Aydın Hüseynov: “Azərbaycanı istəməyənlər Eldar Namazov, Rüstəm İbrahimbəyov kimilərini pulla ələ alır”

 

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynovun SƏS TV-yə müsahibəsi:

- Aydın müəllim, aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Həmin iclas zamanı ölkə başçısı tərəfindən bir sıra məqamlara toxunuldu, xüsusilə Dağlıq Qarabağ münaqişəsi istiqamətində Ermənistan tərəfinə növbəti ismarıc ünvanlandı. Bu barədə nə deyə bilərsiniz?

- 2013-cü ilin birinci rübünün üç ayının təhlilləri onu göstərdi ki, ötən illərdə olduğu kimi bu il də ölkə iqtisadiyyatı dinamik inkişaf tempini saxlayıb və ÜDM 3.4 faiz artıb, qeyri-neft sektoru isə 11.4 faiz təşkil edib. Beləcə inflyasiya 1.1 faiz nisbətində müşahidə olunur. Bu bir daha onu göstərir ki, ölkəmizdə aparılan iqtisadi siyasət çox fundamental siyasətə, elmi əsaslara, təhlillərə söykənir. Azərbaycan iqtisadiyyatı artıq dünya iqtisadiyyatında bir unikal, özünəməxsus temperametri ilə seçilir. Bu artıq dünya dövlətləri tərəfindən qəbul olunur. Buna sübut olaraq Davos İqtisadi forumunun Bakıda keçirilməsini göstərə bilərik. Bu forum heç də təsadüf nəticəsində ölkəmizdə təşkil edilməyib. Bir sözlə, Davos İqtisadi forumu dünya iqtisadi və biznes beyinlərinin mərkəzidir. Bu mərkəzlər dünyada baş verən bütün iqtisadi prosesləri təhlil edir və müəyyən reytinq cədvəlləri tərtib edirlər. Bu da təbii ki, bizi çox sevindirir. Bütün bu aparılan siyasət sonda bir məqsədə hesablanıb ki, bu da Azərbaycan vətəndaşının özünü rahat hiss etməsi, onun sosial-rifah halının yaxşılaşması, yüksədilməsi və ölkənin iqtisadi, siyasi nüfuzunun, qüdrətinin artmasıdır. Artıq Azərbaycan iqtisadi bazislərə söykənərək, öz siyasi nüfuzunu da artırıb. Ölkəmiz regionda iqtisadi güc mərkəzinə çevrilib. Belə ki, regionun 85 faiz iqtisadi göstəricisi məhz ölkəmizin payına düşür. Cənab prezident bu iclasda əmək haqlarının artımı ilə bağlı da öz fikirlərini səsləndirdi. Bizim iqtisadiyyatımızın başlıca istiqamətlərindən birini də qeyri-neft sektorunun inkişaf etdirilməsi təşkil edir. Artıq Azərbaycan özünün süni peykini orbitə çıxarıb. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan bu sahədə çox fundamental nailiyyətlər əldə edib. Ən başlıcası isə ölkə prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycanda müstəqil iqtisadi siyasət həyata keçirilir. Bu da təbii ki, dövlət başçısının qətiyyətli siyasətindən, təcrübəsindən xəbər verir.

- Aydın müəllim, atəşkəs müqaviləsi 1994-2014 cü illəri əhatə edir. Sizcə bu müqavilənin vaxtı bitdikdən sonra Azərbaycan hansı addımı atmalıdır?

- Azərbaycan 1994-cü ildən ötən 20 il ərzində çox böyük nüfuz sahibi olub. Ölkəmiz həm iqtisadi, həm də siyasi baxımdan xeyli inkişaf edib və güc mərkəzinə çevrilib. Biz dəfələrlə qeyd etmişik və qürur hissi duyuruq ki, Ermənistanın dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsindən qat-qat azdır. Bu 20 il ərzində Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti dünya birliyi tərəfindən birmənalı olaraq tanınır. Bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Bir sözlə aparılan bu işlərin qarşısında Ermənistan çox cılız görünür. Məlumdur ki, işğalçı ölkədə bu gün çox böyük qarşıdurma, xaos hökm sürür. Qondarma dövlətdə keçirilən prezident seçkiləri ona uğur gətirmək əvəzinə, böyük fəlakətə sövq etdi. Hazırda Ermənistan prezidenti Serj Sarkisyanın ölkəni idarəetmə gücü də əvvəlki səviyyədə deyil. İşğalçı ölkənin dövlət büdcəsinin yarı qismi xarici ianələr hesabına formalaşır. Ermənistanın özündə yaşayan əhali artıq bu ölkədə yaşamaq belə istəmir və xaricə üz tutur. Beləcə bu gün Azərbaycan heç cürə Ermənistanla müqayisə oluna bilməz. Qondarma dövlətin burada yalnız bir yolu qalır ki, bu da Azərbaycanla yenidən sülh müqaviləsini bağlamaqdır. Çünki onun başqa yolu yoxdur. Aərbaycan bütün diplomatik vasitələrdən isitfadə edir və edəcək də!

- Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının ölkədəki son siyasi hadisələrlə bağlı yaydığı bəyanata diqqətinizi çəkmək istərdim. Necə düşünürsünüz, axı nəyə görə, Sabir Rüstəmxanlı ölkə hakimiyyətinə qarşı hər zaman belə aqressiv mövqedə dayanır?

- İlk öncə, Sabir Rüstəmxanlı və onun partiyası müasir Azərbaycana nəzər salsınlar və görsünlər ki, indiki vəziyyətdə ölkəmizin dünya dövlətləri arasında mövqeyi və yeri ayırd edilə bilinirmi? Azərbaycan bu gün dünyada demokratik prinsiplərə söykənən və demokratik prinsiplərlə ölkənin idarə olunmasını əsas prioritet kimi qarşıya qoyan ölkələrdən ən birincisidir. Ölkəmiz bir çox beynəlxalq təşkilatların reytinqlərində ən yüksək yerlərdən birini tutur. Azərbaycanda gedən bütün proseslər, xüsusilə seçki prosesləri beynəlxalq təşkilatların, demokratiya institutlarının ümumilikdə isə ATƏT, Avropa Şurasının və s. bu kimi təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilib. Ümumilikdə ölkədəki bütün proseslər daimi olaraq yüksək qiymətləndirilib. Ancaq S.Rüstəmxanlı və onun partiyası bizim bu nailiyyətlərimizi görmürsə və qanunun aliliyini qəbul etmirsə, deməli bu onların görməzliyindən, cılız biri olmalarından xəbər verir. Ölkə o zaman qüdrətli, dəyərli olur və demokratik prinsiplər o zaman qorunur ki, burada qanunun aliliyi hökm sürsün. Qanunun aliliyi hər bir vətəndaş üçün bir borcdur. Əgər hər hansı bir kəs qanunsuz aksiya keçirirsə, bəs bu zaman hüquq-mühafizə orqanları nə etməlidir? Bəlkə bu insanlar özlüyündə düşünürlər ki, onlara icazə verilməlidir ki ölkədə qarşıdurma yaradılsın və bir nəfər yüzlərlə insanın istirahət hüququnu pozsun? Əgər qanun çərçivəsində bu kimi halların qarşısı alınırsa, deməli bu zaman biz dövlətimizə minnətdar olmalıyıq. İlqar Məmmədov və Tofiq Yaqubluya gəlincə deyə bilərəm ki, bu insanlar da özünü siyasətçi adlandıranların əlində bir alətə çevriliblər. Ən maraqlısı isə odur ki, bütün bunlar məhz kənardan kimlərinsə maliyyə yardımları müqabilində həyata keçirilir. Mən hələ də başa düşə bilmirəm ki, bu insanlar Azərbaycanda bu cür hərəkətləri ilə özlərini necə vətəndaş adlandırırlar?

- Rüstəm İbrahimbəyov Milli Şura yaradılması adı ilə Milyarderlər İttifaqından 2 milyon manat vəsait alıb. Axı, Milyarderlər İttifaqının bu Şuranın yaradılmasında başlıca məqsədi nədən ibarətdir ki, özünü ziyalı adlandıran R.İbrahimbəyova bu qədər inam nümayiş etdirirək həmin adıçəkilən vəsaiti həvalə edib?

- Azərbaycan cəmiyyətində baş verən bu proseslər və olaylar ölkə vətəndaşının iradəsindən kənarda reallaşa bilməz. Bu gün ölkə vətəndaşları, ictimaiyyəti, cəmiyyəti və konkret olaraq Azərbaycan xalqı öz milli inkişaf yolunu, liderini müəyənləşdirib. Heç bir Azərbaycan vətəndaşı istəməz ki, yenidən 1992-ci illərdəki hadisələrə qayıtsın. Həmin dövrdə yaşanan xaos, başıpozuculuq və s. kimi hallar hər bir kəsə məlumdur. 1992-ci ildə iqtisadi, siyasi böhran hər şeyi öz məngənəsinə almışdı. Bunun da bütün ağır yükü məhz Azərbaycan vətəndaşlarının üzərinə düşüb. Artıq Azərbaycan xalqı 1993-cü ildə öz inkişaf yolunu, liderini müəyyən etdi. Bu gün ölkə vətəndaşları dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı daha yüksək şəkildə reallaşdıran, müasirləşdirən cənab prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkənin qüdrətli olmasında iştirak edirlər. Belə olan təqdirdə hər hansı bir “El” hərəkatı və buna oxşar digər hərəkatlar Azərbaycan xalqının və ölkə prezidentinin ətrafında birləşən insanların fonunda çox cılız və kiçik görünürlər. Əgər ölkə öz inkişaf yolunu müəyyənləşdiribsə və bundan da hər bir Azərbaycan vətəndaşı bəhrələnirsə, bəs onda “El” hərəkatının bu şuranı yaratmasında başlıca məqsədi nədir? Təbii ki, bu da heç kimə məlum deyil. Əslində, məlumdur ki, Azərbaycanın güclü dövlət olmasını istəməyən dövlətlər ölkəmizdə qarışıqlıq yaratmaq məqsədilə Eldar Namazov, Rüstəm İbrahimbəyov kimilərini pulla ələ alırlar.

 

 

Ceyhun Rasimoğlu

 

Səs.- 2013.- 18 aprel.- S.20.