Azərbaycan-Almaniya: mədəni inteqrasiyanın tarixindən (XV-XX əsrin əvvəlləri)

 

"Beynəlxalq mədəni əlaqələr" kitabında yazılmışdır ki, Azərbaycan-Almaniya münasibətlərinin və əlaqələrinin qədim tarixi vardır. Azərbaycan ərazisində təşəkkül tapmış və öz qüdrəti ilə Şərqdə mühüm rol oynamış Ağqoyunlu dövləti hələ XV əsrdə bir çox Avropa dövlətləri, həmçinin Almaniya ilə geniş diplomatik əlaqələr yaratmışdı. 1473-cü il avqustun 18-də Ağqoyunlu dövlətinin elçisi Uzun Həsənin Almaniya imperatoruna yazdığı məktub Avropaya yola salınmışdı. Azərbaycan Səfəvilər dövlətinin meydana gəlməsi ilə bu münasibətlər daha da intensiv məzmun kəsb etdi. XVI əsrin sonu XVII əsrin əvvəllərində Səfəvi dövlətini səyahət etmiş Almaniya elçiləri Stefan Kakan və Georq Taktanderin xatirələri iki dövlət arasında beynəlxalq əlaqələrin təşəkkülü tarixindən diqqəti cəlb edir. Digər Avropa dövlətləri kimi Almaniya ilə başlanan diplomatik əlaqələr, ilk hallarda iqtisadi, ticarət əlaqələri ilə müşayiət olunurdu ki, məhz bunların fonunda mədəni əlaqələrin ünsürləri meydana çıxırdı. O dövrdə hər iki ölkəni gəzmiş müxtəlif səyyahların verdikləri məlumata əsasən demək olar ki, Azərbaycandan Almaniyaya aparılan sənətkarlıq məhsulları təkcə alqı-satqı əmtəəsi rolunu oynamırdı, bu, həm də avropalıların, almanların Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmasını təmin edirdi.

 Lakin Azərbaycan-Almaniya mədəni əlaqələrinin formalaşmasında almanların Azərbaycana miqrasiyası kimi tarixi faktın çox böyük rolu olmuşdur. Bu hadisə XIX əsrin əvvəllərində Avropa xalqlarının kütləvi miqrasiyaya məruz qaldığı zaman Almaniya sakinlərinin Azərbaycana gəlməsi ilə bağlı olmuşdur. Almanlar Gəncəbasar zonasının bəzi regionlarında məskunlaşmışlar. Bu məskunlaşma ilə əlaqədar Azərbaycan ərazisində Yelenendorf (indiki Xanlar rayonu), Annenfeld (Şəmkir) rayonu, Qribfeld (elə həmin ərazidə), Alekseyevka (Qazax rayonu) və diqər alman məskənləri yaranır. Burada məskunlaşmış almanlar Azərbaycan mədəniyyəti ilə yaxından tamş olur, eyni zamanda, azərbaycanlılar da onlarla sıx yaxınlıq edir və nəticədə qarşılıqlı mübadilə baş verirdi. Elə həmin tarixi çağlardan indi də məşhur hesab edilən "Siemens", "Krupp", "Benkendorf" kimi şirkət və müəssəsilər Azərbaycanda ilk kapitalist müəssisələri yaratmaqla yanaşı, onun əməkdaşları, həmçinin, Azərbaycanın zəngin maddi və mənəvi mədəniyyəti ilə yaxından tanış olurdu. Bu işə hədsiz marağı olan əməkdaşların bəziləri arxeoloji, memarlıq abidələrinin tədqiqini həyata keçirmək ilə məşğul olurlar. Bir faktı da mütləq qeyd etmək vacibdir ki, Azərbaycanda mədəniyyət və tarixi abidələrin tədqiqi, öyrənilməsi işi, təəccüblü olsa da, məhz diqər avropalılarla yanaşı, almanların adı ilə bağlıdır. Bu, tarixi- mədəni hadisə mədəni əlaqələr kontekstindən maraqlı, diqqəti çəkən hadisə olmaqla yanaşı, digər tərəfdən mədəni abidələrin Avropaya aparılması faktı ilə müşayiət edilirdi. Əcnəbilərin əldə etdikləri arxeoloji, etnoqrafik abidələr xarici dövlətlərin məşhur muzey və arxivlərinə satılmış, yaxud təhvil verilmişdir. "Dədə Qorqud" dastanının əlyazmasının Almaniyanın Drezden kitabxanasına düşməsi faktı da buna misaldır.

Buna bənzər digər nümunə klassik Azərbaycan şairi Mirzə Şəfi Vazehin (1794 -1852) alman ədəbiyyatı ilə əlaqələrində özünü göstərmişdi. M.Ş.Vazehin əsərlərinə sonsuz dərəcə məftun olan alman şairi F.Bodenştedt ilə yaranan yaradıcılıq əlaqələri Azərbaycan-Almaniya mədəni əlaqələrinin formalaşaraq inkişaf etməsində mühüm rol oynamışdır.

Fridrix Martin fon Bodenştedt M.Ş.Vazehin 1844-cü ildə Tiflisdə təşkil etdiyi "Divani-hikmət" adlı ədəbi məclisində Şərq, o cümlədən, Azərbaycan poeziyası ilə yaxından tanış olmaq məqsədilə qonaq gəlir. Yaranan əlaqələr çox səmimi, eyni zamanda, Azərbaycan ədəbiyyatının Avropada tanınması baxımından mənfəətli oldu. Çox keçmədən alman qonağı ilə Mirzə Şəfı arasındakı tanışlıq dostluğa çcvrilir. F.Bodenştedt vətəni Almaniyaya qayıtdığı vaxt şairin əlyazmaların da Avropada çap etdirmək məqsədilə aparır. Həqiqətən də, o, görkəmli klassikin şeirlərini alman dilinə tərcümə edərək özünün tarixi-etnoqrafik əsərində - "Şərqdə min bir gün" adlı kitabında çap etdirir. Bu kitabın ən böyük üstünlüyü ondan ibarətdir ki, alman ədibi M.Ş.Vazeh, onun yaşadığı Azərbaycan torpağı, mədəniyyəti haqqında avropalılara məhəbbətlə danışır. Tezliklə tərcümə olunmuş şeirlər alman oxucuları tərəfindən rəğbətlə qarşılanır. Bu zaman F.Bodenştedt Mirzə Şəfinin digər şeirlərini də tərcümə edərək 1851-ci ildə "Mirzə Şəfinin nəğmələri" başlığı altında çox nəfis şəklində çap etdirir. Çox qısa bir zamanda şeirlər M.Ş.Vazehə görünməmiş şöhrət gətirir. Nəğmələr tezliklə digər Avropa dillərinə də tərcümə edilir. Dünyanın ən məşhur bəstəkarları həmin nəğmələrə musiqi bəstələyirlər.

 Vətənindən çox-çox uzaqlarda M.Ş.Vazehin əldə etdiyi şöhrət tərcüməçidə qısqanclıq yaratdığından görkəmli klassikin şeirlərini "Mirzə Şəfinin sələfindən", sonrakı kitabını öz adı ilə nəşr etdirir (1870). Əlbəttə, Azərbaycan-Almaniya münasibətləri mədəni əlaqələrin saflığı baxımından təəssüf doğuracaq bir hadisə olmasına baxmayaraq hər halda F.Bodenştedtin xidmətlərini də umıtmaq olmaz. Digər tərəfdən, müəllifin "Şərqdə min bir gün" kitabında Mirzə Şəfi haqqında xatirələrində Vazehin Avropa ilə mədəni əlaqələrin yaradılması zərurətinə üstünlük verdiyi faktı da diqqəti cəlb edir. Kitabda yazılır: "O, (M.Ş.Vazeh - S.Ə.) eyni zamanda belə bir möhkəm əqidədə idi ki, biz Qərb övladları dərs alacağımız illər ərzində onun səyi ilə Şərqin müdrik və ibrətamiz cəhətlərinə yiyələnəcəyik.

Sən mənim beşinci şagirdimsən, - deyə o, əlavə edib bildirdi ki, hikmətli kəlamlarını dinləmək üçün Tiflisə gəlmək zərurətini duyanların sayı getdikcə çoxalır. Bir az susduqdan sonra əlavə etdi ki, məndən əvvəlki dörd şagirdi geriyə - Avropaya öz vətənlərinə qayıdandan sonra bütün səylərini Şərqdə aldıqları bilikləri yerlərində geniş yaymağa həsr etmişlər. Mənə isə o, daha böyük ümidehtiram bəsləyirdi.

Göründüyü kimi, görkəmli Azərbaycan klassiki Şərqlə Qərbin mədəni inteqrasiyası müstəvisində Azərbaycan-Avropa münasibətlərinin səmərəliliyinə çox müasircəsinə yanaşmış və bunu özünün bacarığı və imkanları çərçivəsində həyata keçirmişdi.

 "Mirzə Şəfinin şərqiləri" Almaniyada əks-səda doğurduğundan, sevildiyindən onun operettası da yaradılır. Operetta 1881-ci il noyabrın 5-də Berlindəki "Fridrix Vilhelm" teatrında göstərilir. Verilən informasiyaya görə, əsərin libretto müəllifi Emil Pol, bəstəkarları Karl MilyokerLuiz Rotdur. Bu operettanın məzmunu barədə Lohannes Şolts özünün "Operetta haqqında sorğu"sunda qısa məlumat vermişdi.

 Azərbaycan-alman mədəni əlaqələrinin maraqlı tarixi faktlarından birialman rəssamı Oskar Şmerlinqin "Molla Nəsrəddin" jurnalında çalışaraq milli karikatura məktəbinin yaranmasındakı əvəzsiz roldur. Oskar Şmerlinq Azərbaycanda satirik qrafikanın, karikatura sənətinin, mətbuat rəssamlığının, kitab qrafikasının əsas yaradıcılarından biri olmuşdur.

 Oskar Şmerlinqin karikaturaçı-rəssam kimi parlamasında Azərbaycan satirik mətbuatı, xüsusən, 1906-cı ildan Tiflisdə nəşr edilmiş "Molla Nəsrəddin" jurnalı mühüm rol oynamışdır. Məlumdur ki, Cəlil Məmmədquluzadə bu jurnalın nəşrinə başladıqda Azərbaycanda peşəkar satirik rəssam yox idi. Bu səbəbdən də jurnal üçün rəsm çəkmək işinə ilk növbədə Tiflisdə yaşayıb-yaradan alman rəssamı Oskar Şmerlinq cəlb edilmişonun zəhməti sayəsində "Molla Nəsrəddin" kimi birinci rəngli və şəkilli satirik jurnal meydana çıxmışdır.

 Oskar Şmerlinq sovet hakimiyyəti illərində də Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı ilə əlaqə saxlamış və əməkdaşlıq etmişdir.

 Müəllif İsa Həbibbəylinin yazdığı "Mollanəsrəddinçi karikatura ustası" kitabında deyilir: "İndi XXI əsrin əvvəllərində dövlətlərin və xalqların yeni yaradıcılığı əməkdaşlıq mərhələsinə qədəm qoyduğu tarixi bir mərhələdə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə ilə məşhur alman rəssamı Oskar Şmerlinqin dostluğu, yaradıcılıq əlaqələri hazırkı nəsillər üçün qiymətli və mənalı bir örnəkdir".

 Artıq Almaniyada Azərbaycan və onun mədəniyyəti haqqında təsəvvür formalaşır. Leypsiq mərkəzi beynəlxalq kitabxanasının məlumatına istinadən, hələ 1913-cü ildən başlayaraq kitabxanaya mütəmadi olaraq Azərbaycan haqqında yazılmış müxtəlif kitablar daxil olmuşdur. Maraqlıdır ki, həmin kitabların çoxu almanlar tərəfindən yazılmışdır.

 Azərbaycan-Almaniya arasında mədəni əlaqələrin dövlət siyasəti çərçiəvəsində həyata keçirilməsinə ilk cəhd, Azərbaycan Demokratik Cümhuriyyətinin hakimiyyəti dövründə edilmişdir. Belə ki, ADR xüsusi olaraq elm və təhsil sahəsində əlaqələrin yaranmasını ön plana çəkir. Əlli nəfərə yaxın azərbaycanlı gənci Almaniyanın tanınmış ali məktəb ocaqlarında - Frayberq Dağ-Mədən Akademiyasında, Münhendə, Darmştatda, Hamburq universitetlərində təhsil almağa göndərmişdir. Bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin sonralar bəziləri elə həmin ölkədə qalmış, bəziləri isə Azərbaycana qayıdaraq vətəndə çalışmağa başlamışlar. Lakin Azərbaycanda sovet hakimiyyətinin bərqərar olması onların əksəriyyətinin repressiyaya məruz qalmaması üçün mühacirətinə səbəb oldu.

 ADR-in dövründə Almaniyada təhsil alan azərbaycanlı tələbələr alman həmkarları ilə əlaqələrini möhkəmləndirirdilər. Tələbələrin səyi nəticəsində Berlində tələbə ittifaqları təşkil edilir. Digər universitetlərdə isə filialları yaranırdı.

 Azərbaycan mədəniyyətinin Avropaya inteqrasiyasının ilk addımlarını öz üzərinə götürən azərbaycanlı tələbələr buna çox ciddi münasibət bəsləyirdilər.

 Bu faktlar sübut edir ki, Azərbaycan-Almaniya mədəni əlaqələri həm də dövlətin məqsədyönlü tədbirləri əsasında həyata keçirilirdi. Təkcə bir faktı da qeyd etmək kifayətdir ki, Azərbaycan Demokratik Respublikasının fəaliyyət göstərdiyi 1918-1920-cı illərdə parlamentə seçkilər zamanı respublikada yaşayan almanlara həmin qanunverici orqanda bir deputat yeri verilmişbu yerə Yelenendorfun icma başçısı Robert Kun seçilmişdir.

 ADR-in hakimiyyəti dövründə Azərbaycan-Almaniya mədəni əlaqələrinin inkişafı üçün nəzərdə tutulmuş tədbirlərdən biri də 1919-cu ildə Yelenendofda alman koloniyasının yaradılmasının yüz illik yubileyinin (9.06.1919) təntənəli şəkildə keçirilməsi faktı idi. Azərbaycan Parlamentinin yubiley iştirakçılarına ünvanlanan təbrik məktubunda deyilirdi: "Azərbaycan Respublikası Parlamentinin Rəyasət Heyəti Yelenendorf koloniyasının yaradılmasının yüz illiyini təbrik edirbu kiçik mədəni özəyin daha da çiçəklənməsini arzulayır".

Buradakı almanlarla azərbaycanlılar arasında qarşılıqlı mübadilə gedir, alman mədəniyyətinin inteqrasiyası üçün hər cür şərait mövcuddur. Xüsusilə, Yelenendorfda mədəni mərkəz rolunu oynayan "İcma məclisi"ndə "mədəni istirahət məskənləri"nə, milli ənənələrin mühafizəsinə musiqi məşğələlərinə, folklor irsinin öyrənilməsinə böyük əhəmiyyət verilirdi ki, bu da kolonistlərin (almanların - S.Ə.) mənəvi həyatını canlandırır, onların milli özünəməxsusluqlarının qoruyub saxlayır. Bu faktlar sübut edir ki, Azərbaycan torpağı öz vətənlərindən didərgin salınmış almanları dostcasına-qardaşcasına qəbul etmiş, onların mədəniyyətinə çox böyük ehtiram və hörmətlə yanaşaraq onun inkişafını təmin etmişlər. Belə sağlam bir mühitdə alman-Azərbaycan mədəni mübadiləsi ölkələrarası, dövlətlərarası səciyyə kəsb etməsə də, bu məqam gələcəkdə ölkələrarası səviyyə üçün möhkəm bir baza idi. 1918-ci ildə Almaniyanın Rusiyadakı konsulu Yelenendofdakı almanların vəziyyəti ilə tanışlıqdan çox məmnun qalmışdı.

 XIX əsrin II yarısı - XX əsrin əvvəllərində və Cümhuriyyət dövründə Azərbaycan-Almaniya mədəni əlaqələrinin ən qabarıq nümunəsi ölkədə memarlıq sənətinin inkişaf etdirilməsi, bu sahədə Qərbə inteqrasiyanın təzahürləri mühüm yer tuturdu. Bakının neft mərkəzinə çevrilməsi milli burjuaziya nümayəndələrinin yaşayış, və digər mesenantçılıq məqsədlərini həyata keçirməyi tələb edirdi. Avropanın digər ölkələrindən başqa, Almaniyadan da memarlar və mühəndislər yerli memarlar ilə mübadilə edərək gözəl tikintiləri həyata keçirmişlər. Bu gün həmin tikililər nəinki Azərbaycan, eləcə də, dünyanın nadir sənət nümunələri sırasındadır. Alman memarlarından N.A. Fon der Nonne, mühəndis-texnoloq Ferdinand Lemkul, memar P.Ştem, l.V.Edel, A.Eyxler Bakını, sözün əsil mənasında, gəlin kimi bəzədilər. Həmin memar-mühəndislərin Azərbaycanda mədəni əxz nümunələrinə nəzər salaq. Bakı şəhər duması 1897-ci il martın 4-də şəhərin planının tərtibini memar N.A. Fon der Nonneyə tapşırmaq haqqında qərarı təsdiq edir.

 

Vahid Ömərov,

fəlsəfə üzə fəlsəfə doktoru

 

Səs. - 2013.- 8 avqust.- S. 15.