Analıq, qadınlıq, təbiblik mücəssəməsi

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva haqqında düşünərkən 

 

Dünya xəlq olunandan yer üzünə saysız-hesabsız insanlar gəlib-gedib. Sirrini sirdaşa verməyən dünya indi də, min illər boyu olduğu kimi, bir yandan boşalıb, bir yandan dolmaqdadır. Gələnlər tanrı payı olan ömrünü yaşayır. Gedənlərdən isə iz qalır. Böyüklərdən böyük, kiçiklərdən isə kiçik iz. Əlbəttə, söhbət bütün anaların öz övladlarını sevə-sevə oxşamalarından, qürur duymalarından deyil, əməllərin, arzuların aliliyindən və bütün bunların fövqündə duran, məhəbbətin böyük-kiçikliyindən gedir.

Elə insanlar var ki, məhəbbəti ilə böyük bir nəsli, eli, obanı isidir və həyatdan köçəndə də el insanlar tərəfindən xatırlanır. Belə anımın ömrü bir qədər uzun olur – bir neçə nəsil boyu.

Lakin elə insanlar da vardır ki, günəş timsallıdırlar. Ömürlərinin məhəbbət işığından həm yaxına, uzağa, doğmaya, yada, həm də bütövlükdə mənsub olduğu xalqa, hamımızın ümumi evi olan planetimizdə bizimlə eyni zaman kəsiyində yaşayan digər xalqlara, eləcə də gələcək nəsillərə işıq və hərarət payı verirlər. Təbii ki, belə insanlar min illər boyu olumdan-ölümə köç edən bəşər övladları arasında dərya-damla nisbətində olur. Bu baxımdan tale həmişə xalqımızın üzünə gülüb. Günəş timsallı insanları tarix boyu xalqımıza bol-bol bəxş etməsi ilə…

Nümunə üçün elə qan yaddaşımıza ötəri bir nəzər salmaq kifayətdir ki yaxın-uzaq tariximizdən bizə boylanan belə insanları görə bilək. Cavanşir, Babək, Qızıl Arslan, Nizami, Möminə xatun, Bəhmənyar, Tusi, Sara xatun, Nəsimi, Füzuli, Şah İsmayıl, Mirzə Fətəli, H.Z.Tağıyev, Ulu öndər Heydər Əliyev və onlarca başqaları. Məgər onların hər biri bir əsrdə Azərbaycanın üzərində doğan qüdrət, zəka, mənəviyyat, xeyirxahlıq, mübarizlik günəşi olmayıblarmı. Mən 20-ci əsrin payına düşən görkəmli Azərbaycan qadınlarından və alimlərindən biri, xalqımızın böyük qızı Zərifə zanım Əliyevanı da bu sırada görürəm. 1923-cü ilin ilıq bir bahar günü dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqı, dövləti yolundakı fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün bir örnək və yaşam etalonudur.

Onu yaxşı tanıyan məşhur rus həkim alimlərindən birinin dediyi və Zərifə xanım Əliyevanın yeganəliyini, təkrarsızlığını çox gözəl və dəqiq ifadə edən bir fikir yadıma düşür. «Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazmış olsaydım, heç şübhəsiz onu «Əvəzolunmaz insan haqqında povest» adlandırardım. Bəli, həmkarı Zərifə xanımı həqiqətən də çox yaxşı tanıyırmış. O bir insan kimi də, ana kimi də vəfalı həyat yoldaşı kimi də, həkim-alim kimi də, ictimai xadim kimi də əvəzolunmaz idi. Elm, bilik, mərifət sahiblərini, qəlbində böyük eşq gəzdirənləri çox yüksək qiymətləndirən ulu Nizami alimin rütbəsini bütün rütbələrdən uca sayırdı. Bu alimi cənnətin fövqundə duran ana olduqda isə bu ucalığın necə əlçatmaz olduğunu təsəvvür etmək çətin deyil.

Zərifə xanımı yaxından tanıyanların, sağlığında onunla birlikdə işləmək, ictimai-mədəni tədbirlərdə birgə iştirak etmək səadətinə nail olanların hamısı bu zərif və nəzakətli, alicənab və ziyalı Azəri xanımını, hər şeydən əvvəl, məhz sadə bir insan, olduqca səmimi, ölçülü-biçili hərəkət və davranış yiyəsi, böyük mədəniyyət sahibi kimi səciyyələndirirlər. Sadəliyi, xeyirxahlığı sevdirirdi onu hər kəsə. Kimsənin dərdinə, kədərinə biganə qalmazdı. Dara düşənə dayaq durardı, yıxılana söykək. Hamı onu belə tanıyırdı. Belə sevirdi. Və onu bir nəfər də sevirdi. Amma fərqli məhəbbətlə.

Öz sevgisi uğrunda çox çətin sınaqlardan çıxdığını da sübut etmiş, bununla da sevgisi yolunda mübarizə, dözüm, qətiyyət nümunəsi göstərmişdi. Bu, az sonra dünyanın siyasət aləmində imzası ilə seçilən böyük azərbaycanlının məhəbbəti idi. Bu, xalqının milli liderinə çevriləcək Heydər Əliyevin sevgisi idi. Bu müqəddəs duyğu onları yumruq kimi birləşdirəcəkdi. Bu sevda iki ürəkdə bir olacaqdı. Və bu məhəbbət ölüncəyə qədərdi. Zərifə xanım son nəfəsinədək onu başının tacı kimi qoruyacaqdı. O isə Zərifəsindən sonra nə az, nə çox, düz 18 il ömrünün ən böyük məhəbbətinin nisgilini yaşayacaqdı.

Hər birimiz şahidik. Heydər Əliyev kimi möhkəm iradəli bir insan, qüdrətli bir şəxsiyyət yalnız onun, sonsuz məhəbbətlə sevdiyi bir qadının xatirələri qarşısında kövrəlirdi.

Bəli, onların arasında olan bu saf və sarsılmaz məhəbbət ilahi bir sevgi idi və onlar bu məhəbbətləri ilə də nəsillərə böyük bir örnək qoymuşlar.

Zərifə xanım Əliyevanın parlaq səhifələrlə dolu zəngin ömür kitabında məni özünə ən çox cəzb edən, ilk növbədə, onun analıq fenomenidir. Mən analığı təbiətin ən böyük möcüzəsi sayıram. Çünki Allahdan sonra yeganə yaradıcı varlıq məhz anadır. Balaca zərif bir ananın necə böyük qüdrət daşıması məgər möcüzə deyilmi? Dünyaya böyük insanlar bəxş etməyə xalqların taleyində misilsiz iz qoymağa məgər analardan başqa kimsə qadirdirmi? Analar həm də böyük tale, böyük xoşbəxtlik bəxş edə bilmək qüdrətinə malikdirlər. Zərifə xanım Əliyeva da bu baxımdan nadir, unikal bir qadın idi.

Filosoflar və pedaqoqlar əsrlər boyu insanların həyat qayəsini açmağa çalışıblar və son nəticədə bu qənaətə gəliblər ki, buna təsirgöstərən başlıca tərbiyəvi faktor şəxsiyyətin formalaşdığı ailə mühitdir. Bu baxımdan tale Zərifə xanımın üzünə gülmüşdü. O, nəcib bir ailədə, görkəmli ictimai-siyasi və dövlət xadimi, tanınmış təbib, vətənini alovlu məhəbbətlə sevən və bütün ömrü boyu inandığı və xidmət etdiyi ideologiyanın əsgəri olan Əziz Əliyevin ailəsində dünyaya gəlmişdi.

Mən övladların çox şeyi valideynlərindən, xüsusən də analarından irsən miras almasına inanıram. Və buna görə də qəti əminəm ki, Zərifə xanım Əliyevanın hər bir insanın həsəd aparmalı olduğu dərəcədə yüksək xarakterinin formalaşmasının kökündə Zərifənin valideynlərinin, Əliyevlər ailəsinin sadə dolanışığı, xeyirxah, nəcib, diqqətli, qonaqpərvər ruhu, burada qərarlaşan mənəvi ovqatın təmizliyi durur. Ona da qəti surətdə əminəm ki, insanın qəlbini, ruhunu, xeyirxahlığa və gözəlliyə canatmanı yaradan, formalaşdıran ev tərbiyəsini dünyanın heç bir universiteti əvəz edə bilməz. Əliyevlər ailəsindəki uşaqların hamısı məhz belə mühitdə tərbiyə almışdılar.

Zərifə xanımın anası Leyla xanım xoşbəxt taleli bir qadın idi. Bu xoşbəxtlikdən isə dörd övladının dördünə də pay duşmuşdu. Onların hamısı həyatda istedadlı və xoşbəxt taleli insanlar oldu. Qızı Gülarə gözəl ifaçı və bəstəkar kimi şöhrətləndi. İki oğlu – Tamerlan və Cəmil isə görkəmli tibb alimləri kimi ad-san qazandılar. Lakin ailənin ilki olan Zərifə xanıma isə daha nurlu və uğurlu tale payı düşdü. Görünür, həm də buna görə valideynlərinin məhəbbət payınına da çoxu ona çatmışdı. Deyirlər, uşaqlıqdan qismət olan ana məhəbbəti insanı xoşbəxt edir. Zərifə xanımı da anası Leyla xanım və atası Əziz çox istəyirdilər.

Xalqımızın tarixində özünəməxsus izi olan Əliyevlər ailəsi sovet dövrünün tipik ziyalı ailələrindən idi. Ailənin dünyaya pəncərəsi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun məşhur Şahtaxtlı kəndində açılmışdı. Əziz Əliyevin ailəsi buraya 1918-ci ildə ermənilərin növbəti fitnəkarlıqları baş qaldıranda, azərbaycanlılara qarşı deportasiya siyasətinin ikinci mərhələsi başlayanda, soyqırım tüğyan edəndə köçmüşdü.

Əziz Əliyev o vaxt böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə Peterburq Hərbi Tibb Akademiyasında təhsil alırdı. Ermənilərin məkrli planlarını yenidən ortaya atdıqlarını və azərbaycanlıları öz dədə-baba torpaqlarından didərgin salmağa hazırlaşdıqlarını biləndə təhsilini yarımçıq qoyaraq evinə qayıtmış və ailəsini Naxçıvana, Şərurun Şahtaxtlı kəndinə köçürmüşdü. Təhsilini başa vurduqdan sonra Şahtaxtlıya dönən Əziz Əliyev həkimlik fəaliyyətinə də burada başlamışdı. Onlara böyük sevinc bəxş edən elə övladları da burada dünyaya gəlmişdi.

Doğma yerlərdən didərgin düşmüş ailə 1923-cü ildə Bakıya köçməyi qərara alır. Həmin ilin yayında Bakıya gələn Əziz Əliyev tanışların köməyi ilə rus dilini yaxşı bilən gənc kimi dövlət işinə qəbul olunur və beləliklə vəzifə pillələrində yüksəliş başlanır. Əlbəttə, onun karyera yüksəlişinin təməlində aldığı mükəmməl gimnaziya təhsili, Peterburq Hərbi Tibb Akademiyasında əldə etdiyi yüksək nəzəri və praktik hazırlığı çoxlarında qibtə doğuran işgüzarlığı, xalqının, dövlətinin yolunda hər cür fədakarlığa daim hazır olmaq istəyi dururdu. Gimnaziyanı qızıl medalla bitirmiş böyük bir imperiyanın ikinci ən böyük şəhərində ali təhsil almış Əziz Əliyev o vaxt barmaqla sayılacaq yüksək ixtisaslı peşəkar mütəxəssislərdən idi. O həm də ideallarına inandığı və hədsiz sədaqət göstərdiyi partiyanın yorulmaz əsgəri idi. Partiya onu hara göndərirdisə gedir və çox tezliklə də göstərilən etimadı doğruldurdu. 20-30-cu illərdə o maarif, səhiyyə sahəsində çalışmaqla bu sahələrin dirçəlməsinə və inkişafına öz töhfəsini vermiş, bununla da Vətənə olan övladlıq borcunu qaytarmışdı. Yüksək işgüzarlığı və rəhbərlik bacarığı sayəsində o, bir sıra rəhbər vəzifələrə irəli çəkilərək Azərbaycan Tibb Universitetinin ilk rektorlarından biri, sonra isə xalq səhiyyə komissarı oldu.

O dövrdə ölkə sanki hərbi rejimlə işləyirdi. Rəhbər işçilərin və yüksək ranqlı partiya funksionerlərinin həyatı, iş rejimi peşəkar zabitlərinkindən fərqlənmirdi. Hamıdan güclü intizam tələb olunurdu. Belə şəraitdə səhərdən gecə keçmişədək iş başında olmaq, bütün enerjini işə vermək lazım gəlirdi. Həyat yoldaşı və övladları Əziz Əliyevin üzünü ancaq gecələr görə bilirdilər. Ona görə də evdə uşaqların tərbiyəsi ilə əslən bəy nəslindən olan Leyla xanım məşğul olurdu. Leyla xanım ləyaqət mücəssəməsi idi. Həyat tərzinə görə çox sadə davranmağı sevən bu qadın övladlarına da həyatda təvazökar olmaq mədəniyyəti aşılamışdı.

Elm, təhsil, mədəniyyətlə nəfəs alan Əliyevlər ailəsində yüksək intellektual mühit mövcud idi. Balaca Zərifə və onun bacı-qardaşları belə bir ziyalı mühitində böyüyüb tərbiyə alırdılar. Ətraflarında müşahidə etdikləri təhsilə, elmə, müasirliyə maraq onlara da sirayət edir və həyat yollarını seçməkdə müəyyənedici rol oynayırdı. Güclü təsirə malik ailə ənənəsi vardı – ata tanınmış həkim idi. Üstəlik o dövrdə həkimlik və müəllimlik peşələri cəmiyyətdə ən prestijli peşələr hesab olunurdu. Müəllimin və həkimin nüfuzu xalq arasında yüksək idi. Onların hər ikisi cəmiyyətin ən savadlı, hörmətli şəxsləri sayılırdılar. Oxuyana, təhsil alana hamı hörmət edirdi. Cəmiyyətdə layiqli yer tutmaq üçün təhsil zəruri vasitə sayılırdı.

Ata Əziz Əliyev səhiyyə sistemində çalışdığından ölkə səhiyyəsinin problemlərini ailədə də hamı bilirdi. Problemlər isə çox idi. Ölkədə həkimlər çatışmırdı. Kütləvi epidemiyalar baş alıb gedirdi, uşaq ölümünün faizi yüksək olaraq qalırdı. Bu kimi problem və çətinliklərin dəf olunması üçün böyük işlər görülür, yeni Avropa tipli səhiyyə formalaşaraq kütləvi epidemiyalara qarşı mübarizə aparılırdı, yeni dərman preparatları tətbiq olunur, klinik müalicənin əsası qoyulurdu. Əziz Əliyev sonralar bir sıra partiya vəzifələrində işləsə də onun ailəsində tibb elminin, təbibliyin nüfuzu yüksək olaraq qalırdı.

Bütün bunlar balaca Zərifənin qəlbində hələ kiçik yaşlarından həkim olmaq, xalqın sağlamlığı keşiyində durmaq arzusu doğurmuşdu. 30-cu illərdə orta məktəbdə oxuyanda, xüsusən son siniflərdə onun həyatı gələcək fəaliyyəti haqqında təsəvvürləri artıq dəqiqləşmişdi. O, özünü xalqın sağlamlıq durumunun mühafizəçisi kimi görürdü. Həyat amalı da bu idi: «Elə yaşamalı, elə mübarizə aparmalıyıq ki, qəlbimizdəki xeyir həmişə qonşuluqda yaşayan şərə qalib gəlsin». Bu sözlər isə hələ uşaqlıqdan onun necə böyük bir ürək sahibi olduğunu aydın göstərir: «Elə hey düşünürəm, necə edim ki, insanlara sevinc bəxş edim».

Əliyevlər ailəsində musiqiyə böyük maraq və həvəs vardı. Bu maraq Zərifə xanımda da uşaqlıqdan özünü büruzə vermişdi. Həm də bu təkcə maraq deyildi, onda qeyri-adi improvizasiya istedadı var idi. Orta məktəblə yanaşı musiqi dərslərinə də gedirdi. Pianoda və akkoordeonda gözəl çalırdı. Kiçik bacısı Gülarə ilə birlikdə evdə konsertlər verirdi. Həm də yaxşı rəqs edirdi.

Gələcək həyatını tibb elminə həsr etməyi qəti müəyyənləşdirmiş gənc Zərifə 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil oldu. Onun ali məktəbdə oxuduğu illər Əliyevlər ailəsi üçün çətin dövr idi. Müharibənin ən ağır illərində – 1941-1942-ci illərdə Əziz Əliyev Azərbaycan KP MK-nın katibi, sonra isə 6 il Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmişdi. Böyük təşkilatçılıq bacarığını, partiya, dövlət işinə sədaqətini, ən çətin situasiyalarda belə ən optimal qərarlar qəbul etmək qabiliyyətini nəzərə alıb onu ən çətin sahələrə göndərirdilər. Hətta bir müddət İranda da səlahiyyətli partiya işçisi kimi çalışmışdı. Bütün bunlar, təbii ki, ailəyə də təsirsiz ötüşmürdü. Evdə daim bir nigarançılıq və gərginlik hiss olunurdu. Zərifə də anası ilə birgə atası üçün həyəcan keçirirdi. Belə gərgin vaxtlarda anası Leyla xanımın səbri, iradəsi, dözümü, özünün başını bir şeylə qatması, gələcəklə yaşamaq nikbinliyi ona dayaq dururdu.

1947-ci ildə Zərifə Əliyeva Tibb İnstitutunu əla qiymətlərlə bitirdi. Lakin bu hələ oxumağın, təhsilin sonu deyildi. Gənc Zərifə təbabətin ən incə, eyni zamanda, ən vacib bir sahəsini - oftalmologiyanı özünə ixtisas seçmişdi. Göz həkimi olmaq, adamlara dünyanın ən böyük, ən əvəzsiz nemətini - dünya işığını qaytarmaq arzusu onun qəlbində hələ özünü təbabətə həsr etmək qərarını verdiyi gündən çox-çox əvvəl baş qaldırmışdı. Bir gün Zərifə xanım rəfiqəsi ilə küçədə gedərkən gözləri görməyən, lakin olduqca gözəl bir qadının necə çətinliklə hərəkət etdiyini görmüşdü və bu mənzərə qızın həssas qəlbini göynətmişdi.

İnstitutda oxuduğu illərdə müəllimi, tanınmış göz həkimi Umnisə xanım Musabəyovanın ona göz xəstəlikləri üzrə ixtisaslaşmanı məsləhət görəndə bu, onun ürəyindən oldu. Yaddaşında bir-neçə il əvvəl gördüyü həmin mənzərə yenidən canlandı. Sonralar həyat bu seçimin müdrikcəsinə bir seçim olduğunu sübut etdi. Zərifə xanım bu sahənin ən gözəl, ən kamil, bütün dünyada tanınan mütəxəssislərindən oldu.

Seçdiyi ixtisasa daha da dərindən yiyələnmək üçün Zərifə Əliyeva 1947-ci ildə Moskvadakı Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun ordinaturasında oxumağa getdi və iki il ixtisası üzrə nəzəri və praktik hazırlığını artırdı. O zaman bu institut SSRİ-də ən nüfuzlu elmi və klinik mərkəz idi. Burada ölkənin ən tanınmış oftalmoloq alimləri çalışırdılar. İnstitutdakı elmi mühit çox yüksək olub özünəməxsusluğu, inkişafetdiriciliyi, səmimiliyi ilə fərqlənirdi. Elmi diskussiya və seminarlarda dünyadakı və ölkədəki ən son elmi yeniliklər müzakirə olunur, müzakirələrdə hərə öz fikrini, nöqteyi-nəzərini ortaya qoyurdu. Hər bir alimin öz fikri, öz yolu var idi. Heç bir elmi avtoritet bütləşdirilmirdi. Hamı tənqid üçün açıq idi. Bu institutda Zərifə xanım elmi və təcrübi biliklər qazanmaqla, həkimlik sənətinin incəliklərinə yiyələnməklə bir həqiqəti də dərk etdi. Elmdə öz yolunu tapmalı, öz axtarış cığırına düşməlidir. Yaxşı həkim və alim olmağın yolu məhz bundan keçir.

Moskva mühiti həm də Zərifənin mənəvi cəhətdən inkişafına güclü təsir göstərdi. Daim ailəsi ilə birlikdə anasına sığınıb yaşamış gənc qız burada müstəqil yaşamaq vərdişləri qazandı. Böyük bir ölkənin paytaxtı olmasına baxmayaraq Moskvada da müharibənin ağır izləri qalmaqda idi. Hər yerdə qıtlıq və yoxsulluq hiss olunurdu. Lakin müharibə səngərlərindən universitetlərə gəlmiş gənc nəsli bütün bunlar qorxutmurdu. Onlar ölkənin gələcəyinə, çətinliklərin aradan qalxacağına, insanların müharibəsiz dünyada, sülh və əmin-amanlıq şəraitində yaşayacağına inanırdılar. Bu inam Zərifədə də güclü idi. O sonralar belə bir dünyanın qurulmasına Sovet Sülhü Müdafiə Komitəsi İdarə Heyətinin üzvü olaraq öz əməli töhfəsini də vermişdi.

İki illik ordinatura başa çatdıqdan sonra Zərifə Əliyeva Bakıya qayıdaraq buradakı Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışmağa, elmi fəaliyyətini davam etdirməyə başladı və elə həmin il institutun aspiranturasına daxil oldu. Moskvada, mərkəzi institutda qazandığı nəzəri biliklər və təcrübə gənc araşdırıcının səmərəli işləməsinə imkan verirdi.

Zərifə xanımı elmə həyat özü gətirmişdi. O dövrdə, Zərifə xanım təzə-təzə elmi fəaliyyətə başlayanda Azərbaycanda gözü zədələyən və ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma adlı infeksion xəstəlik geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticəsi ilə səmərəli mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyrdı. Göz xəstəlikləri institutuna traxoma epidemiyası əleyhinə preparat və antibiotiklər hazırlamaq tapşırılmışdı. Gənc alim institutun bu yöndəki tədqiqatlarında yaxından iştirak edirdi.

Zərifə xanım institutundakı fəaliyyəti ilə kifayətlənmir, cavan həkim oftalmoloq həmkarları ilə birlikdə tez-tez xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, ağır xəstələri müalicə edir, yerli həkimlər qarşısında elmi mühazirələr oxuyur, əhali arasında maarifləndirici söhbətlər, izahat işləri aparırdı. Məhz bu ekspedisiyaların səmərəli işi və onun üzvləri olan oftalmoloq alim-həkimlərin fədakarlığı sayəsində traxoma epidemiyası qısa bir zaman ərzində lokallaşdırıldı.

Bəzən bu təşəbbüslərə, gənc həkimin fədakarlığına ağız büzənlər də olurdu. Lakin xalqına xidmətdən dərin mənəvi zövq alan Zərifə xanım belələrinə qətiyyən məhəl qoymur, xəstələrə şəfa verməyi özünün vətəndaşlıq və həkimlik borcu sayırdı.

Tale Zərifə xanıma qeyri-adi gözəllik və cazibədarlıq bəxş etmişdi. Onun xarici görkəmi, gur saçları, sifətinin mütənasib cizgiləri, açıq alnı, insanın qəlbini riqqətə gətirən qara gözləri hər kəsi heyran edirdi. O hələ qız vaxtında şəhərin say-seçmə gözlərindən biri sayırdı. Lakin illər bir-bir ötsə də o heç kəsə könül verməyib, öz qismətini gözləyirdi. Elmdə realist olduğu qədər həyatda, xüsusən də sevib-sevilmək məsələsində romantik olan gənc Zərifənin məhəbbət haqqında öz qənaətləri var idi.

Onun qisməti, gözlədiyi romantik qəhrəman 1951-ci ildə gəldi. Bu gələcəyin böyük siyasətçisi, Zərifə Əliyevanın ona verdiyi sevgini ömrünün sonuna qədər ən dəyərli əmanət kimi qoruyub saxlayan Heydər Əliyev idi. O vaxt Dövlət Təhlükəsizliyi orqanlarında işləyən gənc Heydərin ara-bir Əziz Əliyevgilə yolu düşürdü. Çünki Əziz Əliyevin şəhərin mərkəzində yerləşən mənzili o vaxt ziyalıların, tanınmış elm, sənət adamlarının bir növ görüş yeri idi. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Səməd Vurğun, Qara Qarayev, Bülbül, Niyazi, Mirəsədulla Mirqasımov və başqaları buraya tez-tez gəlirdilər. Heydər Əliyevin qardaşı, tanınmış alim Həsən Əliyevin də Zərifənin atası ilə ailəvi yaxınlığı vardı. Evin böyük qızı onlara gəldiyi ilk gündən Heydərin diqqətini cəlb etmişdi. Zərifə də bunu duymuş və qəlbində bu alagözlü, ucaboylu, təndürüst gəncə, rus və Azərbaycan dillərində səlist danışan gənc oğlana qarşı məhrəm duyğular baş qaldırmışdı. Bu iki böyük şəxsiyyətin arasında sonralar yaranmış və öz möhkəmliyi, aliliyi ilə örnəyə çevrilmiş məhəbbətin ilk cücərtiləri idi. Tezliklə gənc zabit qızın qəlbinə hakim oldu və onlar görüşməyə başladılar. Elə ilk görüşlərindən, söhbətlərindən həssas qəlbli Zərifə hiss etdi ki, axtardığı bəxt ulduzu elə bu cavan oğlandır. Tale onu Zərifəyə bütün ideallarını gerçəkləşdirmək üçün öz lütfi kimi göndərmişdi.

Lakin aralarında baş qaldıran məhəbbət elə ilk günlərdən ciddi sınaqdan keçməli oldu. Təhlükəsizlik xidməti zabitinin şəxsi həyatı işlədiyi qurumun nəzarəti altında idi. Ona görə də onun respublikada yaxşı tanınan Əziz Əliyevin qızı ilə münasibətləri artıq rəhbərliyə məlum idi. Bu o vaxt idi ki, artıq Əziz Əliyevin başı üstündə qara buludlar dolaşmağa başlamışdı. 1952-ci ildə o zaman Dövlət Təhlükəsizliyi naziri olan Yemelyanov onu iki dəfə kabinetinə çağırıb ölkə rəhbərliyinin gözündən düşmüş Əziz Əliyevin qızı ilə görüşməyin gənc zabit üçün pis nəticələr verə biləcəyini xatırlatmışdı.

Gənc Heydər çıxılmaz vəziyyətdə qalmışdı. Çox sevdiyi işini də itirmək istəmirdi, Zərifədən də əl çəkməyi ağlına gətirmirdi. Belə qeyri-müəyyən vəziyyət altı ay davam etdi.

Bu müddətdə vəzifəsində işləməkdə davam edən Heydər Zərifə ilə də əlaqəsini kəsmirdi. Lakin qaranlıqları aydınlığa çıxaran qüvvə tezliklə onların da üzünə güldü. «Ellər atası» Stalin öldü. Bununla da Mir Cəfərin hakimiyyətinin dayaqları sarsıldı. Bir müddət keçdikdən sonra təqib olunanlar, haqsız incidilənlər nicat tapdılar. Əziz Əliyev də layiq olduğu vəzifəyə qaytarıldı. 1954-cü ildə Heydər Əliyevlə Zərifə Əliyeva ailə qurdular.

Qarşılıqlı məhəbbət üzərində qurulan ailə xoşbəxt idi. Gənc zabit həyat yoldaşının simasında özünə həqiqi bir dayaq tapdı. Məhz o dayağa söykənərək o bütün vaxtını çox sevdiyi dövlət işinə ayırır, evlə, ailə ilə məşğul olmağa imkanı qalmırdı.

O vaxt Zərifənin ailə üçün göstərdiyi fədakarlıqları Ulu Öndər sonralar, Zərifənin artıq həyatda olmadığı vaxlar onun məzarı önündə durub əziz xatirəsini yad edərkən çox yüksək qiymətləndirirdi. Blə məqamların birində demişdi: «Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm. Bu yolda mənim həmişə səmərəli çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub.

Zərifə xanım kimi həyat yoldaşımın olduğuna və o ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib. O çox istedadlı, çox xeyirxah, çox sadə insan idi».

Bəli, bu böyük insanın, sadiq ömür-gün yoldaşının həyatını xoşbəxt etmiş insan haqqında etiraflarıdır. Bu həm də fədakarlığa, ananın, qadının ailədəki əvəzsiz roluna verilən yüksək qiymət və bu məhəbbətin böyüklüyünün sübutudur.

1955-ci ildə onların ilk övladları Sevil dünyaya gələndə gənc ailənin sevincinin həddi-hüdudu yox idi.

Dünyanın ən gözəl simfoniyası hesab olunan körpə qığıltısı onların da isti yuvasına yeni arzular, ümidlər, qayğılar gətirdi.

1961-ci il dekabrın 24-də isə ikinci övladları dünyaya gəldi. O da özü ilə gənc ailəyə bir dünya bəxş etdi. Böyüyəndə bütün ölkəni daha aydın və işıqlı sabaha ilhamlandıracağını sanki duyubmuşlar kimi uşağın adını İlham qoydular. İlham gənc ailəyə yeni qol-qanad, ilham verdi.

O, qeyri-adi ana idi. Onun övladlarına münasibəti də xüsusi olub başqalarından seçilirdi. Belə münasibətin bənzərini tapmaq çətindir. O uşaqları sanki ulu Tanrı tərəfindən bəxş olunmuş bir nur payı kimi qəbul edirdi. Analıq borcunu yerinə yetirməkdə özünə rəhm etmirdi. Elmi və ictimai işlər onun həddən artıq vaxtını aparsa da İlhamın böyüməsi, təhsili ilə bağlı hər şeyə özü diqqət yetirir, hər xırda məsələdə, hadisədə şəxsən özü iştirak edirdi.

Bu baxımdan onu öz ailəsinin xeyirxah dahisi adlandırmaq olardı. Çünki, məhz onun sayəsində ailə rahatlıq tapır, məhz onun ana müdrikliyi, ana ürəyi övladlarını xəstəliklərdən, bədnəzərdən qoruyur, onun şəfqətli əlləri ağrını və yorğunluğu götürürdü.

İlhamın 7 yaşı olanda Heydər Əliyev respublikanın rəhbəri seçildi.

Təbii ki, bütün xalqımız üçün sevinc, gələcək uğurlu inkişaf mənbəyi olan bu hadisə Zərifə xanım üçün də, ailə üçün də bir fərəh və təntənə anı oldu. Lakin ziyalı ana onu da bilirdi və nəzərə alırdı ki, rəhbərin ailəsində böyüyən uşaqların tərbiyələndirilməsi təhsil alması çox çətin məsələdir. Elə etmək lazımdır ki, onlara heç bir güzəşt olunmasın, ən müasir mükəmməl təhsil ala bilsinlər. Sonralar həyat sübut etdi ki, Zərifə xanım vaxtında bu çətin və mürəkkəb işin, vəzifənin öhdəsindən necə bacarıqla gəlib. Zaman onu da göstərdi ki, bu müdrik ana övladlarına zəhməti, təhsili sevməyi çox mükəmməl öyrətmiş, onlarda ail dəyərlərinin əsasını təşkil edən sadəlik, səmimiyyət, təvəzükarliq, xeyirxahlıq tərbiyə edə bilmişdir. Bu əlbəttə, böyük səbr, zəhmət, qətiyyət, məhəbbət tələb etmişdi. Bunlar isə onda bol idi.

Ölkənin birinci xanımı olmaq ona əlavə məsuliyyət gətirsə də, problemlərini artırsa da, xarakterində, xasiyyətində dəyişiklik edə bilmədi. O elə əvvəlki sadə, xeyirxah, üzügülər Zərifə xanım olaraq qaldı. O, ailədə də əvvəlki həyat prinsiplərini dəyişməz olaraq saxladı, ailənin sabitliyini qorumaq, narahat etməmək. O buna ustalıqla nail olurdu. İşlədiyi kollektivdə də iş yoldaşları ərinin statusunun dəyişilməsi ilə onun davranış və rəftarında heç bir dəyişiklik hiss etmirdilər. O əvvəlki kimi qayğıkeş, mehriban idi. Zərifə xanım hər bir insana həyatının çətin anında dayaq olmaq, ona kömək etmək amalı ilə yaşayan bir insan idi. Bir çox məişət problemlərini həll etməkdə iş yoldaşlarına kömək göstərirdi. O, güclü şəxsiyyət idi. Mənliyində qalmaq şərti ilə bir kimsənin xətrinə dəyməzdi. Hamı bilirdi ki, Zərifə xanım ona üz tutanların hamısına imkanı daxilində kömək etməyə hazırdır. O, insanlara dayaq olmaqdan böyük zövq alırdı.

Zərifə xanım Əliyeva ailənin qayğılarını çəkməklə yanaşı, elmdə də sürətlə irəliləməkdə idi. Göz Xəstəlikləri İnstitutunda çalışır, bir neçə istiqamətlərdə tədqiqat işləri aparırdı. Onun elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası müəyyənləşdirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki bu sahə olduqca ağır idi. Onun araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi biliklər tələb edirdi. Bu keyfiyyətlər isə Zərifə Əliyevada var idi. Peşə oftalmologiyasının pioneri sayılan Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmışdı.

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə Əliyeva təbabətdə öz dəsti xətti olan novator alim idi. Bu istedadlı alimin gözün oftomoloji, histomikroskopik və histokimyəvi tədqiqi, klinik diaqnostika və s. istiqamətlərdə də dərin elmi araşdırmalar aparırdı. Bütün bu axtarışlarının nəticəsi olaraq o 1976-cı ildə vaxtilə ordinator olduğu Helmholts adına Mərkəzi Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda müvəffəqiyyətlə doktorluq disertasiyasını müdafiə etdi. Oftalmologiyada hadisəyə çevrilən bu müdafiədən bir müddət sonra o, kafedra müdiri seçildi.

Ümumiyyətlə ailədə və cəmiyyətdə apardığı işlərin çoxluğuna baxmayaraq təbabət elmində məhsuldar alim kimi tanınan Zərifə xanım göz xəstəliklərinə dair 140 elmi məqalə, bir neçə monoqrafiya və kitab yazıb, çap etdirdi. Çoxillik elmi axtarışlardan belə qənaətə gəlmişdi ki, insanların xəstə gözlərinin müalicəsi çətin və ağrılı prosesdir. Ona görə də o göz xəstəlikləri sahəsində profilaktika metodlarına daha çox əhəmiyyət verməyə başladı. Bu, dövri üçün olduqca uzaqgörən və müasir bir məsələ idi. Zərifə xanım bu zəmində sonralar ona böyük şöhrət gətirmiş göz xəstəliklərinin profilaktikası üçün öz metodikasını hazırladı.

O artıq elmin zirvəsində idi. 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi bunun təsdiqi oldu. O həm də keçmiş SSRİ-də ilk qadın həkim olaraq Tibb Elmləri Akademiyasının akademik Aberbax mükafatına layiq görüldü. Bunlar həm də onun apardığı çoxillik elmi-tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına verilən yüksk qiymət idi. Onun alim şöhrəti artıq dünyanı dolaşmaqda idi.

Zərifə xanımın bir yüksək keyfiyyəti də vardı; ürəkdən və ilhamla çalışardı. Ətrafındakılar ondakı tükənməz həyat enerjisinə heyran idilər.

1982-ci ildə Heydər Əliyev Siyasi Büroya üzv seçilib Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduqdan sonra ailə Moskvaya köçdü. Bura Zərifə xanımın gəncliyinin şəhəri idi. Moskva elitası ilə təmasda olmaq, ailəsini sevən hörmətli adamlarla ünsiyyətə girmək onun üçün xoş və fərəh mənbəyi idi. İşdə, ailədə hər şey yaxşı gedirdir. Lakin birdən hər şey dəyişdi. İnsanlara şəfa verən bu ülvi insanın, qadir həkimin özündə sağalmaz xəstəlik tapıldı. Və bu amansız xəstəlik müqtədir həkimi, hamının sevdiyi böyük bir insanı, alimi əbədiyyətə apardı.

Gözünün nuru olan əziz İlhamının uzun illər təhsilinə, tərbiyəsinə, insan və şəxsiyyət kimi yetşməsinə bir fədakar ana kimi özünü həsr edən Zərifə xanıma onun yüksəliş yollarını görmədi, ölkə prezidenti kimi əziz oğlunun andiçmə mərasimində iştirak etmədi. Respublikanı məharətlə idarə etməsini, Azərbaycanı necə yüksəklərə qaldırmasını, beynəlxalq aləmdə yüksək nüfuz qazanmasını görmək ona qismət olmadı. Zərifə xanımın arzularının fərəhini bu gün bütün Azərbaycan yaşayır. Bu fərəh və qürur üçün biz Zərifə xanıma, onun övladlarına verdiyi yüksək tərbiyəyə görə cox minnətdarıq.

Ana məhəbbəti heç vaxt azalmır. O daim güclüdür. Öz gücü ilə də xariqələr yaradır. Bu gün Zərifə Əliyevanın övladları ilə, xüsusən də əziz oglu, Prezident İlham Əliyevlə bütün ölkə fəxr edir. Bu fəxarət hisslərində həm də onu dünyaya gətirib boya-başa çatdırmış, soy-kökə layiqli övlad olaraq tərbiyə etmiş, Zərifə Anaya dərin bir minnətdarlıq duyğuları var.

Bu günlər bu böyük insanın 90 illik yubileyini əziz xatirəsinə sonsuz hörmətlə qeyd edirik. Onunla bağlı hadisələr yaddaşların dərin qatlarından üzə çıxdıqca bu bənzərsiz insanın işıqlı obrazı sönməz günəş kimi gözlərimiz önündə bərq vurur və mənəviyyat tariximizin örnəyinə çevrilir.

 

 

Nurlana ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri,

filologiya elmləri doktoru, professor

 

yap.org.az

 

Səs.- 2013.- 23 aprel.- S.12-13.