ABŞERON - 50: MÖCÜZƏ VƏ
İNKİŞAFLAR DİYARI
Ulu Öndər
Heydər Əliyev: "Abşeronlular öz əməlləri
ilə, əzmkarlıqları ilə sübut etdilər ki, əlahiddə
ərazidə yerləşən bu rayon müstəqil
yaşamağa qadirdir"
Cənab
Prezident İlham Əliyev: "...Bir halda ki, abşeronlular belə
yaxşı çalışırlar, deməli, gələcəkdə
daha böyük işlər görəcəklər"
Azərbaycan - bu müqəddəs sözün təməlində tükənməz məfkurələr, reallığa, gerçəkliyə çevrilən əfsanələr və davamlı inkişaf, tərəqqi amilləri dayanıb. Torpağının altlı-üstlü sərvətləri, nemətləri və digər əhəmiyyətli cəhətləri ilə bol olan Azərbaycanın özünəməxsusluğu həm də ondan ibarətdir ki, onun qəlbində yer tapmış möcüzəli diyarları, bütün dünyanı heyrətləndirə biləcək çoxlu sayda təzahürləri ilə birgə dayanmışdır. Onlardan biri də qeyri-adi varlığı, tarixi, unikal insanları, bənzərsiz təbiəti və sirləri ilə zəngin olan Abşeron rayonudur. Artıq bu bənzərsiz diyarın - Abşeronun əlli yaşı tamam olur və geridə qalan keşməkeşli illər arxasında bir nəhənglik, bir məğrurluq, bir tərəqqi simvolu dayanıbdır desək, heç də yanılmarıq. Çünki bütün bunları qoca tarixin özü deyir...
Xəzər dənizinin qərb sahilində yerləşən Abşeron torpağının tarixi qədim mənbələrə qədər gedib çıxmışdır. Məhz tarixi mənbələrə müraciət edərkən, qeyd-şətsiz belə bir nəticəyə gəlmək mümkündür ki, Abşeron torpağı dünyanın bütün dövrlərində ulu Xəzər dənizi qədər məşhurdur. Çünki Abşeron qeyd edildiyi kimi, əsrlər, qərinələr boyu möcüzələr diyarı kimi tanınmışdır. Belə ki, dünyanın müxtəlif ölkələrindən bir çox fərqli etiqadlara sahib olan insanlar zaman-zaman buraya axışmış, bu torpaqda həyat təşəkküllərini tapmışlar. Tarixi mülahizələrə görə, sivilizasiyamızın ən qədim dinlərindən hesab olunan zərdüştlüyün əsası da məhz Abşeronda qoyulmuşdur. Lakin zamanın tələbləri və axarı nisbində cərəyan edən hadisələr burada dini inancların kəsişmə nöqtəsini qoymuşdur. Abşeronda ta qədim zamanlardan başlayaraq atəşpərəstlik, yəhudu, xristian və müsəlman dinləri bir-birini ardıcıllıqla əvəz etmiş, Xəzər dənizi sahilində yaşayan insanlar, müxtəlif tayfalar bir-biriləri ilə dinc yaşamış və həmin əlamətlər müasir dövrlərimizə qədər gəlib çıxmışdır. Çünki abşeronluların mental yaddaşında, adət-ənənələrində bu kimi sitayiş və inancların yaşadılması onların istər məişət həyatında, istərsə də folklorunda görünməkdədir. Məsələn, qədim ərəb məxəzlərində bildirilir ki, Xəzər dünyanın böyrəkləridir və həmin böyrəklərdən biri dənizin şimal, biri isə cənub çökəkliyidir.
Coğrafiya elminin atası, astronom və geodest Əbu Reyhan əl- Biruni öz tarixi əsərlərinin birində yazır ki, Xəzərin iki çökəkliyində baş verən dəyişikliklər Yer kürəsinin bütün biosferasına bilavasitə təsir edir.
Dahi ispan rəssamı Salvador Dali isə "Geosiyasətçi yeni insanın gəlişini xəbər verir" adlı məşhur, abstrakt xarakterli rəsm əsərində nəhəng bir xəritə önündə dayanmış insanın barmağı ilə Abşeronu göstərdiyini təsvir edib. Əlbəttə ki, bu kimi fikirlərdə mistik dünyagörüşü yox deyildir. Ancaq "həqiqət var olan yerdədir" ifadəsini də unutmaq olmaz. Çünki qədim dövrlərdən başlayaraq, Abşeronda məskunlaşan insanlar burada torpağın öz-özünə yandığını, yerin altından çıxan qara rəngli mayenin od tutaraq alışdığını, yerin təkindən püskürərək səmalara doğru yüksələn palçıq vulkanların mövcudluğunu bildirirdilər. Təbii ki, real təbiət hadisələrinin mistik gizlinlərini tarixi araşdırmaçılar, alimlər və səyyahlar da öyrənmək məqsədilə Abşerona üz tutur, bu torpağın sirlərini aşkara çıxarmağa səy göstərirdilər. Görünür, bu səbəbdən də Abşeron sözünün toponimi, mənşəyi bir neçə mərhələlərlə əlaqədardır. Aparılan elmi araşdırmalardan da bəlli olur ki, yaranmış fikir müxtəlifliyi toponim mülahizələrində yekdil rəyi formalaşdırmayıb. Məsələn, mənbələrdən birində qeyd edilir ki, toponim ab (fars dilində "su") və şoran ("duzlu") sözlərindən ibarətdir.
Digər mülahizəyə görə isə Abşeronda çoxlu sayda şirin su quyuları olduğuna görə buraya Abşerin adı verilmişdir. Həmçinin, Xəzər dənizinin yüzlərlə adlarından biri də Absekun olduğuna görə, həmin sözün Abşeronala əvəzləndiyi vurğulanır. Səyyah Con Beli 1718-ci ildə Azərbaycanda olarkən yol qeydlərində Niyazabaddan (indiki Xaçmaz rayonunun Nizovaya kəndi) Şərqə iki günlük məsafədə yerləşən Abşeron şəhəri haqqında məlumat vermişdir. XVIII əsrə qədər bəzi sənədlərdə, eyni zamanda, Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində, "Əkinçi" qəzetində Qafur Rəşid Mirzəzadənin inqilabdan əvvəl çap etdirdiyi xəritədə toponim Əfşəran şəklində yazılmışdır. Belə ki, keçmişdə Bakı yaxınlığından Dərbəndə gedən yolun üzərində Əf-şəran adlı yaşayış massivi olmuşdur. İddia olunur ki, toponim rus ədəbiyyatında "Apşeron" kimi qeydə alınmış, rus dilindən Azərbaycan dilinə çevrilərkən "ap"-ın "ab" olduğu zənn edildiyindən, "Ab-şeron" şəklinə düşmüşdür. Həmçinin, qeyd etmək mümkündür ki, toponim, həm də türkdilli Əfşarlar tayfasının adı ilə bağlıdır. Əfşarlar haqqında ilk dəfə Mahmud Kaşqari XI əsrdə məlumat vermişdir. Vurğulanmışdır ki, Əfşarlar türk-səlcuq tayfa birliyinə daxil olmuş və Azərbaycan xalqının etnogenezində iştirak etmişlər. Ümumiyyətlə isə, Abşeronun toponim mənşəyinin çoxsaylı araşdırmalarla tədqiqatlarının aparılması belə deməyə əsas verir ki, bu torpağın sirlərindən biri də onun ulu qədimiliyidir.
Müasir dövrə gəldikdə isə, deyə bilərik ki, Abşeron Azərbaycanın inzibati ərazi vahidi kimi 1963-cü ildə yaradılmış və Bakı ətrafında olan 15-ə yaxın kənd bu rayonun inzibati ərzi vahidliyinə daxil edilmişdir. Həmçinin, qeyd edə bilərik ki, Abşeron öz ərazisinə görə respublikanın ən böyük rayonlarındandır. Lakin Abşeron sözü özündə həm də daha geniş coğrafi məkanı - 3702 kv.km-lik bir yarımadanı ehtiva edir. Məhz bu yarımada bütün dünyada tarixlər boyu ecazkar möcüzələr diyarı kimi tanınır. Həmin möcüzələr bu gün də baş verməkdədir. Rayonda kənd və qəsəbələrlə yanaşı, bir müasir şəhər də inkişafı və tərəqqisi ilə hər kəsi valeh edir. Vaxtilə qəsəbə kimi tanınan Xırdalan artıq öz şəhər statusu ilə bu gün Abşeronun döyünən ürəyidir desək, yanılmarıq. Bu gün Abşeronda Masazır, Saray, Hökməli, Novxanı, Mehdiabad, Ceyranbatan, Aşağı Güzdək, Məmmədli, Fatmayı, Qobu, Güzdək, Digah, Görədil Pirəkəşkül kimi xüsusi özəllikləri və tarixləri olan qəsəbələr öz potensialları ilə rayonun inkişafı və tərəqqisində müstəsna rol oynayır.
Əbəs yerə deyil ki, Abşeronun özəlliklərindən biri də bu müqəddəs diyarın istər Azərbaycana, istərsə də bəşərə bəxş etdiyi tanınmış övladlarıdır. Şəxsiyyət kimi formalaşan bu insanlar hazırda da rayon sakinlərinin qəlbində fəxarət hissləri ilə anılırlar. Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri Məmməd Əmin Rəsulzadə, Azərbaycan səhiyyəsinin dahilərindən sayılan Mirəsədulla Mirqasımov, tibb elmlər doktoru Əbülfəz Qarayev, Sovet İttifaqı Qəhrəmanı, "Mixaylo" ləqəbli Mehdi Hüseynzadə, digər Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərov, Yaxın Şərqin məşhur qəzəlxanı, özünün də dediyi kimi böyük Füzulinin yadigarı sayılan Əliağa Vahid, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və Azərbaycan SSR səhiyyə nazirinin müavini Vəli Axundov, Azərbaycanın xalq şairi Süleyman Rüstəm, SSRİ xalq rəssamı Qəzənfər Xalıqov, məşhur ədəbiyyatşünas filologiya elmləri doktoru Şıxəli Qurbanov, texnika elmləri doktoru, neft və qaz sənayesi alimi, professor Sabit Orucov, dünyaşöhrətli bəstəkar, SSRİ xalq artisti Qara Qarayev, neft emalı üzrə mühəndis, dünyaşöhrətli Mövsüm bəy Xanlarov, Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi Nəbi Xəzri, Azərbaycanın xalq artisti Ağahüseyn Cavadov, məşhur Azərbaycan rəssamı Əzim Əzimzadə, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Aqşin Əlizadə, Azərbaycanın xalq artisti, hər kəsin sevimlisi Səyavuş Aslan da Abşeron torpağının yetişdirdiyi, Azərbaycana və dünyaya bəxş etdiyi simalardandırlar.
Heç şübhəsiz ki, Abşeronun inkişaf və tərəqqi tarixində Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Belə ki, Abşeron rayonunun ən uğurlu göstəricilərlə zəngin olan təsərrüfat ilinin də Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi birinci dövrə düşməsi təsadüf deyil, qanunauyğunluğun məntiqi nəticəsidir. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə Onun Abşerona göstərdiyi xüsusi diqqət və qayğısı rayonun tarixi mərhələsinin əsası rolunu oynadı. Heydər Əliyev ölkə rəhbərliyinin birinci dövründə Abşerona diqqət və qayğısını əsirgəməmiş, rayonun sosial və iqtisadi həyatının uğurları istiqamətində əhəmiyyətli işlər aparılmışdır. Abşeronlular Heydər Əliyevin1981-ci ildəki tarixi səfərini bu gün də unutmayıblar. Dahi şəxsiyyətin bu rayona səfəri, sadə insanlarla səmimi söhbətləri onların qəlbində silinməz izlər qoymuşdur.
Ancaq digər tərəfdən qeyd etməliyik ki, abşeronluların bu kimi iftixar və sevinc dolu anlarının ömrü elə də uzunmüddətli olmadı. Ulu Öndərin Moskvaya - ittifaqın ali rəhbərliyinə, siyasi büroya təyin olunmasından sonra Azərbaycanda sürətlə yüksələn sosial-iqtisadi temp aşağıya düşməyə başladı. Təbii ki, bütün ölkə kimi, Abşeron da iqtisadi tənəzüldən kənarda qalmadı. Lakin taleyin gərdişi elə gətirdi ki, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev ikici dəfə Azərbaycana hakimiyyətə gəldi. Bəli, bu faktor həm də talenin hökmü və Allahın bu torpağı, bu məmləkəti hifz etməsi anlamı idi. Çünki xalqın təkidli tələbi və çağırışlarına səs verən Ulu Öndər Azərbaycana xilsakarlıq missiyasını yerinə yetirmək üçün geri döndü. Bundan sonra durğunluq və tənəzzül dövrünü yaşayan Azərbaycan xalqı, Azərbaycan dövləti Onun rəhbərliyi altında müasirliyə, tərəqqiyə və inkişafa qədəm qoymağa başladı. Əlbəttə ki, tərəqqi və inkişaf tendensiyası Abşerona da aid idi. Ulu Öndər Heydər Əliyev Abşerona etdiyi səfərlərinin birində vurğulamışdır: "Abşeronlular öz əməlləri ilə, əzmkarlıqları ilə sübut etdilər ki, əlahiddə ərazidə yerləşən bu rayon müstəqil yaşamağa qadirdir".
Təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyularaq rayonda başladılan tikinti, abadlıq və quruculuq işləri, müxtəlif sənaye komplekslərinin təməllərinin qoyulması uğurlu gələcəkdən, uğurlu perspektivlərdən xəbər verirdi...
Uzun müddət müstəqilliyini itirmək təhlükəsini yaşayan, ancaq Heydər Əliyevin sayəsində bundan xilas olan Azərbaycan xalqının taleyinə ikinci sevinc payı da düşdü. Məhz bu tale payı Ulu Öndər Heydər Əliyevin Özü qədər inandığı İlham Əliyev məfkurəsi idi. İlham Əliyev Azərbaycan Respublikasının rəhbəri və Azərbaycan xalqının Lideri missiyasını uğurla, məharətlə, çevik və məqsədyönlü siyasətlə, inamla, qətiyyətlə davam etdirdi. Və nə sevindirici haldır ki, bu gün nəinki Azərbaycanın, eləcə də, bütün dünya azərbaycanlılarının Liderinə çevrilmiş cənab İlham Əliyev ətrafında birləşmiş nəhəng xalq ordusunu uğurlu və tükənməz qürur hissi ilə gələcəyə doğru aparmaqda davam edir.
Prezident İlham Əliyevin imzaladığı və 2004-2008-ci illəri əhatə edən birinci, 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramlarında regionların sosial-iqtisadi inkişafını təmin edən müddəalar, nəhəng layihələr bütün təfərrüatları ilə qeyd edilmişdir. Söz yox ki, həmin Proqramlarda Abşeronun da payı vardır. Məhz həmin Proqramların uğurlu nəticəsidir ki, onların parametrləri rayonun perspektivini və potensialını özündə kifayət qədər ehtiva edir. Bu gün rayonun bütün kənd və qəsəbələrində dünyanın müasir standartlarına cavab verən yolları rayon sakinlərinin rahatlığını təmin edir. Ərazilərdə fəaliyyət göstərən bütün təhsil ocaqları əsaslı şəkildə təmir edilmiş, məktəblər tikilərək şagirdlərin ixtiyarına verilmişdir. Eyni zamanda, əhalinin sağlamlığının qorunması istiqamətində səhiyyə müəssisələrinin maddi-texniki bazaları möhkəmləndirilmiş, müxtəlif tibbi komplekslər vətəndaşların ixtiyarına verilmişdir. Bütün bunlarla yanaşı, cənab Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Abşeron rayonu ərazisində çoxlu sayda istehsalat sahələri, sənaye obyektləri, fabrik və zavodlar yaradılmış, rayon sakinləri işlə təmin edilmişlər. O cümlədən, abşeronluların istirahət və rahatlıqları üçün də kifayət qədər işlər reallaşdırılmışdır. Belə ki, Abşeronun müxtəlif istiqamətlərində əsrarəngiz gözəllikləri ilə seçilən parklar, seyrangahlar, xiyabanlar salınmış, rayonun füsunkar gözəlliyi milli dəyərlərlə sintez olunaraq müasirləşdirilmişdir. Bu gün Abşerona səfər edən istənilən şəxs böyük quruculuqları, yenilikləri görərkən valeh olmaya bilmir. Təbii ki, bütün bunlar dövlət rəhbəri cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilir.
Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın bütün regionlarına olduğu kimi, Abşerona da davamlı səfərlər etmiş, rayonda aparılan işlərlə bilavasitə maraqlanmış, onlara şəxsən diqqət ayırmışdır. Dövlət başçısı abşeronlularla görüşlərində rayonun həyatını canlandıran, onun əməksevər, daim dövlətçiliyə bağlı olan əhalisinin güzəranını yaxşılaşdıran dəyişiklikləri məmniniyətlə vurğulamış, Abşeronun sosial-iqtisadi inkişaf və tərəqqi tempinin daha da sürətləndirilməsi istiqamətində dəyərli tövsiyə və tapşırıqlarını vermişdir.
Bu gün Abşeronun ərazisində ölkə iqtisadiyyatının bir çox sahələrini əhatə edən şirkətlər, müəssisələr fəaliyyət göstərməkdədir. Qeyd edək ki, Prezident İlham Əliyev rayon ərazisində fəaliyyət göstərən bu kimi əhəmiyyətli müəssisələrin açılışlarında şəxsən iştirak etmişdir. Buna misal kimi "Azbentonit" MMC-ni, Masazır Duz Zavodunu, Oğuz-Qəbələ-Bakı su kəmərini, AZMDF zavodunu, Hökməli qəsəbəsindəki "M-Line" mebel fabrikini, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimini və digərlərini göstərmək mümkündür. Məhz bu kimi önəmli işlərin, nəhəng layihələrin reallaşdırılması bir amala - Azərbaycanın inkişafına xidmət edən əhəmiyyətli hadisələrdir. Prezident İlham Əliyev bütün çıxışlarında hər zaman vurğulamışdır ki, Onun əsas məqsədi xalqa xidmət etməkdir: "Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər".
Cənab Prezident öz çıxışlarında Abşeron və abşeronluları hər zaman yüksək dəyərləndirmişdir: "...Bir halda ki, abşeronlular belə yaxşı çalışırlar, deməli, gələcəkdə daha böyük işlər görəcəklər".
Xüsusilə, qeyd etmək mümkündür ki, bu gün Abşeronun quruculuğunda əsas və aparıcı rollardan birini oynayan rayonun icra hakimiyyətidir. Belə ki, Abşeron rayon icra hakimiyyəti bir çox uğurların və nailiyyətlərin qazanılmasında aktiv şəkilldə iştirak etmişdir. Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov bununla bağlı qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi iqtisadi siyasət Azərbaycanın sosial-iqtisadi yüksəlişini təmin edən başlıca amildir: "Bu siyasi xətti inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin elmi əsaslara söykənən iqtisadi siyasəti nəticəsində Azərbaycan iqtisadi inkişaf tempinə görə nəinki MDB məkanında, eləcə də, bütövlükdə Şərqi Avropa ölkələri arasında liderliyini qoruyub saxlayır..."
Qeyd edək ki, Abşeron rayon icra hakimiyyətinin əldə etdiyi növbəti uğurlarından biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi ilə bağlıdır. Belə ki, Abşeron rayonu Misir Ərəb Respublikasının Qəlyubeya quberniyası ilə qarşılıqlı və səmimi əməkdaşlıq edir. Belə ki, bir çox sahələri əhatə edən dövlətlərarası saziş, müqavilə və memorandumlar təsdiq olunmuş sənədlər paketinə Misir Ərəb Respublikasının Qəlyubeya quberniyası ilə Abşeron rayonunun dostluq, qardaşlıq və qarşılıqlı əməkdaşlığına dair ayrıca memorandum daxil edilmişdir. Bu amil, həm də onun göstəricisidir ki, sözügedən beynəlxalq əlaqələri Prezident İlham Əliyevin Abşeron rayonunda aparılan quruculuq layihələrinin uğurla həyata keçirilməsinə verdiyi önəmli yüksək qiymətin və etimadın nəticəsidir. Bu gün Xırdalan şəhərində öz gözəliyi və ornamentləri ilə seçilən "Misir-Azərbaycan" dostluk parkı buraya istirahətə gələn insanların zövqlərini oxşayır. Qeyd edək ki, Abşeronla Qəlyubeya arasındakı əməkdaşlığın formalaşması nəticəsində qarşılıqlı səfərlər də həyata keçirilmişdir. Misirli məktəblilər Abşeron rayonunun Xırdalan şəhərinə səfər etmiş, burada yaradılan şəraitdən və quruculuqdan məmnun qalmışlar.
Eyni zamanda, Misirin Qəlyubeya şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ucaldılmış, bu ölkədəki küçələrin birinə "Azərbaycan" küçəsi adı verilmişdir. Artıq tam əminliklə demək mümkündür ki, bütün sahələrlə yanaşı, aqrar sahədə də inkişaf edən Abşeron rayonu tərəqqinin ən yüksək potensialını sərgiləməkdədir. Rayonda quşçuluğun, sənaye üsulu ilə heyvandarlığın, meyvəçiliyin və tərəvəzçiliyin, eləcə də, digər aqrar sahələrin davamlı inkişafı Abşeronu digər regionlarla müqayisədə lider səviyyəsinə qədər yüksəltmişdir.
Abşeron təhsilin inkişafında da öndə gedən
regionlardandır. Hazırda burada 36 ümumtəhsil məktəbi fəaliyyət
göstərir və təhsil müəssisələrində
28 min 278 şagird təhsil alır, onların təlim-tərbiyəsi
ilə 2710 müəllim məşğul olur. Son
illərdə isə rayonda 15 orta məktəb binası tikilib
istifadəyə verilmişdir. Dövlət
Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü
ilə 2006-cı ildən başlayaraq rayonda "Yeniləşən
Azərbaycana yeni məktəb" şüarı altında
məktəb tikintisi geniş vüsət almağa
başlamışdır. Əlbəttə ki, burada Azərbaycanın
Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini
də vurğulamaq vacibdir. Belə ki, aparılan
dövlət siyasətində yaxından iştirak edən
Heydər Əliyev Fondu yuxarıda qeyd edildiyi kimi bütün
regionlarda olduğu kimi, Abşeronda da çox əhəmiyyətli
layihələrin gerçəkləşməsi istiqamətində
əsaslı rol oynamış və bu gün də
oynamaqdadır. Yuxarıda qeyd etdiyimiz kimi,
ölkə rəhbəri cənab İlham Əliyev
Abşeronun bütün kənd və qəsəbələrində,
eləcə də, Xırdalan şəhərində
görüşlər keçirmiş, əhalinin sosial həyatları
və problemləri ilə maraqlanmış, tövsiyə və
tapşırıqlarını vermişdir. O, eyni zamanda,
Ulu Öndər Heydər Əliyevin abidəsinin açılışı
mərasimində iştirak etmiş və
vurğulamışdır ki, Azərbaycanın hər yerində
böyük quruculuq işləri aparılır və hər
kəs bunu Abşeron rayonunun simasında da görür:
"...Qısa müddət ərzində rayonun siması dəyişdi,
yeni yollar, parklar salınır, abadlıq işləri aparılır.
Bu işlər, demək olar ki, ölkəmizin hər
bir yerində görülür. Mən
çox istəyirəm ki, bu proseslər daha da sürətlə
getsin, insanlar daha da yaxşı yaşasınlar,
iqtisadiyyatımız daha da uğurla inkişaf etsin".
Bəli,
bu gün rayonun 50 illik yubileyini qeyd etməyə
hazırlaşan abşeronlular Prezident İlham Əliyevin irəli
sürdüyü əhəmiyyətli tezislərindən bəhrələnərək,
istər Abşeronun, istərsə də Azərbaycanın tərəqqi
və inkişaf yolunda yaxından iştirak edirlər. Məhz
bu kimi önəmli missiyanın reallaşdırılmasında,
həyata keçirilməsində abşeronlular daim Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında
daha da sıx birləşib, Onun yürütdüyü məqsədyönlü
və uğurlu siyasətini dəstəkləməkdə
davam edəcəklər. Çünki dünya tarixinin ən
qədim köklərindən qaynaqlanan və müasir
dövrümüzə qədər təşəkkül
tapan Abşeron öz müasir inkişaf tarixini məhz Ulu Öndər Heydər
Əliyev siyasətini layiqincə davam etdirən Prezident
İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində
yeni-yeni növbəti illərə yazacaq.
50
yaşın mübarək, ey odlar yurdunun məğrur, əsrarəngiz
və şərəfli guşəsi olan Abşeron diyarı!
RƏFİQƏ KAMALQIZI
Səs.- 2013.- 24
aprel.- S.6-7.