Azərbaycanla MDB ölkələrilə-Ukrayna
Respublikası ilə əməkdaşlığının Avrasiya inteqrasiyasında rolu
Azərbaycan
regionun Rusiya, Türkiyə və İran kimi böyük dövlətləri ilə
yanaşı, MDB üzvü olan digər dövlətlərlə
və Baltikyanı ölkələrlə ikitərəflı
münasibətlər və əməkdaşlıq əlaqələri
qurur. Bu dövlətlərdən Gürcüstan, Ukrayna,
Moldova və Özbəkistanla MDB, GUAM, Orta Asiya ölkələri-Qazaxıstan,
Özbəkistan, Tacikistan, Türkmənistan,
Qırğızıstanla MDB, İslam Konfransı Təşkilatı,
Türkdilli Dövlətlər Birliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı, Baltikyanı ölkələrlə Avropa
Şurası, digər dövlətlərlə də bir
və bir neçə beynəlxalq, regional qurumlar çərçivəsində
Azərbaycanın çoxtərəfli əlaqələri
mövcuddur. Lakin Azərbaycan çoxtərəfli əməkdaşlığı
yüksək səviyyədə təmin etmək
üçün, bu dövlətlərlə
qarşılıqlı maraqları təmin edən ikitərəfli
münasibətlər yaratmağa da məcburdur.
Professor
Ə.Həsənovun yazdığı kimi, Ukrayna ilə Azərbaycan
müttəfiq dövlətlər hesab olunurlar. Yalnız bir
faktı vurğulamaq kifayətdir ki, 2004-cü ildə Ukrayna
Azərbaycan Respublikasının Prezidenti, Baş naziri, Milli Məclisin
sədri və xarici işlər nazirinin bir neçə dəfə
səfər etdiyi yeganə dövlətdir. Bu yüksək səviyyəli
səfərlər Azərbaycanın Ukrayna ilə münasibətlərə
verdiyi əhəmiyyətin göstəricisidir. Son illər
ölkələr arasında iqtisadi əlaqələr sahəsində
ciddi irəliləyiş qeydə alınıb. 2001-ci ildə
iki dövlətin qarşılıqlı ticarət dövriyyəsi
59 milyon dollar təşkil edirdisə, 2002-ci ildə bu göstərici
110 milyona, 2004-cü ildə isə daha 30 faiz artaraq, 182,6 milyon
dollara catıb.
Azərbaycan
Ukraynanın 2000-2012-ci illəri əhatə edən
uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı
mövcuddur. İndiyədək iki ölkə arasında 68
hüquqi sənəd imzalanıb. İkitərəfli əlaqələrdən
əlavə, müxtəlif təşkilatlar çərçivəsində
əməkdaşlıq da münasibətlərin strateji
istiqamətdə inkişafını şərtləndirir.
Xüsusilə, GUAM, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin
yaradılmasını nəzərdə tutan TRASEKA layihəsi,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
çərçivəsində qarşılıqlı əlaqələr
yüksək səviyyədə qurulub.
Ukrayna
Cənubi Qafqazdakı maraqlarını artıq ötən əsrin
90-cı illərinin ortalarından müəyyənləşdirib.
Bu, ilk növbədə, enerji-nəqliyyat layihələridir.
Bu layihələr, Ukraynanın əsrlər boyu Rusiyadan enerji
asılılığına son qoymaq üçün yeganə
çıxış yoludur.
Ukrayna
Cənubi Qafqazdakı siyasətində, ilk növbədə,
Azərbaycan və Gürcüstana arxalanır. Onun Rusiyaya
qarşı bu bölgədə alternativ kimi
çıxış etməsi rəsmi Moskvanın
münaqişələrlə bağlı tutduğu mövqedən
narazı qalan Azərbaycan və Gürcüstan
üçün cəlbedici amil kimi görünür.
Ukraynanın birmənalı şəkildə Azərbaycan və
Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsi
müvafiq olaraq, bu ölkələrin də Ukraynanın
bölgədəki geosiyasi və geoiqtisadi planlarına
müsbət yanaşmasını şərtləndirir. Lakin
Ukraynanın ciddi səylərinə baxmayaraq, hələ ki,
bu ölkə Cənubi Qafqazda ciddi geosiyasi faktor kimi
özünü göstərə bilmir və Türkiyə,
İran, Rusiya, ABŞ, Avropa İttifaqının aktiv siyasəti
fonunda passiv müşahidəçi rolunda
çıxış edir. Məsələn, indiyədək
region ölkələri tərəfindən Cənubi Qafqazda təhlükəsizlik
sisteminin formalaşdırılmasına dair bir sıra təkliflər
səslənsə də, bu sxemlərin heç birində
Ukraynanın iştirakı nəzərdə tutulmayıb.
Yalnız bir dəfə 2000-ci ildə Türkiyə prezidenti
Süleyman Dəmirəl Ukraynanın regiondakı təhlükəsizlik
sistemində iştirakının mümkünlüyü
fikrini səsləndirib.
Ukraynanın
regional siyasətinə nəzər yetirəndə, tam
aydın olur ki, rəsmi Kiyev Rusiyanın nəzarətində
olan "münaqişə ocaqları"nın
söndürülməsi üçün aktiv fəaliyyətə
üstünlük verir. Lakin bu sahədə də, hələlik,
Ukrayna ciddi siyasi və güc faktoruna
çevrilə bilməyib. Ukrayna ilə münasibətlərində
Azərbaycan iqtisadi, siyasi, regional və hərbi sahədə əməkdaşlığa
xüsusi əhəmiyyət verir.
1997-ci
ildən Ukrayna ilə Azərbaycanın müdafiə nazirlikləri
və hökumətləri arasında hərbi və hərbi-texniki
əməkdaşlığa dair sazişlər imzalanıb.
Ukraynanın hərbi-sənaye kompleksi, tədris mərkəzləri
və hərbçilərin ixtisasını artırmaq sahəsində
yüksək potensiala malik olduğunu nəzərə alsaq, Azərbaycan
Silahlı Qüvvələrinin daha da güclənməsi
üçün Bakı-Kiyev münasibətləri ölkəmiz
üçün strateji əhəmiyyət daşıyır.
Ukraynanın
regiondakı zəif mövqeyinin səbəblərindən
biri bu ölkənin öz iqtisadi əlaqələrini
yalnız enerji daşıyıcıları ilə məhdudlaşdırması
ilə izah olunur. Bu gün Ukrayna qarşısında duran əsas
vəzifə Bakı-Supsa neft kəmərinin davamı kimi
Odessa-Brodı kəmərinin reallaşması məsələsidir
ki, bu layihədə rəsmi Kiyev Azərbaycanın dəstəyinə
xüsusi əhəmiyyət verir.
Odessa-Brodı-Qdansk layihəsinin
baş tutması əsasən Azərbaycan və
Qazaxıstandan asılıdır. Çünki bu kəmər
yalnız Xəzər neftini dünya bazarına
çıxaracağı təqdirdə strateji əhəmiyyət
daşıya bilər. Məhz bu səbəbdən, rəsmi
Kiyev son illər Bakı və Astananın bu layihəyə
loyal münasibətini təmin etmək üçün bir
sıra diplomatik addımlar atır. 2004-cü ildə Ukrayna Azərbaycan
və Qazaxıstan rəhbərliyinə müraciət edərək
bu ölkələri Xəzər neftinin Avropaya həm də
bu marşrutla (Bakı-Supsa kəmərinin davamı kimi) nəqlinə
dəstək verməyə çağırıb. Lakin Azərbaycan
prioriteti Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinə
verdiyindən, Odessa-Brodı-Qdansk layihəsinin taleyi hələ
ki, müəyyən qədər sual altında
qalmışdır.
Azərbaycanın
Ukrayna ilə münasibətləri müstəqilliyə nail
olduqdan sonrakı bütün dövrdə kifayət qədər
geniş şaxəli və intensiv olub. Bu münasibətlərin
yeni təməli 1992-ci il yanvarın 31-də iki ölkə
arasında diplomatik əlaqələrin yaradılması ilə
qoyulub. 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə
isə Azərbaycanın Ukraynada səfirliklərinin
açılması münasibətlərin inkişafına əlavə
stimul vermişdir.
1995-ci
ilin iyulunda Ukrayna prezidenti L.Kuçmanın Azərbaycana, Azərbaycan
Prezidenti Heydər Əliyevin isə 1997-ci ilin martında
Ukraynaya rəsmi səfəri qarşılıqlı əlaqələrin
hüquqi-normativ bazasının yaranmasında və münasibətlərin
strateji səviyyəyə yüksəlməsində
mühüm rol oynadı.
Eyni
zamanda, iqtisadi münasibətlərin inkişafı da diqqət
mərkəzində idi. 1998-ci ilin sentyabrında Ukrayna
prezidenti L.Kuçma Böyük İpək Yolunun bərpasına
həsr edilmiş beynəlxalq Bakı konfransında, 1999-cu
ilin sentyabrında isə Azərbaycan Prezidenti Heydər Əliyev
Yaltada keçirilmiş "Baltik-Qara dəniz əməkdaşlığı:
XXI əsrin inteqrasiya olunmuş Avropasına bölücü xətlərsiz"
beynəlxalq konfransında iştirak etmişdir. Yüksək
səviyyəli dövlət rəhbərlərinin
iştirakı ilə keçirilmiş bu konfranslar dövlətlərarası
və regional iqtisadi inteqrasiyanın dərinləşməsi
baxımından mühüm əhəmiyyət
daşıyırdı. Ümumiyyətlə, Azərbaycan-Ukrayna
əlaqələrini səciyyələndirən xüsusiyyətlərdən
biri ölkə rəhbərlərinin, o cümlədən,
prezidentlərin rəsmi və işgüzar səfərlərinin
müntəzəm xarakter almasıdır.
2000-ci
ilin mart ayında Ukrayna prezidenti L.Kuçma Azərbaycanda rəsmi
səfərdə olmuş və qarşılıqlı maraq
doğuran məsələlər müzakirə edilmiş,
ikitərəfli münasibətlərin inkişaf perspektivləri
müəyyən olunmuşdur. Ukraynada Azərbaycana olan
böyük maraq və diqqət sürətlə artır.
Bunun əyani təzahürlərindən biri 2000-ci il
sentyabrın 1-də Kiyevdə Heydər Əliyev adına
Sosial Elmlər İnstitutunun açılması olmuşdur.
2001-ci
ildə Ukrayna parlamenti - Ali Radasının sədri
İ.Plyuşun Azərbaycana, 2002-ci ildə Azərbaycan
parlamentinin - Milli Məclisin sədri M.Ələsgərovun
Ukraynaya səfərləri və keçirdikləri
görüşlər, eləcə də, 2004-cü ildə
Azərbaycan Respublikasının Baş naziri A.Rasizadənin
Ukraynaya işgüzar, Ukrayna Ali Radasının sədri
V.Litvinin Azərbaycana rəsmi səfərləri
qarşılıqlı əlaqələrin intensivliyini əyani
şəkildə nümayiş etdirir.
2004-cü
il iyunun 3-4-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Ukraynaya dövlət səfəri etmiş,
həmin ölkənin prezidenti L.Kuçma, Baş nazir
V.Yanukoviç, Ali Radanın sədri V.Litvinlə
görüşmüşdür. Görüşlər
zamanı ölkələr arasında iqtisadi əlaqələrin
inkişafı, mal dövriyyəsinin səviyyəsi, bir
sıra ikitərəfli layihələrin həyata keçirilməsi yüksək
qiymətləndirilmiş, enerji
daşıyıcılarının Avropaya nəqli sahəsində
əməkdaşlıq və digər məsələlərə
dair geniş fikir mübadiləsi aparılmışdır. Səfər
zamanı Azərbaycan Respublikası və Ukrayna arasında
Birgə Bəyannamə və 8 hökumətlərarası və
idarələrarası sənəd imzalanmışdır.
2005-ci
ilin aprelində Kişinyovda keçirilmiş GUÖAM sammiti
çərçivəsində Azərbaycan Prezidenti İlham
Əliyev Ukrayna prezidenti V.Yuşşenko ilə
görüşüb müzakirələr aparmış, həmin
ilin iyun ayında isə Azərbaycan Prezidenti İlham Əliyev
beynəlxalq investisiya forumunda iştirak etmək
üçün Ukraynada səfərdə olmuş və
prezident V.Yuşşenko ilə görüşdə ikitərəfli
münasibətlərin dərinləşdirilməsinə dair
fikir mübadiləsi aparmışlar.
2000-2005-ci
illərdə Ukrayna-Azərbaycan Hökumətlərarası
iqtisadi komissiyasının iclasları müntəzəm olaraq
keçirilmişdir. Bundan başqa, həm Azərbaycanı, həm
də Ukraynanı təmsil edən nazirliklərin ayrı-ayn
müəssisə rəhbərlərinin, hökumət və
qeyri-hökumət təşkilatlarının, kütləvi-informasiya
vasitələrinin, vətəndaş cəmiyyəti
institutlarının da keçən illərdə kifayət qədər
intensiv əlaqələri olmuşdur.
Ukraynada
çoxsaylı Azərbaycan diasporu yaşayır və bu
ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında
yaxından iştirak edir. İki ölkə arasındakı
münasibətlərin inkişafı və
yaxşılaşmasında bu amil də xüsusi rol
oynayır. Azərbaycan-Ukrayna münasibətləri hazırda
Avropa İttifaqı, Avropanın təhlükəsizlik,
iqtisadi, siyasi, enerji və geosiyasi layihələri çərçivəsində
günü-gündən daha da inkişaf edir və möhkəmlənir.
İki ölkə arasındakı əlaqələri strateji
müttəfiqlik səviyyəsinə qaldırmaq
üçün hər iki tərəfdən
düşünülmüş addımlar atılır.
Azərbaycan-Ukrayna
əməkdaşlığının inkişafında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
müstəsna xidmətləri var.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 18 aprel.- S.22.