“Yeni Azərbaycan” qəzetinin 20 illiyi qeyd olunub

 

 Dünən “Four Seasons Hotel”də “Yeni Azərbaycan” qəzetinin 20 illiyi ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov, Novruz Məmmədov, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov, bir sıra deputatlar, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş nitqi ilə Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov açaraq qonaqlara prezident İlham Əliyevin “Yeni Azərbaycan” qəzetinin 20 illik yubileyi münasibəti ilə təbrikini çatdırıb. Təbrikdə deyilir:  “Yeni Azərbaycan” qəzetinin kollektivinə:

 

Əziz dostlar!

“Sizi “Yeni Azərbaycan” qəzetiin 20 illik yubleyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. “Yeni Azərbaycan” qəzeti 1993-cü ilin aprelində - dövlətimiz üçün taleyüklü bir vaxtda Yeni Azərbaycan Partiyasının rəsmi orqanı kimi fəaliyyətə başlamışdır. Ermənistanın hərbi təcəvüzü, ölkə daxilində dərinləşən iqtisadi, sosial və siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və s. kimi neqativ proseslər həmin dövrdə Azərbaycanın müstəqilliyini ciddi sınaqlarla üz-üzə qoymuşdur. Yalnız xalqımızın təkidli tələbi ilə, yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində Respublikanın suverenliyi və milli dövlətçiliyi xilas edilmiş, ölkə sabit və davamlı inkişaf yoluna çıxmışdır. Belə mürəkkəb şəraitdə “Yeni Azərbaycan” qəzeti həm Prezident Heydər Əliyevin ideyalarını, həm də hakim Yeni Azərbaycan Partiyasının siyasi xəttini ardıcıl şəkildə təbliğ etmiş, cəmiyyətin aktual problemlərini qətiyyətlə ictimai müzakirəyə çıxarmış, vətənpərvər ziyalıların, demokratik düşüncəli insanların dialoq platformasına çevrimişdir. “Yeni Azərbaycan” qəzeti keçən 20 ildə daim öz prinsipial mövqeyinə sadiq qalmış, Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət etmiş, əsl vətənpərvərlik və təəssüfkeşlik nümunəsi göstərmişdir.  Bu gün özünün sosial-iqtisadi tərəqqi dövrünü yaşayan Azərbaycanda müasirləşmə prossesi geniş vüsət almış, ölkəmiz beynəlxalq birliyin fəal üzvü kimi nüfuz qazanmışdır. Qloballaşma dövrünün çağırışları və ölkəmizin müasir inkişaf tələbləri müstəqillik dövlətçilik ideyalarının yorulmaz daşıyıcısı olan “Yeni Azərbaycan” qəzetinin qarşısında da mühüm vəzifələr qoyur. Hakim və ümumxalq Partiyasının rəsmi orqanı kimi, “Yeni Azərbaycan” qəzeti Respublikada demokratik cəmiyyət quruculuğuna, vətəndaş həmrəyliyinin güclənməsinə, siyasi mədəniyyətin inkişafına, milli mənəvi dəyərlərin təbliğinə öz sanballı töhfəsini verir. Əminəm ki, qəzetin kollektivi qarşıda duran vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək və xalqımızın müqəddəs amallarına, ölkəmizin hər tərəfli inkişafına şərəflə xidmət göstərəcək. Bu yolda bütün “yeni azərbaycançılara” uğurlar arzulayıram”. Sonra dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında mətbuat sahəsində səmərəli fəaliyyətlərinə görə “Yeni Azərbaycan” qəzetinin əməkdaşlarına Bayramov Nardar Məmməd oğlu və İsmayılov Nadir Nəbi oğluna “Əməkdar Jurnalist” fəxri adı verilib. Digər sərəncamla isə Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə, “Yeni Azərbaycan” qəzetinin əməkdaşları Cəfərov Zahid İlham oğlu və Hümmətov Aqşin Şahin oğlu “Tərəqqi” medalı ilə təltif edilib. Daha sonra qəzetin fəaliyyəti haqqında videoçarx nümayişi olunub. Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov deyib ki, “Yeni Azərbaycan” qəzetinin meydana gəlməsi, 20 il ərzində fəaliyyət göstərməsi ilk növbədə Azərbaycanda dahi şəxsiyyəti Heydər Əliyev siyasətinin təbliğ olunması və bu siyasətin həyata keçirilməsi sahəsində əldə olunan uğurların Azərbaycan oxucularına çatdırılmasından ibarət olub: “Yeni Azərbaycan” qəzeti YAP-ın orqanı olmasına baxmayaraq bu illər ərzində müstəqil mətbuat orqanı kimi fəaliyyət göstərib. Adı çəkilən qəzet Azərbaycan dövlətinin, xalqının bütövlükdə isə Azərbaycanın milli maraqlarına uyğun əhəmiyyətli problemlərin işıqlandırılmasında öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Düşünürəm ki, “Yeni Azərbaycan” qəzeti Azərbaycanda söz və mətbuat azadlığının inkişaf etdirilməsinə böyük töhfə verib. Bununla da şərəfli bir yol keçilib və qarşıda böyük perspektivlər durur. Bu illər ərzində “Yeni Azərbaycan” qəzeti kifayət qədər möhkəmlənib eyni zamanda jurnalist kadrlarının möhkəmlənməsində özünün töhfəsini verib”. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov isə bildirib ki, “Yeni Azərbaycan” qəzeti YAP-ın orqanı olmasına baxmayaraq, digər nəşrlərdən çox fərqlənib: “Bu qəzet cəmiyyətdə baş verən hadisələri obyektiv və düzgün şəkildə ictimaiyyətə çatdırmağı bacarıb. “Yeni Azərbaycan” qəzeti Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasi xətti özündə rəhbər tutaraq daim cəmiyyətdə böyük nüfuz sahibinə çevrilib”.

Sonra isə MŞ-nın sədri Ə.Amaşov mətbuatın inkişafında göstərdikləri xidmətlərinə görə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunu fəxri diplomla təltif edib. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə göstərilən bu diqqətə və qayğıya görə, ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. Qeyd olunub ki, Azərbaycanda mətbuatın inkişafı üçün dövlət tərəfindən hər cür qayğı göstərilir: “İlk növbədə 1995-ci ildə Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması üçün konstitusion əsaslar yaradılıb və bunun əsasında KİV haqqında qanun qəbul olunub. O dövrdən bu vaxta qədər Azərbayanda müstəqil milli mətbuat inkişaf edir, mətbuatın intellektual gücü artır, ölkənin fəaliyyəti üçün sosial-iqtisadi, siyasi və hüquqi münasibtlərin bərqərar olunması üçün mətbuatın çox ciddi rolu var, mətbuatın problemləri aktuallaşdırılır, ölkə ictimaiyyətinin, ölkəni idarə edənlərin diqqətinə təqdim edir və bu mənada mətbuatın çox böyük funksiyası var. “Yeni Azərbaycan” qəzetinin 20 illik yubileyi tamam olur. “Yeni Azərbaycan” qəzeti 20 ildir ki, Azərbaycanın müstəqillik tarixinin salnaməsini yazır. Bu illər ərzində Azərbaycan inkişaf edib, güclənib, qüdrətli bir ölkəyə çevrilib. Azərbaycanda söz və mətbuat azadlığnın həyata keçirilməsi üçün dövlət tərəfindən bütün tədbirlər görülüb və bu gün mətbuat və söz azadlığının təntənəsidir ki, bir qəzetin yubleyi belə yüksək səviyyədə keçirilir”.  

Tədbirə bədii hissə ilə yekun vurulub. Qeyd edək ki, tədbirdən öncə “Yeni Azərbaycan”, “İki sahil” və “ SƏS” qəzetinin baş redaktorları və kollektivin üzvləri Fəxri Xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib və məzarı önünə gül dəstələri düzüblər. Daha sonra media rəhbərləri akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

 

 

Səs.- 2013.- 23 aprel.- S.9.