Azərbaycanda ilk baletin müəllifi
19 aprel bəstəkar,
dirijor, xalq artisti Əfrasiyab Bədəlbəylinin doğum
günüdür
Azərbaycan
sənət tarixində yaradıcılıq ştrixləri
ilə yer qazanan bəstəkar, dirijor, librettoçu kimi
şöhrətlənən xalq artisti Əfrasiyab Bədəlbəyli
şaxəli yaradıcılığı ilə milli musiqimizə
dəsti-xəttini əlavə etmişdir. Onun keçdiyi
yaradıcılıq yolunda böyük sənətkarın
müxtəlif səpkili əsərləri yer alıb.
1907-ci ilin 19 aprel tarixində xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımın ailəsində anadan olan Əfrasiyab Bədəlbəyli 1912-ci ildə rus-müsəlman məktəbinə daxil olur və 1916-cı ildə, tədris olunan bütün fənlərdən "əla" qiymətlərlə məktəbi bitirir. 1917-1924-cü illər ərzində o, Bakıdakı 1-ci realni məktəbində təhsil alır. 1923-cü ildən 1926-cı ilə kimi Əfrasiyab Bədəlbəyli təzəcə təşkil olunmuş Azərbaycan Teatr Məktəbinin dinləyicisi olur və məktəbdə təşkil olunan səhnə tamaşalarında böyük həvəslə iştirak edir. Təhsilini davam etdirmək məqsədi ilə Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində oxuyur. Hələ texnikumda təhsil aldığı zaman Əfrasiyab Bədəlbəyli müəllim S.L.Bretanitskinin sinifində violino ixtisasına yiyələnir. İstedadlı gənc tez bir zamanda səlis ifa bacarığına nail olur və 1925-ci il may ayının 22-də texnikum tələbələrinin qüvvəsi ilə Üzeyir bəyin səhnəyə qoyulmuş "Arşın mal alan" operettasını müşayiət edən orkestrdə ikinci skripkaların konsertmeysteri kimi çıxış edir.
Violino ilə yanaşı tarda da mükəmməl ifa üslubuna nail olmuş Əfrasiyab Bədəlbəyli 1926-cı ildə xalq çalğı alətləri orkestrinin Moskva və Minsk şəhərlərindəki qastrol səfərləri zamanı ikinci səs tarçılar qrupunun konsertmeysteri kimi orkestrin heyətində iştirak edir. İstedad və bacarığı nəzərə alınaraq dram əsərlərinə musiqi bəstələmək ona həvalə olunur. Belə ki, 1928-ci il fevralın 16-da musiqisi Əfrasiyab Bədəlbəyliyə məxsus olan Cəfər Cabbarlının "Od gəlini" əsərinin premyerası olur. 20 yaşında Cəfər Cabbarlının "Od gəlini" pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilir. "Od gəlini" musiqisinin müvəffəqiyyətinə sevinən C.Cabbarlı bundan sonra yazdığı "Sevil" pyesinə də musiqi bəstələməyi Əfrasiyab Bədəlbəyliyə tapşırır. O, bir çox dram tamaşasına musiqi bəstələyib. Belə ki, Cəfər Cabbarlının "1905-ci ildə" və "Yaşar" pyeslərinə, 1933-cü ildə A.Afinogenovun "Qorxu", 1934-cü ildə M.F.Axundovun "Hacı Qara", 1935-ci ildə isə "Müsyö Jordan" əsərlərinə musiqi bəstələyir.
Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləyib. Əfrasiyab Bədəlbəyli Azərbaycanda ilk baletin müəllifidir. O, 33 yaşında ikən "Qız qalası" baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə "Nizami", "Söyüdlər ağlamaz" operalarını yazaraq adını mədəniyyət tariximizə qızıl hərflərlə əks etdirib.
1928-ci il tarixindən Əfrasiyab Bədəlbəyli "Kommunist" qəzetində tərcüməçi vəzifəsində çalışmağa başlayır. XX əsrin 20-ci illərində Azərbaycan opera və operettalarının səhnədən götürülməsi nəzərdə tutulduğu zamanda 17 yaşlı Əfrasiyab Bədəlbəyli "Kommunist" qəzetində dərc etdirdiyi məqaləsində "Operalarımızın islahatı işində tələsməyə heç bir ehtiyac yoxdur" - deyə buna qəti etirazını bildirir. 1929-cu ildə xalqımızın ulu musiqi aləti olan tarı köhnəlik əlaməti sayaraq muzeyə göndərmək, konservatoriyanın tədris proqramından çıxarmaq kimi cəfəng fikirlərə etiraz edən Əfrasiyab Bədəlbəyli "Tar üzərinə mühakimə münasibətilə" başlığı altında məqalə ilə çıxış edir.
Əfrasiyab Bədəlbəyli professional musiqi təhsili almaq məqsədi ilə 1932-ci ildə Moskva konservatoriyasının dirijorluq fakültəsində oxumağa yola düşür. Professor K.Saracevin sinifində təhsil alan gənc bu sənətin incəliklərinə mükəmməl yiyələnir. Ali məktəbdə oxuduğu zaman o, 8 variasiya, violonçel və fortepiano üçün sonatina, fortepiano üçün etüd, simfonik orkestr üçün III hissəli süita, 2 violino, alt və violonçel üçün kvartet bəstələyir. Lakin bir ildən sonra sənətkar Moskvadakı təhsilini dayandırıb Bakıya qayıdır və R.Qliyerin "Şahsənəm" operasının yeni quruluşda, C.Cabbarlının librettosu əsasında tamaşaya hazırlanmasında iştirak edir.
1934-cü ilin payızında Əfrasiyab Bədəlbəyli Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yola düşür. Burada o, N.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyası nəzdindəki musiqi texnikumunun bəstəkarlıq şöbəsinə (B.Zeydmanın sinfinə) daxil olur və eyni zamanda, Leninqrad Opera və Balet Teatrının baş dirijoru V.Dranişnikovun rəhbərliyi altında dirijor assistenti kimi işləməyə başlayır. 1938-ci ildə Leninqraddakı təhsilini müvəffəqiyyətlə başa çatdıran Əfrasiyab Bədəlbəyli vətənə qayıdır və qardaşı Turqud Bədəlbəylinin librettosu əsasında uşaqlar üçün birpərdəli "Tərlan" balet-nağılını bəstələyir.
8 aprel 1940-cı il. Bu gün Azərbaycan musiqi mədəniyyəti tarixinə milli balet sənətinin təməl daşının qoyulduğu gün kimi daxil oldu. Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin premyerası M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində keçirildi. Belə bir uğurlu tamaşadan sonra onun sənəti yüksək qiymətini alır. O, 1940-cı il 23 aprel tarixində incəsənət sahəsində görkəmli fəaliyyətinə görə respublikanın "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülür.
1941-ci ildə Əfrasiyab Bədəlbəyli bəstəkar dostu B.Zeydmanla birlikdə bir pərdəli "Xalq qəzəbi" operasını yaradır. 1941-ci ildə bəstəkar Səməd Vurğunun "Fərhad və Şirin" əsərinə musiqi bəstələyir. Bundan bir il əvvəl isə Əfrasiyab Bədəlbəyli görkəmli ədibin "Xanlar" pyesinə musiqi yazmışdı. Onu da qeyd edək ki, bəstəkar hər iki əsərin premyerasına dirijorluq edib.
Müharibə illərində Əfrasiyab Bədəlbəylinin bəstəkarlıq-dirijorluq fəaliyyətini Azərbaycan Dövlət Filarmoniyası ilə bağlı olur. O, bu müəssisənin direktoru və bədii rəhbəri kimi məsul vəzifələrdə çalışır. M.S.Ordubadi ilə birlikdə dahi italyan bəstəkarı C.Rossininin "Sevilya bərbəri" operasını Azərbaycan dilinə tərcümə edir və Minkusun "Don Kixot" baletinin yeni redaksiyası üçün libretto yazır.
Müharibədən sonra Azərbaycan mədəniyyəti qarşısında ən ümdə vəzifə kimi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi dururdu. Yubileyə hazırlıq hələ 1939-cu ildə başlanmış və Əfrasiyab Bədəlbəyliyə şairin həyatına həsr olunmuş opera yaratmaq tapşırılmışdır. Lakin müharibənin başlanması ilə əlaqədar "Nizami" operasının səhnəyə qoyulması ancaq 1948-ci ildə mümkün oldu. Bu illərdə sənətkar Azərbaycan radio komitəsinin musiqi redaksiyasına başçılıq edir.
50-ci illərin birinci yarısında opera və balet teatrında yaradıcılıq baxımından böyük canlanma hökm sürürdü. Belə ki, onilliyin ilk üç ili ərzində üç gözəl səhnə əsəri Soltan Hacıbəyovun "Gülşən", Qara Qarayevin "İldırımlı yollarla" baletləri və Fikrət Əmirovun "Sevil" operası tamaşaçıların mühakiməsmə təqdim olundu. Bunlardan ikisi - "Gülşən" baleti və "Sevil" operasının səhnəyə yol tapması Əfrasiyab Bədəlbəylinin adı ilə bağlı idi. Sənətkar hər iki əsərin ilk tamaşasının dirijoru oldu.
Əfrasiyab Bədəlbəyli nəinki musiqiçi, eləcə də, ədəbiyyatçı və dilçi kimi də böyük nüfuza malik idi. 1952-ci ildə Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun islahat komitəsinin iclaslarında müzakirə edilmiş "Azərbaycan dilinin orfoqrafiyası"nın təshih edilmiş bir nüsxəsi Əfrasiyab Bədəlbəyliyə göndərilmiş və ondan bu haqda rəy vermək xahiş olunmuşdu. Elə həmin ildə - 1952-ci ildə Əfrasiyab Bədəlbəyli rus bəstəkarı P.Çaykovskinin "İolanta" operasını ekvoritmik cəhətdən doğma dilimizə tərcümə edir. 1953-cü ildə bəstəkarın ilk kitabçası çapdan çıxır. "Musiqi haqqında söhbət" adlı broşurada müəllif musiqidə işlənən bəzi söz və terminləri izah edir, musiqi janrları və formaları, musiqi alətləri və ansambllar haqqında söhbət açır. Ə.Bədəlbəylinin bu əsəri keçmiş SSRİ ərazisində belə məzmunlu kitabçaların ilk nümunəsi idi. 1954-cü ildə Bəstəkarlar İttifaqı idarə heyətinin Yeddinci plenumunda bəstəkarın xalq çalğı alətləri orkestri üçün yazdığı "Simfoniyetta" ifa edilir.
1955-ci ildə sənətkar məşhur ifaçı Mirzə Sadığın yetirməsi, Azərbaycan tarzəni Qurban Primov haqqında monoqrafiya yazır. O dövrdə Azərbaycanda musiqi terminləri ancaq rus və ya başqa əcnəbi dillərdə işlədilirdi. Əfrasiyab Bədəlbəyli 1956-cı ildə "Musiqi terminləri lüğəti" kitabçasını çap etdirməklə azərbaycandilli əhalinin musiqi terminlərini daha aydın anlamağa və doğma dilimizin daha da zənginləşməsinə şərait yaratdır. Daim yaradıcılıq axtarışında olan sənətkar illərini səmərəli keçirir. 1957-ci ildə Əfrasiyab Bədəlbəyli Boris Zeydmanın "Qızıl açar" baletinə libretto yazır.
1959-cu ilin may ayında Moskvada Azərbaycan incəsənəti ongünlüyünün keçirildiyi dekada "Qız qalası" tamaşaya qoyulur. Dekada iştirakçıları, musiqiçilər, qonaqlar, tamaşaçılar "Qız qalası"ndan böyük zövq aldıqlarını xüsusi qeyd etmişdilər. Dekada ilə əlaqədar Əfrasiyab Bədəlbəyli əməyinin daha bir bəhrəsinin qocaman musiqişünas-tarixçi Qubad Qasımovla birgə yazdığı M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı oçerkinin də adını çəkmək lazımdır.
1960-cı ildə bəstəkarın həyatında əlamətdar hadisə baş verdi. Həmin il Əfrasiyab Bədəlbəyli "Azərbaycanın xalq artisti" fəxri adına layiq görülür. 1962-ci ildə opera və balet teatrının Gürcüstan Respublikası qastrol səfərinə hazırlıqla əlaqədar gürcü bəstəkarı Zaxari Paliaşvilinin "Daisi" operasının Azərbaycan dilində oynanılmasını qərara alınmış və opera mətninin tərcüməsini Ə.Bədəlbəyliyə tapşırmışdır.
Gərgin çalışan bəstəkarın "Muğam-68" müsabiqə-festivalının keçirilməsində sərf etdiyi əməyini ayrıca qeyd etmək vacibdir. Respublikamızın bir çox rayonlarından müsabiqədə iştirak edən gənc müğənnilər, incəsənət xadimləri "Muğam-68" festivalının təşkilini yüksək qiymətləndirmiş və tədbirin keçirilməsini ənənə şəklində davam etdirməyi tövsiyə etmişlər. 1965-ci ildə Əfrasiyab Bədəlbəyli Qəmər Almaszadə ilə birlikdə, S.S.Axundovun eyniadlı povesti əsasında bəstəkar Əşrəf Abbasovun "Qaraca qız" baletinə, daha sonra, 1968-ci ildə qardaşı Turqud ilə birlikdə C.Cabbarlının eyniadlı pyesi əsasında R.Mustafayevin bəstələdiyi "Aydın" operasına librettolar yazır.
Əfrasiyab Bədəlbəylinin Azərbaycan Televiziyası və Radiosu ilə xalq musiqisi və muğamlar haqqında silsilə çıxışları da geniş tamaşaçı və dinləyici kütləsinin böyük rəğbətini qazanmışdı. 1969-cu ildə bəstəkar Fransanın paytaxtı Paris şəhərində Azərbaycan musiqisi haqqında mühazirələrlə çıxış edir.
1971-ci ilin oktyabnnda sənətkar Xor Cəmiyyətinin sədri vəzifəsinə seçilir. 1970-ci ildə türk musiqişünası Altan Araslı Türkiyədə çapdan çıxan "Musiqi məcmuəsi" jurnalında bəstəkarın "İzahlı monoqrafik musiqi lüğəti" kitabının ətraflı təhlilini vermişdir. 1977-ci ildə Ankarada "Türk folklor konqresinin məlumatları"nda türk dilində sənətkarın "Azərbaycan xalq musiqisi" adlı məqaləsi çap olunmuşdur. Uzun illər boyu "Elm və həyat" jurnalının, "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiya heyətinin üzvü olan Əfrasiyab Bədəlbəyli mətbuat orqanlarının səhifələrində resenziyalar, tənqidi və problematik məqalələr çap etdirmişdir.
Belə mənalı və zəngin ömür yaşayan sənətkar 1976-cı il yanvar ayının 9-da dünyasını dəyişmişdir. Onun yaradıcılıq yolunun, musiqi görüşlərinin sənət tariximizdə yeri və rolu var. Belə insanlar əbədiyyətə qovuşmuş böyük sənətkarlardır.
ZÜMRÜD
Səs.- 2013.- 23 aprel.- S.21.