Azərbaycanın
Qırğızıstan, Türkmənistan və Tacikistanla əməkdaşlığı
Heydər
Əliyev özünün diplomatik siyasi fəaliyyətində
də türkdilli ölkələrlə münasibətlərə
böyük əhəmiyyət vermişdir. Belə ki, Ə.
Elçibəy hökuməti zamanında münasibətlərin
kəskin həddə gəlib çatmış olduğu Orta
Asiyanın türkdilli respublikaları ilə əlaqələr
yaratmaq və daha da möhkəmləndirmək istiqamətində
mühüm addımlar atdı. Bu qardaş xalqlarla münasibətlər
normal səviyyədə məhz 90-cı illərin
ortalarından etibarən, yəni respublikada Ə.Əhmədovun qeyd etdiyi kimi, Heydər Əliyev
hakimiyyəti möhkəmləndikdən sonra Azərbaycanın
xarici siyasət kursuna xüsusi bir istiqamət kimi daxil oldu. Bu,
həm dünya şöhrətli siyasətçi Heydər Əliyevin
apardığı məqsədyönlü xarici siyasətin,
həm də xalqlarımız arasında tarix, dil və mənəviyyatca
bir-birinə bağlı tellərin mövcud olmasından irəli
gələn bir amildir.Həyata keçirilən məqsədyönlü
xarici siyasət nəticəsində türkdilli dövlətlərlə
münasibətlərdə yaranmış soyuqluq aradan
qaldırılmağa başlandı. Bu yaxınlaşma və
iş birliyi Azərbaycan Respublikasının yalnız beynəlxalq
vəziyyətinə deyil, hətta daxili həyatında
işlərin canlanmasına güclü təsir göstərmişdir.
Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən
aparılan səmərəli beynəlxalq siyasi strategiya nəticəsində
1994-cü ilin əvvəlindən etibarən türkdilli
ölkələrlə əlaqələrdə güclü
dönüş yarandı.
Professor
Ə.Həsənov yazır ki, Orta Asiya regionunda Azərbaycanın
Qırğızıstanla da dövlətlərarası ikitərəfli
əlaqələri nisbətən ardıcıl inkişaf yolu
keçmişdir. İki dövlət arasında diplomatik əlaqələr
1993-cü il yanvarın 19-da qurulmuş və sonrakı illərdə
bir dəfə Azərbaycan Prezidenti Heydər Əliyevin
Qırğızıstana 1995-ci ilin avqustunda Türkdilli
Dövlət Başçılarının
üçüncü sammitində iştirak etmək
üçün, üç dəfə isə
Qırğızıstan prezidenti Əsgər Akayevin Azərbaycana
səfərlori olmuşdur. Bu səfərlərdən biri (23
aprel 1997-ci il) Ə. Akayevin Azərbaycana rəsmi səfəri,
digərləri (7-8 sentyabr 1998-ci il) Bakıda keçirilən
TRASEKA Beynəlxalq Konfransında və (8-9 aprel 2000-ci il)
Türkdilli Dövlət Başçılarının VI Zirvə
Toplantısında iştirakla bağlı olmuşdur.
Dövlət
başçılarının səfərləri çərçivəsində
qarşılıqlı maraq kəsb edən ikitərəfli,
regional və beynəlxalq məsələlər müzakirə
olunmuş, 14 sənəd, o cümlədən, "Azərbaycan
Respublikası ilə Qırğızıstan Respublikası
arasında dostluq və əməkdaşlıq haqqında
Müqavilə" imzalanmışdır. Bundan başqa, iki
ölkənin dövlət və hökumət qurumları,
müəssisələri arasında 38 müxtəlif
saziş, müqavilə və digər hüquqi-normativ sənəd
imzalanmışdır.
1993-2005-ci
illərdə hər iki ölkənin digər rəsmi
nümayəndələri qarşılıqlı səfərlər
etmiş və ikitərəfli əlaqələrin
qurulması istiqamətində danışıqlar
aparmışlar. Hazırda Azərbaycan və
Qırğızıstan arasındakı dostluq və
partnyorluq münasibətləri sabit məcrada inkişaf edir.
Azərbaycanla
Türkmənistan arasında diplomatik münasi-bətlər
1992-ci il iyunun 9-da yaradılmışdır. 1994-cü ildə
Türkmənistan Bakıda, 1998-ci ildə isə Azərbaycan
Aşqabadda öz səfirliyini açmışdır. Lakin
1998-ci ildə Türkmənistan maliyyə problemlərini əsas
gətirərək, Bakıdakı səfirliyinin fəaliyyətini
müvəqqəti olaraq dayandırmışdır. Ötən
dövrdə iki ölkə arasında çoxsaylı rəsmi
səfərlər həyata keçirilmiş və bu səfərlər
çərçivəsində, ümumilikdə, 27 dövlətlərarası, hökumətlərarası və
müəssisələrarası hüquqi-normativ sənəd
imzalanmışdır.
İkitərəfli
münasibətlərin inkişafında dövlət rəhbərlərinin,
xüsusilə, prezidentlərin qarşılıqlı səfərləri
mühüm rol oynamışdır. Bu səfərlər
sırasında Prezident Heydər Əliyevin 1994-cü ilin
mayında İqtisadi Əməkdaşlıq Təşkilatının
(İƏT) Aşqabadda keçirilən Zirvə
toplantısında, 1994-cü il oktyabrın 26-27-də
Türkmənistanın müstəqillik günü münasibəti
ilə keçirilən tədbirlərdə və 2002-ci ilin
aprelində Xəzəryanı Dövlətlərin Sammitində
iştirakını xüsusi qeyd etmək lazımdır. Bundan
başqa, 1996-cı il martın 18-19-da Türkmənistan
prezidenti S.Niyazovun Bakıya rəsmi səfərini və iki
ölkə arasındakı münasibətlərin
inkişafına dair əldə olunmuş
razılaşmaları yüksək qiymətləndirmək
olar. Danışıqların yekunu olaraq, Azərbaycan və
Türkmənistan
arasında "Dostluq və
Əməkdaşlıq
haqqında" müqavilə imzalanmışdır.
Ə.Həsənovun
fikrincə, Azərbaycan-Türkmənistan ikitərəfli əlaqələrinin
inkişafında 2000-ci il aprelin 8-9-da Türkdilli Dövlət
Başçılarının Zirvə görüşündə
və "Kitabi-Dədə Qorqud" dastanının 1300
illik yubiley tədbirlərində iştirak etmək
üçün Türkmənistan Məclisinin sədri
S.Muradovun başçılıq etdiyi nümayəndə heyətinin
Bakıya səfərini və Azərbaycan rəhbərləri ilə keçirdiyi
görüşləri də əhəmiyyətli
hesab etmək olar. Bundan başqa, ötən dövrdə iki
ölkə arasında əməkdaşdlığın
inkişaf etdirilməsi, o cümlədən, Xəzər dənizinin
statusu məsələsinin həlli ilə bağlı xarici
işlər nazirlərinin və digər müvafiq dövlət
nümayəndələrinin çoxsaylı görüşləri
keçirilmişdir.
Hazırda
iki ölkə arasındakı münasibətlər kifayət
qədər mürəkkəbdir. Xüsusən, Xəzərin
hüquqi statusu və milli sektorların sərhədləri ilə
bağlı Türkmənistanın nümayiş etdirdiyi
mövqe Xəzər bölgəsi ölkələri ilə
bu dövlətin dostluq və tərəfdaşlıq
münasibətlərinə xidmət etmir. Bundan başqa, Xəzər
dənizində əməkdaşlıq, onun karbohidrogen
ehtiyatlarının işlənməsi və xarici bazarlara
çıxarılması məsələsində də
Türkmənistanın qeyri-ardıcıl və qeyri-prinsipial
mövqeyi bu ölkənin tərəfdaş imicinə ciddi xələl
gətirir.
Azərbaycan
bütün məsələlər üzrə Türkmənistanla
konstruktiv dialoq aparmağa, anlaşılmazlıqları aradan
qaldırmağa, dostluq və tərəfdaşlıq
münasibətlərinə xələl gətirən sərt
addımlardan çəkinməyə dəfələrlə
cəhd göstərsə də, onun bu səylərinə
qarşı tərəfdən adekvat münasibət göstərilməmişdir.
Xəzər dənizində ən yaxın qonşu hesab olunan,
milli, regional və transmilli layihələrdə maraqları Azərbaycanla
ən çox üst-üstə düşən Türkmənistanla
münasibətlərə rəsmi Bakı çox ciddi maraq
göstərir və yəqin ki, yaxın illərdə bu
istiqamət xarici siyasətdə prioritet olaraq gündəlikdə
dayanacaq.
Azərbaycan
Respublikası ilə Tacikistan Respublikası arasında
diplomatik əlaqələr 1992-ci il mayın 29-da
yaradılmışdır. Orta Asiya ölkələri içərisində
Azərbaycanın ən zəif ikitərəfli əlaqələri
olan dövlət məhz Tacikistandır. Bu ölkə rəhbərləri
ilə Azərbaycanın dövlət və hökumət
başçıları, əsasən, MDB, regional və beynəlxalq
tədbirlər çərçivəsində keçirilən
toplantılarda görüşmüşlər. Belə
görüşlərdən biri 2001-ci il avqust ayında
Soçi şəhərində MDB ölkələrinin
dövlət başçılarının qeyri-rəsmi
toplantısında Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevlə Tacikistan Respublikasının prezidenti
Emoməli Rəhmonov arasında keçirilmişdir.
Görüşdə ikitərəfli əməkdaşlığın
perspektivləri və maraq doğuran digər məsələlər
müzakirə edilmişdir.
Sonrakı dövrdə iki
ölkə arasında əlaqələr
MDB, İqtisadi Əməkdaşlıq
Təşkilatı (EKO), İslam Konfransı Təşkilatı
və s. beynəlxalq və regional təşkilatlar çərçivəsində
müxtəlif səviyyələrdə həyata
keçirilmişdir. Ölkələrin xarici işlər, müdafiə,
daxili işlər, dəmir yol nazirləri və başqa
nümayəndələri müxtəlif toplantılarda
qarşılıqlı maraq doğuran məsələləri
müzakirə etmişlər.
Ə.Həsənov
yazır: "Buna baxmayaraq, Azərbaycan-Tacikistan münasibətləri,
hələlik, arzuolunan səviyyədə deyil. Təsadüfi
deyil ki, Azərbaycan Respublikası ilə Tacikistan
Respublikası arasında hələlik yalnız iki sənəd
imzalanmışdır:
1. Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və
Tacikistan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi arasında əməkdaşlıq və
qarşılıqlı fəaliyyət haqqında Saziş (30
sentyabr 1999-cu il).
2. Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyi və Tacikistan
Respublikasının Daxili İşlər Nazirliyinin cinayətkarlıqla
mübarizə sahəsində qarşılıqlı əməkdaşlığı
haqqında Saziş (7 sentyabr 2002-ci il).
2000,
2001 və 2002-ci illərdə ardıcıl olaraq üç
dəfə BMT Baş Məclisinin 55, 56 və 57-ci
sessiyalarında "BMT ilə ATƏT arasında əməkdaşlıq"
haqqında qətnamə layihəsində Dağlıq
Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu
təsdiqləyən düzəlişinə səsvermədə
əvvəlki illərdən fərqli olaraq, Tacikistan
Respublikası iştirak etməmişdir.
Lakin
eyni zamanda, Tacikistan Ermənistanla geniş ikitərəfli əlaqələrə
malikdir. Hətta 2003-cü ilin noyabrında Tacikistan
Respublikasının prezidenti E.Rəhmonovun Ermənistan
Respublikasına rəsmi səfəri həyata
keçirilmişdir. İki ölkənin prezidentləri
arasında keçirilən görüş zamanı hər
iki dövlətin üst-üstə düşən mövqeləri
haqqında bəyanat səsləndiritmişdir.
Görüşdən
sonra keçirilən mətbuat konfransında iki ölkə
başçıları Ermənistan və Tacikistan
arasında ciddi dialoqun 2003-cü ilin aprel ayında prezident
R.Köçəryanın Düşənbəyə rəsmi
səfəri zamanı başladığını
vurğulamışlar. Səfər zamanı prezident E.Rəhmonov
1915-ci ildə Osmanlı dövlətində "genosidə"
məruz qalmış ermənilərin xatirəsinə
ucaldılmış abidəni ziyarət edərək əklil
qoymuş, xatirə ağacı əkmiş, "genosid"
muzeyini gəzmiş və fəxri qonaqlar kitabını
imzalamışdır.
Bütün
bunlar göstərir ki, Orta Asiyanın yeganə
qeyri-türkdilli müsəlman ölkəsi hesab olunan Tacikistan
Azərbaycandan fərqli olaraq, Ermənistanla münasibətlərə
daha çox əhəmiyyət verir. Bu da,
göründüyü kimi, həmin dövlətin Ermənistanın
Cənubi Qafqazda olduğu kimi, Orta Asiyada Rusiyanın əsas
"for-postu" rolunu icra etməsi, xarici siyasətdə daha
çox Moskvanın mövqeyinə uyğun olaraq hərəkət
etməsi ilə bağlıdır."
Azərbaycan
Respublikası ilə Tacikistan arasında ikitərəfli əlaqələrin
qurulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə münasibət baxımından bu
ölkənin bitərəfləşdirilməsi, beynəlxalq
tədbirlərdə onun səsinin və dəstəyinin
qazanılması Azərbaycanın xarici siyasətinin həll
edilməmiş problemlərindən biri kimi qiymətləndirilə
bilər.
Tarixçi
Ə.Əhmədovun qeyd etdiyi kimi: "Beləliklə,
müstəqil Azprbaycan dövlətinin türkdilli ölkələrlə
(o cümlədən, farsdilli Tacikistanla-Ö.V.) münasibətlərinin
yaradılaraq möhkəmləndirilməsi sahəsindəki
Heydər Əliyev xarici siyasətinin
qısa təhlili göstərir
ki, Azərbaycan dövlətinin milli maraq və mənafelərini
üstün tutan, dövlətimizin strateji fəaliyyətinə
uyğun qurulmuş, özünün konkret istiqamət və
vəzifələri ilə seçilən dolğun, sistemli və
prinsipial xarici siyasət xətti
yalnız 1993-cü ilin ikinci yarasından etibarən - yəni,
Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı ilə həyata keçirilməyə
başlanmışdır.
Heydər Əliyevin Azərbaycanın dövlət
müstəqilliyini qoruyaraq daha da möhkəmləndirmək
və respublikamızın
dünya birliyinə inteqrasiyası üçün dinc
və əlverişli siyasi şəraitin yaradılaraq qorunub saxlanmasına istiqamətləndirilmiş
hərtərəfli, aktiv diplomatik fəaliyyətinin nəticəsidir ki, ölkəmiz
dünya birliyində özünə layiq yer tutmuş, regional
və dünyəvi proseslərin gedişinə təsir
göstərmək imkanı qazanmışdır. Heydər Əliyevin yeritdiyi strateji xarici siyasət xəttini özünün diplomatik
proqramı kimi qəbul etmiş Azərbaycan dövlətinin əsas vəzifələrindən
biri də türkdilli ölkələrin birliyinin möhkəmləndirilməsindən
ibarət olmuşdur."
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 24 aprel.- S.14.