Akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

 

İlham Əliyev: “Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”

 

Aprelin 27-də Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı yubiley mərasimində nitq söyləyib. Prezident Ilham Əliyev qeyd edib ki, Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi:  “Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi.

Onun 90 illik yubileyini dövlət səviyyəsində qeyd etmək üçün mən Prezident kimi müvafiq Sərəncam imzalamışdım. Sərəncam əsasında müxtəlif tədbirlər keçirilmişdir. Bu tədbirlərin çox böyük mənası var idi. Çünki bu tədbirlərdə, elmi simpoziumlarda oftalmologiya elmində gedən proseslər bir daha təhlil edilmiş, çox dəyərli fikirlər səslənmiş və bu tədbirlər oftalmologiya sənətinə, oftalmologiya elminə yeni bir töhfə olmuşdur. Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir. Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Bir alim kimi Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir, eyni zamanda, Sovet İttifaqının oftalmologiya elmində ən yüksək mükafat olan Averbax mükafatına layiq görülmüşdür. Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır. Zərifə xanımın bu məsələlərlə bağlı da fikirləri, məqalələri var idi. Həkimin etik davranışı ilə bağlı onun çox dəyərli fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu gün də hər bir həkim üçün əsas olmalıdır. Zərifə xanım böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. Əlbəttə, 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin - birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi. Bir daha demək istəyirəm ki, heç vaxt heç bir sözü, addımı ilə göstərmirdi ki, onun cəmiyyətdə hansısa xüsusi statusu vardır və bu da təbiidir, əslində belə də olmalıdır. Ancaq biz bilirik ki, bir çox hallarda belə deyil və müəyyən statusa malik olan insanlar, yaxud da ki, onların yaxınları özləri üçün xüsusi imtiyazlar tələb edirlər. Zərifə xanımın bu sahədəki hərəkətləri, davranışı da nümunə olmalıdır. Zərifə xanım çox yüksək mədəniyyətə malik olan, çox istedadlı, bilikli insan idi. Nəinki öz peşəsində, eyni zamanda, hərtərəfli istedadlı bir insan idi və bəziləri üçün o, necə deyərlər, son ümid yeri, ümid ünvanı idi. Hətta tanımadığı adamlar belə müxtəlif xahişlərlə, müxtəlif şikayətlərlə onun iş yerinə gəlirdilər. O, çalışırdı ki, hər kəsə kömək göstərsin. Tanımadığı adamların xahişlərini gəlib atama çatdırırdı və o məsələlərin böyük əksəriyyəti öz həllini tapırdı. Yəni, daim insanlara xidmət etmək, kömək göstərmək arzuları, amalları ilə yaşayırdı.

Əlbəttə ki, onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır. Eyni zamanda, Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda, yüksək mədəniyyət, alicənablıq - bütün bu gözəl amillər onda birləşmişdi. Zərifə xanım əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi. Bununla bərabər, çox istedadlı insan idi, hərtərəfli istedadlı idi, musiqini çox sevirdi, istənilən melodiyanı, istənilən mahnını notlarsız çox böyük məharətlə, ustalıqla pianoda ifa edə bilirdi. Teatrı çox sevirdi və yadımdadır ki, 1970-ci illərdə onunla bərabər dəfələrlə Azərbaycan teatrlarında olmuşam, bütün tamaşalara baxmışam. Elə tamaşalar var idi ki, biz o tamaşalara bir neçə dəfə bir yerdə baxırdıq. Bu teatrı da çox sevirdi. O vaxt bu teatrın adı Musiqili Komediya Teatrı idi və demək olar ki, hər həftə bu teatra gəlirdik. Elə bir tamaşa yox idi ki, biz onu görməyək. Elə tamaşalar da var idi ki, o tamaşaları bir neçə dəfə seyr edirdik. Bəlkə də bu gün Zərifə xanımın yubileyinin məhz bu teatrda, yenidən əsaslı təmirdən çıxmış teatrda keçirilməsi də rəmzi xarakter daşıyır. Hər bir insan üçün onun valideynləri, onun anası əzizdir, müqəddəsdir. Bu da təbiidir. Hər bir insan doğmalarını öz qəlbində yaşadır. Zərifə xanımın adı əbədiləşdirilib, onun adına küçə vardır. Onun yaşadığı küçə onun adını daşıyır. Onun böyük töhfəsi olan Oftalmologiya Mərkəzi onun adını daşıyır və Mərkəzlə üzbəüz onun abidəsi ucaldılıbdır. Əlbəttə ki, onun xatirəsi, onun obrazı onu tanıyanların qəlbində yaşayır. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Ancaq əfsuslar olsun ki, biz onu tez itirdik. Vaxtından əvvəl həyatdan getdi, hələ çox iş görə bilərdi. Ancaq həyat belədir ki, heç kim deyə bilməz nə vaxt nə baş verəcəkdir. Biz bu gün yubiley tədbirlərini keçirməklə bərabər, eyni zamanda, ölkəmizdə səhiyyə sahəsində aparılan işlərə bir daha nəzər salırıq. Xüsusilə nəzərə almalıyıq ki, bu gün bizim qonaqlarımızın arasında görkəmli alimlər, həkimlər iştirak edirlər. Son illər ərzində Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi üçün böyük işlər görülmüşdür, islahatlar aparılmışdır. Səhiyyənin maddi-texniki bazası böyük dərəcədə möhkəmləndirilmişdir. Təkcə onu demək kifayətdir ki, son 10 ildə Azərbaycanda 500-dən çox tibb müəssisəsi tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Həm Bakıda, həm bütün bölgələrdə indi lazımi tibb xidməti almaq üçün bütün şərait vardır. Bakıda bizim demək olar ki, bütün əsas tibb ocaqları ya yenidən tikilmiş, ya da orada təmir-bərpa işləri aparılmışdır.

Oftalmologiya Mərkəzi yenidən tikilmişdir və dünya miqyaslı bir mərkəzdir. Onkologiya Mərkəzinin yeni korpusları tikilmişdir. Uroloji xəstəxana yenidən qurulmuşdur - neyrocərrahiyyə, cərrahiyyə mərkəzləri, Perinatal Mərkəz, Talassemiya Mərkəzi, keçmiş “Semaşko” xəstəxanası, indi kliniki xəstəxana adlandırılır. Mərkəzi Kliniki Xəstəxana yenidən bərpa edilmişdir. Bu xəstəxananın yeni böyük korpusu tikilməkdədir. Uşaq xəstəxanaları əsaslı şəkildə təmir olunubdur. Yəni, Bakıda son illər ərzində görülmüş işlər səhiyyənin maddi-texniki bazasını böyük dərəcədə gücləndirmişdir. Hazırda tikilməkdə olan Bakı Sağlamlıq Mərkəzi bir neçə böyük xəstəxananı birləşdirəcəkdir. Biz ilin sonuna qədər Bakı Sağlamlıq Mərkəzinin açılışını qeyd edəcəyik.

Eyni zamanda, bölgələrdə səhiyyə müəssisələrinin yaradılması, tikilməsi prosesi gedir. Hər bir şəhərdə ya diaqnostika mərkəzi, ya mərkəzi rayon xəstəxanası tikilib, yaxud da ki, təmir edilibdir. Hazırda yeddi şəhərdə təmir işləri gedir. Qarşıya vəzifə qoyulmuşdur ki, biz bir-iki il ərzində Azərbaycanda hər bir yaşayış məntəqəsində, hər bir şəhərdə, hər bir rayonda ən yüksək tibbi xidmətə nail olmalıyıq. Azərbaycana ən müasir avadanlıq gətirilir. Yəni, dövlət öz tərəfindən lazımi işləri görür. Təkcə onu demək kifayətdir ki, son on il ərzində səhiyyə xərclərinə ayrılan vəsait 11 dəfə artmışdır. Həkimlərin maaşı 6 dəfə artmışdır. Halbuki bu gün də o maaşların səviyyəsi bizi qane edə bilməz. Bu məsələlərin gələcəkdə daha da səmərəli şəkildə həlli üçün indi hökumət işləyir. Yəni, maaşlar daim qaldırılacaqdır. Ancaq biz bu dinamikanı görürük. Çox müsbət dinamikadır. Azərbaycanın ümumi inkişafına uyğun olan dinamikadır. Eyni zamanda, biz burada dövlət siyasətinin təzahürlərini də əyani şəkildə görürük. Çünki bizim siyasətimizin mərkəzində, - bunu mən dəfələrlə demişəm, - insan amili, Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı sağlam olmalıdır. Gənc nəsil sağlam böyüməlidir. Bunu etmək üçün ilk növbədə yüksək səviyyəli tibbi xidmət olmalıdır.

Biz indi iqtisadi cəhətdən güclənmişik. Yenə də deyirəm, siyasətimizin əsasında, mərkəzində Azərbaycan vətəndaşı dayandığı üçün biz maliyyə resursları cəlb etmişik. Ancaq təkcə maliyyə resurslarının cəlb edilməsi ilə iş bitmir. Eyni zamanda, peşəkarlıq artmalıdır. Kadrların hazırlanması sahəsində daha da böyük işlər görülməlidir. Hazırda bu işlər inkişafdadır. Azərbaycan həkimlərinin bir qrupu xaricdə təlim keçir. Xaricdən gələn görkəmli mütəxəssislər, alimlər Azərbaycanda fəaliyyət göstərirlər. Yəni, biz gələcəkdə bu işlərə daha da çox vəsait ayıracağıq ki, peşəkarlıq artsın, Azərbaycanda səhiyyənin nəinki maddi-texniki bazası, eyni zamanda, səviyyəsi, ümumiyyətlə, dünya standartlarına cavab versin. Hesab edirəm ki, buna nail olmaq üçün bizim bütün imkanlarımız vardır.

Yenə də deyirəm, son illər ərzində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşmüşdür. Statistik göstəricilər də, onların dinamikası da çox müsbətdir. Həkimlər yaxşı bilir, əfsuslar olsun ki, bütün dövrlərdə Azərbaycanda körpə ölümü yüksək idi, Sovet İttifaqı dövründə digər respublikalarla müqayisədə həmişə yüksək idi. İndi uşaq ölümü kəskin şəkildə azalmışdır. İnsanların ömrünün uzunluğu artır, bu da hər bir ölkənin ümumi inkişafını şərtləndirən bir amildir. Çox sevindirici haldır ki, bu proses də müsbət istiqamətdə gedir. Azərbaycanda əhali artır. Son on il ərzində Azərbaycanda əhalinin sayı bir milyondan çox artmışdır. Azərbaycanda əhalinin artım templəri Avropa qitəsində ən yüksəkdir. Əlbəttə, bütün bu amillər tələb edir ki, səhiyyə sahəsində daha da ciddi islahatlar aparılmalıdır. Həm struktur islahatları aparılmalı, eyni zamanda, ilk növbədə peşəkarlıq artmalıdır. Əminəm ki, əgər biz bundan sonra da bu templərlə inkişaf etsək, bu məsələlər də öz həllini tapacaqdır. Azərbaycanda bu sahədə görülən işləri beynəlxalq təşkilatlar da qiymətləndirir. Bir müddət bundan əvvəl Bakıda Dünya Səhiyyə Təşkilatı Avropa Komitəsinin konfransı keçirilmişdir və orada qeyd edilmişdir ki, Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsində çox böyük inkişaf və tərəqqi vardır. Yəni bu, reallıqdır. Ancaq o da reallıqdır ki, hələ bəzi hallarda tibbi xidmət lazımi səviyyədə deyildir. Bəzi həkimlərin peşəkarlığı bizi qane edə bilməz və elə tibb müəssisələri var ki, orada əsaslı təmirə ehtiyac vardır. Ancaq əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda bütün bu məsələlər ardıcıllıqla və yüksək templə öz həllini tapır. Bu məsələlərin həlli, bir daha demək istəyirəm ki, dövlət siyasətimizin əlamətidir. Sosial məsələlərin həlli bizim üçün prioritetdir və həmişə prioritet olaraq qalacaqdır. Bu gözəl yubiley bir daha imkan verir ki, biz bu məsələlərə toxunaq, fikirlərimizi bildirək və böyük ümidlərlə gələcəyə baxaq. Çünki gələcəkdə Azərbaycan hər bir istiqamət üzrə inkişaf etmiş ölkəyə çevrilməlidir.

Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar və tanımayanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır. Zərifə xanım böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Sağ olun.

 

X X X

 

Səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək deyib ki, tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın  özü cismən aramızda olmasa da, xalq onu sonsuz hörmət və məhəbbətlə xatırlayır: “Bu mötəbər tədbir də alimin xatirəsinə dövlətin, xalqın, tibb ictimaiyyətinin, elm adamlarının sonsuz ehtiramının ifadəsidir. Belə bir fikir vardır: əzmlə işləyən insanların günləri qısa, ömürləri uzun olur. Bu mənada, Zərifə xanım Əliyevanı uzunömürlü hesab etmək olar. Onun elmi əsərləri, tədqiqatları, çoxsaylı kitabları yaşadığı 62 illik ömrünə sığmır. İşıqlı xatirəsi bu gün də insanların yaddaşında, təkcə yaxınlarının və həmkarlarının deyil, həm də gözlərinə rəngarəng dünyanın nurunu bağışladığı xəstələrinin qəlblərində yaşayır. Həyatda belə böyük sevgi qazanmaq, özündən sonra belə əziz duyğular, nurlu xatirələr qoyub getmək - belə xoşbəxtlik çox az adamın taleyinə yazılır. Akademik Zərifə Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır. Sözsüz ki, Zərifə xanımın zəngin daxili aləminin formalaşmasında ailəsinin, valideynlərinin çox böyük rolu olmuşdu. Tanınmış alim və həkim, keçmiş SSRİ-də böyük nüfuz qazanmış bir dövlət xadimi Əziz Əliyevin qızı məhz Zərifə xanım kimi olmalı idi. Akademik Mustafabəy Topçubaşovun adi həkim deyil, bütün cəmiyyətin loğmanı adlandırdığı Əziz Əliyev böyük ürək sahibi, geniş biliklərə, yüksək mənəviyyata malik şəxsiyyət idi. Övladlarının ona sevgisi onların sənət seçiminə də təsir etmişdir. Bu ailənin üç övladı - Tamerlan, Zərifə və Cəmil həkimlik sənətini seçmişlər.

1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Zərifə xanım bütün ömrünü oftalmologiyaya həsr etdi, seçdiyi sənətin fədaisi oldu. Onun ilk elmi-tədqiqat işlərinin mövzusunu da elə həyatın özü verdi - Azərbaycanda o dövrdə çox geniş yayılmış traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi. Bütün ölkə ərazisini əhatə edən bu tədqiqatların nəticələri gənc alimin uğurla müdafiə etdiyi namizədlik dissertasiyasında öz əksini tapdı. İşinə həvəslə yanaşan, yeniliklər axtarışında olan Zərifə xanımın sonrakı elmi tədqiqatları da böyük praktiki əhəmiyyət daşıyırdı. Onun elmi irsində peşə ilə bağlı görmə problemi xüsusi yer tutur. İlk dəfə olaraq o, sənaye obyektlərində müxtəlif maddələrin gözə təsiri sahəsində elmi tədqiqatlar aparır, peşə patologiyasını araşdıran dünyada ilk elmi-tədqiqat laboratoriyası yaradır və nəticədə elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyur. Uzun illər apardığı müşahidələr, kliniki tədqiqatlar əsasında Zərifə xanım Əliyeva 1976-cı ildə dünyanın ən nüfuzlu oftalmoloji mərkəzlərindən biri olan Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda doktorluq dissertasiyasını müdafiə edir. Məhz peşə xəstəliklərinin elmi araşdırmalarının uğurlu nəticələrinə görə professor Zərifə Əliyeva oftalmologiya sahəsində ən mötəbər mükafata - SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldü. Diqqətəlayiqdir ki, o, bu mükafatla təltif olunan ilk qadın alim idi. Zərifə xanımın tədqiqatları elmin yalnız bir istiqamətini əhatə etmirdi, o, oftalmologiyanın ən müxtəlif mövzularını işıqlandırır, tam fərqli xəstəliklərin səbəbini araşdırırdı. Qlaukoma, peşə oftalmologiyası, göz travmatizmi, görmə orqanının virus zədələnməsi, bədxassəli şişlər, göz yaşı yolu xəstəlikləri - bu və digər istiqamətlərdə aparılan tədqiqatların nəticələri iki yüzə qədər məqalə, məruzə, monoqrafiyada öz əksini tapmışdı. Görkəmli alimin zəngin elmi irsi bu gün də aktualdır. Onun bir çox əsərləri, dərslikləri oftalmoloqların stolüstü kitabları kimi daim vərəqlənir, oxunur, praktiki fəaliyyətlə məşğul olan göz həkimləri tərəfindən çox yüksək qiymətləndirilir. Zərifə Əliyeva elm qarşısında böyük xidmətlərinə, çoxillik elmi tədqiqatlarına görə Əməkdar Elm Xadimi fəxri adı ilə təltif olunmuş, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdi.

Akademik Zərifə Əliyeva təkcə öz adını tibb tarixinə yazmadı, eyni zamanda, Azərbaycan oftalmologiyasının adını bütün dünyada ucaltdı. 1977-ci ildə onun təşəbbüsü ilə Bakıda ilk dəfə olaraq Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Dünya şöhrətli alimlərin iştirak etdiyi bu mötəbər tədbir Azərbaycan elminin gələcəyi, onun inkişafı naminə ən tanınmış elmi mərkəzlərlə birgə tədqiqatların aparılması, peşəkar kadrların hazırlanması üçün böyük imkanlar yaratdı. Zərifə xanımın ən böyük xidmətlərindən biri də pedaqoji fəaliyyəti idi. Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, oftalmologiya kafedrasının müdiri kimi, o, həkimlərin biliyinin artırılması üçün qüvvəsini və vaxtını əsirgəmirdi. Tələbələrinə oftalmologiyanın incəliklərini öyrədən alim böyük oftalmoloqlar nəsli yetişdirdi.

Zərifə xanım həkim-xəstə münasibətlərində də gənc həkimlərə bir nümunə idi. O, həkim etikası və tibbi deontologiya kimi çox həssas sahələrə xüsusi diqqət yetirirdi. Həkimin cəmiyyətdə roluna, onun peşəkar fəaliyyətinə həsr etdiyi çoxsaylı məqalə və çıxışları, eləcə də “Yüksək əqidə” adlı kitabı cəmiyyətimizdə həkim şəxsiyyətinin formalaşması prosesinə dəyərli töhfələr vermişdi. Görkəmli alimin həkimlik fəaliyyətində bir məqam da qırmızı xətlə keçir. O, sadə, adi insanlara hər zaman xüsusi diqqətlə, məhəbbətlə yanaşır, onların problemlərini dinləyib, ümidsiz qoymurdu. Zərifə xanım əsl ziyalı qadın idi. Bu ziyalılıq bir tərəfdən onun biliyində və savadında, digər tərəfdən, simasındakı nurla, xasiyyətindəki təmkin və nəcibliklə özünü göstərirdi. Onun ən gözəl cəhətləri bəşəriyyətə və insanlara sevgisi, sevimli işinə hədsiz bağlılıq və ailəsinə vurğunluq idi...

Tale Zərifə xanıma onu sevən, ona dəyər verən, yolunda hər cür fədakarlığa hazır olan qüdrətli bir insanı - müasir müstəqil Azərbaycanın qurucusu, bütün ömrü boyu xalqına, Vətəninə sədaqətlə xidmət etmiş Heydər Əliyevi bəxş etdi. Bu iki insanı bir-birinə təkcə sonsuz məhəbbət hissi bağlamırdı, onlar ruhən də çox yaxın idilər. Zərifə xanım Heydər Əliyev kimi bir dahi üçün təkcə sədaqətli ömür-gün yoldaşı olmamışdı, həm də mənəvi dayağa, əsl dosta çevrilmişdi. Həyatının sonunadək onu qorumuşdu...

Ulu öndər Heydər Əliyevin düz 12 il əvvəl, 2001-ci il aprelin 28-də Zərifə xanımın xatirəsinə həsr olunmuş gecədə çox kövrəkliklə söylədiyi bir fikri xatırlatmaq istəyirəm: “....Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır...” Bir-birini üzvi surətdə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün milli dəyərlərimizi əks etdirən nümunədir. Onlar çətinliklərin öhdəsindən birgə gəlib, uğurlara birgə sevinirdilər. İki ləyaqətli övlad böyütdülər. Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır.”

Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi Təhsil Akademiyasının rektoru Larisa MOŞETOVA yubiley mərasimində çıxış edərək bildirib ki, biz bu gün Zərifə xanımı yubiley münasibətilə təbrik edə bilmirik, yalnız onun haqqında xoş xatirələrimizi danışır, hörmət və ehtiramımızı bildiririk: “XX əsrin böyük qadını, müdrik, savadlı, gözəl ziyalısı olan Zərifə xanım görkəmli oftalmoloq alim, bununla yanaşı, həm də sadə və çox ünsiyyətcil insan idi. Mən taleyimə minnətdaram ki, bəxtim gətirib, bu böyük qadınla ünsiyyətdə olmuşam və həyat yolumun müəyyən hissəsini onunla yanaşı keçmişəm. Zərifə xanımla tanışlığa qədər mən onun barəsində həmkarlarından və öz müəllimlərimdən xeyli xoş sözlər eşitmişəm. Sonralar Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun iki kafedrasının rəhbərlərinin xoş münasibətləri bu iki kollektivin sıx dostluq etmələri üçün təməl oldu. Biz Bakıda birgə məşğələlər keçirirdik. Çox yaxşı yadımdadır, o vaxt mən gənc pedaqoq idim və çox həyəcanlanırdım. Çünki mühazirələrdə Azərbaycan kafedrasının zəngin təcrübəli pedaqoqları iştirak edirdilər və çox vaxt Zərifə xanım da gəlirdi. Amma özünün dövlət statusuna baxmayaraq, o gənc pedaqoqlara münasibətdə son dərəcə diqqətli və xeyirxah idi. Biz Bakıda unudulmaz günlər keçirdik, gündən-günə yaxşılaşan bu gözəl şəhər haqqında çox şey öyrəndik.

Zərifə xanımla bilavasitə tanışlıq isə bizim gələcək elmi əməkdaşlığımızın bünövrəsini qoydu, birgə monoqrafiyalar dərc edildi, əcnəbi dillərə tərcümə olunan oftalmologiyanın, terapevtik oftalmologiyanın aktual məsələləri işıq üzü gördü. Zərifə xanım nəşrlərin keyfiyyətinə son dərəcə həssaslıqla yanaşırdı. Bu məsələdə Heydər Əliyev bizə çox kömək edirdi. Mən onlarla həmin kitablar üzərində işi başa çatdırmaq üçün Bakıya gələndə görüşdüm. Bu, unudulmaz, xeyirxah və son dərəcə peşəkar görüşlər idi. Mənim yadımda Zərifə xanımın Helmqolts adına Göz Xəstəlikləri İnstitutunda Oftalmoloqların Moskva Elmi Cəmiyyətində çıxışı qalıb. O, gənclərin hazırlığı və tərbiyəsi haqqında çıxış edirdi. Bu, siyasi xadimin, pedaqoqun, müdrik ziyalının çıxışı idi və biz hamımız - gənclər də, zəngin təcrübəli pedaqoqlar və alimlər də nitqin gözəlliyinə, məruzənin dərin məzmununa və ifadə tərzinin səlisliyinə heyran qalmışdıq.

Təəssüf ki, Zərifə xanımın ömür yolu çox qısa oldu, yaddaşımızda onunla vidalaşmanın kədərli günləri qaldı. İllər keçdi, lakin Azərbaycan və Rusiya oftalmoloqlarının xoş münasibətləri yeni keyfiyyət kəsb etdi. Hazırda elmi kadrlar birgə hazırlanır, elmi konfranslar, praktik məsləhətləşmələr keçirilir. Elə dünən keçirilmiş gözəl konfrans buna nümunə ola bilər. Azərbaycanın Həkimləri Təkmilləşdirmə İnstitutu həqiqətən elmi, praktik həkim kadrlarının hazırlanması üzrə böyük məktəbə çevrilib. Bu gözəl instituta daxil olarkən özünü saraydakı kimi hiss edirsən. Bizim Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu isə artıq akademiyaya çevrilib. Həmin akademiyanın rektoru və oftalmologiya kafedrasının müdiri kimi mən münasibətlərimizin tarixinə çox doğma yanaşır və onları maksimum dərəcədə inkişaf etdirməyə çalışıram.

Larisa Moşetova iki təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalandığını qeyd edərək, bu sənədin gələcək əlaqələr, MDB Ölkələri Həkimlərin Təkmilləşdirmə İnstitutları Assosiasiyasının yaradılmasına əsas ola biləcəyini dedi. Larisa Moşetova Zərifə xanım Əliyevanın diplomdan sonrakı tibbi təhsilə verdiyi önəmi diqqətə çatdıraraq dedi:

-Tibbi kadrların hazırlanması sahəsində əməkdaşlığımız, - mən tamamilə əminəm ki, təbabət sərhədsizdir, hansı dildə danışmalarından asılı olmayaraq, - bizim bütün pasiyentlərimiz üçün yəqin ki, çox faydalı olardı. Əlbəttə, çox təəssüf ki, bütün bunları mənə çox əziz olan iki insan - nə Zərifə xanım, nə də Heydər Əliyev görmürlər. Mən onlara minnətdaram. Bu böyük şəxsiyyətlərlə ünsiyyətdə olmaq xoşbəxtliyinə görə çox sağ olsunlar, hazırda həyatda olanların vəzifəsi onları yadda saxlamaq və xatirələrini gələcək nəslə çatdırmaqdır. Mən Azərbaycan xalqına və sizə, Azərbaycan Prezidenti İlham Əliyevə yeni uğurlar, tərəqqi və bir səhiyyə işçisi kimi cansağlığı arzulayıram. Çox sağ olun!

Sonra Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi Təhsil Akademiyasının kafedra müdiri Alevtina Brovkina çıxış edib:

“Əziz dostlar! Bu gün mən sizə müraciət etmək istərdim! Belə müraciət forması Zərifə Əziz qızına daha çox xas idi. Bu gün Zərifə xanımın elmə töhfələri haqqında çox danışdıq, amma nədənsə kiçik bir nüansı nəzərdən qaçırdıq. Həmin uzaq sovet dövründə Bakıda məişət kondisionerləri zavodu var idi. Zərifə xanım həmin müəssisədə işləyən pasiyentlərdə müşahidə olunan bəzi oftalmoloji simptomlara diqqət yetirmişdi. Təsadüfi deyildir ki, o vaxt Zərifə Əziz qızı göz yaşı ifrazının pozulması, göz yaşı ifraz edən orqanların xəstəlikləri məsələləri ilə məşğul olmağa başlamışdı. Uzun müddət belə halların mahiyyətini və səbəblərini anlamaq qeyri-mümkün idi. Biz yalnız bu gün bilirik ki, quru göz sindromu deyilən bir əlamət vardır. O illərdə isə bu haqda heç nə eşitməmişdik. Amma bu, alimin öncəgörmə qabiliyyətidir. Bu keyfiyyət məhz istənilən istiqamətdə yaradıcılıqla işləyən insanlara xasdır.” Akademik Zərifə Əliyevanın Göz Xəstəlikləri İnstitutunun fəaliyyətinə verdiyi önəmi vurğulayan və bu institutla bağlı xatirələrini bölüşən Alevtina Brovkina dedi: -Bu səfərimdə, bu gün buraya gələndə institutu gördüm. Bilirsinizmi, Zərifə Əziz qızı haqqında keçmiş zamanda danışmaq istəməzdim. O, yenə vardır, orada, Oftalmologiya İnstitutundadır! Bu, çox mühüm məqamdır.  Zərifə xanım Əliyevanın daxilən çox ziyalı insan olduğunu qeyd edən Alevtina Brovkina onun təvazökarlığını xüsusi vurğuladı, Zərifə xanımın insanlarla çox gözəl, səmimi ünsiyyət qurduğunu, qayğıkeş ana, təəssübkeş olduğunu qeyd edərək bildirdi:

-İlham Heydər oğlu, burada Sizin və ailənizin ünvanına çox xoş sözlər deyildi. Ümumiyyətlə, mən hesab edirəm ki, Siz çox xoşbəxt insansınız, çünki Sizin bu cür ananız və atanız olmuşdur. Sağ olun.   Türkdilli Ölkələrin Oftalmologiya Cəmiyyətinin sədri xanım Sunay Duman çıxış edərək deyib, Akademik Zərifə Əliyevanın adının niyə bir çox müəssisəyə verildiyi, xatirəsinə hər il nə üçün beynəlxalq yubiley tədbirləri keçirildiyi, xalqının onu niyə bu qədər sevib millətinin anası qəbul etdiyi onun həyat hekayəsindəki yaşadıqlarındadır. Zərifə xanım hələ orta məktəbdə oxuyarkən traxomadan əziyyət çəkən insanların iztirabını hiss edir və onun öhdəsindən gəlməyi qarşısına məqsəd qoyur. Tibb İnstitutunu müvəffəqiyyətlə bitirir. Məzun olduqdan sonra yalnız xəstəxanada çalışmır, respublikanın ən ucqar yerlərinə qədər gedib traxomanın öhdəsindən gəlmək üçün bir sıra araşdırmalar aparır və nəticədə bu xəstəliyə qalib gəlməyi bacarır. Bununla yanaşı, Zərifə xanım sənaye müəssisələrində zərərli amillərin insan gözlərinə təsiri ilə də məşğul olur. Bu sahədəki uğurlu işləri nəticəsində Averbax mükafatı ilə təltif edilir. Bu mövzuda yazdığı elmi əsərləri ona böyük nüfuz qazandırır və 1983-cü ildə akademik seçilir. Sizdə də, bizdə də istifadə edilən belə bir atalar sözü vardır: “Yuvanı quran ana quşdur”, ya da “Hər bacarıqlı kişinin arxasında bacarıqlı bir qadın vardır”. Atatürk “Qadının ən böyük dühası dünyaya övlad gətirmək və böyütməkdir” demişdir. Böyük zəka və düha sahibi olan Zərifə xanım da analıq vəzifəsini ən yüksək səviyyədə yerinə yetirmiş, övladları ilə dost olmuş, istedadlı gəncliyin yetişməsinə çalışmış, onlarla elm xadimi yetişdirmişdir. Təvazökarlığı və xalqına qucaq açması ilə vətənin anası olmuş, könüllərdə taxt qurmuş Zərifə Əliyeva 62 illik qısa ömrünə elə şeylər sığdırmışdır ki, heyranlıq duymamaq mümkün deyildir. Vəfatından bu yana 28 il keçməsinə baxmayaraq, Azərbaycan xalqını Zərifə Əliyevanın xatirəsinə göstərdiyi qədirbilənliyə görə ürəkdən təbrik edirəm. Qəbri nurla dolsun.

Təəssüf ki, Zərifə xanım ilə tanış ola bilmədik. Ancaq böyük dövlət xadimi, möhtərəm Heydər Əliyev ilə 2000-ci ildə tanış olduğum üçün özümü çox şanslı sayıram. Mərkəzi Klinik Xəstəxananın açılışında, çox soyuq bir havada hörmətli Prezidentin sevgiyə, hörmətə, etimada çağıran, qəlbləri isidən, insanları coşduran bir saatdan çox çıxışında tez-tez təkrarladığı “bir millət, iki dövlət” kəlamı hələ də qulaqlarımdadır. Bu kəlam dostluq və qardaşlığımızın ən gözəl ifadəsidir. Hörmətli sabiq Prezidentin ruhu şad olsun. Azərbaycan Prezidenti İlham Əliyevin elmin inkişafına, elm adamlarına yüksək qayğı göstərdiyini vurğulayan Sunay Duman Heydər Əliyev Fondunun gördüyü işlərin dünyada böyük maraq doğurduğunu bildirərək dedi:  -Həmkarımız Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi xidmətləri dünyada izlənməkdə və çox təqdir qazanmaqdadır. Fondun dəstəyi ilə Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının fəaliyyəti ilə Zərifə Əliyevanın arzuları gerçəkliyə çevrilmişdir. Hazırda Milli Oftalmologiya Mərkəzi Cənubi Qafqazın ən böyük müayinə, müalicə və müasir cərrahiyyə mərkəzidir. Son on ildə Azərbaycan oftalmologiya sahəsində dünya ilə inteqrasiya istiqamətində ciddi addımlar atmışdır. Azərbaycanda rezidentura təhsilinin 3-4 ilə çatdırılması və təhsili Tibb Universiteti ilə Milli Oftalmologiya Mərkəzinin verməsi çox sevindirici haldır. Beləliklə də Azərbaycan dünya ilə paralelliyi təmin etmişdir. Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə toxunan Sunay Duman əlaqələrimizin təməlində fədakarlıq, qarşılıqlı dəstək və vətənpərvərlik hisslərinin durduğunu vurğulayaraq bildirdi: -Biz bir millət, iki dövlətik. Xocalı qətliamı bizim də içimizi yandırır. Dağlıq Qarabağ münaqişəsi ortaq problemimizdir. Türkiyə türk dünyasının ürəyi, Azərbaycan bu ürəyin şah damarıdır. Ulu öndər Atatürkün dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Dünən belə idi, bu gün də belədir, sabah da belə olacaqdır. Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı. Hamınıza təşəkkür edirəm. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olundu.  Daha sonra Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinin əks olunduğu fotosərgiyə baxdı.

 

 

Səs.- 2013.- 30 aprel.- S.2-3-4.