Zərifə xanım Əliyeva - 90

 

Dünya şöhrətli novator alim

 

İntellektual keyfiyyətləri ilə seçilən, dünya tibb elminə əvəzolunmaz töhfələr verən həkim-oftalmoloq Zərifə xanım Əliyeva Azərbaycan tibb tarixinə zəngin və çoxcəhətli fəaliyyəti ilə ismini həkk etmişdir. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana oldu.

Bu böyük insanın genişmiqyaslı şəxsiyyət olmasına səbəb fitri istedada malik novator alimliyi, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömür yolu və s. dəyər və uğurları idi. Onun keçdiyi yol hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsinə çevrilib.

Tibb elminə marağı Zərifə xanımı 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna gətirmiş, oranı bitirdikdən sonra isə Moskva şəhərində oftalmologiya üzrə Həkimləri Təkmilləşdirmə Mərkəzi İnstitutunda təhsilini davam etdirmişdi. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda işləmişdir.

Onun həkim kimi fəaliyyətə başladığı dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə isə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə respublikasının həyatında mühüm məsələyə çevrilmişdi. Belə bir vəziyyətdə bu infeksion xəstəliyi, eləcə də, onun müalicəsini ətraflı şəkildə öyrənən mütəxəssisə - Zərifə xanım Əliyeva kimi oftalmoloqa ehtiyac duyulurdu. Çünki həmin dövrdə dünya işığına həsrət qalan insanların çoxu məhz bu xəstəlikdən əziyyət çəkirdi. Belə bir dövrdə Zərifə xanım Əliyeva həkim-vətəndaş kimi elmi araşdırmalarını davam etdirirdi. Onun ilk tədqiqat işləri traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə, traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edilmişdir. Onun elmi fəaliyyətini əks etdirən mənbələrdə göstərildiyi kimi, bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə "Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi"ndə mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın məsələləri ilə ciddi məşğul olur. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxsahəli marağını Zərifə xanım Əliyeva bütün həyatı boyu itirməmişdir.

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri, apardığı tədqiqatların nəticəsi olaraq, həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyaların müəllifinə çevrilir. Bu əsərlər arasında "Kəskin virus konyunktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və b. oftalmoloji elmi-ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Alim göz yaşı aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və b. əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur.

Bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlamışdır. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır.

Zərifə xanım Əliyevanı tibb sahəsindəki xidmətlərindən biri də dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasını yaratması olmuşdur. Bununla da elm aləmində yeni bir istiqamətin "peşə oftalmologiyası"nın əsasını qoymuşdur.

Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.

Böyük insani keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyeva mənəvi zənginliyi, vəzifə borcu, tibbi etika və deontologiyaya dair baxışları ilə şöhrətlənmişdir. Zərifə xanım həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Alim-həkim-xəstə münasibətlərinə toxunaraq, insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və "həkim xəstənin ən doğma adamıdır" demişdir.

Zərifə xanım Əliyeva elmi fəaliyyətini davam etdirməklə yanaşı, şəxsi həyatını da arxa planda qoymurdu. O, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı kimi də Azərbaycan qadınlarına nümunə olmuşdur. Onun xanımı olduğu ailədə ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar böyüyüb, tərbiyə almışdır. Həyatın çətin, mənalı, mübarizələrlə zəngin yollarında birgə addımladığı həyat yoldaşı, Ümummilli Liderimiz Heydər Əliyevə vəfalı yoldaş, dayaq, dost olmuşdur. Məhz belə bir ailənin xanımı olan Zərifə xanım, həqiqətən də, öz mənəvi dəyərləri ilə yüksəklərə ucalmış, şərəfli ömrünü nümunəyə çevirərək əbədilik qazanmışdır.

Bütün bu elmi nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.

Bəli, peşəsi ilə, insani dəyərləri ilə yüksəkdə duran Zərifə xanım Əliyevanın 90 illik yubileyinin respublika səviyyəsində keçirilməsi məhz onun gərgin əməyinin, elmi fəaliyyətinin nəticəsidir. 

 

 

NƏZAKƏT

 

Səs.- 2013.-24 aprel.- S.4.