Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik
Dünya oftalmologiya elminin tanınmış simalarından olan Zərifə xanım Əliyevanın keçdiyi şərəfli, zəngin həyat yolunda tədqiqatçı, həkim, alim, ana ömrü cəmlənib. Qaranlıq, ümidsiz dünyalara şəfa verən Zərifə xanım Əliyeva qəlb dünyasının işığı, elmi zəkası ilə bu işlərə imza atıb. Elmi kəşflərin, axtarışlarının nəticəsində Azərbaycan səhiyyəsinin dünyaya nüfuz etməsinə nail olub. Bu baxımdan, Onun fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin, mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyevanın tələbəsi olan, oftalmologiya elminin sirrlərini Ondan mənimsəyən tibb elmləri doktoru, professor Türk Dünyası Araşdırmaları Dövlətlərarası Elmlər Akademiyasının akademiki, Kərəm Kərimovla həmsöhbət olub, Onun keçdiyi şərəfli və hər kəsə örnək olacaq ömür yoluna, insani keyfiyyətlərinə, zəngin elmi irsinə, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlara, qazandığı nailiyyətlərə, yaratdığı fundamental əsərlərə nəzər saldıq:
- Kərəm müəllim, ilk olaraq bir həmkar kimi dünya şöhrətli alimimizin - Zərifə xanım Əliyvanın geniş coğrafi məkanda şöhrət tapan fəaliyyətinə nəzər salaq. Onun elmi nailiyyətlərinin əsasında nə dayanırdı?
- Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olan, dünya şöhrətli alim-pedaqoq Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar elm xadimi Zərifə xanım Əliyevanın əhalinin sağlamlığının qorunmasında, respublikamız üçün yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında, onun dünya səviyyəsinə qaldırılmasında elmi fəaliyyəti yükskədir. Odur ki, belə bir simanın xatirəsi hər zaman bizlər üçün əzizdir, ucadır.
Zərifə xanım Əliyevanın elmi, ictimai fəaliyyəti ətrafında danışmaq çətin və məsuliyyətlidir. Çox təəssüf ki, respublikamızın müstəqilliyini, səhiyyədə aparılan köklü dəyişiklikləri, tibb elmimizin, xüsusən, son illərdə oftalmologiyanın əldə etdiyi uğurları görmək Zərifə xanıma qismət olmadı. Bildiyiniz kimi, Zərifə xanım həkimlik fəaliyyətinə başlayanda, respublikamızda traxoma xəstəliyi geniş yayılmışdı. Xəstəliyin kökünün kəsilməsində Zərifə xanım böyük əmək sərf etmişdi. Onun namizədlik dissertasiyası da məhz bu xəstəliyin müalicə üsulları barədə idi. Zərifə xanım illərlə bu sahədə yorulmaq bilmədən uğurlu tədqiqatlar aparmışdır.
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini böyük töhfələrlə zənginləşdirmişdir. O, oftalmologiyanın sənaye problemlərinin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparmışdır. Respublikamızda neft-kimya sənayesinin inkişafı ilə əlaqədar bu sahədə çalışanlarda müxtəlif kimyəvi faktorların təsiri nəticəsində, görmə qüsurları bir vətəndaş, alim və həkim kimi daim Onu narahat etmiş, düşündürmüş, gecəsini-gündüzünü bu bəlanın qarşısını almağa sərf etmişdir. Zərifə xanım nəzəriyyəçi, öz elmi metodologiyası və elmi məktəbi olan dünya şöhrətli bir alim idi. Azərbaycan Elmlər Akademiyasının A.Qarayev adına Fiziologiya İnstitutunda yaratdığı "Göz xəstəliklərinin professional patalogiyası vo fiziologiyası" laboratoriyası bu elmi məktəbin mərkəzi idi.
Daim axtarışda olan və elmi nailiyyətləri ilə şöhrət tapan akademik Zərifə Əliyeva 200-ə qədər elmi məqalənin, 15-dən artıq monoqrafiyanın, müəlliflik şəhadətnamələrinin və 15-ə yaxın səmərələşdirici təklifin müəllifidir. Böyük humanistlik prinsipləri ilə yaşayan, insanlara şəfalı əlləri ilə nur, ziya verən akademik tərəfindən 1980-cı ildə institutda lazer cərrahiyyəsi mərkəzi yaradılmışdır. Zərifə xanım ölkəmizin müstəqilliyini, inkişafını düşünən, səhiyyəmizin qayğısına qalan həkim-alim idi. Xəstələrin keçirdikləri ağır vəziyyətlərinə biganə qalmayan Zərifə xanım onların müalicəsini respublikamızın xaricində deyil, məhz Azərbaycanda aparılması sahəsində böyük işlər görmüşdür. O, 1977-ci ildə respublikamızda yeni göz xəstəlikləri kompleksinin tikilməsi təşəbbüsünü irəli sürür. Bu nəcib təklif tibb ictimaiyyəti və respublika rəhbərliyi tərəfindən rəğbətlə qarşılandı. 1978-ci ildə Azərbaycanın Mərkəzi Komitəsinin Birinci Katibi işləyən Ümummilli Lider Heydər Əliyev göz xəstəlikləri kompleksinin tikilməsi barədə Sərəncam verir və SSRİ-nin büdcəsindən 11,5 milyon manat bu komleksin tikilməsinə ayrılır. Artıq xeyli müddətdir ki, nəhəng göz xəstəlikləri kompleksi öz qapılarını digər səhiyyə ocaqları kimi xalqımızın üzünə açmışdır. Bu şəfa ocağında dünyanın ən gözəl neməti olan gözlərinin nurunu itirilməsi təhlükəsindən xilas olacaq insanlar bu nəhəng kompleksin təşəbbüsü olmuş, gözəl həkim, xeyirxah insan Zərifə xanımı böyük hörmət və məhəbbətlə yad edirlər.
- Kərəm müəllim, Zərifə xanımın 90 illik yubileyinə oftolmoloq alim kimi hansı töhfələriniz var?
- Mənim müəllifliyimlə alimin həyat-yaradıcılığına həsr olunmuş və Azərbaycan, rus, ingilis dillərində çap edilmiş "Akademik Zərifə xanım Əliyeva və müasir oftalmologiyamız", "Zülmət və işıq dünyası", "Oftalmologiyada təxirəsalınmaz yardım" kitabı və rus dilində nəşr olunmuş "Neotlojnaya pomoş v oftalmoloqii" irihəcmli əsərləri dərc olunmuşdur.
- Zərifə xanım elm yolunda yorulmaq bilmədən çalışan fədakar alim olmaqla yanaşı, Azərbaycan səhiyyəsinin gələcək inkişafı üçün gənclərin yetişiməsinə böyük diqqət yetirirdi.
- Bəli, bu Zərifə xanımın böyüklüyü, vətənə sevgisi idi. Mənim də keçdiyim elmi yolda, uğurlarım da o dövrün bir çox gənc oftalmoloqları kimi Zərifə xanımın əməyi əsasında olmuşdur. Zərifə xanımı 1974-cü ildə Göz İnstitutunda internaturada olandan tanıyıram. Yaxşı yadımdadır o, professor Fəridə xanımın yanına gəlmişdi. Mən isə ordinator otağında idim. Məndən Fəridə xanımı soruşdu. Söylədi ki, deyin Zərifə xanım gəlib. Mən Onu həmin vaxt ilk dəfə görürdüm. Fəridə xanımı çağırdım. Həkimlər otağında Fəridə xanımla elmi söhbətlər apardılar. Söhbət əsnasında mənim kimliyimlə maraqlandı. Fəridə xanım mənim həkim-intern olduğumu dedi. Bu vaxt institutun direktoru Nazim Əfəndiyev də onlara yaxınlaşdı. Zərifə xanım institutda kişi oftalmoloqların az olduğunu dedi və təklif irəli sürdü ki, gənclər işə götürülsün və oxumağa göndərilsin. Mən 1977-ci ilin dekabr ayında instituta işə götürüldüm. Onun tövsiyyəsi ilə Moskva şəhərinə aspiranturaya göndərildim. Zərifə xanımı Moskva şəhərində də tədbirlərdə görürdüm. O, Azərbaycan həkimləri ilə maraqlanır, öz köməkliyini əsirgəmirdi. Bu, Onun gənclərə qayğısı, elmin keşiyində duran bir ziyalının qətiyyətli addımları idi. Həqiqətən də, səmimi etiraf edək ki, Zərifə xanımın Azərbaycan səhiyyəsinin, oftalmolgiyanın inkişafında, kadrların hazırlanmasında göstərdiyi xidmətləri böyük olmuşdur.
- Onun insani, mənəvi keyfiyətlərini necə səciyyələndirərdiniz?
- Mənəviyyatca pak və nəcib insanların, görkəmli şəxsiyyətlərin barəsində xatirə söylənən kimi gözəl bir kəlam yada düşür: "O, nurdan yaranmış insan idi". Müqəddəs xatirəsi, ülvi insani kefiyyətləri ilə mənəvi ucalığın zirvəsinə qalxaraq əbədiyyata qovuşmuş, 90 illik yubileyini qeyd etdiyimiz unudulmaz Zərifə xanım Əliyeva məhz nurdan yaranan, varlığı nur olan təkrarsız İnsan idi. Təsadüfi deyildir ki, Onun seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək olub. Bacarıqlı alimin möcüzəli əllərindən süzülən işıq bu gün də şəfa verdiyi insanların gözlərindədir. Kainat qədər geniş qəlbindən və zəkasından çağlayan ilahi nuru Onu tanıyanların mənəvi dünyasına daim nur saçır.
Xalqımızın fədakar qızı Zərifə xanım Əliyeva da neçə-neçə gözlərin işığına dönmüş, özü də işıq olub parlamışdı. Akademik Zərifə Əliyeva insanları zülmət pəncəsindən qoparıb işığa qovuşduran, ziyasını itirmiş gözlərə nur çiləyən nəcib insan idi. Qibtə ediləcək bir tale yaşamışdı, təkcə alimliyi, həkimliyi ilə yox, dövlət xadiminin qızı, dövlət xadiminin ömür-gün yoldaşı kimi...
Ümumiyyətlə, Zərifə xanımın həyatı Azərbaycan qadınları üçün bir məktəbdir. Elə bir məktəbdir ki, uzun illər boyu öyrəniləcəkdir. Unudulmaz və əziz xatirəsinin yad etdikcə bu parlaq şəxsiyyətin elmimizə, səhiyyəmizə, milli və mənəvi varlığımıza bəxş etdiyi dəyərləri təkrarən dərk edir, Onun ölməz ruhu qarşısında bir daha baş əyirik. Dünya şöhrətli şəxsiyyət Zərifə xanımın ömür-gün dostu Ümummilli Lider Heydər Əliyev Azərbaycan qadınları haqqında deyirdi: "Azərbaycan qadını mərd, sədaqətli, qeyrətli, namuslu qadındır. Mən dünyanın çox yerini gəzmişəm, dünya qadınlarını görmüşəm, fikrim belədir ki, Azərbaycan qadını bütün dünyadakı qadınlardan gözəldir". Bəli, bunu çox doğru söyləmişdi Dahi Öndərmiz. Çünki Azərbaycan qadınları dünyada yaxşı nə varsa ona layiqdir. İnsanlığa və insanlara qiymət verməkdə mahir, səriştəli, pərgar olan müdrik siyasətçi bu cəhətdən də gözəl sədaqətli həyat yoldaşı, peşəkar alim, qayğıkeş ana, mehriban nənə kimi Zərifə xanım Əliyeva seçimində yanılmamışdır. Zərifə xanım Azərbaycan xalqına məxsus, milli-mənəvi, əxlaqı dəyərləri özündə cəmləşdirmiş bir Ana idi. O, həmişə yüksək səviyyədə evdarlığı, qayğıkeşliyi və mehribanlığı ilə başqalarından fərqlənirdi. Qayğılar içərisində olan Zərifə xanımın gözəl övladlar yetişdirməsi və ictimai fəaliyyəti bu gün də örnək olacaq bir fəaliyyətdir. O, əməli işin xoş təəsüratları ilə hamının qəlbində daim örnək olaraq yaşayır və yaşayacaqdır.
Zümrüd BAYRAMOVA
Səs.- 2013.- 18 aprel.- S.8.