HEYDƏR ƏLİYEV: NÜMUNƏVİ ÖMÜR YOLU

 

Hər bir insanın həyatında heç vaxt unutmayacağı anlar çox az-az olur. Mənim isə  belə anlarım bütün həyatını yaxşılıqlara həsr etmiş Ulu Öndər Heydər Əliyevlə istər Naxçıvanda, istərsə də Bakı şəhərindəki görüşlərim olub.

SSRİ-nin dağılması ərəfəsində bir çox respublikalarda olduğu kimi, Azərbaycanda da ayrı-ayrı qüvvələr tərəfindən müxtəlif mənafelərə  xidmət edən hərəkatlar canlanmağa başlayırdı. İnsanlar dəstə-dəstə toplanaraq baş verən ictimai-siyasi vəziyyətdən çıxış yolu barədə düşünürdülər. Lakin bu düşüncələrin sonsuzluğa doğru getdiyini, daha da mürəkkəbləşdiyini də anlayanlar az deyildi. Ölkədə vəziyyət getdikcə xeyli ağırlaşırdı. Bu çətin vəziyyət müstəqillik əldə edildikdən sonra daha da ciddi hal alırdı. Həmin dövrdəki uğursuz rəhbərliyin nəticəsi olaraq Azərbaycan xalqının malik olduğu potensialdan nəinki səmərəli istifadə edilmirdi, hətta onun israfçılıqla dağıdılmasına yönəlmiş meyillər də müşahidə olunurdu. Artıq ölkə vətəndaş müharibəsi, ərazilərini bütünlüklə itirmək təhlükəsi qarşısında idi.  Azərbaycanda siyasi sabitlik yox idi. Bütün xalq öz xilaskarını gözləyirdi. Bu, yalnız Heydər Əliyev idi. 

Mən Heydər Əliyev barədə dərin məlumatlara malik idim. Onun Moskvada, Azərbaycanda, eləcə də, bütünlüklə Sovet İttifaqında rəhbər vəzifələrə cəlb edilməsinə  heyran idim. Bütün bunlar Onun zəhmətinin, səyinin, gərgin əməyinin, xüsusilə də öz xalqına odlu məhəbbətinin və sonsuz inamının nəticəsi idi. Bilirdim ki, bizim işıqlı gələcəyimizin reallaşdırılması yalnız Onun hünəri və zəkası ilə mümkün ola bilər. Bu gün Azərbaycanımızın qüdrətli dövlət, ədalətli cəmiyyət olaraq sürətlə irəliləməsinin əsas səbəbkarı da Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan fəaliyyət proqramının nəticələri kimi qiymətləndirilməlidir.

 Azərbaycan Respublikasının beynəlxalq aləmdə get-gedə artan nüfuzu, daxili  demokratik islahatlar düşmən dairələri xalqımıza və respublikamıza qarşı növbəti təxribatlara əl atmağa sövq etdi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri, xalqımızın və dövlətçiliyimizin əvəzedilməz lideri Ulu Öndər Heydər Əliyevin həyatına sui-qəsd təşəbbüsləri artıq ən yeni tariximizin qara ləkələri kimi yaddaşlarda qalmaqdadır. Bu təxribatlar müdrik liderimizin son dərəcə tədbirli, təmkinli, səbatlı və uzaqgörən siyasəti sayəsində baş tutmadı. Həmin gərgin və narahat hadisələr zamanı bütün Azərbaycan xalqı bir nəfər kimi öz dövlətçiliyi və qanuni prezidenti ətrafında səfərbər oldu və düşmənin məkrli niyyətlərinin qarşısı alındı. Milli dövlətçiliyimizin və ümumən xalqımızın bu parlaq tarixi qələbələri də məhz böyük siyasətçi, müdrik şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

 XX əsr dünya siyəsət tarixinə adı əbədi həkk olunmuş Heydər Əliyevin dövlət quruculuğunun hər bir sahəsindəki -siyasi, iqtisadi, hərbi, elmi-mədəni sahədəki qaynar, səmərəli və məhsuldar fəaliyyəti fundamental tədqiqatlar obyektidir. Buna görə də bu qısa qeydlərdə məqsəd Ulu Öndər Heydər Əliyevin zəngin, çoxcəhətli fədakar fəaliyyətini tam əhatə etmək deyil, sadəcə olaraq, məhdud imkanlar daxilində Onun həyatının müəyyən məqamları barədə oxuculara məlumatların çatdırılmasından  ibarətdir.

1969-cu ilin yayında Azərbaycanın rəhbərliyinə işgüzar, məqsədyönlü bir insan gəldi. Bu, Heydər Əliyev idi. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilənə qədər Dövlət Təhlükəsizlik Komitəsinə başçılıq etməklə ciddi idarəçilik məktəbi keçmişdi. Heydər Əliyevin qarşısında mühüm vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, onu müasir texnikatexnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, dünyanın ən gözəl və abad şəhəri kimi Bakının simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, ölkə əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, xaricdə yaşayan həmvətənlərlə əlaqəni möhkəmləndirmək... Respublika üçün strateji əhəmiyyət kəsb edən bütün bu və digər məsələlər müvəffəqiyyətlə həyata keçirildi.

Azərbaycan özünün yenitarixi dövrünə başladı. Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoydu: sənaye profili kökündən dəyişdi, kənd təsərrüfatı modernləşdirildi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə başladı.

Azərbaycanın gələcək inkişafı naminə çalışan Heydər Əliyev savadlı gənclərin, bacarıqlı kadrların yetişdirilməsinə xüsusi diqqət yetirirdi. Buna görə də O, yeni nəslin SSRİ-nin ən qabaqcıl və tanınmış ali məktəblərində təhsil almaları üçün çox böyük səy göstərirdi. Minlərlə gənc təhsil almaq üçün ölkənin ən yaxşı ali məktəblərinə - Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə, Voronejə göndərilir, sonradan respublikaya qayıdaraq işlə təmin olunurdu. Bütün bunlar ölkədə həyat tərzini, davranış qaydalarını, ünsiyyət, qarşılıqlı münasibətlərin keyfiyyətini son dərəcə dəyişdirdi.

70-80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə, dinamiklik, işgüzarlıq, xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formalaşma dövrüdür. Heydər Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. Kadrlara qarşı tələbkarlıq tapşırılan işin  məsuliyyətini artırdı.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-82-ci illərdə kənd təsərrüfatının dinamik inkişafı, respublikanın və bütövlükdə ölkənin iqtisadiyyatında Onun rolunun artması ən mühüm iqtisadi nəticələrdən biridir. Azərbaycan ən qabaqcıl üzüm, tezyetişən tərəvəz, çay, tütün istehsalçısı oldu. Kolxoz və sovxozların maddi-texniki bazası daha da möhkəmləndi. Böyük meliorasiya proqramı həyata keçirildi. Baş Mil, Abşeron, Lənkəran, Cağar-Cibir, Şəmkir kanalları, Araz, Arpaçay, Sərsəng, Yuxarı Xanbulaqçaybaşqa dəryaçalar istifadəyə verildi. Üzümçülük, pambıqçılıq və tərəvəzçilik inkişaf etdirildi, iri heyvandarlıq kompleksləri tikildi. Geniş iqtisadi quruculuq sayəsində 1970-85-ci illərdə əmək məhsuldarlığı sənayedə 2,1, kənd təsərrüfatında 1,8 dəfə, xalq təsərrüfatında gəlir ümumittifaq göstəricisindən 2 dəfədən çox artdı.

20-ci əsrin 70-80-ci illərində SSRİ-də öz iqtisadiyyatını müstəqil idarəetməyə qadir olan 2 respublikadan biri Azərbaycan idi. Respublikada geniş sosial-mədəni quruculuq proqramı həyata keçirilirdi. Kino, teatr və mətbuat inkişaf etməyə başlamışdı. 1976-87-ci illərdə Azərbaycanda ilk dəfə böyük informasiya tutumlu 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası" nəşr edildi. Nizami, Əcəmi, Nəsimi, Tusi, Vaqif, Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Hüseyn Cavid kimi dühaların yubileyləri təntənə ilə qeyd olundu.

Bir vaxt "pantürkist" damğası ilə repressiyaya uğramış Hüseyn Cavidin cənazəsinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi. 1974-cü ildən ali məktəblərdə Azərbaycan tarixinin tədrisinə ayrılan saatlar artırıldı, Azərbaycan dili və tarixinə aid qiymətli araşdırmalar yüksək dövlət mükafatlarına layiq görüldü. 1980-81-ci illərdə Şuşada Molla Pənah Vaqifin qəbri üzərində türbə ucaldıldı, Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri açıldı, Natəvanın heykəli qoyuldu.

O dövrdə SSRİ respublikalarında rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar "'vahid dil" siyasəti daha geniş təbliğ olunurdu. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilin (1969) ilk günlərindən Azərbaycan dilinin de-fakto "dövlət dili" kimi qəbul olunması uğrunda ardıcıl mübarizə apardı və bütün maneələrə böyük hünərlə sinə gərdi. 1978-ci il aprel ayının 2-də Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi Heydər Əliyevin təklifi ilə aşağıdakı redaksiyada təsdiq olundu: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Beləliklə, Azərbaycan SSR-in dövlət və ictimai orqanlarında, maarif idarələrində ana dilinin işlədilməsi təmin edildi. Bu, Heydər Əliyevin öz dövləti, xalqı və Vətəni qarşısında göstərdiyi böyük xidmətlərindən biri idi.

SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 15 dekabr 1982-ci il tarixli qərarı ilə Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyevə:

a) SSRİ Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikinti Nazirliyi, Rabitə Nazirliyi, eləcə də, müttəfiq respublikaların avtomobil, çay nəqliyyatı və yol təsərrüfatı məsələlərinə nəzarət;

b) SSRİ Nazirlər Sovetinin Baykal-Amur dəmir yolu tikintisi məsələləri üzrə daimi komissiyasına rəhbərlik həvalə edilir.

SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 1983-cü il fevralın 2-də keçirilən iclasında isə Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə Ümumittifaq Səhiyyə Nazirliyi, Tibb Sənayesi Nazirliyi, Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi, AliOrta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki-Peşə Təhsili Komitəsi, Dövlət Teleradio Verilişləri Komitəsi, Dövlət Kinematoqrafiya Komitəsi, Dövlət Nəşriyyatı, İdman Komitəsi, Sovet İttifaqı Teleqraf Agentliyi (SİTA), Dövlət Arxiv və Müəlliflik Hüququ Agentliyi üzrə məsələlərə baxılması tapşırılır.

Böyük ərazisi olan Sovet İttifaqının nəqliyyat sisteminə, iqtisadiyyatın inkişafında onun həlledici roluna Heydər Əliyev yüksək qiymət verirdi. O, nəqliyyatı ölkənin qan dövranı - arteriya damarı hesab edirdi. Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin nəqliyyat məsələlərinə nəzarət etməsi tezliklə öz müsbət nəticəsini göstərdi, bu sahədə vəziyyət xeyli dəyişdi. Dəmir yolunun inkişafına dair hazırlanan kompleks planların həyata keçirilməsi nəticəsində təşkilatçılıq və təsərrüfatçılıq işi yüksəldi. 1983-cü ildən etibarən nəqliyyat sahəsində canlanma yarandı: dəmir yolu işçiləri yük daşınmasında geriləməyə son qoydular. 1984-cü ildə bu sahədə bütün göstəricilər üzrə plan artıqlaması ilə yerinə yetirildi, 1981-1982-ci illərdən qalan borclar ləğv edildi.

Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi vaxt humanist, sülhsevər siyasətin təbliğ edilməsi və həyata keçirilməsində, bəşər sivilizasiyasının bərqərar olmasında, cəmiyyətin gələcək taleyi naminə Onun göstərdiyi xidmətlər danılmazdır. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur. Bütün bu təyinatlarda o, Azərbaycanın inkişafı naminə çalışmış, faktiki olaraq SSRİ-yə rəhbərlik etdiyi dövrdə müasir müstəqil Azərbaycanın təməlini qoymuşdu.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verdi. Azərbaycan xalqına üz vermiş bütün faciələr, itkilər də məhz bundan sonra başlandı. Heydər Əliyevin SSRİ adlı dövlətin rəhbərlərindən biri olduğu illərdə Azərbaycana qarşı hansısa addımı atmağa cəsarət etməyən qüvvələr fəallaşdılar.

   Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, xalqımıza qarşı törədilmiş cinayətə etiraz səsini ucaltdı. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşadı, elə həmin il Azərbaycan Ali Sovetinə deputat seçildi. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın Sədri seçildi.

  1993-cü ilin may-iyununda ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs haqqında razılaşma əldə olundu, beş ildən artıq davam edən hərbi əməliyyatlar dayandırıldı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ilkin şərait yarandı.

1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın  siyasi, iqtisadiinformasiya blokadası şəraitində olan bir vaxtda imzalandı. Heydər Əliyev belə bir gərgin şəraitdə dünyanın 7 inkişaf etmiş qüdrətli dövlətini təmsil edən 11 neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanmasına müvəffəq oldu. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Elə həmin gün Azərbaycan Respublikasında ilk demokratik parlament seçkiləri keçirildi.

Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin etimadını qazanaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərə qatılmaqdan imtina etdi. 2003-cü il dekabrın 12-də Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyev ABS-ın Klivlend Klinikasında dünyasını dəyişdi. Dekabrın 14-də mərhumun cənazəsi Vətənə gətirilərək, Fəxri Xiyabanda torpağa tapşırıldı. Onun məzarı ölkəmizdə və xaricdə yaşayan milyonlarla insan tərəfindən bu gün də ziyarət olunur. Bu, Heydər Əliyev  şəxsiyyətinə olan xalq sevgisini və hörmətini bariz şəkildə nümayiş etdirir. Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq zəkası hər cür sədd və maneələri yararaq, həm də qarşıya çıxan bütün çətinlikləri dəf etməklə, Azərbaycanı olduqca mürəkkəb bir dövrün  dalğaları arasından salamat çıxarmışdır ki, bu da ona həm bölgədə, həm də dünya səviyyəsində daha layiqli yer qazandırmışdır.

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülüb. O, dörd dəfə Lenin ordeni, "Qırmızı ulduz" ordeniçoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb. 27 mart 1997-ci il - Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim olundu.

Ulu Öndər Heydər Əliyev yorulmaz və gərgin siyasi-diplomatik fəaliyyəti, dövlətçilik təcrübəsi, Azərbaycan xalqının milli maraq və ideallarına bağlılığı ilə ümummilli rəhbər olduğunu bütün dünyaya, eyni zamanda, daxilixarici bədxahlara da bir daha sübut etmişdir. Ümumxalq sevgisi, inamı və dəstəyi ilə, qanuni demokratik yolla hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda daxili ictimai-siyasi sabitliyin yaradılması, tarazlı və uğurlu xarici siyasət yeridilməsi, cəmiyyətdə demokratik prinsiplərin bərqərar olması, dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, hüquqi və dünyəvi dövlət quruculuğu uğrunda yorulmaz fəaliyyəti son dövr tariximizin ən şərəfli səhifələridir.

 

 

Xanhüseyn KAZIMLI,

Milli Məclisin deputatı,

"Sosial Rifah" Partiyasının sədri

 

Səs.- 2013.- 19 aprel.- S.8-9.