Azərbaycan-Ermənistan münasibətləri:
ermənilərin "itirilmiş torpaqlar" və "Böyük
Ermənistan" xülyası
Tarixdən
çoxsaylı nümunələr gətirmək olar ki, ermənilər
ancaq beynəlxalq miqyasda ciddi dəyişmələr,
müharibələr baş verəndə qonşu dövlətlərin
ərazilərində inqilablar, çaxnaşmalar, silahlı
toqquşmalar, üsyanlar qaldırıb, qırğın və
fəlakətlər törədib, torpaqlar işğal ediblər.
1905-1907-ci illər Bakı qırğınları, 1914-1915-ci
illər Anadoluda Van həndəvərindəki silahlı
üsyanlar, 1917-1920-ci illər Qarabağ qırğınları,
1918-ci il mart-aprel Şamaxı. Bakı, Gəncə, Quba
qırğınları, 1919-cu il Gürcüstanın
Borçalı-Axırkələk bölgəsindəki
müharibə və qırğınlar, 1920-ci il may ayında
Gəncə üsyanı zamanı 11-ci ordu əsgərləri
ilə birlikdə şəhər əhalisinə divan
tutulması, nəhayət, 1989-cu ildən başlayaraq,
Dağlıq Qarabağda, Naxçıvanda, Abxaziyada, Cavaxda
törədilən soyqırımları, ərazi
işğalları və ya gələcək ərazi
iddialarına hazırlıq.
Politoloq
X.İbrahimlinin fikrincə, Birincı Dünya müharibəsi,
1917-1921-ci illər Qafqaz dövlətlərinin müstəqillik
dönəmləri, 1919-1921-ci illər Qafqaz xalqlarının
yenidən Rusiyanın /sovet/ əsgəri işğal
altına alındığı və yerli əhaliyə divan
tutulduğu dövr, nəhayət, SSRİ-nin çökməyə
başladığı, bununla da böyük Avrasiya məkanında
nəhəng dəyişmələrin, lokal
toqquşmaların, münaqişələrin ortaya
çıxdığı tarixi mərhələ beynəlxalq
münasibətlər sistemində ciddi dəyişmələr,
dərin böhranlarla müşaiyət olunurdu. Erməni milli
marağının gerçəkləşməsi
üçün məhz beynəlxalq münasibətlərin
bu cür kəskin böhranlarla üzləşməsi ən
optimal şərait hesab olunur.
"İtirilmiş
torpaqlar" məsələsi erməniləri ətraf
dünyaya, öz qonşularına qarşı qəzəb
notlarında kökləyir. M.Sarkisyan yazır: "Erməni
etnik şüurunda son yüz ildə "haqqın
qoruyucusu" obrazında qəribə bir stereotip yaranıb ki,
bu xalqın həmişə xarici güclərin qurbanı
olması ilə bağlıdır". Fikrin məntiqindən
belə məlum olur ki, erməni ancaq o vaxt haqq, ədalətin
bərqərar olmasından danışa bilər ki, başqa
qonşu xalqların haqqı tapdansın. Yəni ermənilər
öz "itirilmiş torpaqlar"ını geri qaytarmaq istədikdə,
buna mane olmaq ədalətsizlikdir. Belə maneçiliklə
üzləşmə isə "kənar güclərin
qurbanına çevrilməyə" gətirib
çıxarır.
X.İbrahimli
yazır: "Ən qorxulu hal odur ki, son yüz ildə ermənilər
bu ruhda tərbiyə olunublar, yəni "itirilmiş
torpaqlar," "kənar təcavüzün qurbanı
olmaq" məsələsinə özlərini
inandırıb, deyilənlərin gerçəklik olduğunu
yeni nəsillərə təlqin ediblər.
"İtirilmiş torpaqlar" isə Türkiyənin Van əyaləti,
Azərbaycanın Naxçıvan, Dağlıq Qarabağ və
Kürə qədər olan ərazisi, Gürcüstanın
Borçalı və Cavax bölgələridir.
Bütövlükdə,
Qafqazda narahatlıq doğuran, qonşulara baş
ağrıları gətirən və erməni
şüurunda gerçəklik, həm də haqq-ədalət
obrazında inikasını tapan bu iddialar "Böyük Ermənistan"
ideyasından və təbii ki, həmin ideyanın kartoqrafik əksindən
qaynaqlanır. Kommunist Rusiyası üçün Lenin Mavzoleyi
nədirsə, ermənilər üçün
"Böyük Ermənistan" xəritəsi odur. Bu xəritə
erməni yuxusunu ərşə çəkir, onu
qonşularına ilıq baxmağa, etibar etməyə
qoymur."
Politoloqun
fikrincə, Qafqaz xalqları öz milli azadlıqları
uğrunda mübarizə aparanda, erməniləri "milli ərazilərin
qaytarılması" düşündürüb, "ərazilərin
azad olunması" /qonşu dövlətlərin torpaqları
nəzərdə tutulur/ problemi narahat edib. Ona görə də,
erməni şüurunda "itirilmiş torpaqların"
qaytarılmasını istisna edən milli azadlığa yer
yoxdur. Ermənistan üçün silaha heç vaxt onun
azadlığını əlindən alan Rusiya /sovet/
imperiynsına qarşı vasitə kimi baxılmayıb. Əslində,
Yerevan üçün Kremldə ağların,
qırmızıların, yaxud da demokratların
oturmasının heç bir fərqi yoxdur. Hakimiyyətə gəlib-gedənlərin
məzmun və xarakterindən, dəyişən rənglərdən
asılı olmayaraq, Moskva ilə Yerevanın bir-birilərinə
baxışı heç vaxt dəyişməyib. Bu məntiq
onu da deyir ki, Ermənistan üçün Rusiya imperiyasından
qopmaq çox zəif şəkildə milli azadlıq məsələsi
kimi qavranılır. Yerevanda, 9 aprel Tbilisi, 20 yanvar Bakı, 21
yanvar Riqa hadisələrinə analojisini düşünmək
özü də sadəlövhlük olardı.
Politoloq
qeyd edir ki, heç şübhəsiz, rəsmi Yerevanda siyasi
kursun müəyyənləşməsinə təsir edən
başlıca amil Dağlıq Qarabağ məsələsidir.
Ermənistanın ilk prezidenti L.Ter-Petrosyan Dağlıq
Qarabağ hadisələrinin dalğasında hakimiyyətə
gəldi. Hakimiyyətinin ilkin dönəmlərində onun əsas
məramı təbii ki, Dağlıq Qarabağda uduzmamaq idi.
Elə ki, 1994-cü ildə atəşkəs elan olundu,
L.Ter-Petrosyan artıq müharibə və intensiv
döyüşlər aparan bir millət və məmləkətin
prezidenti kimi deyil, nisbi sakitliyin bərqərar olduğu bir mərhələnin
prezidenti kimi düşünməy məcal tapdı. Qaraqabaq və
həmişə fikirli L.Ter-Petrosyanın daxili
dünyasındakı tərəddüdlər 1994-ci ildən
sonrakı beynəlxalq görüşlərdə, diplomatik
epizodlardan açıq-aydın sezilməyə başladı.
Bu, təbii ki, zorla ələ keçirilmiş Dağlıq
Qarabağın gələcək taleyi ilə bağlı
narahatlıqlar idi. Təkcə xarici siyasətdəki tərəddüdlər
deyil, daxili siyasətin hələ 1992-ci ildən təzahür
etməyə başlayan bəzi çalarları, ələlxüsus
da, Daşnaksütyunun ölkə daxilində fəaliyyətinin
yasaqlanıb, partiya fəallarının həbsxanaya
atılması Ermənistan prezidentinin Dağlıq Qarabağ
məsələsinə baxışda optimist
olmadığından xəbər verirdi. Daşnaksütyuna
qarşı seçilən sərt mövqe, Dağlıq
Qarabağ məsələsində heç bir güzəştin
olmaması mövqeyindən çıxış edən erməni
diasporu ilə münasibətlərin soyuması, dünya ermənilərinin
Yerevanın siyasi kursuna təsirinin tormozlanması faktı
özlüyündə L.Ter-Petrosyanın "Haydat"
konsepsiyasından uzaqlaşmasından, bir sıra hallarda isə
ona qarşı dayanmasından başqa bir şey deyildi.
1994-ci
il atəşkəsindən sonra Dağlıq Qarabağ
amilinin də Yerevanın siyasi kursuna təsiri zəifləməkdə,
ölkədaxili sosial problemlər qabarmaqda idi.
Daxili vəziyyətin get-gedə
ağırlaşmasından
istifadə edən diaspora ölkə prezidentinin
"Haydat" prinsiplərindən uzaqlaşmaması
üçün rəsmi Yerevanın işlərinə
müdaxiləyə sanki bir fürsət qazandı. 1996-cı
il 21 sentyabr seçkilərində müxalifət məhz
sosial problemlərin fonunda L.Ter-Petrosyanı küncə
sıxışdırdı, nəticədə o, yenidən
prezident olmaq üçün seçkilərdə demokratik
prinsipləri arxa plana keçirməli oldu. Bu müxalifəti
daha da radikallaşdırdı və ölkə daxilində
ciddi siyasi böhran yarandı. Ermənistanın üzləşdiyi
bu böhranın yoluna qoyulmasında da Dağlıq Qarabağ
amili həlledici rol oynadı. Xankəndində oturan
R.Köçəryan yaranmış durumu ümumerməni
milli maraqları baxımından təhlükəli durum kimi
qiymətləndirib, hakimiyyət dəyişməsinə
maneçilik törətdi. L.Ter-Petrosyan isə hakimiyyətini
saxlamaq və möhkəmləndirmək üçün əyalətlərdə
həm də diaspora arasında nüfuzu yüksək olan
Dağlıq Qarabağ lideri ilə hakimiyyəti
bölüşdürməli oldu. 20 mart 1997-ci ildə
R.Köçəryan Yerevanda baş nazir kreslosuna əyləşib,
birinci yerin lap astanasına gəlib çatdı. Ermənistan
siyasi arenasında qəribə bir paradoks yaranmışdı:
baş nazir prezidentdən açıq-aşkar güclü
görünürdü. 1998-ci ilin yazında mövcud paradoks
Ermənistan prezidentinin istefası ilə nəticələndi.
"Sülh, yoxsa müharibə: düşünmək
vaxtıdır" məqaləsi ilə L.Ter-Petrosyan
Dağlıq Qarabağ məsələsində Ermənistanın
müttəfiqsiz qaldığını və dünya birliyinə
qarşı dayanmağın perspektivsizliyini söyləyirdi.
Məqalənin məntiqi qonşulara inteqrasiyanın, beynəlxalq
normalara əməl etməyin zəruriliyini, "Hamıya və
həmişə iddialarla çıxış" etmək
prinsipinin ziyanlılığını diqtə edirdi ki, bu,
"Haydat" konsepsiyasındakı ana xətlərin
inkarının açıq etirafı idi.
Hazırkı
prezident S.Sarkisyanın apardığı siyasət nəticəsində
Ermənistan çox əhəmiyyətsiz geostrateji və
siyasi mövqeyə malik qapalı dövlətə
çevrilmişdir. Bunu nəzərə alan erməni strateqləri
Dağlıq Qarabağ məsələsinə ancaq Rusiya-Ermənistan münasibətləri çərçivəsində baxmağı qeyri-məqbul variant hesab edərək, əsasında
iddialar, təcridolunma və xarici güclərin
tormozlanması, balanslaşdırılması prinsipləri
dayanan doktrinaya üstünlük verirlər. Bu doktrinanın əsas
istiqamətlərini X.İbrahimli aşağıdakı kimi
ümumiləşdirmişdir: "Ermənistan öz zəif
geosiyasi mövqeyini mövqeyi güclü olan qonşulara
iddiaları irəli sürməklə kompensasiya edir, bu sahədə
mövcud olan təbii boşluğu doldurur;
- Ermənistan
paralel şəkildə özünütəcrid və
inteqrasiya siyasəti yürüdür. Bu məntiqə görə,
inteqrasiya şərtləri erməni milli maraqları
baxımından müəyyənləşdirilir,
qloballaşma prosesi Yerevanın özünütəcrid kursuna
uyğun gəlmədikdə, o, qəbul olunmur. /erməni
şüurundakı "xarici təcavüz" stereotipi
inteqrasiya məsələsinə ifrat qısqanclıq
yaradıb/;
Ermənistan
Rusiya və Türkiyənin, bütövlükdə, Qərbin
Qafqazdakı maraqlarını balanslaşdırır
"iqtisadi, siyasi ekspansiyaları" tormozlayır."
Erməni
analitiklərinin fikrincə, Qafqazda yeganə dövlət Ermənistandır
ki, bölgənin birmənalı orientasiyasının
ziyanlı olduğunu dəyərləndirir və ona
qarşı çıxır. Bu mülahizəyə görə,
Gürcüstan və Azərbaycanın Qərbə birmənalı
inteqrasiya kursunun bəlalar gətirəcəyindən ehtiyat edən
Ermənistan başqa dövlətlərin də Qafqaza cəlb
olunmasına çalışır. Məqsəd supergüclərin
bölgədə bir-birini tormozlamasına nail olmaqdır. Erməni
strateqləri Ermənistanın missiyasını məhz bu
tormozlama strategiyasında görürlər.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 19 aprel.- S.14.