Azərbaycan-Almaniya: mədəni inteqrasiyanın güclənməsi (XX əsrin 60-80-cı illəri)

 

 

 

 

Azərbaycan  Almaniya arasında mədəni inteqrasiya  sovet dövründə xüsusən XX əsrin 60-80-cı illərində  daha da gücləndi. "Beynəlxalq mədəni əlaqələr" kitabında yazılır ki, Azərbaycan elminin nümayəndələri - akademiklər A.X.Mirzəcanzadə, Ə.İ.Quliyev, M.A.Topçubaşov, professor F.Bağırzadə, elmlər doktorları F.Dadaşov, S.Salayev, Ə.Abdullayev, dosent Ə.H.Eyvazov və başqaları 60-cı illərdə bu ölkədə təşkil olunmuş alimlərin elmi məclislərində iştirak etmişlər. 1963-cü ildə akademik Ə.S.Sumbatzadənin ADR-də "Sosialist Azərbaycanı mədəniyyətinin çiçəklənməsi" mövzusunda maraqlı mühazirəsi təşkil olunmuşdur. Həmin mühazirə vasitəsilə görkəmli alim almanları milli mədəniyyətimizlə tanış etmişdi.

Azərbaycan-Almaniya mədəni əlaqələrində incəsənət sahələri üzrə yaradıcılıq münasibətlərinin də sürətləndirilməsinə diqqət artırdı. Ədəbi əlaqələrin inkişafında tərcüməçilik fəaliyyəti, kitab nəşri, yazıçı və şairlərin yaradıcı görüşləri, yaradıcılıq ezamiyyətlərinin təşkili mühüm yer tutdu. 60-cı illərdə doktor Q.Şmidtin ADR-in Leypsiq Biblioqrafiya İnstitutu tərəfindən nəşr olunmuş "Azərbaycan ədəbiyyatı" monoqrafiyası şifahi xalq ədəbiyyatının "Kitabi Dədə Qorqud", "Koroğlu" dastanlarını və Azərbaycan klassikləri və müasir yazıçı-şairlərin də əsərlərini əhatə edirdi.

Azərbaycanın xalq şairi Səməd Vurğunun alman xalqına həsr etdiyi "Rot Front", "Berlin" kimi məşhur əsərləri Azərbaycan ədəbiyyatında alman mövzusunun inkişafına təkan verdi. Bu cür ədəbi münasibətlər qarşılıqlı idi. 60-cı illərdə alman yazıçısı Ervin Bekker "Yeddi gəmi adası" adlı əsərində Neft Daşlarındakı həyatı canlandırmışdı. ADR jurnalistləri B.ŞternH.Rookoolun "Noves Doycland" qəzetində dərc etdirdikləri "26 Bakı Komissarı bağında", "Ədəbi məşəl", "Dənizdə neft istehsalı" məqalələri alman mətbuatında Azərbaycan mövzusunun canlandırılmasına təkan verdi. Bu illərdə Azərbaycanda F.Şiller, H.Heyne kimi mütərəqqi fikirli alman ədiblərinin əsərləri nəşr edilmişdi.

Sovet dövləti qarşılıqlı əlaqələrin teatr, təsviri sənət sahələri üzrə davam etdirilməsinə xüsusi diqqət yetirirdi. 1969-cu ildə ADR-də təşkil olunmuş "Şlayker"-dostluq festivalında Azərbaycandan getmiş "Qaya" vokal kvartetinin uğurlu çıxışı müasir Azərbaycan estradasının ən böyük nailiyyətlərindən idi. Belə ki, ADR-də fəaliyyət göstərən "Amiqa" firması, ölkənin mərkəzi televiziyası "Qaya" ansamblının çıxışını yenidən təşkil etmişdir. Bir neçə alman səsyazma studiyası "Qaya"nın musiqi ifalarını lentə almışdı.

Bəstəkar və müğənni Polad Bülbüloğlunun 1970-ci ildə Berlin televiziyasının beynəlxalq proqramında çıxışı da alman dinləyicilərinin marağına səbəb olmuşdur. Bəstəkar Arif Məlikovun yeni yaratdığı "Məhəbbət əfsanəsi" baleti ADR-in Drezden, Leypsiq, Veymar şəhərlərində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. 1967-ci ildə ADR-də keçirilən müasir musiqi festivalında Arif Məlikovun digər əsəri - "Metamorfozalar"ı da böyük müvəffəqiyyət qazandı.

Azərbaycanda klassik alman musiqisinə olan dərin ehtiram ölkədə bu səpkidə keçirilən tədbirlərdə özünü təzahür etdirirdi. Dahi alman bəstəkarı Bethovenin anadan olmasının 200 illik yubileyi (1970-ci il dekabr) musiqi ictimaiyyati tərəfindən geniş surətdə qeyd olundu. Azərbaycan Dövlət Konservatoriyasında və digər musiqi müəssisələrində görkəmli alman bəstəkarının yaradıcılığına həsr olunmuş yığıncaqlar keçirilmiş, bəstəkarın əsərləri ifa edilmişdir.

1960-1970-ci illərdə Azərbaycan-Almaniya mədəni əlaqələri sistemində teatrkino sahələri üzrə yaradıcılıq münasibətləri də mühüm yer tuturdu. Bu sahələrdə əlaqələrin əsas məzmununa hər iki xalqın həyatından bəhs edən əsərlərin səhnələşdirilməsi, ekranlaşdırılması, kino, yaxud teatr festivallarında iştirakı, sənətkarlarla qarşılıqlı münasibətlərin qurulması təşkil edirdi. ADR-ın Dövlət mükafatı laureatı, bəstəkar Herd Naçinski, dramaturqlar Q.Breq və A.Hardın birgə yazdıqları "Salam, Peter!" komediyasının Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində nümayiş etdirilməsi mədəni əlaqələrin möhkəmlənməsində çox mühüm bir hadisə idi.

1968-ci ildə məktəblilərin qış tətili zamanı Berlində keçirilən ənənəvi uşaq filmləri festivalında "Azərbaycanfilm"in istehsalı olan "Bir qalanın sirri", "Sehrli xalat" filmləri alman tamaşaçıları tərəfindən alqışlarla qarşılanmışdı. Bu filmlər alman dilinə düblyaj edilərək Almaniya televiziyasında da nümayiş etdirilmişdi.

Kino sahəsində mədəni əlaqələr 70-ci illərdə dinamik templə gedirdi. 1970-ci ildə ADR-in Leypsiq şəhərində keçirilən Beynəlxalq Kino Festivalında "Azərbaycan ağsaqqalları", bir il sonra 1974-cü ildə yenə həmin şəhərdə "Sülh uğrunda mübarizə" devizi altında təşkil olunmuş XVI Beynəlxalq Kino Festivalında "Dənizi fəth edənlər" və "Xəzər neftçiləri haqqında ballada" filmləri müvəffəqiyyət qazandı. Kino sahəsindəki əməkdaşlığın uğurları da Azərbaycan- Almaniya mədəni əlaqələrinin bəhrəsi kimi qiymətləndirilməlidir.

ADR televiziya studiyasının bir qrup yaradıcı işçisi ilə Azərbaycan televiziya studiyasının yaradıcı heyətinin birgə istehsal etdiyi "Neft boy maddəsi"nə həsr edilmiş sənədli filmi bu cəhətdən maraqlı faktlardandır. Bundan başqa, ADR-in "DEFA" kinostudiyasının hindlilər haqqında çəkdiyi "Tekumze" filminin bəzi kadrlarını azərbaycanlı həmkarlarla birgə Azərbaycanda kinolentə almışdılar. Ümumiyyətlə, "DEFA" kinostudiyasının Azərbaycanla əməkdaşlığının əhatə dairəsi çox rəngarəng idi. Bu studiyanın Azərbaycan-Almaniya mədəni əlaqələrinin inkişafında, həmçinin, Azərbaycanın Almaniyada, bütünlüklə, Avropada təbliğində rolu böyükdür. Bu kinostudiyada 1967-ci ildə SSRİ xalq rəssamı M.Abdullayevin Berlində təşkil olunmuş fərdi sərgisi haqqında çəkilmiş sənədli filmin, 1970-ci illərdə "Alman tələbələri Azərbaycanda", "Həmişə cavan", "Dostluq neft kəmərinin hər iki tərəfində)) adlı kino lentlərinin çox böyük təbliğat əhəmiyyəti vardır. Bu sahədəki mədəni əməkdaşlığın əhəmiyyəti hər iki xalq arasında sülh, qarşılıqlı anlaşma və inamın formalaşmasına xidmət edirdi.

Azərbaycan-Almaniya mədəni əlaqələri sistemində təsviri sənət- rəssamlıq, heykəltəraşlıq, memarlıqda yaranan yaradıcılıq münasibətlərini də xüsusi qeyd etmək lazımdır. Rəssamlıq, heykəltəraşlıq və incəsənətin digər sahələri üzrə Azərbaycan və alman sənətkarları ilə əlaqələrin qurulmasında yaradıcılıq ezamiyyətlərinin, sərgilərin, festivalların, görüşlərin keçirilməsi mədəni cəhətdən çox böyük əhəmiyyət kəsb edirdi. Ümumiyyətlə, Azərbaycan təsviri sənətinə böyük maraq göstərən alman sənətkarları, sənətşünasları, həmçinin, sadə almanlar onu yüksək dəyərləndirirdilər. Almaniyada təşkil olunmuş Azərbaycan sərgilərinin birini təhlil edən tanınmış alman sənətşünası Anneliz Çofen deyirdi: "Azərbaycan rəssamlarının, heykəltəraşlarının, qrafiklərinin yaradıcılığı çox maraqlı və özünəməxsusdur. Bunlarla tanışlıq insana böyük sevinc bəxş edir. Sərgi salonları cənubun parlaq rənglərindən şəfəqlənərək işıq saçır". 60-cı illərdə Azərbaycan rəssamlarının Almaniyada yaxından tanınması üçün sərgiləri təşkil olunmağa başladı. Yuxarıda qeyd etdiyimiz kimi, xalq rəssamı M.Abdullayevin sənəti almanlar tərəfindən çox böyük maraqla qarşılandı. ADR-in mətbuat nümunələrində M.Abdullayevin əsərlərinin rəsmləri verilirdi. Həmin ölkədə nəşr edilmiş "Əsrlərin rəssamları" kitabında onun "Mingəçevir şəfəqləri" əsəri, sovet rəssamlarına həsr olunmuş başqa bir kitabda isə doqquz əsəri verilmişdir.

ADR-in "Bildende Kunst" jurnalı SSRİ xalq rəssamı Tahir Salahovun "Təmirçilər", "Q.Qarayevin portreti" və digər əsərlərini sovet rəngkarlığının ən yaxşı nümunələri sırasında qeyd etmişdir. Azərbaycan rəssamlarından Maral Rəhmanzadənin əsərləri də Berlinin sərgi salonlarında müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Təsviri sənət əsərlərinin sərgilər vasitəsilə təbliği, eyni zamanda, Azərbaycan Respublikasında müvəffəqiyyətlə keçirilirdi, 1968-ci ildə Azərbaycanda ADR rəssamlarının 135 tablo, heykəltəraşlıq və qrafika əsərlərindən ibarət sərgisi təşkil olunmuşdu. Məşhur rəssamlardan Volfqanq, Franenşteyn, Villi Zitte, Herhard Rokmel və başqalarının batalistika janrında yaratdıqları əsərlər azərbaycanlı həmkarlar, tamaşaçıların çox böyük marağına səbəb olmuşdur.

60 - 70-ci illərdə hər iki ölkə arasında qarşılıqlı mədəni anlaşmanın qurulması və mədəniyyət günlərinin təşkilinin də çox böyük beynəlxalq əhəmiyyəti vardır. 1979-cu ildə ADR-də Azərbaycan günlərinin keçirilməsi mühüm hadisələrdən idi. 1982-ci ildə Qərbi Berlində təşkil olunan Azərbaycan günləri haqqında alman mətbuatı maraqlı məqalələr dərc etmişdi. Həmin məqalələrdə alman oxucularına qədim və müasir Azərbaycanın zəngin mədəniyyətə, istedadlı insanlara malik olması haqqında ətraflı informasiyalar çatdırıldı.

Daha çox ADR ilə mədəni əlaqələrin gücləndirilməsini ön plana çəkən o vaxtkı sovet rejimi, AFR-lə bu cür münasibətləri çox məhdud çərçivədə həyata keçirirdi. Lakin Azərbaycan - AFR mədəni əlaqələri sistemində bu alman dövlətinin tərkibindəki iki şəhərlə - MayntsLüdviqshafanla Bakı və Sumqayıtın qardaşlaşması çox böyük beynəlxalq əhəmiyyətli hadisələrdən idi.

1977-ci ildə Lüdviqshafan şəhərinin oberburqomistri doktor Lyüdviq Sumqayıt şəhərinin rəhbərliyinə qardaşlaşma təklifi ilə müraciət etdi. Təklifdən çox razı qalan Azərbaycan tərəfi mədəni əlaqələrin formaları haqqında saziş imzaladı. Bir il sonra, yəni 1978-ci ildə Sumqayıt şəhərinin nümayəndə heyəti həmin şəhərin əsasının qoyulmasının 125 illiyi münasibətilə keçirilən təntənələrdə iştirak etdilər. Bu hadisə hər iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsində təkanverici rol oynadı. 1981-ci ildə sumqayıtlılar qardaşlaşdığı şəhərin nümayəndə heyətini qəbul etdilər. Keçirilmiş Lüdviqshafan günlərinin proqramına zəngin məzmunlu mədəni tədbirlər - görüşlər, sərgilər, konsertlər daxil idi. Alman qonaqlar bu tədbirdən çox razılıq  edərək, azərbaycanlıların qonaqpərvərliyinə heyran qaldılar.

1987-ci ildə isə Bakı ilə qardaşlaşmış Maynts şəhərinin günləri keçirildi. Bu mədəniyyət günləri beynəlxalq mədəni əlaqələrin vüsətinin genişlənməsinə şərait yaratdı. Belə ki, həmin günlərdə Bakı Universiteti ilə İohann Qutenberq adına Universitet arasında əlaqələr yaradıldı. Maynt günləri ədəbi əlaqələrə də kömək etdi. Azərbaycan ədəbiyyatı klassiklərinin bir neçə əsəri alman dilində Almaniyada çap olundu. Günlərin başa çatması ilə əlaqədar keçirilən mərasimdə Maynts şəhərinin burqomistri Jozey Hofman bildirdi ki, bu cür mədəni əlaqələr xalqlar arasmda qarşılıqlı anlaşmanm möhkəm- ləndirilməsində mühüm rol oynayır. Eyni zamanda, mədəniyyət günləri ərzində Azərbaycanın çox rəngarəng mədəniyyəti ilə tanışlığından şad olduğunu bildirən qonaq belə bir mədəniyyətin, təkcə Almaniyada deyil, bütün dünyada tanınmasınını labüd hesab etdi.

ADR və AFR şəhərləri ilə başlamış qardaşlaşma hərəkatı prosesinin genişləndirilməsi məqsədilə münasibətlərin sistemləşdirilməsinə diqqət yetirilirdi. 1989-cu ildə Maynts və Bakı arasında, Sumqayıt-Lüdviqshafan arasında 1990, 1995-ci illəri nəzərdə tutan geniş mədəni əməkdaşlıq proqramı imzalandı. Həmin proqrama uyğun olaraq qardaşlaşmış şəhərlər arasında mədəni mübadilənin imkan və istiqamətləri genişləndirildi.

Artıq ötən əsrin 80-cı illərinin sonralarından başlayaraq dünyaya sosializm sisteminin iflasa uğraması prosesi ölkələr arasında beynəlxalq əlaqələrin, mədəni münasibətlərin daha şəffaf, demokratik prinsiplər əsasında qurulmasına şərait yaratdı. Almaniya-Azərbaycan mədəni əlaqələrində də yeni ruhda canlamna hiss olundu. Xüsusilə, 1987-ci ildə Berlində "Azərbaycan-Almaniya dostluq cəmiyyəti" yaradıldı. Həmin cəmiyyətin Azərbaycanda baş verən hadisələrlə bağlı keçirdiyi operativ mədəni tədbirlər, əsasən Qarabağla əlaqədar baş verən hadisələrin mahiyyətinin almanlar tərəfindən anlaşılmasına həsr edilirdi. Belə tədbirlərin biri 1989-cu ilin iyununda Berlində Azərbaycan mədəniyyəti günlərinin təşkili oldu. Həmin tədbirdə Bakıdan getmiş mədəniyyət xadimələrindən yazıçı Anar, pianoçu F.Bədəlbəyli, alim-professor S.Əliyarov və digərləri Berlində və onun ətraf şəhərlərində geniş mədəni təbliğat işlərini həyata keçirtmişlər. Burada, əlbəttə, Almaniyada yaşayan Azərbaycan diasporu təşkilatlarının rolunu da xüsusi vurğulamaq lazımdır.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 16 avqust.- S.15.