Müstəqillik illərində Azərbaycan
və Almaniyanın mədəni inteqrasiyası sahəsində
dinamik inkişafı
1990-cı il oktyabrın 3-də iki hissəyə parçalanmış Almaniyanın yenidən birləşməsi kimi böyük bir siyasi hadisə Azərbaycan- Almaniya əlaqələrinin dinamik inkişafına səbəb oldu. Bu prosesin sürət götürməsinə digər bir mühüm amil də - Azərbaycanda Demokratik Ciimhuriyyətin bərpası da başlıca siyasi motiv rolunu oynadı. Vaxtilə mövcud mədəni əlaqələr, dostluq ıə qardaşlıq münasibətləri Azərbaycanın bu dövrdə düşdüyü ən ağır çağlarına dəstək oldu. Azərbaycan Respublikasının dünya birliyində bərqərar olmağa başladığı ağır müharibə şəraitində Almaniya ona ilk kömək və həmrəylik əlini uzadanlardan biri oldu.
1992-ci il fevralın 20-də Azərbaycanın və Almaniya arasında rəsmi diplomatik münasibətlər yaradıldı və qısa bir müddət ərzində hər iki dövlət qarşılıqlı surətdə səfirliklərin açılışını həyata keçirdi. Azərbaycan dövlət və hökumətinin müstəqil daxili və xarici siyasəti sayəsində digər ölkələrlə yanaşı, Almaniya ilə də mədəni əlaqələr yeni prinsiplər əsasında quruldu. Bundan əlavə, Azərbaycanla mədəni əlaqələr cəmiyyəti yaradılır. 1993-cü ildə Almaniyada professor Harmen Fon Lessen və doktor Ağabəylə birgə "Almaniya-Azərbaycan dostluq cəmiyyəti" yaradıldı. Cəmiyyətin xətti ilə aparılan işlərin əsas istiqamətinin mədəni tədbirlərin keçirilməsi təşkil edirdi.
Almaniya-Azərbaycan mədəni əlaqələrinin yeni tarixi şəraitdə inkişafının digər amili Ümummilli Lider Heydər Əliyevin xalqın istəyi ilə yenidən Azərbaycan Respublikasında hakimiyyətə gəlişi oldu. Respublikaya rəhbərliyinin ilk vaxtlarında Heydər Əliyev Avropa ilə beynəlxalq əlaqələrin inkişafında Almaniya Federativ Respublikasına həmişə üstünlük vermişdi. İki ölkə başçısının müxtəlif səviyyələrdə keçirilmiş görüşlərində mədəni əlaqələr məsələsinə də diqqət yetirildi. 1995-ci il yanvarın 11-də Almaniyanın Bakıdakı müvəqqəti işlər vəkili Mixail Şmunku qəbul edən Prezident Heydər Əliyev Azərbaycanın Almaniya ilə əməkdaşlığa böyük əhəmiyyət verməsini bir daha vurğulamışdı. Alman diplomatı öz ölkəsinin mövqeyini ifadə edərək bildirmişdi ki, Almaniya Azərbaycana tərəfdaşlıq təklif edir və bir səfir kimi onun qarşısında iki ölkə arasında əlaqələrin yeni mərhələsinə başlamaq vəzifəsi qoyulmuşdur.
Görüşdə ölkələr arasında mədəni sahədə də əməkdaşlıq məsələləri müzakirə edilmişdi. Qeyd etmək lazımdır ki, bu kimi yüksək səviyyəli görüşlər Azərbaycan-Almaniya mədəni əlaqələr sistemində əməkdaşlıq sahəsinin tarixi təcrübəsinə istinad edərək daha da inkişaf etdirilməsi üçün konkret addımlar atılmasına ciddi təkan oldu.
1994-cü ilin oktyabrında Nyu-Yorkda görüş zamanı Prezident Heydər Əliyevi AFR-in Xarici İşlər Nazirliyi Klaud Kinkel ilə birgə "Azərbaycan və AFR hökumətləri arasında mədəni əməkdaşlıq haqqında saziş" də imzalamışdı. Həmin sazişdə elm, təhsil, incəsənət sahələri üzrə qarşılıqlı əməkdaşlığın perspektivləri öz təzahürünü tapmışdı.
1995- ci il dekabrın 22-də Almaniya Federativ Respublikası ilə bağlanan "Mədəni əməkdaşlıq haqqında Azərbaycan Respublikası hökuməti ilə Almaniya Federativ Respublikası hökuməti arasında saziş" qarşılıqlı əməkdaşlığın imkanlarını genişləndirdi. Xüsusilə, mübadilə məsələlərinə diqqət yetirildi. Məsələn, Almaniyanın Bremen Muzeyinə məxsus olan 14 rəsm əsəri 40 ildən artıq bir dövrdə (1947-ci ildən etibarən) Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılırdı. Həmin rəsm əsərlərinin 1999-cu il noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə öz vətəninə - AFR-ə ödənişsiz qaytarılması iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir göstərdi.
1996-cı ilin noyabrında Prezident Heydər Əliyev Bakıda Almaniyanın bir çox dövlət və hökumət nümayəndələri ilə yanaşı, Almaniyanın mədəniyyət məsələləri üzrə ekspertlərini də qəbul etmişdi. Mədəniyyət üzrə alman ekspertləri Azərbaycanda mədəniyyətin inkişaf perspektivlərini öyrənməyə, milli mədəniyyətin dünyaya inteqrasiyası prioritetlərini üzə çıxarmaq məsələlərinə mühüm yer verdilər. Ölkə başçısı bu niyyətin Azərbaycan mədəniyyətinin inkişafı üçün zəruri olduğunu vurğulayaraq, ekspertlərin ölkəmizdə çalışmaları üçün hər cür şərait yaradılacağını bildirdi.
Dövlət səviyyəsində əldə edilən razılaşmalar, əməkdaşlıq planları öz bəhrəsini verirdi. Belə ki, 1996-cı ilin mayında Bakıda keçirilmiş Almaniya mədəniyyət günləri, 2001-ci ilin yayında isə Köln şəhərində Azərbaycan günləri mühüm əhəmiyyət kəsb etdi.
Möhkəm və tarixi əsaslar üzərində inkişaf edən Azərbaycan- Almaniya mədəni əlaqələri keyfiyyətcə yeni səciyyə kəsb edən müasir tarixi şəraitdə hərtərəfli vüsət almağa başlayır. Artıq Almaniyada Azərbaycanın müasir musiqisi ilə yanaşı, folkloruna da diqqət yetirilir. Alim Qasımovun 90-cı illərdə bu ölkədəki möhtəşəm konsertləri, gənc pianoçu, cazmen Əzizə Mustafazadənin 1995-ci ilin dekabrında alman televiziyası ilə yarım saata qədər solo konserti əsas faktlardır.
1997-ci ilin aprelində Berlində Azərbaycan teatr cəmiyyətinin təşkili də mədəni əlaqələrin getdikcə inkişafının sübutlarından biridir. Həmin ili yanvarın 31-də Bakıda Azərbaycan-Alimaniya mədəni əlaqələr Komissiyasının ilk iclası keçirildi. Bakıdakı mədəni-maarif əlaqələri üzrə yaradılmış "Kappelhauz mədəni- maarif evi" çox geniş tədbirlər planı həyata keçirməyə başladı.
2000-ci ildə Berlində "Muğam mərkəzi"nin yaradılması Azərbaycan musiqisinə hörmətin təzahürlərindəndir. Elə həmin ilin iyununda Almaniyanın bir qrup musiqiçiləri Bakıda böyük uğurla çıxış etdilər. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, alman kirxası olan Kappelhauzun tam təmir və bərpasından sonra bu binadan Azərbaycan-Almaniya mədəni əlaqələri üçün geniş mənada istifadə edilir. Alman qonaqları, eləcə də, azərbaycanlılar bu binada alman bəstəkarlarının əsərlərinə, tamaşalarına baxır, müxtəlif məzmunlu bayramlar keçirirlər. Kappelhauz, sözün əsil mənasında, Almaniya-Azərbaycan mədəni əlaqələrini təmsil edən bir müqəddəs yerdir.
1997-ci ilin sentyabrında Drezden şəhərində Almaniyanın Xalq İttifaqı Təşkilatı tərəfindən sovet ordusu əsgərlərinə aid mərkəzi qəbiristanlıqda uyuyan azərbaycanlı döyüşçülərin xatirəsini əks etdirən memorial lövhə qoyuldu.
Azərbaycan-Almaniya mədəni əlaqələrinin səmərəliliyinin artırılması, xüsusilə, bu ölkələr arasında mədəni mübadilə əməkdaşlığın yeni prioritetləri təzahür etməkdədir. Bunlardan ən əlamətdarı, iki ölkə arasında əldə edilmiş razılaşmaya əsasən, 2008- ci ildə Almaniyada mədəniyyət ilinin keçirilməsinin nəzərdə tutulmasıdır. Bu məqsədlə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Almaniyanın Qabriela Mante təşkilatı ilə birgə layihə qrupu hazırlayır. Həmin layihə Azərbaycan- Almaniya mədəni əməkdaşlığı sistemində indiyədək analoqu olmayan perspektiv sənəddir. Hazırda həmin mədəniyyət ilinin keçirilməsi məqsədilə hər iki ölkə daxilindəki Alman-Azərbaycan mədəniyyəti birgə mədəniyyət təşkilatları ciddi hazırlıq görürlər. Ümumiyyətlə, mədəniyyət ilinin təşkili Azərbaycanın beynəlxalq mədəni əlaqələri sistemində qarşılıqlı mübadilənin yeni forması kimi formalaşmaqdadır.
Azərbaycanda fəaliyyət göstərən "Alman-Azərbaycan cəmiyyəti"ndə mədəniyyət ilinin təşkilinə ciddi hazırlıq görülür. İki ölkə arasındakı mədəni əlaqələrin tarixi, bu günü və gələcəyi haqqında maraqlı film də çəkilir. Filmdə mədəni əlaqələrin bütün məqamlarına toxunmaq məqsədilə, Almaniya Federativ Respublikasına ezamiyyətə getmiş çəkiliş qrupu çox maraqlı faktlar toplamışdı.
Faktlardan göründüyü kimi, Azərbaycan-Almaniya mədəni əlaqələrinin tarixi qədim olmaqla yanaşı, bu beynəlxalq əlaqələrin durmadan inkişaf etdirilməsi hər iki ölkə dövlətçiliyinin maraq dairəsindədir. Ümummilli Lider Heydər Əliyevin bu sahədə başladığı, həyata keçirtdiyi beynəlxalq siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən müvəffəqiyyətlə davam etdirilməkdədir. İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı bu ölkə ilə bütün sahələrdə, eləcə də, mədəniyyət sahəsində əlaqələrin dinamik surətdə gücləndirilməsi sahəsindəki qətiyyəti Azərbaycan-Almaniya mədəni əməkdaşlığının məhsuldar gələcəyindən xəbər verir.
Beləliklə, Azərbaycan - Almaniya mədəni əlaqələrinin tarixən inkişafının dinamik prosesini izləyərkən bu əlaqələrin mərhələ- mərhələ baş verdiyini müşahidə etmək olar. Bu əlaqələrin təşəkkülü, formalaşma tarixi hələ orta əsrlərdə - Ağqoyunlu, Səfəvi dövlətçiliyindən başlayaraq ədəbi münasibətlərin, ibtidai formada elmi əlaqələrin qurulması ilə həyata keçirildiyinin şahidi olduq. Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycan-Almaniya mədəni əlaqələri, əsasən mövcud dövlətin bu sahədəki ardıcıl, məqsədyönlü siyasəti çərçivəsindən daha çox fərdi qaydada reallaşdırır.
Hər iki ölkə arasında mədəni əlaqələrin qurulması sahəsində məqsədyönlü siyasətin başlanğıcı çox qısa ömrü olan Azərbaycan Demokratik Cümhuriyyəti, daha sonra isə sovet hakimiyyəti tərəfindən qoyuldu. Sovet dövründə digər Avropa ölkələri kimi Almaniya ilə, xüsusilə, AFR ilə mədəni əlaqələr xüsusi siyasi- mənəvi çərçivə daxilində həyata keçirilirdi ki, bu da hər iki xalqın mədəni dialoqunun sona qədər istənilən səviyyədə inkişatını təmin etməkdən məhrum idi.
Azərbaycan-Almaniya əlaqələrinin şəffaf, demokratik prinsiplər əsasında inkişafı keyfiyyətcə yeni tarixi şəraitdə - yəni müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətçiliyi və iki hissəyə bölünmüş Almaniyanın yenidən birləşdirilməsindən sonra mümkün oldu. Bütün bunlar sübut edir ki, R.Aslanovanın təbirincə desək, müasir dünyanın qlobal enerji layihələrinin gerçəkləşdiyi məkan, Şərqlə Qərb arasında nəqliyyat dəhlizi, qlobal təhlükəsizliyin təşkilatı üçün Azərbaycan Avropaya lazımdır.
Qarşılıqlı inteqrasiyanın bərabərhüquqlu subyektləri kimi çıxış etmək bu prosesin nüfuzunu daha da artırır. Azərbaycan vətəndaş cəmiyyəti, demokratik və hüquqi dövlət quruluşu istiqamətində Avropa hüquq formalarına doğru hər gün daha da inamla addımlayır. Lakin öz siyasətini yalnız özü müəyyən edir. Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamentində səsvermələr hamısı demokratik prinsiplərə əsaslansa da, orada ən dərin sayğı və diqqət göstərilsə də, Azərbaycan öz qarşısında duran milli inkişafını, strategiyasını özü müəyyən edir.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-2013.- 14 avqust.-
S.15.