kimi bu proseduru Seçki Məcəlləsində
göstərilmiş çərçivəyə uyğun
şəkildə həyata keçirəcək. Bunun konkret reallaşdırılması Seçki Məcəlləsində
müəyyənləşdirilmiş qrafikə uyğun
olacaq.
- Prezident
İlham Əliyev indiyədək prezidentliyə yenidən
namizəd olub-olmayacağı haqda mövqe bildirməyib. Bu nə ilə bağlıdır? Bu məsələdə hansısa tərəddüdlər
var, yoxsa bu, planlaşdırılmış siyasətdir?
Niyə prezident İlham Əliyev özü bu
barədə açıq bəyanat vermir?
-
Lazım olanda bəyanat da veriləcək. Bu
gün hələ o bəyanata ehtiyac yoxdur.
- ATƏT-in
Bakı ofisi və Milli Demokratiya İnstitutu ilə
bağlı müəyyən proseslər baş verdi. Hazırda vəziyyət necədir?
Hakimiyyət Milli Demokratiya İnstitutunun fəaliyyəti
ilə bağlı araşdırmalar
aparıldığını bəyan etmişdi. Araşdırmalar başa çatıbmı? ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi
gözlənirmi?
-
Müzakirələr gedir. Bununla bağlı müvafiq orqanlar
iş aparır. ATƏT-lə bağlı Xarici
İşlər Nazirliyi, Milli Demokratiya İnstitutunun Azərbaycandakı
fəaliyyəti ilə bağlı bu sahəyə aid qurumlar
araşdırma aparır. Nəticə
haqqında cəmiyyətə məlumat veriləcək.
- Hadisələr
müəyyən qədər tənqidlərə səbəb
oldu. Sizcə, seçki ilində bunlar Azərbaycanın
daha çox tənqidlə üzləşməsinə gətirib
çıxarmırmı?
- Hakimiyyət
üçün belə tənqidlər də, bunun baş
verdiyi zaman kəsiyi də, tənqidlərin önəmi də
onların yalnız milli maraqlara cavab verib-verməməsi ilə
ölçülür. Dövlətin qanunları var, dövlətin
milli maraqları var, xalqın rəyi və ona müvafiq
müəyyən olunmuş xətt var. Bu xəttə
uyğun gələnlərə münasibət bildirilir, onunla
bağlı tövsiyələr nəzərə
alınır, uyğun gəlməyənlər dövlətin
öz iradəsi çərçivəsində dəyərləndirilir
və müvafiq siyasət formalaşdırılır,
addımlar atılır.
- Milli Demokratiya İnstitutu Azərbaycanın milli
maraqlarına toxunubmu?
- Mən
bunu xırdalamaq istəmirəm. Hazırda bu
institutun Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti
ilə bağlı cəmiyyətdə, jurnalistikada, dövlət
qurumlarında bəlli mövqelər var. Bu mövqelər
araşdırılandan sonra konkret qərar veriləcək.
- İctimai Televiziya və Radio Yayımları Şirkətinin
baş direktoru İsmayıl Ömərovun səlahiyyət
müddəti başa çatıb. İsmayıl Ömərov
iki dönəm baş direktor olub. Hakimiyyət
onun işini necə qiymətləndirir? İsmayıl
Ömərovun baş direktorluğa yenidən namizəd
olmasını istəyirsinizmi?
- Hakimiyyətin
İctimai Teleradionun fəaliyyətini müsbət, ya mənfi
dəyərləndirməsinin baş direktor seçkisinə,
onun əvəzlənməsinə, yaxud da işini davam etdirməsinə
dəxli yoxdur. İctimai Teleradionun Yayım
Şurası və ictimaiyyət var. İctimaiyyəti təmsil
edən doqquz nəfər məsələni müəyyən
edəcək. Bundan sonra məlum olacaq ki,
İctimai Televiziya və Radio Yayımları Şirkəti fəaliyyətinə
İsmayıl Ömərovla davam edəcək, yoxsa yeni baş direktor
seçəcək.
Səs.- 2013.- 16 aprel.- S.6.