Azərbaycanın türkdilli ölkələrlə əməkdaşlığı: Azərbaycan - Qazaxıstan əlaqələri

 

Azərbaycan dost və qardaş türkdilli ölkələrlə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın genişlənməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Həmin ölkələr haqqında Ulu Öndər demişdir: "Bizim ölkələrimiz dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçərək formalaşmış və bu gün özünun yeni mərhələsinə çatmışdır."

Tarixçi Ə.Əmrahov yazır ki, müasir dünya düzümünün beynəlxalq hüquqi prinsiplərə əsaslanaraq formalaşmasında şəxsiyyətin rolu həlledicidir. Xalqın özünə lider seçdiyi şəxsiyyətlər dövlətin daxili inkişafxarici siyasət kursunun işlənib hazırlanmasını və onun düzgün istiqamətləndirilməsini təşkil edir. Odur ki, dövlətlərarası münasibətlərin formalaşmasında liderlərin müstəsna rolu vardır.

Liderlər tarixən xalqın, dövlətin mənafeyini öz mənafeyindən üstün tutmuşlar. "Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını həsr edən insanlardır". Türk dünyasının böyük öndəri Mustafa Kamal Atatürk bu sözləri deyərkən yanılmamışdır. XX əsrdə Azərbaycan xalqının dahi oğlu Heydər Əlirza oğlu Əliyev məhz belə şəxsiyyətlərdəndir.

XX yüzilliyin sonunda xalqımızın qazanmış olduğu müstəqilliyin əbədi olması Heydər Əliyevin siyasi fəaliyyəti və fitri istedadı sayəsində möhkəmlənmiş, bu müstəqillikdən dönməzliyini təsdiqləmişdir. Azərbaycan xalqının istəyi və tələbi əsasında Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə hərc-mərclik hökm sürən Azərbaycan Respublikasında sabitlik bərqərar olmuş, daxilixarici siyasət strategiyası formalaşaraq özünün demokratik mərhələsinə qədəm qoymuşdur.

Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin tərkib hissəsi olan türkdilli ölkələrlə münasibətlər məhz Heydər Əliyevin yeritmiş olduğu siyasi kurs əsasında düzənlənərək formalaşmışdır. Azərbaycan müstəqilliyinin ilk günündən türkdilli ölkələrlə yaratdığı əlaqələr ümumi dövlət prinsiplərini və xalqın mənafeyini deyil, kor-korana olmaqla şəxsi münasibətləri əks etdirirdi. Bu dövlətlərlə beynəxalq hüququn prinsiplərinə əsaslanan münasibətlər yalnız 1993-cü ilin ikinci yarısından sonra qurulmağa başladı. Məhz həmin dövrdən etibarən Azərbaycan həmin dövrdən etibarən Azərbaycan  balanslaşdırılmış xarici siyasət kursunu həyata keçirməyə başladı.

1969-cu ildə ilk dəfə olaraq, respublika rəhbərliyinə irəli çəkilən Heydər Əliyev Azərbaycan KP MK-nin birinci katibi seçilən zaman MK plenumunda, 10 il Azərbaycan SSR-ə rəhbərlik etmiş Vəli Axundov xalqımızın bu böyük oğlu haqqında  belə  demişdir:  "Heydər Əliyevə xas olan bütün siyasi keyfiyyətləri deməyə imkan verir ki, O, respublikaya  layiqli rəhbər  olacaq, bütün problemləri bacarıqla həll edəcək. O, lazımınca savadlı, hazırlıqlı və yüksək intellektə malik bir şəxsdir. O, bütün kadrlara düzgün olaraq, eyni mövqedə yanaşmaqla, çox obyektiv, vicdanlı və çox layiqli insandır".

Heydər Əliyev müstəqilliyi sual altında qalan Azərbaycan Respublikasında ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra onun beynəlxalq birliyə inteqrasiyası yönümündə daha etibarlı imkanlar yarandı. Bu vaxt müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin əsas strateji məqsədlərindən biri, eyni zamanda, həm Qərbə, həm də Şərqə inteqrasiya olmaqla,  türkdilli  ölkələrlə münasibətləri tənzimləmək və daha da möhkəmləndirməkdən ibarət idi.

Orta Asiyada Azərbaycanın ən yaxın müttəfiqi və strateji tərəfdaşı rolunda Qazaxıstan Respublikası çıxış edir. Ümumiyyətlə, bu iki ölkə müxtəlif güc mərkəzlərinin maraqlarının kəsişdiyi Avrasiyada həm coğrafi, həm də təbii ehtiyatlar baxımından çox mühüm əhəmiyyət daşıyır. Xəzərin digər sahilyanı ölkələrindən fərqli olaraq, Qazaxıstanın Azərbaycanla münasibətləri yalnız yüksələn xətt üzrə inkişaf edib və müttəfiqlik səviyyəsinə qalxıb. Hər iki ölkə həm Xəzərin hüquqi statusu, həm də enerji daşıyıcılarının hasilatına xarici kapitalın cəlb edilməsi və dünya bazarlarına çıxarılması məsələsində eyniya oxşar mövqedən çıxış edərək, bir-birinin maraqlarını qarşılıqlı şəkildə təmin edir.

Azərbaycanın Qazaxıstan Respublikası ilə də əlaqələri məhz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra normallaşmağa başladı. 1997-ci ilin iyun ayında Azərbaycan Prezidenti Qazaxıstanda rəsmi səfərdə oldu. Bu zaman ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında bəyannamə və Qazaxıstan neftinin beynəlxalq bazarlara daşınmasında əməkdaşlıq haqqında iki dövlət arasında memorandum imzalandı. Ümumiyyətlə, Heydər Əliyevin səyi və işgüzarlığı nəticəsində Qazaxıstan Respublikası ilə əməkdaşlığın bütün sahələrində və regional problem olan Xəzər dənizi probleminin həlli yolunda mühüm irəliləyişlər əldə edildi.

Azərbaycan - Qazaxıstan əməkdaşlığının inkişafında Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyevin də böyük rolu var. Bu gün məhz Azərbaycan, Rusiya və Qazaxıstanın Xəzərin dibinin bölünməsinə dair imzaladığı ikitərəfli sazişlər, problemin həlli istiqamətində vacib amilə çevrilib. Təsadüfi deyil ki, 2004-cü ilin mart ayında Qazaxıstana rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzərin statusu məsələsinin həllində məhz Bakı, Moskva və Astananın imzaladığı ikitərəfli sazişlərin əsas götürülməsini vacib sayıb.

Azərbaycan-Qazaxıstan münasibətləri yalnız Xəzərin statusu ətrafındakı məsləhətləşmələrlə yekunlaşmır. Son illər iki ölkə arasında iqtisadi əlaqələr görünməmiş intensivliklə inkişaf edir. Məsələn, 2000-ci illə müqayisədə, 2005-ci ildə Azərbaycanla Qazaxıstan arasında mal dövriyyəsinin həcmi 5 dəfə artaraq 150 milyon dollara çatıb. Bu gün Azərbaycanda Qazaxıstan kapitalının da olduğu 21 müəssisə fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2004-cü ilin mart ayında Qazaxıstana səfəri zamanı Avropa ilə Asiya arasında körpü rolunu oynayan bu iki ölkənin bir sıra prinsipial məsələlərə eyni mövqedən yanaşdığı bir daha aşkarlandı. Tərəflər neft maşınqayırması, neft kimyası, nəqliyyat, kənd təsərrüfatı, elmi-texniki və mədəni-humanitar sahələrdə əməkdaşlığı genişləndirmək qərarına gəldilər.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri və TRASEKA layihəsi iki ölkənin əməkdaşlıq etdiyi transmilli layihələrdir. Həmçinin, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat-kommunikasiya dəhlizlərinin Xəzər regionundan keçməsi, regional inteqrasiya baxımından bu hövzənin əhəmiyyətini daha da artırır. Bakı ilə Astana Avropa İttifaqının dəstəyi ilə TRASEKA layihəsi çərçivəsində Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizi və Böyük İpək yolunun bərpası layihələrində də əməkdaşlıq edirlər.

Ümumiyyətlə, indiyədək iki ölkə arasında 70-dən çox dövlətlərarası və hökumətlərarası saziş imzalanıb. Onların arasında Xəzərin dibinin bölünməsinə dair ikitərəfli saziş, həmçinin, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 2005-ci il mayın 24-də Bakıya rəsmi səfəri zamanı imzalanan "Strateji əməkdaşlıq və tərəfdaşlıq haqda" Saziş xüsusi əhəmiyyət daşıyır. Bundan başqa, tərəflər arasında azad ticarət, turizm, neft-qaz maşınqayırması, terrorizmlə mübarizə və s. sahələrdə də sazişlər var. Astana Azərbaycana həm də mühüm nəqliyyat dəhlizi kimi yanaşır. Qazaxıstan rəhbərliyi Aktau ilə Bakı arasında nəqliyyat sahəsində əməkdaşlığı gücləndirərək, Qafqaz vasitəsi ilə beynəlxalq bazara alternativ çıxış əldə etmək niyyətindədir.

Təbii ki, iki ölkənin əməkdaşlığının strateji xarakter almasında Xəzər neftini dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri mühüm rol oynayır. Artıq Qazaxıstanın bu layihəyə qoşulması məsələsi həll edilmək üzrədir və prezident Nursultan Nazarbayevin Bakıya səfəri zamanı bu kəmərin yaxın vaxtlarda Aktau-Bakı-Tbilisi-Ceyhan adlandırılacağı haqda bəyanatı da bundan xəbər verir.

Qazaxıstanla Azərbaycan arasında ən yüksək səviyyədə dörd siyasi sənəd imzalanmışdır:

1.   Azərbaycan   Respublikası      Qazaxıstan   Respublikası arasında munasibətlərin əsasları haqqında Müqavilə,

Bakı,  16 sentyabr 1996-cı il, 23 yanvar 1999-cu ildən qüvvəyə minmişdir.

2. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Qazaxıstan Respublikasının prezidenti N.Nazarbayevin Birgə Bəyanatı.

Bakı, 7 aprel 2000-ci il.

3. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə.

Astana, 1 mart 2004-cü il.

4. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə.

Bakı, 24 may 2005-ci il.

Ə.Həsənov yazır ki, bundan başqa, 1991-2005-ci illərdə iki ölkənin dövlət, hökumət və müəssisə rəhbərləri səviyyəsində ictimai, siyasi, iqtisadi, mədəni və beynəlxalq əməkdaşlığa aid 83 sənəd imzalanmışdır. Bununla da iki ölkə arasında geniş hüquqi-normativ baza yaradılmışdır. Bəhs olunan illərdə iki ölkə prezidentləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirilməsi ikitərəfli əlaqələrə ayrılan xüsusi diqqətin təzahürü kimi qiymətləndirilməlidir. Həmin səfərlərin qısa xronikasına nəzər saldıqda, münasibətlərin inkişafı intensivliyi və miqyası aydın görünür:

1. 1996-cı il sentyabrın 16-17-də Qazaxıstan Respublikasının prezidenti N.Nazarbayevin Azərbaycana ilk rəsmi səfəri olmuşdur. Səfər zamanı ikitərəfli münasibətlərin inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuş, 13 sənəd imzalanmışdır.

2. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il iyunun 10-da Qazaxıstana rəsmi səfəri Azərbaycan-Qazaxıstan münasibətlərini yeni mərhələyə qaldırmışdır. Səfər zamanı qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunmuş, 18 sənəd imzalanmışdır.

3. 1998-ci il iyunun 9-10-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev  Türkdilli dövlət başçılarının V Zirvə toplantısında və Qazaxıstanın yeni paytaxtı Astana şəhərinin açılışı mərasimində iştirak etmişdir.

4. 2000-ci il aprelin 7-də Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə Qazaxıstan prezidenti N.Nazarbayev Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadihumanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunmuş, regional, beynəlxalq problemlərə dair məsələlər barəsində fikir mübadiləsi aparılmış, iki ölkə prezidentləri birgə bəyanat qəbul etmiş və 8 sənəd imzalamışlar. Qazaxıstan prezidenti N.Nazarbayev 2000-ci il aprelin 8-9-da Bakıda keçirilmiş Türkdilli dövlət başçılarının VI Zirvə görüşündə və "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etmişdir.

5. 2003-cü il dekabrın 15-də mərhum Prezident Heydər Əliyevin dəfn mərasimində iştirak etmək məqsədilə Qazaxıstan prezidenti N.Nazarbayev Bakıya səfər etmişdir.

6. 2004-cü il martın 1-2-də Qazaxıstan Respublikasının prezidenti N.Nazarbayevin dəvəti ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfər etmişdir. Səfər zamanı Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə də daxil olmaqla yeddi dövlətlərarası və hökumətlərarası sənəd imzalanmışdır.

7. 2005-ci il mayın 24-25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev ölkəmizə dövlət səfəri etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının prezidenti N.Nazarbayev arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilmiş görüşlərdə ikitərəfli münasibətlərdə hazırkı vəziyyət və gələcək inkişaf yolları müzakirə edilmişdir. Səfər zamanı ikitərəfli əsasda altı sənəd imzalanmışdır ki, bunların ən mühümü "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə"dir. Qazaxıstan prezidenti N.Nazarbayev mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi münasibətilə Səncəçal terminalında keçirilən təntənəlit mərasimdə iştirak etmişdir. Mərasim çərçivəsində iki mühüm tarixi sənəd imzalanmışdır ki, bunlardan biri də Qazaxıstanın da qoşulduğu "Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannamasi" olmuşdur.

Bundan başqa, iki ölkə arasında baş nazirlər, parlament rəhbərləri və digər rəsmi nümayəndələr səviyyəsində yüzlərlə qarşılıqlı səfərlər həyata keçirilmiş və ikitərəfli əlaqələrin bütün aspektləri üzrə ortaq maraqlara uyğun razılaşmalar əldə edilmişdir.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 25 aprel.- S.14.