Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətini dəstəkləyir

 

 

 

Müsahibimiz Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucovdur  

- Seymur müəllim, YAP Gənclər Birliyinin bu ilki «Yay məktəbi» layihəsi başa çatıb. «Yay məktəbi»nin nəticələri haqda fikirlərinizi bilmək istərdik. Gözləntilər özünü doğruldurmu?

- Ölkəmizin ən aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası daim maraqlı layihələrlə çıxış edir. Bu da cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Çünki bu layihələr bilavasitə cəmiyyətdən gələn sosial sifarişlərdir. Eyni zamanda, əhalinin müxtəlif təbəqələrinin partiyamızın bu fəaliyyətinə dəstək verməsi onun gücünü artıran amillərdən biridir. YAP-ın müxtəlif sahələri özündə ehtiva edən edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Ölkəmizin həyatında mühüm və əlamətdar günlərdə, xüsusi bayramlarda YAP tərəfindən həmişə diqqət və qayğıya ehtiyacı olan ailələrə, insanlara yardımlar edilir, köməkliklər göstərilir.

Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsi olan gənclərimiz də həmişə YAP-ın diqqət və qayğısını hiss edir. Ümumilikdə, gənclərlə partiyamızın fəaliyyətində əsas yerlərdən birini tutur. Məhz YAP Gənclər Birliyi tərəfindən artıq bir neçə ildir ki, böyük uğurla davam etdirilən və bütün ölkəmizin bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbi” layihəsi artıq ənənəyə çevrilib. Qeyd edim ki, bu ilin iyul ayında daYay məktəbi” təşkil olunduuğurla başa çatdı. İyul ayında dörd mərhələdə həyata keçirilən bu layihə gənclərimiz tərəfindən yüksək qiymətləndirilir. Builki «Yay məktəbi»ndə partiyanın üzvü olan 600 fəal gənc iştirak edib. Tədbirlər Oğuz rayonunun «Afra» otelində və Masallının «Viləş» istirahət mərkəzində reallaşdırıldı. Xatırladım ki, bu layihə 2007-ci ildən həyata keçirilir və tədbirin keçirilmə qaydaları daha da təkmilləşdirilib.

Layihədə iştirak edən gənclər həm Bakı şəhərini, həm də bölgələri təmsil ediblər. Hər il olduğu kimi bu dəfə də «Yay məktəbi» ölkəmizin gözəl guşələrində təşkil olundu. Gənclərin yerləşdiyi otellərdə yüksək şərait var, onlar bu otellərin bütün xidmətlərindən istifadə edə biliblər. Bildiyiniz kimi layihənin məqsədi odur ki, gənclər həm asudə vaxtlarını yaxşı keçirsinlər, həm bir-birilə təmas, münasibət qursunlar, eləcə də onlar üçün intellektual və əyləncəli yarışlar təşkil olunur. Eyni zamanda, «Yay məktəbi»ndə partiyamızın rəhbər şəxsləri, deputatlar, Milli Məclisin komitə sədrləri, eləcə də hökumət nümayəndələri gənclərin qonağı olublar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşüb, gəncləri maraqlarından suallara cavab veriblər. Hesab edirəm ki, «Yay məktəbi» gənclərimizin intellektual səviyyəsinin daha yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətli layihədir. İnanıram ki, partiyamız gələcəkdə də bu layihələrə ciddi şəkildə dəstək verəcək.

- Azərbaycan gəncliyinin böyük bir hissəsi Yeni Azərbaycan Partiyasının sıralarında birləşib. Gənclərin öz siyasi talelərini bu partiya ilə bağlamalarını, onların bu istək və arzularını şərtləndirən amillər hansılardır?

- Bu gün ölkəmizin inkişaf siyasətində özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası öz sıralarında 600 min insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir. Partiyamızın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də diqqət və qaygı ilə əhatə olunmuş gənclərin partiyamızın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi, Ümummilli lider Heydər Əliyevin dediyi: “Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar” fikrinin reallaşmasını təsdiq edir. Partiyaya gənclərin axını isə Yeni Azərbaycan Partiyasında gənclik enerjisini artırmaqla gələcək inkişafımıza ən etibarlı təminat yaradır.

Şübhəsiz ki, Azərbaycan gənclərinin YAP sıralarına qoşulmaları, öz siyasi talelərini bu partiya ilə bağlamalarının ciddi əsasları var. Partiyamızın sıralarına xüsusilə intellektli, bilik və bacarıqlı, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin qoşulduğunu nəzərə alsaq, bu əsasların hansı amillərə bağlı olduğunu əminliklə söyləmək olar. Bu o deməkdir ki, YAP gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər.

Məlum olduğu kimi hazırda YAP üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir və partiyada birləşən gənclərin sayı 200 min nəfərdən artıqdır. Əlbəttə ki, gənclərin partiyamıza axınının surətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti sahələrində atılan məqsədyönlü addımlar xüsusi əhəmiyyət kəsb edir.

Onu da bilirsiniz ki, YAP-ın fəaliyyətində başlıca olaraq xalqa xidmət amili dayanır. Sadaladığım bu amillər ölkə gənclərinin partiyamıza qoşulmasının, öz siyasi talelərini YAP-a bağlamasının əsasını təşkil edir.

- Məlum olduğu kimi oktyabr ayında ölkəmizdə prezident seçkiləri keçiriləcək. Gənclərimizin bu seçkilərlə bağlı mövqeyi nədən ibarətdir?

- Ümumiyyətlə, prezident seçkiləri öncəsi ictimai ab-hava hər kəsə məlumdur. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Eyni zamanda, Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.

Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bilirsiniz ki, Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramlar, layihələr həyata keçirilir. Xatırladım ki, Prezident İlham Əliyev 2005-ci il avqust ayının 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam gənclərin potensialından ölkənin mənafeyi naminə səmərəli istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədini daşıyırdı. 2005-2009-cu illəri əhatə edən bu proqramda gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən, yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və s. məsələlər əksini tapırdı. Proqramın tələblərinə uyğun olaraq bu istqamətdə qarşıda duran bütün vəzifələrin dəqiqliklə həyata keçirilməsində birbaşa dövlət başçısının yaxından iştirakı ilə və nəzarəti altında uğurlu addımlar atılıb.

Eyni zamanda cənab Prezidentin qərarı ilə 2007-ci ilin ölkəmizdə «Gənclər ili» kimi qeyd edilməsi dövlətimizin gənclərə olan münasibətinin ifadəsidir. Ölkəmizdə gənclərin təhsil səviyyəsinin, bilik və bacarıqlarının yüksəldilməsi məsələsinə daim diqqət yetirilir. Bu baxımdan dövlət gənclər siyasətinin mühüm istiqamətini gələcək nəslin intellektual səviyyəsinin artırılması ilə bağlı işlərin həyata keçirilməsi təşkil edir. Ölkədə həyata keçirilən uğurlu təhsil islahatları nəticəsində gənclərimizin təhsil səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etməsi bütün təbəqədən olan gənclərin xaricdə təhsil almaları üçün geniş imkanlar açıb. Prezident İlham Əliyevin gənclərlə görüşlərini isə Azərbaycan gəncliyinin həyatında yeni bir məhələnin başlanğıcı hesab etmək olar. Bilirsiniz ki, cənab Prezident «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramını təsdiq edib. Dövlət proqramında gəncləri narahat edən bütün məsələlərin öz həllini tapması üçün icra mexanizmlərinin konkret hədəfləri əks olunub. Hazırda proqram uğurla icra edilməkdədir.

Bütün bunlar bir daha Prezident İlham Əliyevin gəncliyimizə olan diqqət və qayğısının parlaq göstəricisidir. Təbii ki, oktyabrda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Azərbaycan gəncliyi öz seçimini edib: gənclik bu seçkilərdə də Azərbaycanın inkişafı siyasətinə dəstək verəcək. Doğrudur, bəzi müxalifət partiyaları gənclərimizin adından sui-istifadə etməyə çalışırlar, amma onların bu hərəkətləri mənasızdır. Müxalifət düşərgəsində çox kiçik qrup gənclər var ki, onlar da həmin partiyaların rəhbərlərinin ailə üzvləri, qohum-əqrabalarıdır. Bu cüzi göstərici ilə müxaliflərin seçkiləri taleyinin necə olacağı bütün ictimaiyyətə məlumdur.

- Seymur müəllim, YAP Gənclər Birliyi bütün seçki kampaniyalarında maraqlı layihələrlə çıxış edir. Bu seçkilərdə də yeni layihələriniz olacaqmı?

- Əlbəttə, bizim prezident seçkiləri ilə əlaqədar müəyyən layihələrimiz var. YAP Gənclər Birliyi olaraq bu layihələri əsasən təbliğat-təşviqat prosesində həyata keçirəcəyik.

Amma bütövlükdə, təşkilatımız ardıcıl olaraq cəmiyyətə maraqlı layihələr təqdim edir. Müasir dövrümüzdə İKT-nin əhəmiyyətini nəzərə alsaq, YAP Gənclər Birliyinin üzvləri daim sosial şəbəkələrdə fəal olmağa çalışır. Bilirsiniz ki, radikal müxalifət partiyaları, ölkəmizin inkişafını istəməyən qüvvələr sosial şəbəkələr vasitəsilə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Təbii ki, biz onların qarşısında susmuruq və tutarlı arqumentlərimizi ortaya qoyuruq. YAP-da yüksək intellektli gənclər birləşib və müqayisə etsək, müxalifət düşərgəsində toplaşan azsaylı gənclər bizim gənclərdən intellekt cəhətdən çox-çox aşağıdır. Çox təəssüf edirəm ki, ölkəmizdə az da olsa, müasir dövrlə ayaqlaşa bilməyən, hadisələrə baxışı aşağı səviyyədə olan, reallıqları görməyən, hadisələrə obyektiv baxa bilməyən gənclər var. Bu gənclər müxalifət düşərgəsində radikal, hakimiyyətə gəlmək naminə Azərbaycanın düşmənlərilə əməkdaşlıq etməkdən çəkinməyən müxalifət partiyalarının rəhbərlərinin əlində alətə çevriliblər. Müxalifət partiyaları hansı alternativ proqram ortaya qoya bilirlər? Təbii ki, belə proqramları yoxdur. Onlar sözçülükdən başqa irəliyə getmək iqtidarında deyillər, Azərbaycan cəmiyyəti ənənəvi müxalifətin eyni fikir, eyni təfəkkür sahibi olduğunu, məsələlərə bəsit düşüncə tərzi ilə yanaşmasını bilirbütün bunlar müasir dövrün tələbləri ilə səsləşmir. Ona görə də, müxalifət düşərgəsi öz ətrafına çox cüzi sayda gənclər toplaya bilib.

Hesab edirəm ki, onlar da səhv yolda olduqlarını dərk edib, nə vaxtsa düzgün yola qayıdacaqlar. Qeyd etdiyim kimi, bütün hallarda YAP-ın üzvü olan gənclər sosial şəbəkələrdə qarşı tərəfin iddialarına tutarlı şəkildə cavab verirlər. Gənclərimiz sosial şəbəkələrdə qruplar yaradıblar ki, bu qruplar gənclər arasında xeyli populyardır. Qruplarda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət təbliğ olunur. Eyni zamanda, ölkəmizin inkişafını əks etdirən bütün məsələlər haqda münasibət açıqlanır. Bir sözlə, bu qrupda birləşən on minlərlə insan çox fəallıq göstərir ki, bu da qarşı tərəfin əsassız iddialarına tutarlı cavab verilməsində vacib rol oynayır.

Ümumiyyətlə, görülən işlər nəticəsində Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyinin nədən ibarət olduğunu bilirik. Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Bir sözlə, YAP Gənclər Birliyi öz fəaliyyətində Prezident İlham Əliyevin siyasətinin uğurlarını təbliğ etməyi özünün başlıca vəzifəsi hesab edirbu işin öhdəsindən layiqincə gəlməyə çalışır. Yuxarıda qeyd etdiyim kimi seçki kampaniyasının təşviqat dövründə isə yeni layihələrimizi təqdim edəcəyik.

 

 Səs.- 2013.- 14 avqust.- S.7.