Azərbaycan-Almaniya mədəni
inteqrasiyası XIX əsrdə
Almaniyada
M.Ş.Vazehlə yanaşı XIX əsrdə görkəmli
Azərbaycan dramaturqu və maarifçisi M.F.Axundzadənin əsərləri
də diqqət mərkəzində olmuş bu isə Azərbaycan
və Almaniya arasında mədəni inteqrasiyaya güclü təsir
etmişdir.Tədqiqatçı Z.Əliyeva göstərir ki,
M.F.Axundzadə həm fəlsəfə, həm ədəbi-nəzəri,
həm də maarifçilik görüşlərində
mütərəqqi dünya, xüsusən, Qərbi Avropa
maarifçiliyindən xeyli bəhrələnmiş, eyni
zamanda, ayrı-ayrı Avropa mütəfəkkirlərinin
yaradıcılığı ilə bağlı öz fikir və
mülahizələrini də bildirmişdir. Dahi mütəfəkkirin
irsinə məxsus ictima-siyasi, fəlsəfi-bədii, təbii-elmi
əsərlər onun Qərbi Avropa dünyası ilə
bağlılığına əyani sübutdur. Bütünlükdə isə,
"M.F.Axundovun dünyagörüşü, birinci növbədə
milli zəminə bağlıdır, milli mədəniyyətin
qabaqcıl meyillərinin və ənənələrinin
qanunauyğun davamı və inkişafıdır.
Lakin Azərbaycan mütəfəkkiri
dünya mədəniyyətinin nailiyyətlərindən kənarda
yetişməməsidir. O, Şərq xalqlarının zəngin
mədəniyyətindən tənqidi istifadə etmiş,
qabaqcıl rus ədəbiyyatına və ictimai fikrinə dərin
rəğbət bəsləmiş, daim ondan öyrənmişdir.
M.F.Axundov, həmçinin, Qərbi Avropa elmi və fəlsəfi
fikrinin nailiyyətlərindən səmərəli
faydalanmışdır. Dünyanı materialistcəsinə
anlamaqla əlaqədar olan Rusiya və Qərbi Avropa fəlsəfi
fikri mütəfəkkirin dünyagörüşünün
təşəkkülü və inkişafında dərin iz
buraxmışdır".
M.F.Axundzadə mütərəqqi maarifçi kimi ictimai quruluşun dəyişdirilməsinin də tərəfdarı idi. Xalqın tərəfində olub, milli vətənpərvərlik hissləri ilə nəfəs alan ədib bütün ictimai-siyasi görüşlərində maarifçiliyin tələblərindən çıxış edirdi. M.F.Axundzadə "ictimai quruluşu dəyişməyi tələb edir, xalqın mənafeyini ardıcıl surətdə müdafiə edir və alovlu bir vətənpərvər kimi çıxış edirdi. Bütün bu ictimai-siyasi tələblər Axundovun estetik görüşlərinin əsasını təşkil etmişdir. Axundov xalqa sönməz məhəbbət bəsləyirdi, onun böyük işlər görməyi bacaran bir qüvvə olduğunu hiss edirdi və belə hesab edirdi ki, xalqın təbii istedadı, düzgün və həssas təbiəti vardır və xalq ən vacib sifətləri özündə təcəssüm etdirir. Despot hökmdarların və ruhanilərin yaydıqları "fürutənlik və dənitəblik və rəzalət və zillət və üvudiyyət və riyakarlıq və münafiqlik və məkr və xüd və cübi və təqiyyənin" əksinə olaraq, əməkçi xalqa "səadət və ədalət və vəfadarlıq və cavanmərdlik və şücaət və ülvitələblik və ali himmətlik və bitəməlik" kimi xasiyyətlərin xas olduğunu göstərmişdir."
M.F.Axundzadə Qərbi Avropa və rus maarifçilərinin - ən tanınmış ədəbi-nəzəri fikir nümayəndələrinin irsinə həmişə tənqidi və dövrün tələbləri baxımından yanaşmışdır. Yəni Axundzadə Qərbi Avropanın qabaqcıl maarifçilərinin nəzəriyyələrinə tənqidi münasibət bəsləyirdi. O, yaxşı başa düşürdü ki, dövlət hakimiyyəti şahın əlində olduqca xalq azadlığından danışmaq belə olmaz və heç bir maarif, heç bir öyüd və nəsihət monarxı xalqa təcavüz etməkdən boyun qaçırmağa məcbur edə bilməz. Xalqın özü birləşməli, inqilab yaratmalı və özü üçün azadlıq əldə etməlidir. Həqiqətən, M.F.Axundzadə açıq-aydın yazırdı ki, "Keçmişdə Yevropada da belə zənn edirdilər ki, zalimə zülmü tərk etdirmək üçün ona nəsihət etmək lazımdır: sonra gördülər ki, nəsihət zalimin təbiətinə qətiyyən təsir etmir".
M.F.Axundzadə maarifçiliyinin dünyəvi əhəmiyyət kəsb etməsinin bir sıra obyektiv səbəbləri vardır. Hər şeydən əvvəl, görkəmli mütəfəkkirin "yaradıcılığının tarixi əhəmiyyəti ondadır ki, bu böyük mütəfəkkir qabaqcıl rus mədəniyyətinin nailiyyətlərinə istinad edərək, despotizmə, qaragüruhçuluğa, orta əsr köləliyinə qarşı, xalqların maarifı və səadəti uğrunda mübarizə aparmışdır. Öz zəmanəsində Azərbaycanın ən yaxşı mütəfəkkirləri arasında birinci olaraq Axundov Şərqdə rus xalqının qabaqcıl inqilabi-demokratik mədəniyyətinin - həyatiliyi və bütün dünya miqyasında əhəmiyyəti tarixin təcrübəsi ilə açıq-aydın sübut edilmiş olan bir mədəniyyətin mahiyyətini dərindən başa düşmüş və onu yorulmadan təbliğ etmişdir".
M.F.Axundzadənin Qərbi Avropa maarifçiliyi, Avropa fəlsəfəsi, ədəbiyyatı, ictimai-siyasi tarixi, ədəbi-nəzəri fikri ilə bağlılıqları kifayət qədərdir. Bu mövzuda xeyli sayda məqalə və araşdırmalar mövcud olsa da, hələ ki, bu istiqamətdə aparılacaq axtarışlara böyük ehtiyac vardır.
M.F.Axundzadənin yaradıcılığı hələ onun sağlığında Avropa ölkələrinin - Almaniya, Fransa, İtaliya, Böyük Britaniya kimi ölkələrin elmi ictimaiyyətinin diqqətini cəlb etmişdir. Sonrakı dövrlərdə bu maraq daha da artmış, ədibin ayrı-ayrı əsərləri Avropa xalqları dillərinə tərcümə olunmuşdur.
1852-ci ildə Berlində nəşr olunmuş "Xarici ədəbiyyat" jurnalında (N 8) "Tatar komediyaları" başlıqlı "Rusiya haqqında elmi məlumat arxivində" A.B.Berjenin Leypsiqdə 1888-ci ildə nəşr olunmuş "Azərbaycan şairlərinin şeirlərinin məcmuəsi" kitabında "Zaqafqaziya müsəlmanları şairləri haqqında bir neçə söz" başlıqlı yazıda M.F.Axundzadə yaradıcılığı haqqında məlumat verilmişdir.
1890-cı ildə "Almaniyanın mərkəzi ədəbi qəzeti"ndə nəşr olunan resenziya, tanınmış alman şərqşünası Qərbi Almaniyadakı Kil Universitetinin şərqşünaslıq fakültəsinin dekanı, professor Teodor Mentsel "Axundzadə və ya Axundov" məqaləsi xüsusilə diqqəti cəlb edir. T.Mentsel 1928-ci ildə M.F.Axundzadənin ölümünün 50-ci ildönümünü keçirən Yubiley Komitəsinin sədri Ə.Haqverdiyevə məktub da ünvanlamışdı.
Görkəmli ədəbiyyatşünas X.B.Brands 1958-ci ildə Visbadendə "Mirzə Fətəli Axundzadənin pyeslərində Azərbaycan xalq həyatı və müasir meyillər" kitabını nəşr etdirmişdir.
"Xarici ədəbiyyat jurnalı"nın 8-ci nömrəsindəki məqalə Qafqaz canişini knyaz Vorontsovun maarifçilik qayğılarından, Tiflisdə rus və gürcü teatr sənətinin inkişafı və Azərbaycan teatrının meydana gəlməsində M.F.Axundzadənin müstəsna rolu haqqında geniş məlumat verilir: "Əvvəlcə belə düşünülürdü ki, Zaqafqaziya quberniyasının müsəlman əhalisi bu yeniliyə hələ uzun müddət biganə qalacaqdır. Lakin onların arasından dram dahisi, Azərbaycan Molyeri çıxdı ki, onun adı öz zəmanəsində öz vətəninin hüdudlarından çox-çox kənara yayıldı. Azərbaycan ailəsindən çıxmış Mirzə Fətəli Axundov Azərbaycan tərbiyəsi almış, eyni zamanda, Avropa elmi və mədəniyyəitlə yaxından tanış olmuşdu. O, Tiflis Coğrafiya Cəmiyyətinin üzvü olması və xüsusilə, öz əsərləri sayəsində şöhrət qazandı. Axundovun özü tərəfindən rus dilinə tərcümə edilmiş iki komediyası orijinal xüsusiyyətləri, incə yumoru və kəskin müşahidələrilə fərqlənir. Bu əsərlər Şərq adət və ənənələrinin həqiqi və canlı mənzərəsini yaradır".
1852-ci ildə Berlində çıxmış "Rusiya haqqında elmi məlumatlar arxivi"ndə (N11) Mirzə Fətəli Axundzadə məşhur Azərbaycan alimi Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz bölməsinin fəal üzvü kimi səciyyələndirilir, onun komediyalarının Şərq xalqlarının mədəniyyət tarixində bir töhfə olduğu göstərilir.
1869-cu ildə Leytsiqdə çapdan çıxmış "Azərbaycan şairlərinin şeirlərinin məcmuəsi"ndə M.F.Axundzadə müsəlmanların ən mədəni nümayəndələrindən biri və öz komediyaları ilə məşhur olan bir şəxs kimi dəyərləndirilmişdir: "Qafqaz müsəlmanları arasında o, ilk dəfə komediya yazmağa başlayıb və buna görə də məşhurlaşıb".
"Məcmuə"də M.F.Axundzadənin "Hekayəti-musyö Jordan və həkimi-nəbatat və dərviş Məstəli şah cadukini-məşhur" komediyasının Adolf Berje tərəfindən rus dilindən fransızcaya tərcümə edilməsi və bu tərcüməni Peterburq Ermitajının direktoru müsyö Zillesə təqdim etdiyi barədə məlumat da verilmişdir. Çünki Zilles bu tərcüməni nəşr etdirməyə söz veribmiş. Zilles qəflətən vəfat etdikdən sonra komediyanın tərcümə variantı əlyazması ilə birlikdə itdiyi də bildirilir.
1890-cı ildə Vyanada nəşr olunmuş Almaniyanın "Mərkəzi Ədəbiyyat qəzeti"ndə M.F.Axundzadənin komediyası "Hekayəti-müsyo Jordan və dərviş Məstəli şah-cadukini-məşhur" dahi alman mütəfəkkiri İ.V. Götenin məşhur "Şərq və Qərb" əsərilə müqayisə olunur. Daha doğrusu, bu komediya alman ədibinin adıçəkilən əsərini yada salır. Onun komediyasının Avropa elminə yaxınlığı ilə müsəlman adət və ənənələrinin Qərb ruhu ilə səsləndiyini bir daha sübut edir.
Avropada M.F.Axundzadə irsinə maraq zaman keçdikcə xeyli güclənmişdir. Bu hər şeydən əvvəl M.F.Axundzadənin ayrı-ayrı əsərlərinin, xüsusilə, komediyalarının Avropa dillərinə yeni tərcümələri ilə bağlı olmuşdur.
Görkəmli alman şərqşünası Teodor Mentse M.F.Axundzadə irsinə böyük maraq göstərmişdir. Qərbi Almaniyanın Kill Universitetinin Şərq fakültəsinin professoru və dekanı işləmiş T.Mentsel 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultayın iştirakçısı olmuşdur. Onun 1941-ci ildə Praqada alman dilində nəşr olunmuş "Meda teatr teney i orta oynu" kitabının bir fəsli belə adlanır: "Axundzadə, yaxud Axundov" Sonralar T.Mentselin bu araşdırması ədəbiyyatşünas Akif Bayramovun tərcüməsində, ədəbiyyatşünas Samir Tağızadənin 1987-ci ildə nəşr etdirdiyı "Rus və Avropa mətbuatı_M.F.Axundov haqqında" verilmişdir.
Professor Teodor Mentsel "Axundzadə və ya Axundov" yazısında M.F.Axundzadənin həyat və yaradıcılığı haqqında məlumat vermiş və rus nümunələrini əldə etmədiyini, Karl Verqin fransız tərcüməsi D.Xoqqart və Q.Steriçin ingilis, Varbye de Meynarın və S.Ovardan fransız, Kristian Moonun italyan, A.Vaarmundun alman, L.Passaienin, Alfons Sileranın, Lüsen Voyatın tərcümələri, D.Lebel, Ts.Fr.Vittmanın alman tərcümələri haqqında məlumat vermiş T.Mentsel M.F.Axundzadənin əlifba islahatını və digər maarifçilik fəaliyyətini yüksək dəyərləndirmişdir.
1928-ci ildə Bakıda M.F.Axundzadənin ölümünün 50 illiyi qeyd olunmuşdur. Bu münasibətlə professor T.Mentsel bu tədbirə dəvət olunmuşdur. T.Mentsel yəqin ki, Bakıya tədbirə gələ bilməmiş və Yubiley Komitəsinin sədri, görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyevə məktub yazmışdır.
1928-ci ilin mart ayının 5-də Almaniyanın Kil şəhərində yazılmış həmin məktubda T.Mentsel M.F.Axundzadəni "Azərbaycan xalqının böyük oğlu, türk dünyasının qabaqcıl mübarizi" kimi qiymətləndirərək, onun maarifçilik fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs etmişdir: "Rusiyada yaşayan türk xalqlarının ədibləri arasında Axundzadə uzaqgörəni olmuşdur: o, teatr sənətinin geniş kütlələrə təsirinin əhəmiyyətini anlayırdı. Axundzadə xalq ruhunda yazılmış öz əsərlərində təkcə həyatı bədii mənzərələr yaradan qabaqcıl düşüncəli yazıçı deyil, həm də öz xalqını tərəqiyyə səsləyən Avropa mədəniyyətini yaxşı bilən böyük mütəfəkkirdir. Axundzadə öz dövründə bütün türklər üçün nümunə olan Azərbaycan teatrının əsasını qoydu. Axundzadənin xidməti ondadır ki, Azərbaycanda bugünkü teatr heç bir digər türk xalqlarında olmayan ən yüksək inkişaf səviyyəsinə çatmışdır".
X.B.Brands 1958-ci ildə Visbadendə çapdan çıxmış "M.F.Axundzadə pyeslərində Azərbaycan xalq həyatı və müasir meyillər" kitabında M.F.Axundzadənin həyat və yaradıcılığı haqqında məlumat vermiş, maarifçilik fəaliyyəti haqqında bəhs etmişdir.
VAHİD ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs. - 2013.- 13
avqust.- S. 15.