Azərbaycanın Cənubi Qafqaz ölkələri - Ermənistanla münasibətləri: tarixə bir nəzər

 

Arxiv materiallarına əsasən, demək olar ki, Ermənistan dövlətinin yaranması ideyası ilk dəfə 1878-ci ildə Kiçik Asiyada yaşayan ermənilər tərəfindən ortaya atıldı. Bu ideyanın müəllifi Vandakı  məktəblərdən birinin direktoru Partuqalyan sayılır. Mövcud ideyanı gerçəkləşdirmək üçün o, "Armenistov" adlı partiya yaratmaq istəyirdi. Lakin Partuqalyan Vanda öz məqsədinə nail ola bilmədiyindən Marselə köçdü və üç-dörd il sonra "Armenistov" təşkilatı, bu təşkilatın eyniadlı qəzeti yaradıldı. 1896-cı ildə bu partiyanın başçısı Avestisyan Terlimizyan öz planını bütün ermənilərin katalikosuna təqdim etdi.

Politiloq X.İbrahimli "Yeni Avrasiya Qafqazı" əsərində göstərir ki, hələ 1893-cü ildə Tiflisdə başqa bir gizli erməni təşkilatı fəaliyyət göstərirdi. "Qnçak" adlanan beynəlxalq təşkilat öz proqramında bildirirdi ki, Türkiyə ermənilərinin durumu çox ağırdır, ona görə nicat azadlıq hərəkatına başlamaq, sosial cəmiyyət qurmaqdadır. "Qnçak" fəaliyyət istiqamətlərində üç hədəfi əsas götürmüşdü:

1. Türkiyə ermənilərinin müstəqilliyinə nail olmaq.

2. Daha sonra rus, fars ermənilərinin müstəqilliyinə çalışmaq.

3. Yekun olaraq müstəqil erməni ittifaqını qurmaq, sosial ədalətə dayanan respublika yaratmaq.

Lakin cəmiyyət Tiflisdə uzun müddət fəaliyyət göstərə bilmədi və 1893-cü ilin sonlarında Londona köçdü. 1895-ci ildə isə artıq "Qnçak"ın Yelizavetpolda, Şuada, Aleksandropolda, Qarsda, Batumda, Axalsıxda, Bakıda, Borjomda, Vladiqafqazda gizli komitələri fəaliyyət göstərirdi. 1890-cı illərin əvvəllərində daha iki erməni təşkilatı yaradılmışdı. Bunlar, mərkəzləri Avropada yerləşən, lakin Türkiyə və Qafqazda yerli komitələri qurulan "Krıv" və "Droşak" idi.

1896-cı il oktyabr London, 1897-ci il 13 yanvar, 1898-ci il 7 yanvar Tiflis qurultaylarında "Armenistov", "Qnçak", "Krıv", "Droşak" təşkilatları birləşərək Erməni İnqilab Komitəsini (Daşnaksütun) yaratdılar.

Gizli erməni təşkilatlarının hamısı:

- Dünya erməniləri arasında dostluq, həmrəylik təbliğatı aparır;

- Ermənilər yaşayan bütün ərazilərdə dərnəklər yaradır;

- Silahlı üsyanlar hazırlayırdı.

Ermənilər bütün dünyada yaşayan imkanlı ermənilərdən pul toplayıb, qəzetlər çıxarır, silahlar alır, hərbi dəstələr düzəldirdilər. Təkcə "Armenistov" təşkilatının nəzdində fəaliyyət göstərən hərbi dəstənin mindən artıq üzvü var idi.

X.İbrahimlinin fikrincə, 1896-cı ildə Vanda ermənilər qanlı qırğın törətdilər - yerli əhaliyə, yəni türklərə, kürdlərə divan tutmağa başladılar. Türklər və kürdlər də, öz növbəsində, erməniləri əzişdirməyə girişdilər, nəticədə Vandakı aktiv ermənilərin böyük əksəriyyəti qaçıb Qafqaza dağılışdı. Bu olayları törətməkdə ermənilərin əsas məqsədi Avropanın diqqətini erməni probleminə yönəltmək idi. 1896-cı il hadisələri "Armenistov" üçün də ciddi əhəmiyyət kəsb edirdi. Çünki Türkiyədən Rusiyaya qaçan ermənilər "Armenistov"un ətrafında cəmləşərək daha da radikallaşdılar və partiyanın yeni proqramını hazırladılar. Bu proqramda "linç qanunu"na da icazə verilir və yeni daha amansız silahlı üsyanlar qaldırmaq nəzərdə tutulurdu.

Türkiyədən sıxışdırılan ermənilər əvvəlcə, get-gedə zəifləməkdə olan Rusiyanın hakim dairələrində narahatlıq doğururdu. Polkovnik Debil (Tiflis Quberniyası Jandarm idarəsi) Qafqazdakı Mülki hissənin baş rəisliyinə göndərdiyi arayışda yazırdı ki, ermənilər silahlı üsyanlara və inqilablara hazırlaşır. Onların proqramlarına görə istəklən yerinə yetirilməyəcəyi təqdirdə nə Türkiyədə, nə İranda, nə də Rusiyada sakitləşməyəcəklər. Bu millətin istəkləri, hərisliyi cilovlanmalıdır.

11 may 1905-ci ildə isə ermənilər böyük hay-küyə səbəb olan terror aksiyası törətdilər. Bakı general-qubernatoru Nakaşidze Parapet bağının yanında ekipaja atılan bomba partlayışından həlak oldu. Bakı jandarm idarəsinin rəisi Quroviç Peterburqa verdiyi yazılı məlumatda göstərirdi ki, bu terror aksiyasi Daşnaksütunun Bakı MK-sı tərəfindən törədilib, məqsəd isə şəhərdə qarışıqlıq salmaqdır.

Az sonra ermənilər terror aksiyasına görə məsuliyyəti boyunlarına götürdüilər və bəyannamə yaydılar. Sənəddə deyilirdi: Biz bu "məhkəməni", "ədaləti" çoxdan gözləyirdik. Artıq 10 gündür ki, Bakı qubernatoru yoxdur, amma əbədi ədalət var. O, bu dəfə də erməni inqilabçılarının əliylə təzahür etdi (Erməni İnqilab Federasiyası).

X.İbrahimli yazır ki, XX yüzilin əvvəlində ermənilərin tez-tez silahlı üsyanlar, basqınlar, qırğın və talanlar, qanlı terrorlar törətdiyini və bu sahədə get-gedə fəallaşdığını, mütəşəkkil hala gəldiyini görən Rusiya, Osmanlıdan fərqli olaraq onlardan silah, vasitə kimi istifadə etməyə üstünlük verirdi (əslində, ermənilər məqsədli şəkildə bu yöndə fəaliyyət göstərməklə Rusiyaya özlərinin timsalında etibarlı alət təklif edirdilər). Demək olmaz ki, ruslar ermənilərdən əvvəllər alət kimi istifadə etmirdilər. Sadəcə, XIX əsrin sonlarına qədər Qafqazlarda nisbi stabillik yaranmışdı və ermənilər o qədər də qabarıq nəzərə çarpmayan (xroniki) şəkildə himayə olunurdu. XIX əsrin sonlarında isə siyasi təlatümlər canlandı, Qafqazlardan verilən rəsmi danosların təsdiqlədiyi kimi ermənilərin fəallaşması Rusiya hakim dairələrində birmənalı qarşılanmadı. Ölkənin içərisində inqilabi ab-hava güclənəndə isə, ermənilər yenidən sistemli şəkildə yönəldilməyə, təhrik edilməyə başlandı. Nəticədə, 1905-ci ildə Bakıda erməni-türk qırğınları törədildi. Demək olar ki, bu zamandan etibarən ermənilərdə, Qafqazda Ermənistan dövlətinin yaradılmasına əminlik artdı. (1914-15-ci illərdə "genosid" adlandırılan növbəti erməni olaylarından sonra Ermənistan dövlətinin birmənalı olaraq, məhz Qafqazlarda yaradılmasına qərar verildi).

X.İbrahimlinin qeyd etdiyi kimi, təbii ki, belə təcavüzkar maraq Azərbaycan türklərini və gürcüləri narahat etməyə bilməzdi. Ruslara da gərək olan elə bu Qafqazlarda xalqlararası düşmənçiliyin kəskinləşməsi idi. Erməni liderləri ilə Rusiya rəsmiləri arasındakı gizli sövdələşmələrdən sonra tam aydın oldu ki, ermənilərin Qafqazlarda dövlət qurmaq istəkləri Rusiyanın imperiya maraqlarına qətiyyən zidd deyil, əksinə, Qafqaz xalqlarına və Anadoluya qarşı effektli alətdir. Sonrakı proseslər rusların yanılmadığını göstərdi. Belə ki, ermənilər nəinki çökən Osmanlıya qarşı dağıdıcı alət rolunu oynadı, paralel şəkildə Qafqaz xalqlarının azadlıq mübarizəsinə, Rüsiyadan uzaqlaşma istəklərinə ciddi əngələ, buxova çevrildi. Aydın məsələ idi ki, Osmanlıdakına nisbətən ermənilər Rusiyada öz istəklərinə daha asan nail ola bilərdi. Osmanlının çökməsi ərəfəsində və çökməsindən sonra Qafqaz türkləri (həm də gürcülər) arxasında böyük imperiyanın dayandığı ermənilərlə üz-üzə qaldı. Artıq ruslar erməniləri başqa dövlət ərazisində deyil, öz hüdudları çərçivəsində asanca yönəlməyə başladılar.

Qafqazlarda qanlı qırğınlar törətmək, türkləri yaşadığı tarixi torpaqlardan qovmaqla dövlət qurmaq üçün ermənilərə əlverişli tarixi şanslar yarandı. 1918-ci ilə qədər ermənilər Qafqazın cənubunda o qədər qırğınlar törətdilər ki, gürcü və azərbaycanlı siyasi liderlər milli müstəqillik, sabitlik naminə, mərkəzi İrəvan olan Ermənistan dövlətinin yaradılması məsələsini müzakirə etmək və bu istəyin gerçəkləşməsi faktı ilə razılaşmaq zorunda qaldılar.

X.İbrahimli yazır: "Erməni millətçiliyi din millətçiliyidir. Dünyada bu cür millətçiliyə analogiya tapmaq çox çətindir. Bəzi mütəxəssislər farsların yürütdüyü islam millətçiliyi ilə erməni din millətçiliyi arasında yaxınlığın, oxşarlığın olduğunu iddia edirlər. Lakin ciddi fərqlər də var. Belə ki, islam fars şovinizmi üçün daha çox siyasi pərdədir. İslam millətçilik pərdəsi altında farslar İrandakı özü boyda türk etnosunu assimilyasiya etməyi hədəf götürüb. Rəsmi Tehranın təbirincə ifadə olunsa, vahid "İran milləti" formalaşdırmaq siyasəti yürüdülür, "etnik, dini, kulturoloji inteqrasiya prosesi gedir". Erməni din millətçiliyində isə mənzərə fərqlidir: özünü Qafqaz xalqlarından, bütövlükdə qonşulardan ayırma, əksər hallarda onlara qarşı dayanma, bir sözlə, təcridçilik. Ona görə də ermənilər özləri dünyanın hər yerində yaşasalar da, öz dövlətlərində heç kimin yaşamasını istəmirlər. Hətta qonşu xristian gürcülər də Ermənistanda yaşaya bilmir. Ermənilərdə kimisə assimilyasiya istəyi yoxdur, eyni zamanda, özlərini asan assimilyasiya olunan göstərsələr də, başqa xalqlar içərisində əriyib itmirlər. Dəyişmə, başqa qəlibə düşmə ancaq formada, zahirdə qalır. Erməni dünyanın hər yerində mahiyyət etibarı ilə ermənidir".

Politoloq göstərir ki, erməni milli marağının, Ermənistanın dövlət siyasətinin formalaşmasına təsir göstərən 3 amil mövcuddur: 1. Dünya erməniləri-diaspora, 2. Ermənistan erməniləri, 3. Dağlıq Qarabağ erməniləri. Hər üç amil 19-cu əsrin sonlarında artıq bir sistem kimi ortaya çıxan erməni milli ideologiyasının formalaşmasında iştirak etmişonun ətrafında bağlar yaratmışlar. Erməni milli ideologiyası Daşnaksütun erməni inqilabi federasiyası partiyasının dayandığı "erməni məsələsi", yəni "Haydat"dır.

"Haydat"a görə erməni milli maraqlarının konsepsiyası 3 təməl üzərində qurulub:

1. İtirilmiş torpaqların qaytarılması, birləşmiş Ermənistan milli dövlətinin qurulması. (Böyük Ermənistan).

2. Yer üzünə səpələnmiş ermənilərin milli dövlətə qaytarılması.

3. Sosial dövlət quruculuğu.

Bu məqsədləri həyata keçirmək üçün ermənilər nə düşünür, mövcud ideyaların gerçəkləşməsi hansı metod və vasitələrin tətbiqi ilə mümkün sayılır?

Daşnaksütun ideoloqlarının fikrinə görə, erməni milli maraqlarının təmin olunması, həyata keçməsi inqilablara, silahlı mübarizəyə bağlıdır. Qrant Markaryan yazır: "Necə ki, dünyada qanun yox, güc həlledicidir, Daşnaksütun siyasiideoloji hərəkat kimi qanuni və həm də inqilabi güc kimi qalmağa borcludur". Bu mülahizədə inqilabi mübarizənin qanunsuzluğu göstərilməklə yanaşı, haqq və ədalətin bərpası naminə qanunsuz fəaliyyət məqbul, həm də mümkün variant sayılır. Digər Daşnaksütun ideoloqu Eduard Oqanesyanın mülahizələrində də mövcud məntiq özünü açıqca büruzə verir: "Ədalət" ruhani dəyər kimi qanundan yuxarıda dayanır. Bu yüksək dəyərlərin bərqərar olması üçün qanunlardan yan keçmək, hətta onu zorla dəf etmək olar.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 17 aprel.- S.22.