Azərbaycan-Özbəkistan əməkdaşlığı
Orta Asiyanın şimal-qərb və mərkəzi hissəsində yerləşən Özbəkistan regionun ən strateji, əhəmiyyətli ölkəsi sayılan 447,4 min kv.km. sahəsi olan bu ölkə, əhalisinın sayına görə (26 miyon nəfərə yaxın) regionun ən böyük dövlətidir. Özbəkistanın regional liderliyini təmin edən digər amil ölkənin zəngin təbii ehtiyatları və iqtisadi potensialıdır.
Neft, qaz, qızıl və kömür ehtiyatları ilə zəngin olan Özbəkistanın əsas enerji ehtiyatı təbii qazıdır. Hazırda çıxarılan qazın həcminə görə dünyada 8-ci yerdə olan Özbəkistanın yataqlarının 2,44 tirlyon kub metr qaz ehtiyatı var. Neft ehtiyatları isə 600 milyon barreldən artıqdır. Ümumilikdə ölkədə 51 neft, 27 qaz yatağı kəşf olunub.Ə.Həsənov yazır ki, müstəqilliyinin ilk illərində Özbəkistan-Azərbaycan münasibətləri ciddi böhran vəziyyəti keçirib. 1992-93-cü illərdə Azərbaycan rəhbərliyinin bu ölkəyə qarşı düşünülməmiş siyasət yeritməsi nəticəsində ikitərəfli münasibətlər tamamilə pozulmuş və hətta 1993-cü il oktyabrın 2-nə qədər ölkələrarası diplomatik əlaqələr belə qurulmamışdır. Yalnız 1993-cü ildən sonra Prezident Heydər Əliyevin Orta Asiya regionunun lideri adına iddialı olan Özbəkistanla münasibətləri bərpa etməsindən sonra ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələr inkişaf etməyə başlayıb. İki ölkə arasında münasibətlərin inkişafı isə 1996-cı ilin mayında Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfərindən sonraya təsadüf edir. İki ölkənin dövlət və hökumət rəhbərləri arasında aparılmış danışıqlar, imzalanmış sənədlər Azərbaycan-Özbəkistan əlaqələrini daha da möhkəmləndirmişdir.
Cəmi bir ildən sonra - 1997-ci ilin iyununda isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Daşkənddə rəsmi səfərdə olub. Bu səfərlər zamanı iki ölkə arasında 20 sənəd imzalanıb.
Tarixçi Ə.Əhmədovun yazdığı kimi, Özbəkistan Respublikası ilə münasibətlər 90-cı illərin ortalarınadək yalnız "Ticarət və iqtisadi əməkdaşlığın əsas prinsipləri haqqında" mövcud olan yeganə sənədlə tənzimlənirdi. Lakin görkəmli dövlət xadimi Heydər Əliyevin xarici siyasət xətti və türkdilli ölkələr birliyinin möhkəmləndirilməsi uğrundakı səyləri bu münasibətlərin beynəlxalq hüquq normalarına əsaslanaraq tənzimlənməsinə xüsusi təkan verdi. Belə ki, 1996-cı il may ayının 27-də "Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, imzalandı. Bu zaman sanballı sənədlər hazırlanaraq qəbul edildi. Həmin sənədlər ikitərəfli münasibətlərin bir çox sahələrini təmin etməyə xidmət edirdi. Əlaqələrin daha da genişləndirilərək səmərəliləşdirilməsi məqsədi ilə müştərək Azərbaycanın Orta Asiya ölkələrindəki ilk səfirliyinin məhz Özbəkistanda açılması da bu ölkənin regionda oynadığı rolun göstəricisidir.
Özbəkistan Prezidenti İ.Kərimov 1998-ci il sentyabrın 7-8-də TRASEKA proqramı çərçivəsində Bakıda keçirilmiş tarixi Böyük İpək yolunun bərpasına həsr edilmiş Beynəlxalq Konfransda iştirak etmişdir.
2004-cü il martın 23-24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfəri etmişdir. Səfər zamanı "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" də daxil olmaqla, altı mühüm dövlətlərarası və hökumətlərarası sənəd imzalanmışdır.
Azərbaycan Prezidentinin Daşkəndə rəsmi səfəri zamanı bir daha bəyan edilib ki, dövlətlərin regional və beynəlxalq məsələlərə dair mövqeləri üst-üstə düşür. Prezident İslam Kərimov Azərbaycanı Özbəkistanın Cənubi Qafqazda əsas tərəfdaşı adlandıraraq, Bakı ilə Daşkəndin geosiyasi vəziyyətində oxşarlıq olduğunu bildirib. Bu, hər iki ölkənin dünyanın aparıcı geosiyasi güc mərkəzlərinin diqqətində olmasından irəli gəlir.
Rəsmi Daşkəndin Dağlıq Qarabağ münaqişəsinə yanaşması da Azərbaycanı tam qane edir. Prezident İslam Kərimov birmənalı şəkildə bəyan edib ki, Özbəkistan Respublikası problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllinə tərəfdardır, ATƏT və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı indiyədək qəbul etdiyi qərarların yerinə yetirilməsini vacib sayır.
Azərbaycanla Özbəkistan beynəlxalq terrorizm və narkotik qaçaqmalçılığına qarşı birgə mübarizə aparmağa dair də razılığa gəliblər. Bundan başqa, iqtisadi-ticarət əlaqələrinin inkişafı prioritet kimi qəbul edilib. Belə ki, Prezident İlham Əliyevin Daşkəndə səfər etdiyi 2004-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 2003-cü illə müqayisədə 2 dəfə artıb. Ümumiyyətlə, son 3-4 ildə iqtisadi əlaqələr yalnız yüksələn xətt üzrə inkişaf edir.
Əgər 2001-ci ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi cəmi 12,3 milyon ABŞ dolları təşkil edirdisə, 2004-cü ildə bu rəqəm 12 dəfə artaraq 153 milyon dollara çatıb. Hazırda Özbəkistanda Azərbaycan kapitalı olan 7 iri və orta birgə müəssisə fəaliyyət göstərir. İndiyədək iki ölkə arasında 60-dan çox hökumətlərarası sənəd imzalanıb. Tərəflər arasındakı iqtisadi əməkdaşlıqda əsas prioritet dəmiryolu nəqliyyatı, ərzaq məhsulları və kənd təsərrüfatına verilir. Bundan başqa, Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyası 2010-cu ilədək ölkələr arasında iqtisadi əməkdaşlıq proqramı hazırlayıb. Tərəflər ilknövbədə ticarət dövriyyəsinin artımına diqqət yetirir.
Ölkələrin birgə iştirak etdiyi beynəlxalq layihələr, o cümlədən, TRASEKA layihəsi çərçivəsində əməkdaşlıq da münasibətlərin inkişafına təkan verən amildir. Tərəflər TRASEKA layihəsi çərçivəsində Transqafqaz dəhlizindən daha səmərəli istifadə məsələlərini, iki ölkə arasında ticarət dövriyyəsinin artması üçün Avropa-Qafqaz-Asiya marşrutunu vacib amil sayırlar. Təsadüfı deyil ki, 2003-cü ildə Azərbaycanda prezident seçkilərində dövlət başçısı seçilmiş İlham Əliyev Orta Asiya dövlətləri, o cümlədən, Özbəkistanla münasibətlərin daha da inkişaf etdirilməsi xəttinə sadiq qaldığını göstərdi.
Bundan başqa, hazırda Özbəkistanda 600 min nəfər azərbaycanlı yaşayır və bu çoxsaylı diaspora da iki ölkə arasındakı münasibətlərin qurulmasında vacib faktordur.
Bir sözlə, Azərbaycan hökuməti Özbəkistanla münasibətləri prioritet hesab edir və Daşkəndlə əlaqələrin möhkəmlənməsini Orta Asiyadakı mövqeləri baxımından vacib sayır. Özbəkistanın regiondakı nüfuzu və proseslərə təsir imkanları nəzərə alınaraq, Bakının bu istiqamətə əhəmiyyət verməsi tamamilə təbiidir.
Keçən müddətdə iki ölkə arasında, üçü siyasi sənəd olmaqla, 83 müxtəlif dövlətlərarası, hökumətlərarası və müəssisələrarası normativ-hüquqi sənəd imzalanmışdır ki, bu da ölkələrarası ikitərəfli əlaqələrin sürətlənməsi və inkişafına öz müsbət təsirini göstərməkdədir.
Türkdilli dövlətlərin başçılarının VII zirvə görüşündə Ulu Öndər Heydər Əliyev demişdir: "Türkdilli dövlətlərin iqtisadiyyatının dirçəlməsində mühüm rolu olan TRASEKA və Böyük İpək yolunun bərpası layihələrini xüsusi qeyd etmək lazımdır. TRASEKA proqramını yerinə yetirib Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizini reallığa çevirməklə, biz həm iqtisadi inkişaf və yeni iş yerlərinin açılması üçün imkan yaradır, həm də regionumuzda sülh və sabitlik şəraitini möhkəmləndiririk.
Tarixi Böyük İpək yolunun bərpasına dair 1998-ci il sentyabnn 7-8-də Avropa Birliyinin himayəsi altında Bakıda dünyanın 32 dövlətinin və 15 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilmiş beynəlxalq konfransın böyük əhəmiyyəti olmuşdur.
Böyük İpək yolunun bərpa edilməsi, TRASEKA proqramının həyata keçirilməsi nəticəsində Avropa İttifaqı məkanından başlayaraq, Qafqaz və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyayadək uzanan nəqliyyat dəhlizi Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirəcəkdir. Bu layihəninreallaşmasındatürkdilli dövlətlər açar rolunu oynayır.
1999-cu ilin aprelində Amerika Birləşmiş Ştatlarının Senatında İpək yolu ölkələrinin dövlət başçılarının, Amerika Birləşmiş Ştatları administrasiyasının yüksək səviyyəli nümayəndələrinin, konqresmenlərin iştirakı ilə keçirilən konfrans bizim məqsəd birliyimizi, Böyük İpək yolunun bərpasında fəal iştirak etmək arzusunda olduğumuzu bir daha təsdiq etdi.
XX əsrin sonu dünyanın coğrafi-siyasi mənzərəsini dəyişdirmiş hadisələrlə əlamətdardır. Xalqlarımızın müstəqilliyini əldə etməsi, demokratik inkişaf yolunu seçərək irəliləməsi tariximizdə yeni səhifələr açır.
Qardaş Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla bərabər, Azərbaycan da bu il müstəqilliyinin 10 illik yubileyini qeyd edir. Mən böyük iftixar hissi ilə bildirirəm ki, Azərbaycan Respublikası ötən illər ərzində müstəqilliyini və suverenliyini qorumuş, dünya birliyinə inteqrasiyasını müvəffəqiyyətlə davam etdirmişdir".
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 23
aprel.- S.22.