Azərbaycan -Ermənistan münasibətləri:
müasir durum
Ermənistanın regiondakı bugünkü rolu, ötən əsrin əvvəlində çar Rusiyası parçalanandan sonra ermənilərin bölgədə tutduğu mövqeni və göstərdiyi fəaliyyəti xatırladır. Cənubi Qafqaz ölkələrindən birinin (Azərbaycan) ərazisinin 20 faizini işğal etmiş və digər dövlətə (Gürcüstan) qarşı da qeyri-rəsmi formada ərazi iddiaları irəlı sürən Ermənistan, regionda qeyri-sabitliyin əsas mənbəyinə çevrilib. Rusiya ilə hərbi-siyasi müttəfiqlikdən istifadə edən bu ölkə uzun illər yeritdiyi işğalçı siyasətə görə məsuliyyətdən kənarda qala bilmişdir. Lakin bu gün regionda yaranmış yeni geosiyasi durum, terrorizm və ekstremizmlə mübarizənin bütün dünya üçün prioritetə çevrilməsi onun bölgədəki mövqeyinə də öz təsirini göstərməkdədir.
Ermənistanın regionda ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyi ölkə Rusiya və İrandır. Hərbi və iqtisadi sahədə daha çox Rusiyaya sığınan Ermənistan üçün coğrafı baxımdan İranla əlaqələr də mühüm əhəmiyyət kəsb edir. Çünki Türkiyə və Azərbaycanla sərhədi bağlı saxlanılan və hərbi-siyasi müttəfiqi Rusiya ilə sərhədə malik olmayan Ermənistan İranı "həyat dəhlizi" adlandırır. Orta Asiya, Çin və Yaxın Şərqə məhz İran vasitəsilə yol tapan Ermənistan üçün Tehranla əlaqələrin zəifliyi tamamilə təcrid olunmaq deməkdir. Bundan başqa, Ermənistan Tehranın regiondakı mövqelərinin güclənməsini ABŞ-ın köməyi ilə bölgənin əsas tranzit dövlətinə çevrilən Azərbaycanın və Türkiyənin mövqelərinin möhkəmlənməsi yolunda əsas maneələrdən biri hesab edir.
Rusiya ilə Ermənistanın əlaqələri daha çox təhlükəsizlik və hərbi strateji əməkdaşlıq xarakteri daşıdığı halda İranla münasibətlər əsasən iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, maşınqayırma, yüngül və yeyinti sənayesi sahələrini əhatə edir. Hər iki ölkə Ermənistanın əsas sərmayədarlarındandır. İndiyədək Ermənistan iqtisadiyyatına qoyulmuş sərmayənin 70 faizdən çoxu məhz bu iki ölkənin payına düşür. Bu ölkədə reallaşdırılan hərbi, strateji və digər layihələr Rusiyanın, digərləri, məsələn, qaz kəmərinin çəkilişi, Mehri-Qacaran tunelinin tikintisi və başqa layihələr isə yalnız Yerevanın deyil, həm də Tehranın maraqlarına xidmət edir. Cənubi Qafqaz regiondakı proseslər və qüvvələr nisbətinin dəyişməsi nəticəsində Rusiya, Ermənistan və İran, faktiki olaraq, əsas layihələrdən kənarda qalıblar. Ermənistanı bu proseslərdə Azərbaycan, Rusiyanı öz iddiaları, İranı isə Qərb və ilk növbədə, ABŞ təcrid edib. Belə olan halda, bu üç ölkənin birgə layihələri İranla Ermənistanı beynəlxalq təcridolmadan nisbətən xilas etməyə yönəldiyi halda, Rusiya üçün sadəcə Qafqaz siyasətində Ermənistanı dəstəkləmək siyasətindən başqa bir şey deyil. Bu gün rəsmi Yerevan Rusiya və İranla sıx əməkdaşlığı da əsasən bu kontekstlərdən əsaslandırmağa çalışır. Ermənistanın rəsmi siyasəti bundan ibarətdir ki, "Türkiyə və Azərbaycanın tətbiq etdiyi blokada" şəraitində, Yerevan Rusiya və İranla hərtərəfli strateji əməkdaşlığa məhkumdur. Qeyd etmək lazımdır ki, uzun illər Qərbdə Moskva-Yerəevan-Tehran əməkdaşlığını təqdir etməsələr də, bu problemə göz yumublar. Lakin son bir neçə ildə dünyada və regionda yaranmış geosiyasi vəziyyət, problemə fərqli yanaşma meyili yaradıb. 11 sentyabr hadisələrindən sonra işğalçı imici qazanmış və qlobal layihələrdən təcrid olunmuş Ermənistan "ikili oyun" oynamaq imkanından qismən məhrum olub. Bir neçə il əvvəl ABŞ Dövlət Departamentinin İranla qeyri-leqal əməkdaşlıqda təqsirli bilinən Ermənistanın kimya şirkətlərindən birinə qarşı sanksiyalar tətbiq etməsi və Ağ Evin İran-Ermənistan qaz kəmərinin çəkilişinə olduqca sərt reaksiya verməsi də bunun göstəricisidir. Ermənistanın üzləşdiyi problemləri, qısa olaraq, belə xarakterizə etmək olar:
1. Dünya birliyi artıq əvvəlki tək Ermənistanın işğalçı siyasətinə göz yummur, bir çox beynəlxalq təşkilatlar artıq bu faktı etiraf edir. Bu isə Ermənistanın beynəlxalq arenadakı dayaqlarının getdikcə zəifləməsi, nüfuz və imicinin itirilməsidir;
2. Beynəlxalq terrorizmlə mübarizə çərçivəsində ABŞ-la əməkdaşlıqdan imtina edə bilməyən Ermənistan, bununla paralel olaraq İran və Rusiya ilə müttəfiqlik münasibətlərini qoruyub saxlamaqda çətinlik çəkir. Rəsmi Vaşinqtonun İran-Ermənistan qaz kəməri layihəsinə qarşı sərt bəyanatla çıxış etməsi də bundan xəbər verir;
3. Türkiyə və Azərbaycanla diplomatik münasibətlərin olmaması və bütün qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrindən kənarda qalması bu ölkənin iqtisadi inkişafını və inkişaf potensialını getdikcə çox çətin vəziyyətə salır;
4. Azərbaycanın iqtisadi qüdrəti artdıqca, regional proseslərə təsir göstərmək baxımından regional liderə çevrilir;
5. Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışından sonra Azərbaycan-Gürcüstan əməkdaşlığı artıq strateji müttəfiqlik səviyyəsinə qalxıb və bu, avtomatik olaraq, Yerevanın daha bir ölkə - Gürcüstanla da münasibətlərində sərinlik yaradacaq.
6. Nəhayət, özünün işğalçı siyasəti ilə bütün beynəlxalq və regional layihələrdən kənarda qalan Ermənistan bölgənin ən zəif, lakin militarist dövlətinə çevrilir.
Bütün bu faktorlar Ermənistanın son 15 ildə regionda yeritdiyi siyasətin nə qədər effektsiz və perspektivsiz olduğunu nümayiş etdirir. Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələr yaradılmayıb, heç bir qarşılıqlı sənəd imzalanmayıb. İki ölkə başçılarının və digər rəsmi nümayəndələrin çoxsaylı görüşləri və təmasları, bir qayda olaraq, beynəlxalq qurumlar vasitəsilə həyata keçirilib.
Erməni analitiklərinin mülahizələrinə görə, Dağlıq Qarabağ məsələsi Gürcüstanın da mənafeyi baxımında diqqəti cəlb edir. Belə ki, Ermənistan - Azərbaycan münaqişəsi Gürcüstanın bölgədə mövqeyini gücləndirir, onun neytral, həm də bəzi hallarda arbitr siyasəti yürütməsinə imkanlar açır. Bu məntiqlə Gürcüstan bölgədə güclənmək üçün Dağlıq Qarabağda erməni milli maraqlarına qarşı dayanmamalıdır.
Analoji baxış Ermənistan - İran münasibətlərində də aparıcı xətt təşkil edir. İran bütövlükdə, Qərbin inteqrasiya prosesinə qarşı dayanacaq güc kimi deyil, Rusiya və Çinə təkan verəcək geosiyasi oyunçu kimi, eyni zamanda, Türkiyənin Qafqazda iqtisadi və kulturoloji ekspansiyalarına sipər ola biləcək rəqib kimi nəzərdən keçirilir.
Əgər yaxın vaxtlarda İranla Qərbin münasibətləri nizama salınsa, Türkiyənin əski Turan məkanında möhkəmlənmə perspektivlərinə səksəkə ilə baxan Qərbin Qafqaz və Orta Asiyada sözügedən istiqamətdə oyun qaydalarını dəyişəcəyi, hətta ikili standartlarla davranacağı az ehtimal olunmur. Hələlik isə, bölgədə ABŞ-Türkiyə-İsrail üçbucağı daha güclü görünür və bu üçlük, bötüvlükdə, isə Qərbin Şərqə doğru inteqrasiya prosesinin kollektiv lokomotivi kimi çıxış etdiklərindən, erməni analitiklərinin mülahizələri praqmatizmdən uzaqdır. Ortada olan daha çox strateji və geosiyasi sahədaki nəzəri improvizasiyalardır.
Heç şübhəsiz, Balkan böhranı çözüldükdən sonra Qafqazdakı münaqişələrin həlli istiqamətində əsaslı dönüş mərhələsi başlanacaq. Son zamanlar Dağlıq Qarabağ mərhələsində yenı psixoloji çalarlar da ortaya çıxmaqdadır. Xocalıda əli azərbaycanlıların qanına bulaşmış S.Sarkisyanın qeyri-konstruktiv mövqeyi münaqişəni dalana söykəyib. Doğrudan da, psixoloji baxımdan Dağlıq Qarabağ məsələsinin tərəflərdən hansınınsa maraqlarına uyğun gəlmədiyi şəkildə həll olunması çətindir.
Ermənistan siyasi liderlərinin hər biri üçün L.Ter-Petrosyanın siyasi taleyi dərs olub. Lakin bu günlərdə "müharibə, yoxsa sülh: düşünmək vaxtıdır" xarakterli ikinci praqmatik təhlilə ciddi ehtiyac var. Belə bir təhlillə xalqın qarşısına çıxan siyasi lider Ermənistanda ictimai rəyə güclü təsir göstərərdi.
Fəqət... ermənilərin dəyişən dünyanın şərtlərinə uyğunlaşa biləcəkləri şübhə doğurur. Ermənistanın dünyadakı mövcud normalara əməl etməsi üçün dünya birliyinin təzyiqləri, ən başlıcası isə Azərbaycanın milli maraqlar sisteminin və iradəsinin gücü tələb olunur. Azərbaycan öz tarixi torpaqlarını zaman-zaman ermənilərə tərk etdikcə, təcavüzkar mentaliteti ilə Qafqazın bütün digər etnoslarından əsaslı şəkildə seçilən (ancaq bu faktdan çıxış edib ermənilərin Qafqazın avtoxton etnosu olmadığı qənaətinə gəlmək mümkündür) bu xalqı bölgənin baş bəlasına çevirir.
VAHİD ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 20 aprel.- S.14.