Əli Həsənov: “ABŞ-la
Azərbaycan arasında yalnız seçkilərin demokratik keçirilməsi yolları,
metodları, vasitələri müzakirə oluna
bilər”
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun Trend-ə
müsahibəsi
- Əli
müəllim, ABŞ dövlət katibinin demokratiya, insan
hüquqları və əmək məsələləri
üzrə müşaviri Tomas Melia Azərbaycana səfəri
çərçivəsində verdiyi bir sıra
açıqlamalarla yadda qalıb. Melia son vaxtlar Azərbaycanda
Milli Demokratiya İnstitutunun ünvanına səslənən
ittihamların əsassız olduğunu bildirib və hesab edib
ki, Azərbaycan rəhbərliyi MDİ-nin fəaliyyəti
haqqında düzgün məlumatlandırılmır. Bu, nə
dərəcədə həqiqətəuyğundur?
- Mən
Tomas Melianın o fikri ilə razıyam ki, Azərbaycanda Milli
Demokratiya İnstitutunun fəaliyyəti haqqında şəffaf
məlumat çox azdır. Əgər Azərbaycan hakimiyyəti
bu institutun fəaliyyəti, onun ölkəmizdə həyata
keçirdiyi layihələr haqqında kifayət qədər
geniş informasiyaya malik deyilsə, deməli, bu institut indiyə
qədər gördüyü işləri lazımi səviyyədə
və Azərbaycan qanunlarının tələb etdiyi qaydada cəmiyyətə
təqdim etməyib. Onun reallaşdırdığı layihələrin
bir qismi açıqlanmır və ya bu layihələrlə
bağlı müvafiq hesabatlar aidiyyəti orqanlara təqdim
edilmir. Ona görə də mən Azərbaycan cəmiyyətində
Milli Demokratiya İnstitutu haqqında olan fikir
ayrılığını təbii hesab edirəm.
Fikir
fərqliliyinin başlıca səbəbi odur ki, Milli
Demokratiya İnstitutu öz fəaliyyəti haqqında dəqiq
və şəffaf açıqlama vermir. Bu təşkilatın
saytında, onun Ədliyyə Nazirliyinə, maliyyə məsələləri
ilə bağlı digər qurumlara verdiyi hesabatlarında
müəyyən qaranlıq məqamlar mövcuddur ki, bu da həmin
sualları yaradır. Hazırda dövlət qurumları bu
institutun fəaliyyəti ilə bağlı araşdırma
aparırlar. Əgər onun fəaliyyətində qeyri-qanuni,
ölkəmizin qanunlarına, Azərbaycan hökuməti ilə
bu qurum arasında bağlanmış müqaviləyə zidd
bir şey olmayacaqsa, deməli, bu təşkilat Azərbaycanda
fəaliyyətini davam etdirəcək. Amma məsələyə
ümumi kontekstdə yanaşdıqda, biz bu qurumun
missiyasına, onun bütün dünyada Amerika Birləşmiş
Ştatlarının xarici siyasətinin əsas prinsiplərindən
biri olan demokratiya məsələlərini təbliğ etməsinə
hörmətlə yanaşırıq. Bu, bizim dövlət
siyasətimizlə üst-üstə düşür.
-
ABŞ dövlət katibinin müşaviri Azərbaycanda etiraz
aksiyaları zamanı dinc nümayişçilərin,
xüsusilə də NİDA üzvlərinin həbsindən
narahatlığını ifadə edib. Bundan başqa, Azad
Fikir Universitetinin bağlanmasını pisləyib. Melianın
narahatlığına haqq qazandırmaq olarmı?
-
Burada müəyyən anlaşılmazlıq var. Cənab
Melia bəyan edib ki, dinc nümayişçilərin həbsi
narahatedici amildir. Ancaq Azərbaycanda heç bir dinc
nümayişçi həbs olunmayıb. Həbsə
alınanlar qeyri-qanuni aksiya keçirərək Azərbaycanda
sabitliyi pozmaq, vətəndaşlar arasında qarşıdurma
yaratmaq istəyənlər, zorakılığa yol verənlər
və hüquq mühafizə orqanlarına müqavimət
göstərənlərdir. Onlar bu və ya digər konkret əməllərinə
görə saxlanılıblar. Hazırda həmin şəxslərlə
bağlı araşdırma gedir, məhkəmə prosesi hələ
başlamayıb. Ona görə də mən bu məsələyə
dəqiq münasibət bildirmək istəmirəm. Amma
faktdır ki, saxlanılanlar heç də dinc
nümayişçilər deyil. Təkrar edirəm, polisə
müqavimət göstərən, qarşıdurma yaradan,
insanların sağlamlığına, istirahətinə,
mülkiyyətinə qarşı qəsd edən şəxslərlə
dinc nümayişçini eyniləşdirmək olmaz.
O ki
qaldı, Azad Fikir Universiteti adlanan layihəyə, bu da
araşdırma, təhqiqat mövzusudur. Həmin layihə necə
icra edilirdi, hansı təşkilat tərəfindən həyata
keçirilirdi, bu fəaliyyət Azərbaycan qanunvericiliyinə
uyğun idimi, layihənin icraçısının dövlət
qeydiyyatı var idimi, icra ilə bağlı Ədliyyə
Nazirliyinə, digər dövlət orqanlarına hesabat
verilirdimi? Bu məsələlər araşdırmadan, tədqiqatdan
sonra məlum olacaq. Əgər bəlli olsa ki, bu fəaliyyət
qanun çərçivəsində həyata keçirilib, əlbəttə,
onun davam etdirilməsində heç bir problem olmayacaq. Yox, əgər
bunun sadəcə olaraq qeyri-şəffaf bir fəaliyyət
olduğu və məqsədi, məramı Azərbaycan
qanunvericiliyinə uyğun gəlmədiyi bəlli olsa, o zaman
müvafiq tədbirlər görüləcək.
-
Melia ATƏT-in Bakıdakı missiyasının layihə
koordinatoru səviyyəsinə qədər
azaldılmayacağına ümid edir. O bu istiqamətdə
Vyanada müzakirələrin aparıldığını
söyləyir. Bu ümidin gerçək olacağı nə
dərəcədə inandırıcıdır?
-
Xarici İşlər Nazirliyi bununla bağlı
açıqlama verib. ATƏT hökumətlərarası təşkilatdır.
Üzv ölkələrin ortaq missiyasını həyata
keçirən və Avropada təhlükəsizlik, əməkdaşlıq
məsələləri ilə məşğul olan bir
qurumdur. Onun ölkələrdəki yerli ofislərinin səlahiyyəti
də həmin ölkələrlə razılaşdırılmış
şəkildə həyata keçirilir. ATƏT-in hansı
statusla Azərbaycanda fəaliyyətini davam etdirməsi
bilavasitə Azərbaycan hakimiyyətinin səlahiyyəti,
hüququdur. Ona görə də bu məsələlər
Vyanada da, ATƏT-lə Azərbaycan arasında ikitərəfli
görüşlərdə də müzakirə olunur. Gələcəkdə
ATƏT-lə münasibətlərin strategiyasını ATƏT
və Azərbaycan müəyyən edəcəklər.
Düşünürəm
ki, bura kənar müdaxilələr əməkdaşlıq məsələlərinə
pozitiv təsir göstərməyəcək. Azərbaycan
artıq 20 il əvvəlki ölkə deyil, inkişaf edib,
regional və dünya səviyyəli proseslərdə fəallığı
ilə diqqəti çəkir. ATƏT-in Bakıdakı
ofisinin statusu da Azərbaycanın inkişaf səviyyəsinə
adekvat olmalıdır. Azərbaycan bu təşkilatın daha
çox bölgədə sülh və təhlükəsizliyin
yaranmasına, region ölkələri arasında iqtisadi,
siyasi, sosial münasibətlərin inkişafına töhfə
verməsini istəyir. Yerli, daxili məsələlərlə
məşğul olan kifayət qədər QHT, siyasi
institutlar, ictimai qurumlar var. ATƏT-in daha çox ölkəmizlə
bu quruma üzv olan dövlətlər arasında əlaqələri
inkişaf etdirməsi, bölgədə və Avropada sülh
və təhlükəsizliyin təmin edilməsi ilə məşğul
olması daha vacib məsələlərdir.
- Əli
müəllim, ABŞ dövlət katibinin müşaviri Azərbaycanda
keçiriləcək prezident seçkilərinə də
toxunub və Prezident İlham Əliyevin üçüncü
dəfə namizədliyinin irəli sürülməsini
“qırmızı xətt” adlandırıb. Hətta bir az da
uzağa gedərək, bu məsələni Bakıya növbəti
səfəri zamanı müzakirə edəcəyini
açıqlayıb. Ümumiyyətlə, Azərbaycan
Konstitusiyasında təsbit olunan bir məsələ necə
müzakirə predmeti ola bilər?
- Əvvəla,
məndə olan məlumata görə, bu fikir T.Meliaya məxsus
deyil, “Turan” agentliyinin onun adından yaydığı
yanlışlıqdır. İkincisi, hər bir ölkədə
prezident seçkisi onun qanunları və Konstitusiyanın tələbləri
ilə tənzimlənir. Azərbaycanda bir nəfərin bir
neçə dəfə prezidentliyə namizədliyinin irəli
sürülməsi Konstitusiya normasıdır və xarici aləmdə
müzakirə predmeti deyil. Bilirsiniz ki, 2009-cu ildə Azərbaycanda
Konstitusiyaya əlavə və dəyişikliklərlə
bağlı referendum keçirildi və Azərbaycan vətəndaşlarının
tam əksəriyyəti müvafiq dəyişiklikləri dəstəklədi.
O zaman nə ölkə daxilində, nə də xaricdə
buna ciddi etirazlar müşahidə olunmadı. Digər tərəfdən,
onu da qeyd edim ki, bu məsələdə analoji hallar, məsələn
Almaniyada Angela Merkel, Türkiyədə Rəcəb Tayyib Ərdoğan
təcrübəsi və digər çoxsaylı faktlar
mövcuddur. Buna görə də bu məsələ heç
bir ölkə və ya təşkilatla ikitərəfli və
çoxtərəfli formatlarda müzakirə mövzusu deyil,
yalnız Azərbaycanın daxili işidir və ölkə
Konstitusiyası ilə tənzimlənir.
ABŞ
bizimlə strateji tərəfdaşdır. Bu dövlətlə
Azərbaycan arasında münasibətlərin üç əsas
istiqaməti var ki, onların haqqında cənab Melia da bəhs
edib. Bunlar energetika, təhlükəsizlik və demokratiya məsələləridir.
ABŞ-la Azərbaycan arasında yalnız seçkilərin
demokratik keçirilməsi yolları, metodları, vasitələri
müzakirə oluna bilər. Demokratik seçki bizim qanunumuzun
tələbidir, Konstitusiyamızın normasıdır. Biz
ABŞ-la seçkilərin azad, demokratik keçirilməsini
müzakirə edə və bu işdə strateji tərəfdaşlarımızın
dəstəyini ala bilərik.
- Azərbaycanda
prezident seçkiləri yaxınlaşdıqca xarici qüvvələrin
ölkəmizə təzyiqləri artırmaq cəhdlərini
söyləmək olarmı?
- Azərbaycan
geosiyasi statusu, zəngin təbii resursları, güclü
iqtisadi potensialı, dünya siyasətində iştirakı,
Xəzər bölgəsi, Cənubi Qafqaz regionunda hərbi-geostrateji
mövqelərinə görə bölgənin və
dünyanın çox əhəmiyyətli ölkələrindən
biridir. Azərbaycanla münasibəti və ölkəmizdə
maraqları olan hər bir xarici aktor, beynəlxalq qurum,
böyük və kiçik dövlət istəyir ki, bu
seçkilərdə bu və ya digər maraqlarını ifadə
etsinlər, seçki prosesinə müəyyən təsir
mexanizmlərinə malik olsunlar ki, gələcək hakimiyyətlə
bağlı öz proqram və planlarını
reallaşdıra bilsinlər. Bu, təbii haldır,
bütün dünyada belədir. Biz buna etiraz etmirik. Lakin bu
iştirak Azərbaycanın daxili işlərinə müdaxilə,
ölkə həyatının prinsip və normalarının
pozulması ilə müşahidə oluna və ya təzyiq
şəklində həyata keçirilə bilməz. Bu proses
tərəfdaşlıq üzərində qurulmalı, Azərbaycanda
vəziyyətin daha da yaxşılaşmasına xidmət
göstərməlidir.
Səs.- 2013.- 19 aprel.- S.4.